SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tahir Kərimovun və onun yaxın ətrafının adları yenə pis yöndən hallandırılır

Tahir Kərimovun və onun yaxın ətrafının adları yenə pis yöndən hallandırılır

Tarix:

29-11-2018, 12:24

/ 1 887 dəfə oxundu.
Tahir Kərimovun və onun yaxın ətrafının adları yenə pis yöndən hallandırılır

Keçmişə bağlı kriminal həyatı, eləcə də tutduğu məsul vəzifələrdə törətdiyi oxşar əməlləri müqabilində adı yazılı mətbuatda, sosial mediada daha çox hallandırılan, qazandığı ləqəbləri hesabına sosial şəbəkələrdə möhtəşəm teleseriallar, tarixi kino-filmlər qəhrəmanlarına, Şərq ölkələrinin həyat və fəaliyyətləri səs-küylü liderlərinə bənzədilən, daha çox, rəhbəri olduğu Salyan rayonunun "kiçik padşahı" kimi yaddaşlarda qalan Tahir Kərimov haqqında, məlumatlı mənbələrdən araz.az saytına şok faktlar daxil olub.

Gundemxeber.az bildirir ki, həmin faktlar, əsasən, 2006-2016-cı illər ərzində Daşkəsən və Salyan rayonlarına başçılıq edərkən, ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri kimi göstərilən, tutduğu vəzifələrdə bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf etməkdən çəkinməyən. hər zaman qalmaqallı övladları ilə bağlı gündəmdə olan sabiq başçının balıq biznesi barədədir. Hərtərəfli açıqlaması ilə təqdim edilən bu faktlarda iddia edilir ki, o, indinin özündə belə, təkcə özünün balıqçılıq təsərrüfatlarından külli miqdarda pul qazansa da, bu məbləğin qanunla nəzərdə tutulmuş hissəsini dövlət vergisinə yönləndirmir.

Dəbdəbəli imarətlər, bahalı maşınlar sahibi, ən əsası, balıq ovçusu kimi qələmə verilən, 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olan. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnistitutunu bitirdikdən sonra, Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışan, hərbi xidmətdən sonra isə, respublika Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib, 1989–1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifələrində işləyən, Yeni Azərbaycan Partiyasının üzvü, 4 övlad atası olan sabiq başçının tərcümeyi-halının önəmli hissəsinə baxanda da, onun balıq biznesi ilə məşğul olmasına inanmamaq olmur.
"1991-1995-ci illərdə "Ümid" İstehsalat Assosiasiyasının prezidenti vəzifəsini icra edən Tahir Kərimov, 1995-2001-ci, eləcə də 2003-2006-cı illərdə Hacı Zeynalabdin Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri, 2001-2002-ci illərdə isə, "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifələrini tutub. Əvvəllər Nasosnu kimi tanıdığımız Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki həmin Balıqhisləmə və Xudatdakı Balıq zavodlarını Tahir Kərimov çoxdan ələ keçirib. Artıq Kərimovların ailə müəssisəsinə çevrilən bu zavodları, eləcə də onların Siyəzən, Şabran və Salyan rayolarındakı digər balıq təsərrüfatı obyektləri, o cümlədən brakonyerlik nəticəsində onların balıq ovçuları tərəfindən müxtəlif qadağan olunmuş üsullarla kürü tökülən çaylarda, ən əsası Kür çayında bəndlər salınıb, nərəcinslilərin həddindən artıq ovlanması onlara milyonlar qazandırır. Gör, Tahir Kərimov balıqçılığın sirrlərini necə bilir ki, elə, əlinə keçirdiyi obyektləri də, sovetlər dönəmindən üzübəri adları balıq ovunda daim öndə çəkilən ərazilərdə yerləşir. Bu gün isə, o, həmin obyektlərini Bakıdan -- Dərnəgül körpüsü yanındakı dəbdəbəli ofisindən idarə edir. Özü də, 2001-ci ildə ölkə başçısının sərəncamı ilə ləğv edilmiş "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin min cür fırıldaqla ələ keçirdiyi əmlakları -- nəqliyyat vasitələri və ov alətləri hesabına.
