SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elmar Vəliyev erası rəsmən bitir: filiz kombinatını talayıb tikdiyi bazar da getdi...

Elmar Vəliyev erası rəsmən bitir: filiz kombinatını talayıb tikdiyi bazar da getdi...

Tarix:

12-11-2018, 00:03

/ 2 093 dəfə oxundu.
Elmar Vəliyev erası rəsmən bitir: filiz kombinatını talayıb tikdiyi bazar da getdi...

Gəncədə sui-qəsd edilmiş sabiq başçı Elmar Vəliyev erası rəsmən bitir. Onun kadrları şəhər hakimiyyətindən kənarlaşdırılır, ticarət obyektləri bağlanır.

Cahan.info xəbər verir ki, E.Vəliyevin Gəncədəki obyektlərindən istifadəsinə qadağa qoyulub. Xəbəri modern.az yayıb. Hazırda Vergilər Nazirliyinin əməkdaşları onun ticarət obyektlərində yoxlamalar aparır.

Sabiq başçının kolxoz bazarı kimi tanınan Gəncə bazarında çalışan sahibkarları sıxışdırıb, onlardan izafi haqlar toplayıb, ərazidən çıxarmalarına son qoyulub.

E.Vəliyevin Gəncədəki “Grand Qafqaz” ticarət mərkəzi şəhərdə inhisarçılıq yaratmışdı. Ticarətçilər burada işləməyə məcbur edilirdi. Gəncənin yeni meri Niyaz Bayramov köhnə bazarı yenidən açıb.

Bu da şəhərdə böyük məmnunluq yaradıb. E.Vəliyevin bazarı isə bağlanmış sayıla bilər. Gəncədəki “Grand Qafqaz” ticarət mərkəzinin dam örtükləri Daşkəsən filiz kombinatından gətirilmişdi.

Hətta icra başçısı Əhəd Abıyev bu məsələni dolayısı ilə diqqətə çatdırmışdı ki, kombinatın metalları sökülüb E.Vəliyevin bazarına daşınır.

E.Vəliyevlə əmlak komitəsi sədri Kərəm Həsənovun qohumluğu bu özbaşınalığa şərait yaratmışdı. Çünki kombinat komitənin balansındadır.

Gəncədəki bəlli hadisələrdən sonra merin dəyişdiriləcəyi ilə bağlı müxtəlif versiyalar səslənsə də, E. Vəliyevin öz vəzifəsində saxlanacağı ilə bağlı ehtimallar da var idi.

Son günlər elektron KİV və sosial şəbəkələrdə onun müalicə aldığı tibb müəssisəsində özünün gəzməsi və yemək yeməsini əks etdirən video görüntülərin yayılması da sonuncu ehtimalları artırmışdı.

İlkin olaraq illərdir yerli əhaliyə “qan udduran” Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin “sağ əli” kimi tanınan Məharət Mustafayev işdən azad edilib.

Başçı Niyazi Bayramov Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisinin fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması barədə qərar verib.

Bundan başqa, daha çox şikayət edilən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və onun rəhbərinin də fəaliyyətinin araşdırılmasını komissiyaya tapşırıb. Məlumatı verən mənbə bildirir ki, Məharət Mustafayev Elmar Vəliyevin “torpaq dəllalı” olub.

O, uzun illər ərzində Gəncədə qanunsuz torpaq satışını həyata keçirib, iş adamlarından sənəd bəhanələri ilə xərac toplayıb, bir mülkü müxtəlif saxta sənədlərlə bir neçə şəxsə satıb. O, Gəncədə yüzlərlə vətəndaşa aid mülkə, torpaq sahəsinə faktiki olaraq saxta sənədlər verib.

Mənbə qeyd edir ki, Gəncədə böyük qanunsuzluqlara yol vermiş keçmiş Vəliyevçilər ətrafında aparılan yoxlamalar həbslərlə nəticələnə bilər.

Nəzərə çatdıraq ki, Məharət Mustafayevin adı mediada çoxdan məşhurdur. Onun qanunsuzluqlara yol verməsi, vətəndaşları incitməsi haqda indiyədək onlarla vətəndaşın müraciətləri də mediada dərc olunub.

Qalmaqallı şikayətlərdən biri də Gülnar Günəşliyə məxsus idi. Gəncə Memarlıq və Şəhərsalma İdarəsində sektor müdiri olmuş bu xanım Məharət Mustafayevin ona əxlaqsız təkliflər etdiyini, bununla razılaşmadığı üçün işdən çıxarıldığını, intihara cəhd etdiyini bildirmişdi. Həmin vaxt G.Günəşli M.Mustafayevin çoxsaylı qanunsuzluqlarından da bəhs etmişdi.

Onun şikayəti əsasında cinayət işi başlanıldığı, Məharət Mustafayevin ifadəsinin alındığı da bəlli olmuşdu.

Amma sonradan Məharət Mustafayev Elmar Vəliyevin dəstəyini alaraq, “sudan quru çıxmışdı”, hətta G.Günəşliyə də “təkzib bəyanatı” yazdırmağa müvəffəq olmuşdu…

Şərhlər

XƏBƏR LENTİ