yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bir binadan 3 evə iddia edən FHN generalından ŞOK şikayət - İTTİHAM

Bir binadan 3 evə iddia edən FHN generalından ŞOK şikayət - İTTİHAM
5-10-2018, 12:32 297 dəfə baxılıb

Şükürov Məhəmməd Kirman oğlu 2011-ci ildə “Sahil-D Kompani” MMC-dən aldığı, 2018-ci ilin fevral ayında isə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi “Çıxarış”la mülkiyyət hüququnu tam rəsmiləşdirdiyi mənzilini itirmək təhlükəsi ilə üzləşib. Bu barədə “AzPolitika.info”ya M.Şükürovun özü məlumat verib.

M.Şükürov “Sahil-D Compani” MMC-nin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın 21-ci mərtəbəsində yerləşən 5 otaqlı 95 saylı mənzili 2011-ci ilin avqust ayında alıb. Şirkətin alıcıya təqdim etdiyi 05 avqust 2011-ci il tarixli “Maliyyə arayışı”nda bildirilir ki, mənzilin dəyəri payçı Şükürov Məhəmməd Kirman oğlu tərəfindən tam ödənilib, onun “Sahil-D Kompani” MMC-yə heç bir borcu yoxdur. Elə həmin tarixdə M.Şükürova mənzilin alqı-satqısına dair 140 saylı “Müqavilə” sənədi də təqdim olunub.

M.Şükürov bu ilin əvvəlində əlində olan bu sənədlər əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, sözügedən ünvandakı mənzilinin “Çıxarış” və “Texniki pasport”la təmin olunmasını xahiş edib. Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1241579 saylı 01.02.2018-ci il tarixli “Çıxarış”la Şükürov Məhəmməd Kirman oğlunun Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156 ünvanında yerləşən çoxmərtəbəli binanın 21-ci mərtəbəsindəki 95 saylı, 5 otaqlı mənzilinə mülkiyyət hüququnu rəsmən tanıyıb. Bu mənzilə dair “Texniki pasport” da, həmçinin M.Şükürova təqdim olunub.

M.Şükürov deyir ki, sonrakı illərdə “Sahil-D Kompani” MMC-nin tikdiyi bu binada bir mənzilin bir neçə nəfərə satılması kimi hallar aşkarlansa, buna görə şirkətin şərikləri və vəzifəli şəxsləri həbs olunsalar da, onun aldığı evlə bağlı heç bir problem üzə çıxmayıb. Yəni kimsə M.Şükürova məxsus evin ona da satıldığına dair iddia irəli sürməyib.95 saylı mənzilə dair hər hansı problemin olmadığı Reyestr Xidmətinin “Çıxarış” verməsilə bir daha təsdiq olunub.

“XƏBƏR GƏLDİ Kİ, MƏNZİLİMDƏ TƏMİR GEDİR…”

Amma… günlərin bir günü – bu ilin iyun ayında M.Şükürov xəbər tutub ki, kimlərsə onun mənzilinin qapısını sındıraraq içəri daxil olublar və orda təmir işləri aparmağa başlayıblar. Sahibkar dərhal evə gedib və “çağırılmamış qonaqları” mənzilindən qovub çıxarıb. Mənzildə təmir işi aparan fəhlələr və iş icraçısı barmaqlarını “yuxarıya” – bir FHN generalına tuşlayıblar. Bir müddət sakitlik olub, məhkəmədən çağırış gələndə isə məlum olub ki, guya “Sahil-D Kompani” MMC Məhəmməd Şükürovun “Çıxarış”lı mənzilini, o “Çıxarış”ı alandan ay yarım sonra başqa bir şəxsə satıb. Mənzilin yeni rəsmi “alıcısı” Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Nəbiyev Samir Əfsər oğludur. Bu Samir ilk günlərdə özünü alıcı yox, iş icraçısı kimi təqdim edirmiş. Lakin məhkəmə sənədlərində adı sahibkar kimi keçməyə başlayıb.

