SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ''Polis icra başçının qardaşının əməllərini ört-basdır edib''

''Polis icra başçının qardaşının əməllərini ört-basdır edib''

Tarix:

17-01-2019, 17:03

/ 1 118 dəfə oxundu.
''Polis icra başçının qardaşının əməllərini ört-basdır edib''

Şirniyyatçı deyir, un aldığı dəyirmana borcunu ödəsə də, dəyirman sahibi tərəfindən girov götürülən maşını özünə qaytarılmayıb

“Üstümə bıçaq çəkib maşınımın açarlarını, sənədlərini əlimdən aldılar. Dedilər, sənə sentyabradək vaxt veririk, dəyirmana olan borcunu ödəyənəcən maşının burda qalacaq. Mən onlara olan borcumu tam ödəyib maşınımı geri istəyəndə, dedilər ki, maşın satılıb”.

Şəki sakini olan Vüqar Əhmədov belə deyir. O, peşəkar şirniyyatçıdır. Uzun müddət Bakıda şirniyyat məmulatların hazırlanması və satışı ilə məşğul olub. Vüqar Əhmədov Meydan TV-yə danışır ki, Xırdalanda fəaliyyət göstərən və “Az Pal” şirkətinə məxsus olan dəyirmandan bir müddət un alıb. 4 il əvvəl una görə şirkətə borcu yaranıb. Şirkət sahibi də ona borcu qaytarması üçün iki ay möhlət verib. Əvəzində isə onun hələ kredit ödənişi başa çatmayan “Mercedes” markalı avtomobilini qeyri-rəsmi girov götürüb. Vüqar Əhmədov borcu ödəyəndən sonra avtomobilini geri istəyəndə ona məlum olub ki, şirkət sahibi avtomobili ona satmış şəxslə əlbir olaraq başqasına satıb.

Una görə 2150 manat borcum yaranmışdı

Vüqar Əhmədov danışır:

“Şirkətin sahibi İlham Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun qardaşıdır. Şirniyyat hazırlamaq üçün hər ay onun dəyirmanından 100-150 kisə un alırdım. 2014-cü ildə ona 2150 manat borcum yarandı. Kisələri şirniyyat sexinə gətirirdilər. Mən işçilərə hələ köhnə borcu bağlamaq imkanım yoxdur deyə növbəti kisələri gətirməməklərini tapşıranda hər dəfə deyirdilər ki, şirkətin sahibi deyir, narahat olmasın, onsuz da indi hamı borc-xərclə işləyir. Borcu hissə-hissə qaytara bilərsən. 2014-cü ilin iyun ayında növbəti dəfə un gətirəndə bildirdilər ki, şirkətin sahibi mənimlə görüşüb borc məsələsini rəsmiləşdirmək istəyir”.

Vüqar Əhmədovun sözlərinə görə, şirkətin işçiləriylə birlikdə Xırdalana – şirkətin ofisinə gedib. İlham Abbasov onu borca görə danlayıb, tələb edib ki, Bakıda vəzifədə işləyən qohumlarından pul alıb borcu bağlasın.

Üstümə bıçaq çəkib sənədləri də, maşını da əlimdən aldılar

“Mən bildirdim ki, indiyədək pula görə heç kimə ağız açmamışam, xasiyyətimə yaddır. Bir az möhlət ver, sentyabradək borcu bağlayım. O, qohumlarımın ünvanına nalayiq sözlər işlətdi, mübahisəmiz düşdü və mən ofisi tərk etdim. Ofisdən çıxıb maşınıma əyləşmək istəyəndə binanın qarşısında şirkətin idmançı qolçomaqları qarşımı kəsdi. Üstümə bıçaq dirəyərək tələb etdilər ki, borcu sentyabr ayınadək ödəyəcəyimi kağıza yazıb onlara verim. Mən də yazdım. Ancaq iş bununla da bitmədi. Tələb etdilər ki, maşını ofisin qarşısında qoyub gedim, borc bağlananda gəlib götürüm. Zorla maşının açarlarını, maşın kreditdə olduğu üçün mənə verilmiş etibarnaməni və maşının texniki pasportunu əlimdən aldılar”, - şirniyyatçı deyir.

