SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlahiyyatçı, yazar ölkənin tanınmış hüquq müdafiəçilərinə müraciət etdi

İlahiyyatçı, yazar ölkənin tanınmış hüquq müdafiəçilərinə müraciət etdi

Tarix:

14-02-2019, 20:25

/ 1 165 dəfə oxundu.
İlahiyyatçı, yazar ölkənin tanınmış hüquq müdafiəçilərinə müraciət etdi

İlahiyyatçı, yazar Cavid Cabbarlı tanınmış hüquq müdafiəçiləri Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı və Sahib Məmmədova müraciət edib. O, hüquq müdafiəçilərindən siyasi məhbus Taleh Bağırzadə və Abbas Hüseynlə görüşməlirini istəyir.

Xeberinfo.de müraciəti təqdim edir:

“Artıq 15 gündür ki, siyasi məhbuslar Taleh Bağırzadə və Abbas Hüseyn haqqında cəmiyyəti narahat edən məlumatlar yayınlanır. Onlara işgəncə verilməsi, çox çətin vəziyyətdə saxlanılması, bütün hüquqlardan məhrum edilmələri çaşqınlıq yaradıb. Ailələrlə danışmaq hüququ tam məhdudlaşdırılıb, vəkillərlə görüşə icazə verilmir. Taleh və Abbasın tərəfdarları kimi tanınanlar bu məshubların aclıq etdiklərini iddia edirlər, kiçik bir qrup da Talehin həbs olunduğunu və işgəncələrə məruz qaldığını haqlı hesab edir. Hökumət isə, bu məlumatları təkzib etmir, dolayısı ilə cəmiyyətdə bölücülük edərək, qarışıqlıq salmaqda meyilli görünür. Düşünürəm ki, kim(lər)sə bu gərginliklə aktiv dini kəsimi ortaya çıxarıb, onların daha da əzilməsinə şərait yaratmaqda maraqlıdır. Hər halda təzyiq davam edərsə, dövlətimiz və xalqımız üçün faydalı olmayacaq. Hakimiyyət bu gərginliyə son qoymasa, xalqın ciddi təzyiqi ilə üzləşə bilər.

Taleh Bağırzadə və onunla eyni işə görə həbs olunanlar ən ağır cəzaya məhkum ediliblər. Fərz edək ki, onlar həqiqətən cinayət törədiblər. (Mən düşünürəm ki, bu şəxslər siyasi baxışlarına və rejimə qarşı tənqidi fikirlərinə görə həbs ediliblər və yaxud ən azı, 20 il azadlıqdan məhrum ediləcək qədər suç sahibi deyillər. Hakimiyyət ədalətsizlik edir, tənqidə dözümlü yanaşmır, yaxud xarici təsirlərdən dolayı bu şəxsləri ağır ittihamlar qarşısında qoyub). Məhkəmə də dövlət adından qanunlara uyğun olaraq, cəza təyin edib, islah etməyə çalışır. Niyə bu xəbərlər tirajlanır? Niyə qolları qandallı dustaqlar ən ağır işgəncələrə məruz qalır? Yadux, Taleh və digərləri niyə aclıq etməlidirlər? Nədir onların tələbi? Bu suallar heç kimi maraqlandırmır, ya da heç kim maraqlanmır. Bu hal da şübhəlidir. Hökumətin sükutu şübhəli halları və sulları təsdiq edir.
Cəmiyyətin və dustaq ailələrinin narahatlığı dustaqların sağlıq durumlarıdır. Hər şey iddia olunan kimi deyilsə, dustaqlar vəkillə görüşməli, ailələrinə zəng etməlidirlər. Görüş və zəng etmək tam məhdudlaşdığı üçün, məsələyə yerli və xarici hüquq müdafiəçilərinin, beynəlxalq təşkilatların müdaxiləsi qaçılmaz olur. Bunun nümunəsini 20 gün əvvəl gördük. Hüquq müdafiəçiləri - Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı və Sahib Məmmədov Bakı İstintaq Təcridxanasında həbsdə olan bloqer Mehman Hüseynovla görüşdülər, onun vəziyyəti barədə məlumat verdilər. Eyni halın təkrarlanması çox çətindir? Bu şəxslər Taleh və Abbasla da görüşüb ictimaiyyəti məlumatlandırsalar, gərginlik azalar və dustaqların doğmaları bir qədər sakitləşərlər. Onların döyülərək öldürülmələri xəbəri də, təkzib olunmuş olar.

Mən bir vətəndaş kimi adlarını qeyd etdiyim hüquq müdafiəçilərinə müraciət edirəm; Cənablar, vəziyyətin daha da ağırlaşmasını istəmirsinizsə, Taleh və Abbasla görüşün. Onların yaşayıb, yaşamadıqlarını cəmiyyətə çatdırın. Doğmaları, uşaqları və valideynləri çox narahatdırlar. Bu, ən azı bir vicdan məsələsi olmaqla bərabər, hüquq müdafiəçisi kimi sizin vəzifə borcunuzdur.
Qeyd; hüquq müdafiəçiləri Taleh və Abbasla görüşə cəhd etməsələr, məlum olacaq ki, onlar Mehmanla da öz iradələrilə görüşməyiblər“.

Şərhlər

XƏBƏR LENTİ