M.Şükürovun araşdırmalarından sonra məlum olub ki, özgəsinin “Çıxarış”lı mənzilinə iddia edən Samir Nəbiyevin adı bu işdə formal olaraq keçir, bu işin arxasında həqiqətən də bir general – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev durur. İsrayıl Əliyev isə bu işin içinə, necə deyərlər, təsadüfən düşməyib. Məsələ ondadır ki, bu general M.Şükürovun mənzilinin bir üst mərtəbəsindəki 5 otaqlının, deyilənə görə hətta ondan da üstdəki 5 otaqlının sahibidir. M.Şükürovun mənzilinə iddiasını da nəzərə alsaq, bu generalın bir binada alt-üst 3 ədəd 5 otaqlı mənzilə iddia etdiyi faktı ortaya çıxır. M.Şükürovun dediyinə görə, hazırda onun mənzilinin üstündəki 2 ədəd 5 otaqlı mənzildə şıdırğı təmir gedir. Yəni 3 ədəd 5 otaqlı mənzil, ümumi sahəsi 700 kv.metrə yaxın, ÜMUMİ DƏYƏRİ 1 MİLYON MANATDAN ARTIQ OLAN mənzillərdən gedir söhbət.

MƏHKƏMƏDƏN ÇAĞIRIŞ…

Beləcə, M.Şükürov durduğu yerdə işə düşüb. Əvvəlcə onun əlində “Çıxarış” olduğunu bilən yeni “alıcı” geri çəkilib, “Allah xeyirini versin” mesajını göndərərək yoxa çıxıb. Ancaq bir müddət sonra Nərimanov Rayon Məhkəməsindən gələn çağırış vərəqi M.Şükürovun rahatlığını yenidən pozub. Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin göndərdiyi məhkəmə bildirişində bildirilirdi ki, Qəbələ rayonu, Cığatelli kənd sakini Nəbiyev Samir Əfsər oğlu Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, “Sahil-D Kompani” MMC-yə və Şükürov Məhəmməd Kirman oğluna qarşı iddia qaldırıb, məhkəmədən xahiş edib ki, M.Şükürovun əlində olan sənədlər ləğv olunsun və mənzil ona verilsin.

İDDİA ƏRİZƏSİNDƏKİ SUALLAR…

Samir Nəbiyevin məhkəmə bildirişinə əlavə olunmuş iddia ərizəsilə ötəri tanışlıq bu işin içində bir oyun olduğundan açıqca xəbər verir. S.Nəbiyev yazır ki, onunla “Sahil-D Kompani” arasında 16 mart 2018-ci il tarixli müqavilə imzalanıb. Bu müqaviləylə Bakı şəhəri, F.Bayramov 1156 ünvanında yerləşən 1 saylı binanın 21-ci mərtəbəsində yerləşən 226.6 kv.m olan 5 otaqlı mənzil ona satılıb. Bunun qarşılığında S.Nəbiyev 135 960 manat məbləğində pulu “əvvəlki payçı” Ramazanov Gürşad Behbud oğlunaödəyib. Guya “əvvəlki payçı” Ramazanov Gürşad Behbud oğlu isə bu mənzili 24 dekabr 2008-ci ildə müqavilə ilə əldə edib. Lakin sonradan Məzahir Cəfərov bu mənzili Məhəmməd Şükürova da satıb. Kimdir Məzahir Cəfərov?

