SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Şahdağ" Milli Parkının rəhbəri “İlham zirvəsinə" yürüşə icazə vermədi- gülünc SƏBƏB

"Şahdağ" Milli Parkının rəhbəri “İlham zirvəsinə" yürüşə icazə vermədi- gülünc SƏBƏB

Tarix:

4-01-2019, 15:26

/ 1 493 dəfə oxundu.
"Şahdağ" Milli Parkının rəhbəri “İlham zirvəsinə" yürüşə icazə vermədi- gülünc SƏBƏB

“Murov Dağçılıq Klubu”nun 24 dekabrda prezident İlham Əliyevin ad günü münasibətilə Şahdağda yerləşən “İlham zirvəsi”nə planlaşdırdığı yürüşün qarşısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Şahdağ” Milli Parkının rəhbərliyi tərəfindən alınıb.

AFN xəbər verir ki, bu barədə klubun nümayəndəsi Emil Vəliyev bildirib. Onun sözlərinə görə, “İlham zirvəsi”nə İran İslam Respublikasından gələn “Zəncan Alpine Club”u ilə birlikdə yürüş planlaşdırılıb: “Planlama ərəfəsində məlum oldu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabe olan “Şahdağ” Milli Parkının rəhbərliyi öz məsuliyyətlərini azaltmaq üçün rəhbərlik etdiyi milli park daxilində olan yüksək zirvələrə girişi qadağan edib. Səbəb olaraq isə 2017-ci il dekabr ayında Tufandağda baş vermiş hadisəni göstəriblər. 2017-ci ildə baş verən bir hadisəyə görə ümumilikdə belə sərt qərarlar vermək həm turizmin, həm də dağ idman növlərinin inkişafına böyük zərər gətirir. Hər bir təchizatı olan yüksək dağlarda təlimlər və yürüşlər həyata keçirməkdə olan dağçıların ölkə ərazisi daxilində olan bir zirvəyə dırmanışını durdurmaq sadəcə anormallıq və özbaşınalıqdır”.
E.Vəliyev bildirib ki, 24 dekabrda “İlham zirvə”sinə ediləcək yürüşlə əlaqədar Milli Parkın rəhbəri Akif Məmmədov ilə əlaqə saxlayaraq belə bir təhlükəsiz yürüş üçün icazə verməsini istəsələr də, qəti şəkildə rədd cavabı alıblar: “Çox təəssüf ki, bəzi belə məmurların sayəsində ölkəmizdə turizm və dağçılıq idmanının inkişafı durdurulur. Prezidentimizin bu sahədə verdiyi tapşırıqlara əhəmiyyət verilmir, sözügedən sahənin inkişafına beləcə süni əngəllər yaradılır. Biz əminik ki, bu qərardan ekologiya və təbii sərvətlər nazirinin xəbəri yoxdur. Amma “Şahdağ” Milli Parkının tabe olduğu Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadənin xəbəri var. Hüquqi baxımdan Azərbaycan vətəndaşının ölkə ərazisində hərəkətinə, fəaliyyətinə heç bir məntiqi əsası olmayan cavablarla əngəl törətmək qanunsuzluqdur. Eyni zamanda əcnəbi qonaqların da zaman-zaman ölkəmizə dağ yürüşlərinə gəlməsini nəzərə alsaq bu cür biabırçı qərarlar ölkəmizin də imicinə xələl gətirir. Sadəcə Akif Məmmədov kimilər öz işlərini və istirahətlərini pozmaq istəmirlər, vəzifələri ilə bağlı məsuliyyəti öz boyunlarından atmağa çalışırlar. Azərbaycan dağlarına gəlmək istəyən xarici turuistlərə dedikdə ki, Milli Park rəhbərliyi uçqun ola bilər deyə 2019-cu ilin aprel ayının 1-nə qədər dağlara qalxmağa icazə vermir, bizə gülürlər... Bəli, bu biabırçı durum Akif Məmmədov kimilər üçün maraqlı deyil. Xüsusi olaraq vurğulayaq ki, dünya praktikasında bu cür bir ağılsız və heç bir məntiqə sığmayan özbaşına qərarın analoqu yoxdur. Müharibə və terror səbəbindən müəyyən ərazilər bağlana bilər və ya uçqun haqqında məlumatlandırıla bilər. Amma dağlar ümumilikdə aylarla idmançıların üzünə bağlana bilməz. Bunu da belə əsaslandırmaq absurddur ki, uzun müddətlik bağlanmağa səbəb uçqundur. Bizdən də soyuq qarlı ölkələrdə qışda dağlara giriş qadağa qoyulmur. Bu özbaşnalıqla əlaqdar Azərbaycan dağçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə, Azərbaycan Respublikası gənclər və idman nazirl Azad Rəhimova müraciət edəcəyik və hüquqlarımızın pozulmasının qarşısının alınmasına çalışacağıq”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN.az

Şərhlər

XƏBƏR LENTİ