Xəbər tutdum ki, maşın satılıb

Vüqar Əhmədovun sözlərinə görə, borcun ödənməsi heç sentyabradək uzanmayıb. Növbəti həftə borcun bir qismini, daha növbəti həftəsində isə yerdə qalanını ödəyib. Maşının açarları və sənədləri üçün ofisə gedəndə ona bildirilib ki, borc ödənilsə də, faizi qalıb:

“Mənə borca görə yazıb, imzalayıb onlara verdiyim kağızı göstərəndə şoka düşdüm. Baxdım ki, məndən sonra özləri kağıza faizlərlə bağlı əlavələr ediblər. Bildirdilər ki, borcun üstünə 2.000 manat faiz gəlib, onu ödəməsəm maşını mənə qaytarmayacaqlar. Sonra da xəbər tutdum ki, sən demə, İlham Abbasovun Mircəlal və Tərlan adlı əlaltıları maşını kreditlə aldığım şəxslə əlaqəyə giriblər. Onu aldadıblar, guya mən onlara olan 15000 manatdan çox borcu qaytara bilmədiyim üçün maşını dəyirmanın qarşsıında qoyub getmişəm ki, satıb pullarını götürsünlər. Beləcə, maşın sahibi ilə görüşüb, alqı-satqı ediblər”.

Vüqar Əhmədovun sözlərinə görə, avtomobili 2012-ci ildə Cavid Tağıyev adlı şəxsdən 16.130 manata kredit yolu ilə alıb. Aralarında bağlanmış müqaviləyə görə, o, ilkin ödəniş olaraq Cavid Tağıyevə 4970 manat ödəyib. Yerdə qalan hissəni – 11.160 manatı isə 2015-ci ilədək hər ay 465 manat olaraq ödəməliymiş.

Gecikdirmə olmadan borcun çox hissəsini aylıq kredit yolu ilə ödəyib. Maşın əlindən alınarkən Cavid Tağıyevə cəmi 3150 manat borcu qalıbmış:

“Cavid Tağıyev dedi ki, maşın satıldı, mənə olan 3150 manat borc özümə verildi, qalan hissəsini isə onlar götürdülər, dedilər ki, bütün bunları səninlə razılaşdırıblar”.

Polis hər dəfə işi bağladı

Vüqar Əhmədov şirkət sahibinin və əməkdaşlarının hərəkətlərindən əvvəlcə Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. 2014-cü ilin noyabrında Suraxanı polisi onun şikayət ərizəsini hadisələrin cərəyan etdiyi ofisin yerləşdiyi ərazi üzrə Abşeron Rayon Polis İdarəsinə göndərib. Vüqar Əhmədov deyir, elə orda da iş ört-basdır edilib:

“Bir ay keçmədi ki, təhqiqatçı Ruslan Nəcəfov qarşı tərəfdən çəkindiyini deyib cinayət işi başlanmasını rədd etdi. Mənim Abşeron Rayon Prokurorluğuna şikayətimdən sonra 2015-ci ilin oktyabrında onun qərarı ləğv edildi. İş üzrə araşdırmanın davam etdirilməsi Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırıldı. Bu dəfə iş materialları müstəntiq Əsgər Kazımova verildi. Bir neçə gün sonra o da cinayət işi başlanmasının rədd edilməsinə dair qərar çıxartdı”.

Başçıya müraciət etdim...

Vüqar Əhmədov şikayətlərini davam etdirib. Beləcə, hər dəfəki şikayətindən sonra qərar ləğv edilib, işə baxılması üçün yeni qərar Abşeron Rayon Polis İdarəsinə göndərilib, polisdə isə yenə əvvəlki qərarlardan fərqlənməyən qərarlar çıxarılıb.

Nəhayət, Vüqar Əhmədov İlham Abbasovun qardaşına – Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasova üz tutur. Başçının qəbuluna düşmək cəhdləri boşa çıxandan sonra ona rəsmi məktubla müraciət edir. Başçıdan xahiş edir ki, qardaşı İlham Abbasova təsir etsin, ona olan ümumilikdə 17.130 manatın İlham Abbasovdan alınıb ona verilməsinə yardımçı olsun. Ötən ilin sentyabrında qurumdan cavab məktubu alır, həmin məktubda ona tövsiyə edilir ki, avtobobili aldığı şəxsi məhkəməyə versin və pulunu ondan tələb etsin.

Suraxanı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Vüqar Əhmədovun başına gələnlərin icra başçısı ilə hər hansı əlaqəsi olmadığından, mübahisə avtomobili aldığı Cavid Tağıyevlə onun arasındakı borca dair olduğuna görə, vətəndaş məhkəməyə müracət etməlidir: “Vətəndaş burda dinlənilib, ona hərtərəfli izah edilib ki, bu məsələlərin başçı ilə əlaqəsi yoxdur. Rəsmi məktubuna cavab da göndərilib, bildirilib ki, məhkəməyə müraciət etsin”.