Bu yerdə məsələ tam aydın olsun deyə bir arayış verməyə ehtiyac var. Diqqətli oxucu “Sahil-D Kompani” şirkətinin Bakı Əyləncə Mərkəzinin qarşısında tikdiyi bu binalar ətrafında neçə illərdir böyük qalmaqal yaşandığını xatırlayar. Məsələ ondadır ki, bu binaları tikən şəriklər arasında – Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov, hazırda həbsdə olan qalmaqallı iş adamı İlham Qasımov və digərləri arasında qarşıdurma və məhkəmə çəkişmələri “Sahil-D Kompani” MMC-nin direktoru, Nazim İbrahimovun qaynı Məzahir Cəfərovun 2015-ci ilin iyun ayında evində müəmmalı intiharı ilə nəticələnmişdi.Daha sonra şəriklərdən İlham Qasımov şair-milyonçu Gülağa Tənhanın şikayəti əsasında həbs olundu. Bu yaxınlarda Nazim İbrahimovun qardaşı Sahib İbrahimov da dələduzluq ittihamı ilə həbsə atıldı. Sonuncu azadlığa buraxılsa da, İlham Qasımov hazırda da həbsdədir. “Sahil-D Kompani” MMC isə hazırda da İlham Qasımova məxsusdur və onun göstərişləri əsasında idarə olunur. Rəsmi versiyaya görə “Sahil-D Kompani” MMC-nin yuxarıda barəsində danışdığımız ünvanda tikdiyi binalarda bəzi mənzillər bir neçə şəxsə satılıb. Vətəndaşların şikayətləri əsasında faktla bağlı cinayət işi açılıb və MMC-nin direktoru Məzahir Cəfərov həbs olunub. Daha sonra vətəndaşlara dəyən ziyan ödəndiyindən o həbsdən zaminliyə buraxılıb və bundan sonra müəmmalı şəkildə evində intihar edib.

10 İLDƏN SONRA ORTAYA ÇIXAN “ALICI”

Qayıdaq mətləbə. Samir Nəbiyevin məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddia olunur ki, guya Məzahir Cəfərov Məhəmməd Şükürova da mənzili qanunsuz satıb. Sual olunur, bir halda ki, M.Şükürovun da mənzili 2 nəfərə satılıb, necə olub ki, 10 il ərzində bu fakt üzə çıxmayıb? Yada salaq ki, “Sahil-D Kompani” tərəfindən satılmış mənzillərlə bağlı uzun müddət istintaq gedib, hər bir müqavilə araşdırılıb. Üstəlik, cinayət işi açılıb, həbslər aparıldığından və bu barədə mediada çoxsaylı məlumatlar getdiyindən həmin şirkətdən mənzil alan vətəndaşlar da narahat olaraq, onlara satılan mənzillərlə bağlı təkrar-təkrar araşdırma aparıblar. Bəs indiyədək hansısa Ramazanov Gürşad Behbud oğlu niyə bir dəfə də olsun öz mənzilinə baş çəkmək istəməyib? M.Şükürov deyir ki, mənzilin qapısını o dəyişib və bu illər ərzində açar yalnız onda olub, yüzlərlə dəfə ora daxil olaraq baxış keçirib. Bu illər ərzində bir nəfər də olsun o evə yaxınlaşıb, “mənimdir” deyən olmayıb.

İkincisi, Samir Nəbiyev iddia ərizəsində yazıb ki, 226 kv.m mənzili bu ilin mart ayında 135 960 manata alıb. Bu, hər kv.m görə 600 manat təşkil edir. Bu qiymətə Xətai metrostansiyası ətrafında mənzil almaq mümkündürmü? Bu ərazidə minimum qiymətin 1200 manatdan başladığını dəqiqləşdirmək çətin deyil. Maraqlıdır, kimsə öz mənzilini Samir Nəbiyevə (Əslində general İsrayıl Əliyevə-red.) niyə real bazar dəyərindən 2 dəfə ucuz qiymətə satıb? Əgər həqiqətən də satıbsa…

