SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mikayıl Cabbarovun qohumu Gəncə FTG-ni necə talayıb?

Mikayıl Cabbarovun qohumu Gəncə FTG-ni necə talayıb?

Tarix:

9-03-2017, 17:45

/ 2 517 dəfə oxundu.
Mikayıl Cabbarovun qohumu Gəncə FTG-ni necə talayıb?

Gəncədə fəaliyyət göstərən P. Hüseynov adına Futbol Təmayüllü İnternat Tipli Gimnaziyada (FTİTG) baş qaldıran dəhşətli korrupsiya və mənimsəmə hallarına hələ də lazımi reaksiya verilmir. Ortada aşkar cinayət faktları olsa da, Təhsil naziri Mikayıl Cabbarovun qohumbazlıq, havadarlıq rıçaqları sabiq rüşvətxor direktoru az qala günahsız edib. Kollektiv artıq bezib və nazirin “susqunluğu” – korrupsioneri müdafiə etməsi onları lap mat qoyub.

Hələ ötən ay adıçəkilən təhsil müəssisəsindəki özbaşınalığa, korrupsiyaya diqqət çəkməyə çalışmışdıq. Saytımızda yer alan Gəncədəki Futbol Təmayüllü Gimnaziyada özbaşınalıq başlıqlı yazıda məsuliyyətdən yayınan sabiq direktorun 200 min manatlıq yeyinti faktından bəhs etmişdik. Bu gimnaziyada təhsil naziri cənab Mikayıl Cabbarovun şəxsi təlimatı əsasında audit yoxlama həyata keçirildiyini də qeyd etmişdik. Lakin artıq məlum olur ki, Təhsil Nazirliyi tərəfindən aparılan yoxlamalar yalnız formal məqsədlə aparılıb. Sən demə, nazirin şəxsi nəzarətində olan “araşdırmalar” əslində Mikayıl Cabbarovun Gəncədə yaşayan bibisinin və sonuncunun bir neçə qohumunun maraqlarına uyğunlaşdırılıb. Bu səbəbdən, gimnaziyadakı bunca vurhavurda ortada nə “cinayət işi” var, nə də cəzalanan. Əksinə, hamı R.Əbilov adlı “yırtıcı” bir məmurun toxunulmazlığına şahidlik edir.

Nazirin himayədarlığı sabiq direktora cinayət işinin açılmasına maneədir!

Daxil olan məlumatlarda bildirilir ki, liseyin sabiq direktoru Rövşən Əbilov dağıtdığı bu təhsil ocağını təyinatından sonra yalnız öz maraqlarına uyğun formada idarə edib. Onun direktorluğu təhsil prinsiplərinə deyil, özünün və havadarlarının varlanmaq məqsədlərinə hizmət edib. Hazırda işindən uzaqlaşdırılan direktor illərlə liseyə qənim kəsilərək, Mikayıl Cabbarovla qohumluq əlaqələrindən yararlanmaqla, təhsil müəssisəsində anarxiyaya, özbaşınalığa və cinayət tərkibli korrupsiya hallarına rəvac verib.

Korrupsioner direktor təsərrüfüt işləri üzrə müavini Elşən Əşrəfovla liseydə zəruri invertarlaşdırılma “siyasəti” həyata keçirməklə hər il küllü miqdarda dövlət vəsaitini mənimsəyib, liseyin əmlaklarını talayıb. Təkcə ötən il bu məqsədlə 150 çarpayının (yataq dəsti-red) alınması, hər il müəllim və şagirdlər üçün nəzərdə tutulmuş zəruri sair xərclər və digər hallar üzrə sənədləşmə üzərində təsbit olunan 200 min manatdan artıq maddi vəsait mənimsənilib.

Kağız üzərində alınan çarpayılara faktiki olaraq liseydə rast gəlinmir. Məlumata görə, ötən il müavin hər birinin dəyəri 600 manat olan həmin çarpayıları bağlı mebel şəklində liseyin həyətində qəbul edib. Lakin, elə həmin gecə Rövşən Əbilov çarpayıları müxtəlif müştərilərə qanunsuz olaraq satıb.