Şirkət işçiləri polisdə izahat veriblər

Abşeron Rayon Polis İdarəsindən Meydan TV-yə bildirilib ki, 4 il əvvəl Vüqar Əhmədovun şikayətinə idarənin təhqiqat şöbəsində bir neçə dəfə baxılıb. Borc mübahisəsi olduğuna görə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunub.

Avtomobili kredit yolu ilə Vüqar Əhmədova satmış Cavid Tağıyev polisə verdiyi izahatında göstərib ki, Vüqar Əhmədov müxtəlif bəhanələrlə krediti ödəməkdən yayınıb. Sonradan Vüqar ona deyib ki, pulu başqa şəxslər ödəyəcək. Mircəlal və Tərlan adlı şəxslər ona zəng ediblər, pulun qalan hissəsini gətirdiklərini bildiriblər, maşını idarə etmək üçün etibarnamə istəyiblər. O da maşını görməyənədək etibarnamə verməyəcəyini deyib. 20 oktyabr 2014-cü il tarixdə Mircəlal və Tərlan adlı şəxslər maşını və 3150 manatı gətiriblər, o da pulu alaraq onlara birdəfəlik etibarnamə verib. Mircəlal Əliyevlə Tərlan Mahmudov da polisdə eyni məzmunlu izahatlar yazıblar. Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Əsgər Kazımov həmin izahatlara əsaslanaraq Vüqar Əhmədovun ərizəsi üzrə cinayət işinin başlanmasını rədd edib.

Bu adamlar mənə qarşı quldurluq ediblər

Vüqar Əhmədovsa iddia edir ki, polisə borc mübahisəsinə görə yox, İlham Abbasovun və ətrafındakı işçilərinin zorakılığına məruz qaldığına, ölümlə hədələndiyinə, maşınının əlindən alındığına görə müraciət edib:

“Adamlar mənə qarşı quldurluq ediblər, üstümə silah çəkib, məni ölümlə hədələyib maşınımı əlimdən alıblar, sonra da satıblar. Mənim şikayətim bundandır. Bu adamlar özləri polis idarəsində yazdıqları izahatlarında da göstəriblər ki, mənə yazdırdıqları borca dair möhlət kağızına sonradan əsas borcun faizlərini əlavə ediblər. Adamlar polisdə hər şeyi etiraf etdikləri halda, İlham Abbasov vəzifədə olan qardaşına arxayın olaraq işi istədiyi səmtə çevirir. Mənim tələbim bu adamlarla bağlı konkret cinayət işinin açılmasına görədir”.

Vüqar Əhmədov deyir, son 4 ildə başına gələnlər özəlliklə, həyat düzənini pozub. 4 ildir ki, işsizdir. Əhmədli qəsəbəsində şirniyyat satışı üçün icarəyə götürdüyü mağazanı da çoxdan sahibinə geri qaytarmalı olub. Halbuki, o, bu mağazadan gələn gəlirlə həm Bakıdakı, həm də Şəkidəki yaxınlarını dolandırırmış. Üstəlik, şirkətin qoluzorluları tərəfindən hədələrə məruz qalması nəticəsində qorxu keçirib, əsəbləri pozulub, iflic olub, ağzı əyilib, sağlamlığını bərpa etmək üçün uzun müddət müalicələr alıb. Vüqar Əhmədov ona zərər vurduqlarını iddia etdiyi şəxslərlə bağlı qanuni ölçü götürülməzsə, ölkə başçısına və Baş prokurora müraciət edəcəyini, bu da nəticə verməzsə, Prezident Administrasiyası qarşısında canına qəsd edəcəyini deyir.

İlham Abbasov isə Meydan TV-yə açıqlamasında öncə Vüqar Əhmədov adlı adam tanımadığını desə də, sonradan sualları cavablandırıb. O, icra başçısının qardaşı olması haqda məlumatı da təkzib edib:

“Tutaq ki, Vüqar Əhmədovun maşını əlindən alınıb, siz neynəmək istəyirsiz ki? Niyə hüquq-mühafizə orqanlarına yox, sizə müraciət edir? Mən icra başçısının qardaşı deyiləm, nə istəyir də eləsin. Öncə sənədlərə baxın görün maşın sahibi özüdü, ya başqası? Mən ağsaqqal adamam, sözümü dedim, sənədləri araşdırın, görün maşın onun adına olub, ya yox. Sonra gəlin qulluğunuzda durum”.

Şərhlər

XƏBƏR LENTİ