Üçüncüsü, bir halda ki, mənzilin əlində “Çıxarış” olan sahibi ortaya çıxıb, belə olduqda S.Nəbiyevin mənzili aldığı adamdan pulunu geri tələb etməsi daha məntiqli olmazdımı? Samir Nəbiyevin nəyinə lazımdır bir ətək pul verdikdən sonra illərlə davam edəcək məhkəmə çəkişmələrinin içinə düşmək? Normalda S.Nəbiyev verdiyi pulu geri tələb etməli, M.Şükürovu və “Sahil-D Kompani” MMC-ni isə məhkəməyə guya ilk sahibkar olan Gürşad Ramazanov verməli idi (Hadisələrin bu istiqamətdə inkişaf etməməsi başadüşüləndir. Hansısa Gürşad Ramazanovun – sıradan bir şəxsin bu işi məhkəmədə öz xeyrinə həll etməyə gücü çatmazdı. Bu oyunu quranlar bunu yaxşı bilirdilər. Amma işin arxasında bir general olduqda vəziyyət tamamilə dəyişirdi – red.).

GENERAL BU EVLƏRİ ALIB, YOXSA ONA “PAY” VERİLİB?

Bu sadaladıqlarımız – mənzilin guya ilk sahibinin 10 il ərzində ortaya çıxmaması, guya real dəyərindən 2 dəfə ucuz satılması, “ilk sahibi” kənarda qaldığı halda Samir Nəbiyevin ortaya düşməsi və s. hallar, yuxarıda qeyd etdiyimiz kimi, hansısa oyundan xəbər verir. Bu informasiyaların təhlili və M.Şükürovun müraciəti əsasında apardığımız araşdırma nəticəsində əldə etdiyimiz məlumatlar “Sahil-D Kompani” MMC-nin hazırki idarəçiləri ilə general İsrayıl Əliyev arasında gizli razılığın olduğundan şübhələnməyə əsas verir. Başqa sözlə, mümkündür ki, “Sahil-D Kompani” MMC-nin həbsdəki sahibi İlham Qasımov yaranmış qarmaqarışıqlıqdan istifadə edərək, maliyyə arayışında və müqavilə sənədlərində artıq həyatda olmayan Məzahir Cəfərovun imzası olan alıcıların mənzillərini yenidən satmaq həvəsinə düşüb. Bizdə olan məlumata görə, bu işlə İlham Qasımovun göstərişi əsasında “Sahil-D Kompani” MMC-nin icraçı direktoru Adilağa Hüseynov məşğul olur. Hətta mənzillərin təkrar satışı faktı üzrə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hazırda araşdırma aparıldığı da bildirilir.

Bununla belə, eyni vaxtda 2-3 beş otaqlı mənzilin general İsrayıl Əliyevə həqiqətən də satıldığı böyük şübhə doğurur. Əməkdaşımız M.Şükürovun müraciəti əsasında araşdırma apararkən belə bir məlumat da əldə edib ki, sözügedən mənzillər satılmayıb, pay kimi verilib – “Sahil-D Kompani” MMC-nin tikdiyi bu binalara Dövlət Yanğın Nəzarəti Xidmətinin müsbət rəyinin verilməsi qarşılığında! Bu iddia nə dərəcədə həqiqəti əks etdirir, demək çətindir. Lakin fikrimizcə “Sahil-D Kompani” ilə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəhbərliyi arasında hansısa gizli sövdələşmə olduğunu ehtimal etmək üçün çox ciddi əsaslar var. Bunu araşdırmaq isə ilk növbədə hüquq-mühafizə orqanlarının işidir…

