SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İş adamlarının həbsi başlaya bilər - Start düyməsi basılıb...

İş adamlarının həbsi başlaya bilər - Start düyməsi basılıb...

Tarix:

9-10-2018, 10:53

/ 1 214 dəfə oxundu.
İş adamlarının həbsi başlaya bilər - Start düyməsi basılıb...

Manatın devalvasiyasından sonra ölkənin bank-maliyyə sektorunda yaranan problemlər getdikcə daha kritik həddə çatıb. Xüsusən də kreditlərin qaytarılması ilə bağlı problemlər həm sıravi vətəndaşları, həm də sahibkarları təhlükə ilə üz-üzə qoyub. Bu istiqamətdə qanunvericiliyin sərtləşməsi isə vəziyyətin daha da ağırlaşmasına səbəb olub.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanda borclunun əmlakı üzərində mülkiyyət hüququnun kreditora (kreditorlara) verilməsi qaydası müəyyən edilib. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Borclunun sağlamlaşdırılması planının məzmunu”nda əksini tapıb. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. Sənədə əsasən, borclunun sağlamlaşdırılması planı borclu tərəfindən hazırlanır, kreditorların yığıncağı tərəfindən qəbul edilir və məhkəmə tərəfindən təsdiqlənir.

Həmin planda aşağıdakılar göstərilir:

1. Borclunun sağlamlaşdırılmasında iştirak edən kreditorun (kreditorların) tələblərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin məbləğləri, bu tələblərin icrası qaydası və müddəti,

2. Borclunun sağlamlaşdırılması planının icrası və icrasına nəzarət ilə bağlı tədbirlər,

3. Borclunun sağlamlaşdırılması planının xitamı üçün əsaslar və onun nəticələri.

Borclunun sağlamlaşdırılması planında borclunun pul öhdəliklərinin aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi vasitəsilə sağlamlaşdırılması nəzərdə tutula bilər:

1. Hissə-hissə ödənişlər, habelə ödəniş müddətlərinin, öhdəliklərin valyutasının, faiz dərəcələrinin dəyişdirilməsi, o cümlədən cəlb edilmiş vəsaitlərin qiymətindən aşağı səviyyədə müəyyən edilməsi və faizlərin hesablanmasının tamamilə dayandırılması, kreditlə və ya kreditin təminatı olan ipoteka və ya girov ilə bağlı müqavilələrin şərtlərinin dəyişdirilməsi,

2. Borc öhdəliklərinin şərtlərinin dəyişdirilməsi,

3. Girovda və ya ipotekada olan əmlakın özgəninkiləşdirilməsindən əldə edilən vəsaitlər bu girovla və ya ipoteka ilə təmin edilən tələblər çərçivəsində həmin əmlakın girov saxlayanın və ya ipoteka saxlayanın tələblərinin ödənilməsinə yönəldilir,

4. Tələblərin tamamilə və ya qismən ödənilməsi məqsədi ilə borclunun əmlakı üzərində mülkiyyət hüququnun kreditora (kreditorlara) verilməsi. Bu zaman kreditorun (kreditorların) tələbləri girov və ya ipoteka qoyulmuş əmlakın satışından sonra qismən ödənildiyi təqdirdə, əlavə tələb hüququ qüvvədə qalır. İddiaların tamamilə və ya qismən ödənilməsi məqsədi ilə borclunun əmlakı üzərində mülkiyyət hüququ kreditora (kreditorlara) yalnız həmin kreditorun (kreditorların) razılığı ilə verilir,

5. Borclunun girov və ya ipoteka qoyulmamış əmlakına tutmanın yönəldilməsi,

6. Borcun tam və ya qismən bağışlanılması,

7. Borclunun iştirakçısı olduğu müqavilələrin ləğv edilməsi və ya şərtlərinin dəyişdirilməsi,

8. Girov və ya ipoteka hüquqlarından imtina edilməsi,

9. Borclu və ya üçüncü şəxslər tərəfindən əlavə girovun və ya ipotekanın, o cümlədən qarantiya və zəmanətlərin verilməsi,