Ən qəribəsi odur ki, Xəzər dənizinin Azərbaycan sektorunda nərə balıqlarının ehtiyatı kəskin azaldığı, vətəgə əhəmiyyətini itirmək həddinə çatdığı bir dönəmdə belə, Tahir Kərimov nərə balığı ovlamaqdan çəkinmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə yaydığı rəsmi məlumatlarda dəfələrlə onun obyektlərinin və işçilərinin adları da hallandırılıb. Nə olsun, hələ də balıq ehtiyatlarının qanunsuz ovlanmasını, satışının qarşısının alınmasını onlara tam qadağan etmək mümkün olmayıb. Tahir Kərimovun qanunsuz balıq ovu ilə məşğul olan brakonyerləri kənardan imkanlı şəxs tərəfindən himayə olunduqlarından, həm də qanun pozucuları iritutumlu, sürətli və güclü motorlara malik qayıqlarla təchiz edildiklərindən, onlar belə vasitələrlə Xəzər dənizi sahilindən 10 kilometrlərlə uzağa gedib, orada qanunsuz balıq tutmaq imkanına malik olurlar. Həmin qanun pozucularını məsuliyyətə cəlb etməyin bütün hallarda mümkün olmaması, Tahir Kərimovun hələ də nüfuz sahibi olmasından xəbər vermirmi?!
Nəzərinizə çatdırırıq ki, qanunsuz ovlanmış bu və digər müxtəlif cinsli balıqlar Tahir Kərimovun müəssisələrində paytaxt Bakının, eləcə də digər şəhərlərin tanınmış restoranlarına, şadlıq saraylarına, ticarət obyektlərinə satılır. Onlar tərəfindən müxtəlif cinsli balıqların -- nərə, qızılbalıq, forel və digər cəkikimilərin qanuni yolla əldə olunmasına və keyfiyyətinə dair rəsmi təsdiqedici sənədlər isə, ortada yoxdur.
Su bioresurslarının mühafizəsi və balıq ovu qaydalarına riayət edilməsi ilə bağlı Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən Tahir Kərimovun brakonyerlərinin belə ciddi qanun pozuntularının aşkar edilərək, onların məsuliyyətə cəlb edilməməsi ictimaiyyət arasında həddən ziyadə narahatlıq doğurur! Tahir Kərimov isə, öz kefindədir, bildiyini edir -- vəzifədə olarkən qanunsuz yolla qazandığı milyonlar hesabına, ölkə boyunca qurduğu böyük biznes strukturlarını daha da genişləndirir..." -- deyə, məlumatlı və inanılmış mənbələr iddialarına belə izahat verirlər.
araz.az-a daxil olan konkret faktlar və sənədlər, eləcə də icra başçısı vəzifəsindən azad edildikdən sonra, Tahir Kərimovun ölkənin müxtəlif bölgələrində getdikcə daha da böyüyən biznes şəbəkəsi bir daha sübut edir ki, o, Daşkəsəni və Salyanı icra başçısı kimi yox, şirkət rəhbəri kimi idarə edib. Belə çıxır ki, qısa zaman kəsiyində, sabiq icra başçısı hər iki rayonun bütün gəlirli sahələrində böyük paya sahib çıxmasaydı, üstəlik yerli sakinlərin «çörək təhnələrinə» əl uzatmasaydı bu qədər var-dövlət -- 100 hektarlarla əkin-biçin sahəsi, alma-üzüm bağları, böyük fermalar, istixanalar, balıqçılıq təsərrüfatları, restoranlar, ticarət və iaşə obyektləri, əyləncə mərkəzləri, sayı-hesabı bilinməyən mənzillər, ayrı-ayrı ölkələrdə xeyli sayda daşınmaz əmlak, qiymətli avtomaşınlar sahibi olmazdı.
