SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Arif Əsgərovun həbsdən çıxan baldızıoğlu danışdı: - “Bu şayiələri Əvəz Qocayev yayır”

Arif Əsgərovun həbsdən çıxan baldızıoğlu danışdı: - “Bu şayiələri Əvəz Qocayev yayır”

Tarix:

7-03-2017, 09:16

/ 3 275 dəfə oxundu.
Arif Əsgərovun həbsdən çıxan baldızıoğlu danışdı: - “Bu şayiələri Əvəz Qocayev yayır”

Oxuculara fevralın 16-da sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızıoğlu, ötən ilin noyabrından bəri Kürdəxanı təcridxanasında saxlanılan Rahib Hüseynov ev dustaqlığına buraxılıması barədə yazmışdıq.

Bu barədə R.Hüseynovun vəkili Sevil Hacıyeva məlumat verib. Vəkilin sözlərinə görə, fevralın 15-də Səbail Rayon Məhkəməsində Rahib Hüseynovun ev dustaqlığına buraxılması barədə onun qaldırdığı vəsatətə baxılıb, istintaq və prokurorluğun etirazına baxmayaraq, hakim Azər Tağıyev vəsatəti təmin edib.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin marketinq şöbəsinin sabiq müdiri Rahib Hüseynov və qardaşı Emin Hüseynov 2016-cı ilin noyabrında DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu, polis zabiti Qoşqar Zeynalovun şikayəti əsasında həbs olunublar. S.Hacıyevanın sözlərinə görə, Q.Zeynalov qardaşlardan 3 milyon dollara yaxın pul tələb edir. Martın 6-da isə S.Hacıyeva LEGİON-a bildirdi ki, R.Hüseynovun ev dustaqlığına buraxılması qərarına prokurorluğun protesti üzrə Bakı Appelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi üzrə iclas keçirilib: “Hakimə təşəkkür edirik ki, Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı”.

“Sevil xanım, bu günlərdə Arif Əsgərovla bağlı bir neçə məlumat da yayılıb. Məsələn, Arif Əsgərovun həyat yoldaşının xalası oğlu Emin Cəfərov barəsində həbs-qətimkan tədbiri seçildiyi barədə məlumat yayılıb. O şəxs kimdir”, – deyə soruşduq. “Mən Arif Əsgərovun baldızı olan Lətifə Hüseynovadan soruşdum, elə bir şəxsi tanımadığını dedi. Hazırda həbsdə olan Emin Hüseynov var, o da Rahibin qardaşı və Arif Əsgərovun baldızı oğludur”, – deyə S.Hacıyeva qeyd etdi.

Daha sonra, biz Rahib Hüseynovun özüylə də danışaraq, onun və Elnar Əsgərovun guya keçmiş qayınatası Əvəz Qocayevə də pul atması (“Azəravtoyol”un sədr müavini – red.) barədə yayılan məlumatları şərh etməsini xahiş etdik. “Bu, tamamilə yalandır. Mən 2013-cü ildə 2 ay həbsdə olanda, Əvəz Qocayev nikah dövründə yoldaşımın adına aldığım bütün mənzilləri, gözəllik salonu, mağaza və digər obyektləri müxtəlif yaxın adamlarının adına keçirdi, sonra isə bizi boşatdırdı.

Hazırda Binəqədi Rayon Məhkəməsində proses gedir və mən nikah dövründə əldə olunan əmlakda öz hüquqlarımı bərpa etməyə çalışıram. Mənə elə gəlir ki, bu şayiələri elə Əvəz Qocayevin özü yayır. Onun Arif və Elnar Əsgərovlarla da münasibətləri pisdir… ona görə də, həm onlara, həm də mənə qarşı oynanılan bir oyun olduğunu düşünürəm. Kimlərsə, məni yenidən həbsə qaytarmağa çalışır”, – deyə R.Hüseynov qeyd etdi.

O, məsələdə “pul atma” söhbətinin yox, Elnar Əsgərovun planı əsasında mal alınıb “Azərbaycan Dəmir Yolları” QSC-yə satılması üçün müxtəlif şəxslərdən pul götürüldüyünü dedi: “O pulların da hamısı qaytarılıb. Hətta Elnar Əsgərovun sürücüsü Əlinin adı çəkilir, əsl adı Əlihüseyndir, soyadını xatırlamıram.

Birinci dəfə tutulmağım, məhz onun əliylə olmuşdu. Elnar öz sürücüsünün əliylə məni tutdurmuşdu. Səməd adlı Türkiyə vətəndaşına qədər, şəxslərin hamısının borcu qaytarılıb, izahat da yazıblar ki, məndən şikayətləri yoxdur. Müşfiq adlı iş adamının da adı çəkilir ki, onun bu işlərdə heç iştirakı olmayıb. Çox hörmətli adamdır və nahaq yerə adını hallandırırlar”.

Rahib Hüseynov vurğuladı ki, rəqəmlər də şişirdilib və siyahıda həqiqət payı azdır. O, barəsində şikayət irəli sürən DİN Baş DYPİ əməkdaşı Qoşqar Zeynalovun gəlir mənbəyi barədə vəsatətin də təmin olunmamasından narazılıq bildirib: “İstintaq gedirsə, müəyyən etsinlər, guya mənə verildiyi deyilən milyonlarla vəsait hardan əldə olunub”.

Biz Əvəz Qocayevin də münasibətini öyrənmək üçün, “Azəravtoyol”a zəng etdik, lakin qarşı tərəfin fikrini öyrənmək cəhdlərimiz baş tutmadı.

Qafqaznews

Şərhlər

XƏBƏR LENTİ