Stollar, stullar, qarderob və divan dəstləri, bu kimi şeylər də direktorun əlilə “yoxa çıxıb”.

Sızan məlumata görə, təsərrüfat işlərinə cavabdehlik daşıyan Elşən Əşrəfov TN-in audit şöbəsinin rəisinə dəfələrlə özünün direktor tərəfindən aldadıldığını, bir sıra maxinasiyalı sənədləşmələrə onun təkidi, təzyiqi ilə imzalar atdığını qeyd edib. Araşdırma zamanı invertarların haraya və necə satılması barədə nazirlik rəsmilərinə yetərli məlumatlar verib. Lakin baş verənlər nazirin tapşırığı ilə gizlədilir, Artıq nazirliyin audit şöbəsi də araşdırmanı heç nə olmamış kimi qapadıb. Gəncə prokurorluğu isə bir neçə şikayətlər olsa da, məsələyə düzgün hüquqi qiymət verməyə acizlik göstərib.

Rövşən Əbilovun staj və maaş xatirinə işə gəlmədən uzun müddət maaş alan “ölü can”ları da olub. Tədrisdən yayındırılaraq hələ də şəhərdəki restoranlarda ofisiant kimi çalışan şagirdlər yetərincədir. Tez-tez alver dalınca Rusiyaya üz tutan ziyalı Məmmədov Elmar Aydın oğlunu isə arayıb-soran yoxdur. Bir çox işçini kollektivdə heç kəs tanımır. Belələrinin sırasında texniki işçilər sayca çoxluq təşkil edir.

Şagirdlər və “ölü can”lar hələ də Rövşən Əbilovun müdafiəsindən yararlanırlar.

Hazırda direktorun səlahiyyətlərini müvəqqəti əvəzləyən Gülçöhrə Qarayeva vəziyyətə nəzarət edə bilmir. Sabiq direktorun hədəli qanunsuz tapşırıqları onu bezdirib. Əbilov nazirlə qohumluğundan istifadə etməklə, hələ də kənardan FTG-yə təsir imkanlarını qoruyub saxlayır. O kimi istəsə yeni direktora tapşıra bilir.

Gəncə FTG-də təhsil alan şagirdlərə ayrılan gündəlik tələbat malları – ərzaqlar da illərlə talana məruz qalıb və bu ənənə davam etdirilir. Hər gün 300 nəfərlik menyu tutulur. Reallıqda belə olmadığı, dəfələrlə artıq israfçılığa yol verilməsi məlumdur. Dərs davamiyyəti gün ərzində 100 uşağı ötmür ki, bu da ərzağın asanlıqla talan olunmasına şərait yaradır.

Müəllimlər arasında dərs bölgüsü də Əbilovun maddi marağının qurbanı olub. Ali təhsilli, atestasiya və diaqnostik qiymətləndirmədən keçən müəllimlər 4-6 saat, sadə kollec məzunları isə 12 və daha çox dərs saatı ilə yüklənib. Bu prosesdə də Rövşən Əbilovun rüşvət mexanizmi işləyib.

Bu gimnaziya Futbol təmayüllü olsa da, futboldan əsər-əlamət yoxdur. Məlumatlı mənbəmizin sözlərinə görə, 20 il Kəpəz FK-nin oyunçusu olmuş, futbol üzrə SSRİ idman ustası Tofiq Məmmədov və respublika dərəcəli hakim Novil İsmayılov kimi peşəkarlar liseydə sıxışdırılıb, dərs saatları əllərindən alınıb.

Sabiq direktorun özbaşınalığı o həddə olub ki, təhsil müəssisəsinin köhnə hasarı sökülərək təxminən 4 sot torpaq sahəsi Beynəlxalq Banka satılıb. Hətta nazirliklə məsləhətləşmədən, gimnaziyanın Hacıkənddəki iri torpaq sahəsini də varlı iş adamına sata bilib. Xoşbəxtlikdən TN ötən ilin yayında məhkəmə vasitəsilə torpaq sahəsini geri ala bilib. Nazirlə qohumluq Əbilova bu cür əməllərində də bəraət donu geyindirib, o yenə sudan quru çıxıb.