Saytımıza təqdim olunan sənədlər də təsdiqləyir ki, onun yalnız 2010-cu ildə Qusar rayonunda bir hektar ərazidə tikdirdiyi və sonradan ərazisini 3 hektara qədər genişləndirdiyi “Alpin-Qusar” istirahət mərkəzi bir milyon manata başa gəlib. Onun rəhbərlik etdiyi Salyan rayonundakı ən böyük biznes strukturlarının, təsərrüfatlarının qiyməti isə, ölçüyəgəlməzdir.
Məlumatlı mənbə vasitəsilə əldə etdiyimiz xəbərlərdə, uzun zaman ölkənin balıqçılıq sektorunda məsul vəzifələr tutan, işdən çıxarılan başçılar arasında adı qalmaqallarda ən çox hallanan Tahir Kərimov tərəfindən törədilən çirkli işlərə -- qanunsuz torpaq alverinə, sahibkarlara divan tutulmasına, rüşvətxorluğa, reketçiliyə, korrupsiyaya, adamöldürməyə, yerli vətəndaşlara məxsus biznes obyektlərinə, torpaq sahələrinə əl uzatmaya, zorla ələ keçirməyə, bir neçə iş adamından və digər şəxslərdən külli miqdarda pul almağa dair çoxsaylı ciddi faktlar mövcuddur.
Onu da qeyd edək ki, redaksiyamıza daxil olan həmin sənədlərdə Tahir Kərimovun təkcə özünün yox, oğlanlarının, qardaşının və digər yaxın ətrafının adları da pis yöndən hallandırılır. Əvvəllər bəziləri üstüörtülü şəkildə ölkə mediasında yer alan, lakin heç vaxt rəsmən təkzib olunmayan həmin faktları aydınlaşdırıb, tam təsdiq etmək üçün, media üzərindən və digər hərtərəfli araşdırmalarımızı davam etdirdik. Əldə etdiyimiz məlumatlar da sübut edir ki, Tahir Kərimov ilə bərabər, onun oğlanları və qardaşları haqqında da, xoşagəlməz faktlar çoxdur. Salyanda icra başçısı olarkən, bu rayonda fəaliyyət göstərən sahibkarların və xarici şirkət rəhbərlərinin ona qarşı narazılıqları nə qədər artıbsa, onun oğlanları və qardaşları barədə şikayətlər də, ölkə rəhbərliyinə bir o qədər çatdırılıb.
Media üzərindən apardığımız araşdırmalardan da məlum olur ki, sabiq başçıdan şikayət edənlər arasında “Salyan Oil Ltd” əməliyyat şirkətinin baş meneceri Şan Lian Jenq və Çinin Milli Neft Korporasiyasının vitse-prezidenti də olub.
Şan Lian Jenq açıq şəkildə bildirib ki, Tahir Kərimov baş meneceri olduğu şirkətin Salyanda sərbəst fəaliyyətinə əngəllər yaradır, hətta rayonda məktəb və uşaq baxçalarının tikintisi, asfalt yolların çəkilməsi və digər bu kimi işlərin görülməsi ilə bağlı, “Salyan Oil Ltd” şirkəti qarşısında tələblər irəli sürüb. Şirkət bütün bunları görmədiyi təqdirdə isə, Salyan rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif formalarda, o ücmlədən məhkəmələr vasitəsilə ona açıq təzyiqlər edilib.
Şan Lian Jenqin bu şikayətinin Çinin Milli Neft Korporasiyasının vitse-prezidenti tərəfindən də diqqətə çatdırıldıqdan sonra, Tahir Kərimov barəsində ən yüksək səviyyədə qərar verilib. Və onun icra başçısı vəzifəsindən azad edilməsinin əsas səbəbi elə bu olub.
Böyük bir rayona rəhbərlik edən bu şəxsin, ötən əsrin 90-cı illərində kriminal aləmdə kifayət qədər tanınmış adamlardan biri olması yerli əhali arasında haqlı narazılıqlar yaradıb. Bu aləmdə ləqəbinin «Zəli Tahir» olması isə, sakinlər arasında gülüş doğurub həmişə. Onun kriminal aləmdə ad qazanmasında yaxın qohumu – dayısı “Fırtına” ləqəbli Həsənin xüsusi rolu olduğu da, salyanlıları olduqca narahat edib.
