SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İşə gecələr gələn direktor- 248 saylı məktəblə bağlı İLGİNC FAKTLAR

İşə gecələr gələn direktor- 248 saylı məktəblə bağlı İLGİNC FAKTLAR

Tarix:

9-03-2017, 10:37

/ 3 141 dəfə oxundu.
İşə gecələr gələn direktor- 248 saylı məktəblə bağlı İLGİNC FAKTLAR

Binəqədi rayonunda yerləşən Nizami Nərimanov adına 248 saylı orta məktəblə bağlı ilginc məlumatlar daxil olub. Məktəbdə çalışdığını bildirən, adının çəkilməsini istəməyən müəllimin redaksiyamıza göndərdiyi məktubda təhsil müəssisəsində baş verən neqativ hallar sıralanıb.
Sıralama üzrə əksini tapan faktları təqdim edirik:
1. 9-11-ci siniflərin dərsə davamiyyəti, demək olar ki, 0 səviyyəsindədir. Xüsusilə 10-11-ci siniflərdə təhsil alan şagirdləri məktəbdə görmək möcüzə sayılır.
2. Məktəbin direktoru Əsli Quliyeva laborant adı ilə işçilər qəbul edir, amma onların sadəcə adı işdə olur, özlərini görən yoxdur. Məktəbdə çoxsaylı “ölü” işçilər var. Məsələn, gündüz növbəsində qapıçının yerində məktəbin rəhbər şəxslərinin olması bunu təsdiq edən hallardandır.
3. Taarif cədvəlində adı olmayan şəxslər məktəbdə dərs deyir. Məsələn, kimya fənni üzrə Elnarə müəllimənin adı getsə də, tabeldə və ştatda adı olmayan adam dərs keçir. 7-ci sinfin sinif rəhbəri məktəbin idman müəllimidir, amma yenə də adı ştatda və tabeldə olmayan müəllim sinif rəhbərliyi edir.
4. Bayram günlərində (Müəllimlər günü, Yeni il, 8 Mart, ad günü-Ə.Quliyeva iyul ayında anadan olsa da, kollektivə yanvarda anadan olduğunu deyib) siniflərdən kütləvi şəkildə külli miqdarda pul yığılır. Hər sinifdən 100 manat, Müəllimlər günündə 200 manat, Binəqədi rayon İH-in 1000 manata yaxın qəzet abunəsini bəhanə edərək hər sinifdən daha 100 manat əlavə yığılır.
5. Qiyabi qrupda saxta attestat satmaq Ə.Quliyevanın əsas qazanc mənbələrindən biridir. 2015-2016-cı tədris ilində 80-ə yaxın saxta attestat, 2016-2017-ci tədris ilində 30-a yaxın sata attestat satıb. Bunlardan Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi rəhbərliyinin də xəbəri var. Əsli Quliyeva onlara yalan məlumat verməklə aldadıb. Hər saxta attestat üçün 2 min manat alır. Elə buna görə də hazırda özünü xəstəliyə vurub bülletenə çıxaraq gündüzlər olanda məktəbə gəlmir. Amma hər gecə məktəbin “ştatdankənar direktoru”-həyat yoldaşı Mübariz Quliyevlə məktəbə gələrək gecəyarıya kimi bağlı qapılar arxasında naməlum işlərlə məşğul olurlar. Halbuki hazırda Təhsil Nazirliyinin təyinatı ilə müvəqqəti direktor əvəzi Camal Bağırov çox çətinliklə də olsa məktəbi məktəb səviyyəsinə qaldırmağa çalışır. Bütün səylərə baxmayaraq, bu il saxta attestat almaq istəyən 30 nəfərdən 10-nun üzünü görmək hələ də Camal müəllimə qismət olmayıb. Təhsil Nazirliyi isə konkret şərt qoyub: bu 30 nəfər 12-ci sinif şagirdi ya yenidən ərizə ilə müraciət edib 10-cu sinfə qayıtmalı, ya da məktəbdən xaric edilməlidirlər. Nəticədə Əsli Quliyeva ya onların 60 min manatını (adama 2 min manat) qaytarmalı, ya da bülleten vaxtını uzatmaqla TN-i və DİM-i şantaj etməlidir. O, ikinci variantı seçib, amma bunun acısını müəllimlər çəkir, çünki buna görə müəllim və texniki heyətin əməkhaqqı cədvəli hələ də təsdiq olunmayıb və onlar maaşlarını ala bilməyiblər.

6. Qiyabi qruplarda müəllimlərin adına dərs yazıb, keçilməyən dərs saatlarının pulunu mənimsəməklə Əsli Quliyeva dövlətə külli miqdarda ziyan vurur.
7. Ötən ilin oktyabr-noyabr aylarında bəzi saytlara sızan məlumatda bildirilirdi ki, 11 c sinfində 1 nəfərdən başqa heç kim dərsə gəlmir, lakin bu, 1 nəfər yox, 2 nəfərdir- Turqay adında oğlan və Nigar adında qız. Buna görə Əsli Quliyeva 11 c sinfinin adını dəyişib 11 b etdi, məqsədi gələn yoxlama komissiyasını aldatmaq idi. Belə hal rus bölməsinin 10 və 11-i siniflərində də var. Bununla bir güllə ilə iki dovşan vurur-həm adı olub özü gəlməyən şagirdlərdən kütləvi pul alır, həm də həmin siniflərdə dərs keçməyən müəllimləri gözükölgəli edib haqq alır. Bu vasitə ilə maliyyə maxinasiyası edib dövlətin külli miqdarda pulunu mənimsəyir.

8. Məktəbə direktor təyin olunan gündən ƏXO sinif kabinetini ləğv edib. Bunu siniflərin çatışmaması ilə əsaslandırır, halbuki 2-ci növbənin müəllimlərinin çoxu direktora haqq verərək 1-ci növbədə adı olub özü olmayan 10 və 11-ci rus bölməsinin siniflərində 4-cü mərtəbədə hazırlıq məşğələləri keçir.
Növbəti yazımızda aşağıdakı sualların cavabları olacaq:
- Məktəbin oğlanlar üçün nəzərdə tutulmuş “əmək kabineti”ndə olmalı olan dəzgahlar hardadır?
- Sinifdənxaric dərnəklər keçirilirmi?
- Saxta imzaları kimlər, hansı sənədlərə atıblar? Və nə üçün?
- Müavinlərin niyə vəzifə səlahiyyətləri yoxdur?
- Ötən il son zəngdə hər sinifdən nə qədər pul yığılıb?
- Məktəbdə quraşdırılan kameralara nə olub?
- Əsli Quliyevanın həyat yoldaşı məktəbdə baş verən neqativ hallarla bağlı məlumatlar dərc edən KİV-lərlə məsələni necə "həll edir"
Bizi izləyin...
Yazıda qeyd edilən bütün hallarla bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN

Şərhlər

XƏBƏR LENTİ