SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Razim Məmmədov xilas ola biləcəkmi? - Xətaidə daha kimlərin həbsi gözlənilir?

Razim Məmmədov xilas ola biləcəkmi? - Xətaidə daha kimlərin həbsi gözlənilir?

Tarix:

10-10-2018, 14:32

/ 2 496 dəfə oxundu.
Razim Məmmədov xilas ola biləcəkmi? - Xətaidə daha kimlərin həbsi gözlənilir?

Dünən prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı qanunsuz tikililərlə bağlı sərt çıxış edib. Ölkə başçısı bildirib ki, Bakıda qanunsuz tikililərə son qoyulmalıdır və qoyulur: "Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub".

Bu gün isə xəbər yayıldı ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb.

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılıb.

Bu xəbərdən sonra bəlli oldu ki, əslində həbs edilən məmur icra başçısı Razım Məmmədovun yaxın qohumudur. Razim Məmmədovun yaxın qohumu vasitəsilə Xətai rayonunda qanunsuz tikililərə razılıq verdiyi və bunun da müqabilində böyük pullar qazandığı bəlli olub. Hələ bir müddət əvvəl də qeyd etmişdik ki, aparılan yoxlamaların nəticələri olaraq Bakıda qanunsuz tikililərin sayına görə Xətai rayonu liderdir. Xətai rayonunda total olaraq qanunsuz tikinti işlərinin aparılmasına isə birbaşa olaraq icra başçısı və ona yaxın adamların başçılıq etdiyini iddia edən mənbəmiz bildiririk ki, Dövlət Başçısının dünənki çıxışından sonra prosses bir qədər də sürətlənib. Prezidentin çıxışından bəlli olurdu ki, İcra Başçıları ilə bələdiyyə və yerli icra strukturlarının əlbir işləməsi faktlarından detallıca xəbərdardır və bu pozuntulara görə heç kimə güzəşt edilməyəcək.

Bilgi verən mənbəmiz iddia edir ki, Xətai rayonunda qanunsuz tuikililərər görə bir müddətdir ki, təftiş və araşdırmalar başlayıb və ortaya kifayət qədər faktlar çıxıb. Xüsusilə də yaşıllıqların məhv edilməsi nəticəsində qanunsuz inşa edilən tikililərlə bağlı İcra Başçısının yaxın adamlarının adı hallanır. Bakının əsas mərkəzi rayonlarından olan və ən böyük rayonu olan Xətaidə paytaxt üçün nəzərdə tutulmuz tikinti normaları acınacaqlı halda pozulub.
Xətaidə qanunsuz tikililərlə bağlı aparılan yoxlamaların sonucu olaraq Razim Məmmədovun ən yaxın qohumlarının da sorğu-sual edildiyi deyilir. Mənbəmiz iddia edir ki, Məmmədov hələlik qorunmağa çalışır. Lakin dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Eldar Əzizova minnətçi düşsə də, heç bir nəticəsi olmayıb. Eldar Əzizov Xətai ilə bağlı güzəşt edilməyəcəyini bildirib.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Xətaidə daha hansı məmurların qanunsuz tikinti biznesində iştirak etdiyi və onların icra başçısı Razim Məmmədovla bağlılıqlarına dair faktları da diqqətinizə çatdıracağıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.az

Şərhlər

XƏBƏR LENTİ