Onu da xatırladaq ki, Tahir Kərimovun qardaşı olan və Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsində rəisi müavini işləmiş polis mayoru Azər Kərimzadə haqqında da, mətbuat çox yazıb. Onun şiddətli töhmət verilməklə işdən çıxarılması barədə məlumatı da, ictimaiyyətə media vasitələri çatdırıb. Xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə işdən çıxarılan Azər Kərimzadə, sonradan, "Azərsu" şirkətində məsul vəzifəyə işə götürülüb.
Salyanın sabiq icra başçısının oğluna görə çox vaxt çıxılmaz durumda olduğu barədə də, mətbuatda iddia xarakterli yazılar dərc olunub. Həmin iddialara görə, icra başçısı Tahir Kərimov oğlu Ümid Abuzərlini parlament seçkilərinə qatılmağa həvəsləndiribmiş. Onun artıq bu məqsədlə hazırlıqlara başladığı da yayılmış informasiyalar arasında olub. Amma sabiq başçı oğlunun deputatlıq hazırlıqlarını elə başlamamış da, yekunlaşdırıb. Belə ki, oğlunu parlamentdə görmək icra başçısının özfəaliyyəti imiş və onun bu davranışı "yuxarı"larda qəzəblə qarşılanıb. Mənbənin sözlərinə görə, Tahir Kərimov buna görə hakimiyyətdəki havadarları tərəfindən danlanıb və ondan oğlunun təbliğatına son qoymaq tələb olunub.
O vaxtlar Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin Koordinatoru olan Tahir Kərimovun digər bir oğlunun -- Həmzə Kərimovun gülənçilərlə, erməni iş adamı ilə sıx əlaqələri iddiaların əsasını təşkil edib. SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəri olan Həmzə Kərimovun nurçularla əlaqələrinin olduğu barədə kütləvi informasiya vasitələrində yayılan məlumatların qarşısını, sabiq başçı bir sıra üsullarla almağa müvəffəq olub. Oğlunun adının qalmaqallı cinayət işinə qarışdığını görən Tahir Kərimov, bu işdə əli olan baldızı oğlu Bayramı və daha 2 nəfər Rumıniya vətəndaşını qurtarmaq üçün, necə deyərlər, "dəridən-qabıqdan çıxıb". SOCAR-la əlaqəli olan xarici şirkətlərlə əlaqəyə girərək, maxinasiyalara imza atan həmin cinayətkar dəstə, deyilənlərə görə, əməliyyat nəticəsində 38 milyon mənimsəyiblərmiş. Mənimsəmə faktı ilə bağlı, istintaq da gedib, araşdırmalar aparılıb. Sözügedən maxinasiya ilə bağlı, Rumıniyada 3 vətəndaş həbs olunub. Həmzə Kərimov isə, Azərbaycana qaçıb. Deyilənlərə görə, Tahir Kərimovun digər oğlu Tural Kərimov da bu yeyintidə ittiham olunaraq, Rumıniya polisi tərəfindən həbs olunub.
Keçmiş başçının Rumıniyada vəkil tutaraq, bu işin ört-basdır edilməsinə çalışıb, üstəlik mənimsənilən pulun Həmzə Kərimova düşən hissəsi, yəni 19 milyondan çoxu Tahir Kərimov tərəfindən ödənilib. Həmzə Kərimov mənimsənilən vəsaitlərlə özünə Almaniyada geniş biznes şəbəkəsi yaradıb. Bundan başqa, onun xaricdən Azərbaycana dərman preparatları idxal etdiyi də yayılan məlumatlar arasında olub.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Tahir Kərimovun oğlunun ortaqlarından biri, milliyyətcə erməni Eduard Nersesyan adlı şəxs olub. Elə, əldə olunan gəlirlərin bir hissəsini də, Həmzə Kərimov İrəvanda biznes açmaq üçün erməni şərikinə verib.