10. Borcun kapitala çevrilməsi,

11. Borclunun nizamnamə kapitalında yeni payın əldə edilməsi,

12. Borclu tərəfindən qiymətli kağızların buraxılışı,

13. Borclunun yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə),

14. Təsisçilər (iştirakçılar) istisna olmaqla, borclunun digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin kreditorlar qrupunun müəyyən etdiyi şəxslərlə əvəz edilməsi,

15. Borclunun korporativ idarəçiliyində dəyişikliklər edilməsi,

16. Borclunun sağlamlaşdırılması ilə bağlı hər hansı digər tədbirlər.

Borclunun sağlamlaşdırılması planına ləğvetmə təhlili əlavə edilir. Həmin təhlildə borclunun ləğv edilməsi ilə müqayisədə kreditor (kreditorlar) üçün borclunun sağlamlaşdırılması planının həyata keçirilməsi ilə bağlı üstünlüklər əks olunur. Borclunun sağlamlaşdırılması planına borclunun bu planın şərtlərini yerinə yetirmək imkanını və qabiliyyətini təsdiqləyən maliyyə təhlili də əlavə olunur.

Məlumat üçün bildirək ki, xarici təcrübədə müəyyən dələduzluqla kredit alıb, sonradan qaytarmayan insanlara və ya şirkətlərə qarşı cinayət işi açılması və müəyyən tədbirlər görülməsi halları var. Ancaq orada da həbs ən sonuncu tədbirdir. Çox zaman yüzlərlə məhkəmə işləri illərlə davam edir. Azərbaycanda kreditini geri qaytara bilməyən və həbs oluna biləcək insanların sayı o qədər çoxdur ki, onların hamısı həbsə salınsa, nə məhkəmələrdə, nə də həbsxanalarda yer qalmaz.

Bir məqamı da qeyd edək ki, Azərbaycanın tərəfdar çıxdığı Mülki və Siyasi Hüquqlar Haqqında beynəlxalq konvensiyanın 12-ci maddəsi, insan hüquqları və əsas azadlıqlar haqda Avropa Konvensiyasının 4 saylı protokolu var. Orada yazılıb ki, borc öhdəliyini icra etməməyə görə kimisə həbs etmək olmaz. Ancaq, əgər kimsə borcunu ödəmirsə, artıq məhkəməyə müraciət olunubsa, məhkəmənin qətnaməsi çıxıbsa, məhkəmənin hökmünə əməl etməməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Buna görə 1000 manatdan 3000 manatadək cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən hüquqşünas, banklar üzrə ekspert Əkrəm Həsənov bildirib ki, borclu sahibkarlar yalnız "Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə" adlı 195-ci maddə ilə məsuliyyətə cəlb oluna bilər. Onun sözlərinə görə, yalnız kreditin qaytarılması haqqında qüvvəyə minmiş məhkəmə aktını qərəzli icra etməyən (yəni, sübut edilmiş imkan ola-ola borcu ödəməyən) şəxs məsuliyyət daşıyır. Yəni, imkan yoxdursa, həmin şəxs özünü müflis elan edə bilər: "Bunun üçün isə kreditor (bank) əvvəlcə məhkəmədə iddia qaldırıb qüvvəyə minmiş məhkəmə qətnaməsi əldə etməlidir. “Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə” maddəsinə əsasən 2 növ cinayət tərkibi mövcuddur:

1) hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkar tərəfindən hüquqi şəxsin, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin alınması;

2) hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkar tərəfindən kreditdən təyinatı üzrə istifadə edilməməsi.

