SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Abutalıbovun “bədxərcliyi” - 8 min manatlıq cəriməni necə ödəyəcək?

Abutalıbovun “bədxərcliyi” - 8 min manatlıq cəriməni necə ödəyəcək?

Tarix:

5-11-2018, 11:03

/ 1 235 dəfə oxundu.
Abutalıbovun “bədxərcliyi” - 8 min manatlıq cəriməni necə ödəyəcək?

Hüquqşünas: “Dövlət məmuru istənilən halda bütün məsələlərin hüquqi müstəvidə həllinə tərəfdar olmalıdır”

Daxili İşlər Nazirliyindən verilən göstərişlə yük avtomobillərinin sürücülərinə yazılan 200-ə yaxın protokol ləğv ediləcək. Ötən sayımızda da bildirmişdik ki, yayılan məlumatlara görə, yük daşıyan maşınların sürücüləri oktyabrın 26-dan etibarən Bakının mərkəzi ünvanlarına daxil olarkən radara düşürlər və nəticədə 40 manat cərimələnirlər. Çünki qaydalara görə, onların saat 8-dən 22-yə qədər şəhərə buraxılması qadağandır.

Cərimələnən sürücülər etiraz əlaməti olaraq Dərnəgül yolunda aksiya keçirib, yolu bağlamağa cəhd göstəriblər. Hadisə yerinə baş nazirin müavini Hacıbala Abutalıbov yollanıb və sürücülərin yanında kiməsə telefon zəngi edib, problemin həll edilməli olduğunu bildirir.

Abutalıbovun fikirləri sürücülər tərəfindən alqışla qarşılanır. Təbii ki, onun hadisə yerinə gedərək, narazı şəxslərlə birbaşa görüşməsi hər kəs tərəfindən yüksək qiymətləndirilir. Lakin Abutalıbovun sürücülərə yazılan protokollarla bağlı naməlum şəxslə telefon danışığı zamanı işlətdiyi bir ifadə, ictimaiyyətdə müzakirəyə səbəb olub. Abutalıbov telefon danışığı zamanı bildirir ki, nə qədər edirsə, mən verərəm.

Belə aydın olur ki, Abutalıbov dəstəyin digər başında olan şəxsə bildirir ki, sürücülərin cərimələri nə qədər edirsə, onu ödəməyə hazırdır. Əgər 200 nəfər ən azı 40 manat cərimələnibsə, bu, 8 min manat pul edir. Baş nazirin müavininin maaşı isə 2 min manatdan bir qədər artıqdır.

Bəs Abutalıbov bu pulları hansı vəsaitin hesabına ödəyir? Məmurun problem bu cür yoluna qoyması doğrudurmu?

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Abutalıbov məsələni hüquqi müstəvidən kənar formada həll etmək istəyib: “Əgər o şəxslərin cərimələri qanunsuzdursa bu, icraçının təqdimatı ilə məhkəmə tərəfindən ləğv oluna bilər. Yəni belə ləğv oluna bilər ki, icraçı mümkün olmayan qərar kimi göstərər. Qanunda belə bir şey nəzərdə tutulub. Əgər onlardan alınması mümkün deyilsə, qeyd etdiyim kimi ləğv olunur. Hüquqi müstəvidə məsələnin həlli bu cür mümkündür. Abutalıbov da ilk növbədə qanunun müdafiəsində dayanmalıdır. Belə çıxır ki, cərimələr qanunsuz olub və burada Abutalıbovun da hansısa günahı var. O da öz günahını boynuna götürərək, onların pulunu ödəyir. Doğrudan da ortaya sual çıxır ki, Abutalıbov həmin vəsaiti haradan alır? Dövlət məmuru istənilən halda bütün məsəllərin hüquqi müstəvidə həllinə tərəfdar olmalıdır. Çox təəssüf ki, Abutalıbov hüquqdan kənar, düzgün olmayan mövqe sərgiləyir”.
Hüquqşünas bildirib ki, qərarı qəbul edən, onu ləğv də edə bilər: “Kim qərarı veribsə, sonradan özü həmin qərarı ləğv edə bilər. Məhkəmə qərarı deyilsə, burada hansısa problem yoxdur. Sadəcə olaraq əsaslandırılmalıdır ki, qərar hansı səbəbdən ləğv edilir. Tutaq ki, belə bir pozuntu olmadığı üçün qərar ləğv edilə bilər. Yaxud da həmin şəxslər bağışlandığı üçün qərar ləğv olunar. Hansı motivlə ləğv edilmə önəmlidir. Çünki 8 min büdcə üçün kiçik pul deyil. Hüquqi əsas varsa, ləğv olunmasında problem deyil. Hacıbala Abutalıbovun tapşırığı ilə də cərimələr silinsə, yenə də qanundan kənar olur. Yox, əgər araşdırılsa və ortaya çıxsa ki, düzgün tətbiq edilməyib, onu ləğv etmək olar. Burada bir məsələ də var. Əgər sürücülərə cərimə 26 oktyabrdan tətbiq olunubsa, 10 gün ərzində ondan şikayət vermək olardı. Bu halda da şikayətə baxılıb, cərimə ləğv edilə bilər. Burada qeyri-qanuni hal yoxdur”.

Onu da qeyd edək ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Hacıbala Abutalıbov sürücülərin problemini həll etdiyini bildirib. H.Abutalıbov əlavə edib ki, sürücülərin qaldırdıqları problemi daxili işlər naziri general-polkovnik Ramil Usubovla müzakirə edib: “Cənab Usubov cərimələrin ləğv edilməsi ilə bağlı göstəriş verdi. Bundan başqa sürücülər dedilər ki, Ziya Bünyadov prospektinə buraxmırlar. Mən bu məsələni də həll etdim. Bundan sonra sürücülər günün istənilən saatında Böyük Şor gölü ətrafındakı yolla hərəkət edib, ”Elit" ticarət mərkəzinin yanına, oradan da Ziya Bünyadov prospekti ilə gələrək, taxta bazarına girə biləcəklər.

Onlar alverlərini edəndən sonra, sadaladığım istiqamətdə də geriyə qayıda biləcəklər. Həmçinin onların növbəti tələbləri Heydər Əliyev prospekti ilə Bakixanov qəsəbəsinə, Sabunçuya, Suraxanıya getmələrinə icazənin verilməsi idi. Ona da icazə aldım".

Şərhlər

XƏBƏR LENTİ