Tahir Kərimovun həm vəzifədə olduğu dönəmlərdə, həm də bu gün kriminal aləmlə sıcaq ilişkilərə malik olması, oğlanlarına da, bu yöndən daim ruh verib, onları kriminal addımlar atmaqdan çəkindirməyib. Yeri gəlmişkən, onu da qeyd edək ki, elə, Həmzə Kərimov uzun müddət Şirvanda və Rumıniyada Gülən məktəblərinə himayədarlıq edib, bu gün adları qatı cinayətlərdə çəkilən gülənçilərə zəruri yardımlar göstərib.
Ölkə mediası daim onu da xüsusi vurğulayıb ki, icra başçısı olduqdan sonra, Tahir Kərimovun yerli iş adamları, idarə müdirləri ilə qurduğu münasibət kriminal aləmin qayda-qanunlarına çox yaxın olub. O, qısa müddət ərzində rayonda və buradan kənarda, dəyəri milyonlarla ölçülən əmlaklara, kriminal üsullarla sahiblənib. Məsələn, Tahir Kərimov Salyana icra başçısı təyin olunduqdan az sonra, Muğan düzündə min hektarlıq bir ərazini əhatə edən təsərrüfat saldırıb. Bu torpaq ayrı-ayrı Salyan sakinlərinə məxsus olsa da, başçı onlara aid sərəncamları ləğv etdirərək, ərazini ələ keçirib. İçindəki fermanın tikintisi il yarım davam edib. Mənbə deyir ki, 15 kilometr uzaqlıqdan – Akuşa çayından yatağa çəkilən su kanalının smetası 2 milyon manatdan çox olub. Qəribədir ki, icra başçısının şəxsi obyektinə çəkilən su kanalının tikintisində dövlət texnikasından daha çox istifadə olunub. Belə ki, Əhməd Əhmədzadənin rəhbəri olduğu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin 5-6 texnikası burda il yarım işlədilib. Mənbə onu da deyir ki, bu fermada 2 min başdan artıq qoyun, 40-50 baş iri buynuzlu mal-qara saxlanılıb. Başçının Salyandakı təkcə bu fermasının dəyəri, içindəki mal-qara ilə birlikdə, bir neçə milyon manatla ölçülüb.
Tahir Kərimovun icra başçısı olduğu illərdə Salyanda
dövlət büdcəsinin talanmasının son həddə çatması, əsasən, rayonda o vaxtlar satınalmalar üçün tenderlərin keçirilməməsinə bağlanır. Daha dəqiqi, bu istiqamətdə tenderlərin formal xarakter daşıdığı, icra başçısının istəyinə uyğun olaraq, nəticələrin elan edildiyi bildirilir. Gizli keçirilən qondarma müsabiqələrdə isə, həmişə, Tahir Kərimovun özünə və ya onun “xeyir-dua verdiyi” hansısa başqa dövlət məmurlarına aid olan şirkətlər “qalib” gəlib. Bu işdə əsas təşkilatçılıq isə, Salyan rayon Maliyyə Şöbəsinin müdiri Mahir Kərimov tərəfindən həyata keçirilib. Hətta onun iddiaçılara, nümayişkaranə şəkildə, tenderin formal bir proses olduğunu deməkdən belə çəkinmədiyi qeyd olunur. Bu cür “tenderlərdən” sonra isə, dövlətin Salyan rayonunun inkişafı üçün ayırdığı milyonlarla manat vəsaitin böyük hissəsi təyinatından yayındırılıb, şəxsi ciblərə yönləndirilib.
Tahir Kərimovun, qardaşının ayrı-ayrı şirkətləri vasitəsi ilə, bir sıra iri dövlət şirkətlərinin tenderlərinin şübhəli şəkildə qalibi olması haqda da, ortada məlumatlar olub. Onun qardaşının adına olan şirkətlər, ayrı-ayrı iri dövlət qurumlarının “keçirdiyi” bir çox iri tenderlərə də sahiblənib. Bundan əlavə, onun rayonun büdcə təşkilatlarının irili-xırdalı bütün təlabatlarını təmin etmək üçün, yalnız qardaşının və digər ailə üzvlərinin nəzarətində olan firmalardan yararlandığı da sirr olaraq qalmayıb. O, bu cür «əməliyyatları» hələ Daşkəsəndə icra başçısı işlədiyi dönəmlərdən tətbiq etməyə başlayıbmışll.