Rövşən Əbilova sadiq olmuş katibəsi Esmira Hacıyeva isə “izləri itirmək” məqsədilə tabel cədvəllərini və bir sıra sənədləri qəsdən yandırıb. Adıçəkilənin eyni zamanda gecə dayəsi kimi də illərdir maaş aldığı deyilir.Məlumata görə, katibə də Əbilovun məsləhətilə öz ərizəsi əsasında işdən uzaqlaşaraq, məsuliyyətlərdən yayındırılıb.

Bir məqamı da qeyd edək ki, baş verənlər Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qərb regional nümayəndəsi Cehun Mirzənin də diqqət mərkəzində olub. Lakin Cehun Mirzə nazirin qorxusundan bir dəfə də olsun gimnaziyada nizam-intizamın bərpasına cəhd etməyib.

Korrupsiya və rüşvət bataqlığında çabalamaqda olan Gəncə FTİTG-nin aqibətinin necə olacağı müəmmalıdır.

Hətta ağıllı nazir Liseyin narazı kollektivini boyunduruq altına salmaq üçün yedək plan da hazırlayıb və müxtəlif yolla günahkar qohumuna qarşı istənilən həmləni neytrallaşdırır. Dillərdə ciddi dedi-qodular da dolaşır. Belə ki, Rövşən Əbilovun özfəaliyyəti ucbatından özünü doğrultmayan, son illərin korrupsiya bataqlığı olan Gəncə Futbol Təmayüllü Gimnaziyada işlər “nazirin öz istədiyi kimi davam etməzsə” – “sakitliyə” riayət olunmazsa bağlana bilər. Nazirin ləğvinə çalışdığı bu təhsil müəssisəsi əslində bir neçə korrupsioner qohumlarının varlanmaq marağı ilə talanıb. Və bu biabırçı talanı gizlətmək naminə nazir “ləğvetmə” variantına da imza atmağa hazırdırsa…,.

Dəhşətdir! Ölkənin bu durumunda nazirliyin büdcəsinə qənaət etməli olan, təhsildəki korrupsiya və rüşvətxorluğu aradan qaldırmalı olan M. Cabbarov bibisinin xahişi ilə korrupsioner qohumunun cinayət əməllərini gizlədir. Axı, ölkə başçısı hər çıxışında məmurlara səslənərək onları nizam intizama, vicdanlı idarəçiliyə səsləyir. Axı, cənab Mikayıl Cabbarov möhtərəm prezidentin yüksək etimadı ilə ölkəmizin təhsil strategiyasına cavabdehlik daşıyır. Yəqin nazirin Azərbaycan təhsilinə cavabdehlik anlayışı, prezident cənab İlham Əliyevin etimadına sayqısı bəzən Rövşən Əbilov kimisinin müdafiəsindən sonrakı planda qərarlaşır. Nə deyək. Yazıqlar olsun!

Əlavə məlumat üçün bildirək ki, gimnaziya 1960-cı ildən 2009-cu ilə qədər 1 saylı internat tipli 8 illik məktəb kimi fəaliyyətə başlayıb. 2009- cu ildən 2015-ci ilədək Gəncə Təhsil şöbəsinin tabeliyində P. Hüseynov adına Futbol təmayüllü İnternat tipli Gimnaziya kimi fəaliyyət göstərib. Hazırda birbaşa TN-ə tabedir. Hər şeyə rəğmən ümid edirik ki, aidiyyatı dövlət rəsmiləri yazılanların ciddiliyinin fərqinə varacaq və gimnaziyadakı biabırçılıqlara son qoyulacaq! Talançı Rövşən Əbilov cəzalandırılacaq!

Demokratik.Az

Şərhlər

XƏBƏR LENTİ