SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » RÖVŞƏNİN «PRİTON»LARINA «QOROTDEL»DƏ KİM HİMAYƏDARLIQ EDİR?

RÖVŞƏNİN «PRİTON»LARINA «QOROTDEL»DƏ KİM HİMAYƏDARLIQ EDİR?

Tarix:

15-10-2018, 11:02

/ 1 367 dəfə oxundu.
RÖVŞƏNİN «PRİTON»LARINA «QOROTDEL»DƏ KİM HİMAYƏDARLIQ EDİR?

Keçən il fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə yeni cərimələr müəyyən edildi. Bu barədə Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu əməlləri törədən şəxslərə 2500 manatdan 3500 manatadək miqdarda cərimə müəyyən edilir. Ona qədər Cinayət Məcəlləsində bu əmələ görə pul cəriməsi nəzərdə tutulmurdu. Əxlaqsızlıq yuvaları təşkil edənlər, saxlayanlar və ya bu məqsədlər üçün mənzil sahələri verənlər 400 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Keçənilki dəyişikliyə əsasən qeyd olunan cəzalarla yanaşı, pul cəriməsi də tətbiq edilir. Amma cinayətkarlığın bu növü ilə məşğul olanlara qarşı mübarizə nə qədər sərtləşdirilsə də, müsbətə doğru ciddi dönüş müşahidə olunmur. Çünki polisin nəzarəti zəifdir, yaxud, belə hallara hansısa səbəbdən göz yumulur. Bəlkə də inandırıcı görünməyə bilər: Paytaxtın Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin yerləşdiyi binanın zirzəmisində sauna adı altında əxlaqsızlıq yuvası fəaliyyət göstərir. İkinci belə bir bədnam ünvan Azadlıq prospekti ilə Şamil Əzizbəyov küçəsinin kəsişdiyi yerdədir ki, bu da düz 22-ci Polis Bölməsinin qarşısında, və bölmənin binasının altında yerləşir. Müşahidə obyektimiz olan üçüncü «priton» isə yenə də Nəsimi rayonu ərazisində «5 mərtəbə dairəsi» kimi tanınan ərazidə Yusif Səfərəliyev küçəsində,»sağlamlıq mərkəzi» adı altında ikimərtəbəli binada fəaliyyət göstərir ki, bu da Daxili İşlər Nazirliyinin inzibati binasının demək olar yaxın həndəvərindədir. Belə çıxır ki, bu biabırçı işlər polisin gözü qarşısında baş verir. Asayiş keşikçilərinin sakinlərin narazılığına səbəb olan bu rəzalətə göz yumması ortada qaranlıq məqamların olmasından şübhələnməyə əsas verir. Redaksiyamıza daxil olmuş şikayətə görə sözügedən obyektlərin hər üçü Rövşən adlı bir nəfərə məxsusdur. Bildirilir ki, Rövşən həmin obyektləri «priton» işlətməkdə təcrübəsi olan qədim peşə sahiblərinə icarəyə verib. Məhz Rövşənin tapşırığı ilə həmin «mama Rozalar» obyektin təhlükəsizliyinə inandırmaq istədikləri müştərilərə, eləcə də həndəvərdə yaşayan narazı sakinlərə deyirlər ki, «Qorotdel»də (Bakı şəhər Baş Polis İdarəsində — red.) himayədarları var. Məlumata görə, Rövşən bu yaxınlarda DİN-nin Narkomaniyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıbmış. Hətta dindirilmədə Emin adlı şəriki onun üzünə də durubmuş. Lakin məhz «Qorotdel»dəki himayədarının köməyi ilə xilas ola bilib. Göstərdiyimiz ünvanlarda müşahidə aparan əməkdaşlarımız şahid olublar ki, sözügedən obyektlərdə işləyən qadınlar obyektdən küçəyə çıxaraq bazburutlu kişiləri, bahalı geyim-kecimli cavan oğlanları az qala zorla içəri salmağa çalışırlar. Rövşənin anti-narkomaniya idarəsində dindirilməsi tarixçəsi belə düşünməyə əsas verir ki, onun elə hazırda da narkotik vasitələrin istehlakına və satışına aludəçiliyini tərgitmədiyi və bu işə obyektlərini də bulaşdırması ehtimalları istisna deyildir. Bundan başqa, müştərinin giriş qiyməti 50 manat olan bu obyektlərdə təklif olunan profildənkənar intim xidmətlərin də haqqı yüksəkdir. Lakin mədaxil maddələrində bu gəlir mənbəyi göstərilmir və təbii ki vergiyə də cəlb olunmur. Obyektlərdə müştərilərə intim xidmət göstərən qadın işçilərin çoxu ilə əmək müqaviləsi bağlanmayıb, onların səhhət durumu, xəstəlik daşıyıcısı olub-olmadıqları da sual doğurur. İnanmaq istəyirik ki, qaldırdığımız məsələlər hüquq-mühafizə və cinayət təqibi orqanları tərəfindən obyektiv, operativ araşdırılacaq, «aidiyyəti üzrə» Nəsimi RPİ-yə və «öz gözündə tiri görməyən» 22-ci Polis Bölməsinə göndərilməyəcək, redaksiyaya «göstərdiyiniz xüsusatlar öz təsdiqini tapmadı» cavabı verilməklə kifayətlənilməyəcək.

Deryaz.az

Şərhlər

XƏBƏR LENTİ