Ümumiyyətlə,, Tahirmovun qardaşının sahibi olduğu 74 şirkət 2010-2013-cü illərdə nə az, nə çox, düz 563 dövlət satınalma prosedurundan qalib çıxıb. Həmin satınalmalar üzrə müqavilələrin toplam məbləği təxminən 9 milyon manat edib. Nəticədə, dövlət büdcəsi hesabına reallaşdırılmalı olan işlər ya alayarımçıq görülüb, ya da məcburən yerli sahibkarlara gördürülür. Üstəlik, onlardan başqa adlar altında da “haqq” yığılıb. Bu isə, təbii ki, rayonda ciddi narazılıqlar, dövlətə inamsızlıq yaradıb. Sahibkarların iddiasına görə, Tahir Kərimovun dövlətin ayırdığı vəsaitləri şəxsi biznesinin inkişafına yönəltməsi və rayondakı abadlıq-quruculuq işlərini öz zəhmətlərilə sahibkara çevrilmiş insanların hesabına həyata keçirməsi, onların normal fəaliyyətinə imkan verməyib. Bu da, Salyanda ümumi vəziyyəti daha da ağırlaşdırıb, sadə insanları dövlətdən incik salıb.
Media üzərindən apardığımız digər araşdırmalar zamanı o fakta da rast gəldik ki, “MTN işi” ilə əlaqədar “vurulacaq” məmurlar sırasında Sabiq başçının adı da olub. O zaman özünü sabiq nazir Eldar Mahmudova yaxın fiqur kimi göstərən və hətta, qanuni yuxarı instansiyaların göstərişlərini belə qulaqardına vurma cəsarəti nümayiş etdirən Tahir Kərimov, sonra çətin duruma düşüb. Hətta, bir ara Tahir Kərimov, MTN-dən təlimat aldığını dolayı yolla etiraf da edibmiş. Belə ki, rayonda yerli sahibkarlara divan tutmasını, MTN-dən aldığı təlimatlar əsasında icra etdiyini söyləyən başçının həmin ifadələrini xatırlatmaq yerinə düşər: “Salyan rayonunda qanunsuz balıqçılıqla məşğul olan şəxslərin balıq təsərrüfatları ləğv olunacaq. Bu günlərdə Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun. Çünki, bu, torpağın münbit qatını erroziyaya uğradır, iri taxılçılıq təsərrüfatına zərər gətirir. Mən də, tapşırıq vermişəm ki, kimin balıqçılıq sənəti yoxdursa və öz başına balıq təsərrüfatı ilə məşğul olursa, onlar ləğv olunsun. Yəni, indi mən Milli Təhlükəsizlik Nazirliyinin sərəncamını icra etməməliyəm? MTN-dən mənə məktub var."
Beləcə, Tahir Kərimov Salyanda balıqçılıqla bağlı böyük söküntü anonsu vermiş olub -- özünün balıqçılıq müəssisələrinin daha sürətlə inkişafı naminə!

Mənbəmizin iddialarında, belə ilginc faktlar çoxdur. Əksəriyyəti də, vaxtilə Salyanı öz ədalətsiz və tamahkar idarəetməsi ilə qan çanağına döndərən Tahir Kərimovun o vaxtkı qanunsuz əməllərinə bağlanır. Belə məlumatlar sırasında, onun bu günkü fəaliyyətindəki qanunsuzluqlar da xüsusi qeyd olunur. Ortadakı bəzi faktların araşdırılması zərurəti yarandığından, qarşı tərəfin mövqeyini öyrənməyə də cəhd etdik. Çoxsaylı cəhdlərimiz boşa çıxdığından, araşdırmalarımızı davam etdiririk.

Şərhlər

XƏBƏR LENTİ