Hər iki tərkibin bir vacib əlaməti də var – ziyanın vurulması: xeyli miqdarda (100 min manatadək) olduqda 2 ilədək, külli miqdarda (100 min manatdan artıq) olduqda isə 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Ekspert qeyd edib ki, sahibkar və ya hüquqi şəxsin rəhbəri yalnız o halda kreditə görə cinayət məsuliyyətinə cəlb edilə bilər: "Krediti almaq üçün banka qəsdən yalan məlumat verib (məsələn, maliyyə göstəricilərini şişirdib), yaxud kreditdən təyinatı üzrə istifadə etməyib (məsələn, Azərbaycanda sahibkarlıqla məşğul olmaq əvəzinə Gürcüstanda daşınmaz əmlak alıb). Təbii, hər iki halı mütləq sübut etmək lazımdır. Bu, nəinki asan deyil, əksər hallarda bank rəhbərlərini çox çətin vəziyyətə salır. Çünki açıq-aşkardır ki, onlar da borc alanlarla ya əlbir olublar, ya da ən azı vəzifələrini vicdanla icra etməyiblər. Axı necə ola bilər ki, sahibkar peşəkar bankirə yalan məlumat versin, sonuncu da onu yoxlamadan kredit versin? Axı qanunvericiliyə əsasən yoxlamalı idi! Və ya necə ola bilər ki, peşəkar bankir illər öncə sahibkara verdiyi kreditin təyinatı üzrə xərclənmədiyini yalnız indi bilsin? Axı qanunvericiliyə əsasən kreditin istifadəsi vaxtaşırı monitorinq olunmalı idi. Mən hələ onu demirəm ki, əksər hallarda kredit müqavilələrində kreditin təyinatı qeyri-müəyyən (ümumi sözlərlə, məsələn, “dövriyyə vəsaitlərinin artırılması”) ifadə olunur. Deməli, sahibkarlarla yanaşı, bankirlərə də cinayət işi açılmalıdır. Amma nədənsə hələlik belə işlər birtərəfli (sırf sahibkarlara qarşı) xarakter daşıyır. Bu da sahibkarlara özlərini müdafiə etmək üçün geniş imkanlar yaradır. Nəhayət, sözügedən maddədəki cinayət tərkibləri böyük ictimai təhlükə törətməyən (xeyli miqdarda ziyan vurulduqda) və ya az ağır (külli miqdarda ziyan vurulduqda) cinayətlərə aiddir".

Ə. Həsənov vurğulayıb ki, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, birinci halda şəxs cinayət məsuliyyətinə cinayətin törədildiyi gündən 2 il keçdikdə, ikinci halda isə 7 il keçdikdə cəlb edilə bilməz:

"Həmin müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni şəkildə qüvvəyə mindiyi anadək hesablanır. Yəni, məsələn, hazırda barəsində cinayət işi açılan şəxsə dair hökm böyük ehtimalla 2019-cu ilin ortalarından tez qüvvəyə minməyəcək. Kreditlər isə illər əvvəl götürülüb. Deməli, ehtimal edilən cinayət də o zaman baş verib. Birmənalı olaraq 2 ildən çox keçib, yəni 100 min manatadək məbləğlər üzrə müddət çoxdan ötüb. Əksər hallarda bu kreditlər 2012-ci ilədək götürülüb, yəni 7 il də ötüb. Bu isə o deməkdir ki, hətta 100 min manatdan çox məbləğlər üzrə də müddət ötüb. Bu isə cinayət məsuliyyətini istisna edir".

Hüquqşünas Mehman Muradlı isə “Reytinq”ə deyib ki, krediti qaytarmayanda, eləcə də krediti tәyinatı üzrә xәrclәmәyәndә borclu məsuliyyət daşıyır. Onun sözlərinə görə, bu məsələ qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə maddələri ilə tənzimlənir: “Qanunda qeyd olunur ki, təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi ilə xeyli miqdarda ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bundan əlavə, eyni əməllər külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bir dә әgәr sahibkarlıq fәaliyyәti ilә bağlı olmaq üçün kredit alıb onu vaxtında qaytarmamaq vә kreditin qaytarılması ilә bağlı mәhkәmә qәtnamәsini bilәrәkdәn icra etmәmәk cinayәt mәsuliyyәti yaradır”.

Şərhlər

XƏBƏR LENTİ