İLHAM QASIMOVUN ETİRAFI…

Digər bir maraqlı məqam. Artıq həyatda olmaya Məzahir Cəfərovun şəriklərin təzyiqi altında təkrar satdığı evlərə görə vətəndaşlara dəyən ziyanın ödənildiyini, yəni bu işdə zərərçəkənin qalmadığını hələ 2015-ci ildə elə məhz “Sahil-D Kompani” MMC-nin sahibi İlham Qasımov etiraf edib. O, “Bizim Yol” qəzetinin saytında 23/06/2015 –ci il tarixdə yayımlanmış müsahibəsində bildirib ki, Məzahir Cəfərovun intiharı ona qarşı qaldırılmış cinayət işi ilə bağlı olmayıb. Həmin müsahibədən sitat: “Sadəcə onu deyə bilərəm ki, borca görə özünü öldürməyib. Çünki o ən çətin prosesləri adlamışdı. Bütün borclarını ödəmişdi. Bu hadisə bütün ödənişlər, insanlara dəyən zərərlər ödəndikdən sonra baş verdi. Ümumi 40-a yaxın evin pulu ödənilməli idi, onlar da həll edilmişdi. Həmin ödənişlərin bir hissəsini Sahib İbrahimovun qaynı Tarix Abdullayev ödədi, qalanını isə M.Cəfərov və bizim şirkət”.

Belə olduğu halda “Sahil-D Kompani” MMC-nin kiminləsə əlbir olub, yenidən mərhum Məzahir Cəfərovu cinayətdə ittiham etməsi şübhəli deyilmi?

YENİ ALICI GÖRÜŞDƏN QAÇIR…

Məhəmməd Şükürov deyir ki, baxmayaraq Samir Nəbiyevin adı bu işdə formal olaraq keçir, dəfələrlə onunla görüşməyə cəhd edib. “Mənimlə görüşdən yayınır. Sonuncu dəfə bugünlərdə mesaj göndərib ki, onluq bir şey yoxdur, İsrayıl onu bu işə salıb, gedib hər yerdən adını sildirəcək…”

M.Şükürov qanunların onun tərəfində olduğunu, məhkəmənin onun xeyrinə bitəcəyini düşünür. Lakin bir narahatçılığı var. “Mənzil mənimdir, mənim də qalacaq! Ancaq məndə dəqiq məlumat var ki, bu işlə bağlı Nərimanov Rayon Məhkəməsinin sədrinə çox ciddi təzyiq var. Təzyiq edirlər ki, məhkəmə mənim “Çıxarış”ımı ləğv edib, mənzili onlara versin. Əlbəttə, rəsmi mülkiyyət sənədi mənim əlimdə olsa da, hesab edirəm ki, narahatçılıq üçün əsas var – bu təzyiqlərə görə məhkəmə obyektiv mövqe tutmaya bilər”.

Bu səbəbdən M.Şükürov saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edərək, yüksək rütbəli məmurun saxta sənədlər və məhkəmələrə təzyiq etmək yoluyla onun mənzilini əlindən almaq cəhdinin qarşısını almağı xahiş edir. “Cənab Prezident, xahiş edirəm bu haqsızlığın və qanunsuzluğun qarşısını alın!”

O, eyni məzmunlu xahişlə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova da üz tutub. “Cənab nazir, xahiş edirəm tabeliyinizdəki generalı durdurun!”

Şikayətçi, eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyindən onun qanuni mənzili ətrafında yaranmış vəziyyəti araşdırmağı, general İsrayıl Əliyevin bir binadan onun mənzili də daxil bir neçə mənzili hansı yollarla əldə etməyə çalışdığını, “Sahil-D Kompani” MMC-nin rəhbərliyinin bu işdə hansı rolu oynadığını aydınlaşdırmağı xahiş edir.

Qeyd edək ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev bu şikayətlə bağlı “AzPolitika.info”nun FHN-in rəsmi elektron poçtu vasitəsilə göndərdiyi sorğunu cavablandırmayıb. Eyni zamanda FHN əməkdaşı Samir Nəbiyevlə danışmaq cəhdimiz də baş tutmayıb. Onun əldə etdiyimiz 3 telefon nömrəsi davamlı bağlı olub. Bununla belə, bu yazıda adı keçən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.

Samir Nəbiyevin iddiası əsasında məhkəmə prosesi isə oktyabrın 9-da Nərimanov Rayon Məhkəməsində başlayacaq. “AzPolitika” hakim Abbas Əliyevin sədrliyi ilə aparılacaq məhkəmə prosesini yaxından izləyəcək.
AzPolitika.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