SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Heydər Əsədov necə narazılıq yaradır?

Heydər Əsədov necə narazılıq yaradır?

Tarix:

9-03-2017, 09:08

/ 1 434 dəfə oxundu.
Heydər Əsədov necə narazılıq yaradır?

Ölkənin ən adlı-sanlı pambıqçılarından olan sabirabadlı fermer Əfras Əsgərov kənd təsərrüfatı naziri Heydər Əsədovdan Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə şikayət edib.

Sabirabadlı fermerin Moderator.az -a göndərdiyi məktubu olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının rəhbəri
cənab Ramiz Mehdiyevə

Hörmətli Ramiz müəllim!

Mən Sabirabad rayonunda yaşayıram və 20 ilə yaxındır ki, hektarlarla sahədə pambıq əkirəm. Demək olar ki, peşəkar pambıqçıyam.

Sizin imzanızla təsdiq edilmiş “Pambıqçılığın inkişafı ilə bağlı tədbirlər planı ( yol xəritəsi)” ilə tanış oldum və qeyd edim ki sənəd çox mükəmməldir və təqdir edirəm.

Həmin sənəddə hər bir nazirliyin, hər bir şirkətin və ya aidiyyəti qurumların vəzifələri aydın və konkret göstərilib. Əgər həmin sənəd yetərincə icra olunsa, ölkəmizdə bu sahədə cox ciddi uğurlar əldə edə bilərik.

Hörmətli Ramiz müəllim!

Aydın məsələdir ki, ötən il çətin hava şəraitinə baxmayaraq, tədarük edilən 90 min ton pambığın yetişdirilib tədarük edilməsində minlərlə insan çalışıb və ailələrinə ruzi qazanıblar.

Bir faktı nəzərinizə çatdırmaq istəyirəm.

Yaşadığım Zəngənə kəndində qardaşım, oğlum və mən 600 tona yaxın pambıq yetişdirib təhvil verdik. Bu o deməkdir ki, təkcə əllə pambıq dəriminə görə kənd sakinlərinə 90 min manat pul ödənilib. Təbii ki, bütün bunlar ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğısı nəticəsində baş verib.

Pambığın becərilməsində bizimlə birlikdə işləyən kənd sakinlərinə də, təqribən, o qədər də pul ödənilib. Növbəti il üçün isə gəlirimiz, yəqin ki, bundan iki dəfə çox olacaqdır.

Bunları yazmaqda məqsədim odur ki, pambıqçılıq sahəsinə hələ də barmaqarası baxanlar bilsinlər: kənd rayonlarımızda yaşayanların rifahı aqrar sahənin inkişafından, xüsusilə də pambıqçılığın inkişafından keçir.

Hesab edirəm ki, ölkə rəhbərliyi bu məsələdə daha da qətiyyətli və israrlı olmalıdır .

Hörmətli Ramiz müəllim!

Çox təəssüf ki, sizin hazırladığnız tədbirlər planına yetərincə əməl olunmur. Bizim Sabirabad rayonunda bu gün, istər hakimiyyət orqanları, istərsə də müxtəlif şirkətlər kifayət qədər operativliklə çalışsalar da, bəzi mərkəzi hakimiyyət orqanları biz pambıqçılara çox ciddi problemlər yaradırlar.

Məsələn, mənim müqavilə bağladığım “CTS-AQRO MMC” şirkəti ilə məndən başqa 480 nəfər sahibkar da müqavilə bağlayıb. Pambıq əkiləcək sahələrin demək olar ki 90%-i arata hazırlanıb və bunun da xeyli hissəsi arat qoyulub.

Həmin sahələrin yarıdan çoxu yayda şumlanıb və yanvar, fevral aylarında təkrar şum edilib, daha sonra quru mala çəkilib.

Bizi maliyyələşdirməyi üzərinə götürən “Aqro kredit” səhmdar təşkilatı ( rəhbəri Mamed Musayevdir) bu günə kimi, cəmisi 20 nəfərə şum pulu ödəyib.

Məlumatımıza görə, Aqro kredit təşkilatı İqtisadi İnkişaf nazirliyindən pul ala bilmir. Hər halda, burasını biz dəqiq bilmirik. Amma, reallıq budur ki, 15 gündən sonra pambıq əkininə başlayacağıq və hələ ki, bu günə qədər gördürdüyümüz işlərin və işlətdiyimiz texnikanın haqqını işçilərə ödəyə bilməmişik, insanlara borclu qalmışıq.

Belə davam edərsə, çox ciddi problemlər yaşayacağımız qaçılmazdır . Çox təəssüf ki, bu gün ölkəmizdə pambıqçılığı yönəldənlər, xüsusilə də Kənd Təsərrufatı Nazirliyi, bu problemin fərqində deyillər. Onlar başa düşmürlər ki, payızda tədarük olunacaq pambığın taleyi məhz bu günlərdə həll olunur.

Hörmətli Ramiz müəllim!

Prezident Adminstrasiyası səviyyəsində pambıqçılığa bu qədər diqqət ayrıldığından bir əminliyimiz və ümidimiz də var ki, dövlətimiz bizi bu çətin durumdan çıxardacaq.

Əlavə olaraq, nəzərinizə çatdırım ki, hələ də səpin və becərmə texnika və aqreqatlarla kifayət qədər təmin olunmamışıq.

Ötən il Kənd Təsərrüfatı Nazirliyinin Türkiyədən aldığı kultuvasiya aqreqatları və sofkaya qarşı vurulan dərmanlar olduqca keyfiyyətsiz çıxdı və bu da pambığın becərilmə prosesində cox ciddi itkilərə səbəb oldu.

Ən ciddi problemlərmizdən biri də toxumluq çiyidlə bağlıdır. Ötən il ölkəmizdə 90 min ton pambıq tədarük olunmasına baxmayaraq, toxumluq lifli çiyid tədarük edilməyib. Nəzərinizə çatdırım ki, ötən il mən qiyməti 33 qəpik olan lifli çiyid əkmişdim və 60 sentner pambıq əldə etmişdim. Yəqin biz bu il də məcburuq olacağıq ki, Türkiyədən gətirilmiş və kilosu 6 manata yaxın olan çiyid əkək. Bu da bizim üçün çox ciddi maliyyə itkisi deməkdir.

Belə ki, pambıq əkəcəyim 150 hektar sahəyə 15 min manatlıq çiyid götürməliyəm.

Hörmətli Ramiz müəllim!

Kənd Təsərrüfatı Nazirliyi niyə bu məsələyə müdaxilə etmir?

Onlar bu hərəkətsizliklərinə görə hüquqi məsuliyyət daşımalıdırlar. Çünki onların sərgilədikləri indiki ətalət dövlət başçısının apardığı aqrar siyasətin faktiki sabotaj edilməsidir.

Yəqin ki, məlum tədbirlər planının icrası müzakirə olunan zaman bu məsələlərə aydınlıq gətiriləcək .

Hörmətli Ramiz Mehdiyev!

Sizə, bu müraciətimə göstərəcəyiniz diqqətə görə, qabaqcadan minnətdarlığımı bildirməklə yanaşı, həm də sizdən xahiş edirəm ki, bu məsələlərə təcili müdaxilə edəsiniz.

Ölkəmizdə pambıqçılığın inkişafını hamıdan çox istəyən bir vətəndaş kimi bildirəm ki, 15 gündən sonra hər şey gec ola bilər!!!

Sağ olun.

Hörmət və ehtiramla,
Sabirabad rayonundan Əfras Əsgərov
Tel : (050) 3112869

Şərhlər

XƏBƏR LENTİ