yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Bürc qala" restoranında nə badə qalasınız... - REPORTAJ

4-10-2018, 15:12 187 dəfə baxılıb

Bu gün “Üstü qalsın” rubrikasının üçüncü buraxılışını sizə təqdim edirəm. Bu dəfə sosial şəbəkədə səhər yeməklərinə görə tənqid olunan "Bürc qala" restoranını seçdim. Səhər tezdən qalxıb, heç nə yemədən "İçərişəhər"ə yollandım. Hava isti olduğundan çöldə oturmaq qərarına gəldim. Lakin restorandakı masalarda yer olmadığı üçün kənarda olan divanda oturdum. Bundan öncə getdiyim restoranlarda da olduğu kimi, “Bürc qala"da da masanın üzəri tozlu və çirkli idi. Masaya oturduqdan bir neçə dəqiqə sonra ofisiant menyunu təqdim etdi. Menyunun keyfiyyətli olması və hər yeməyin şəklinin də qarşısında göstərilməsi müsbət hal idi.

Səhər yeməyinə getdiyim üçün, məkanın təklif etdiyi setdən yararlanmaq qərarına gəldim. Beləliklə, 5 dəqiqə sonra ofisianta 19 AZN dəyərindəki səhər yeməyi setini sifariş verdim. Set hazır olana qədər, ətrafı müşahidə etdim. Restoran isti günlərdə açıq havada oturmaq istəyənləri nəzərə alaraq, çölə masalar qoyub, xalçalarla qədim ab-hava yaratmağa çalışıb. Qış aylarında isə buranın iki zalından istifadə edə bilərsiniz. Müştərilərə çayları “köhnə bakılı” obrazı yaradan, qara geyimli, qara papaqlı və əlində ağ təsbeh olan kişi hazırlayır. Kişinin əlində 4 çayniklə restoranda tez-tez gəzməsi isə maraqlı görüntü yaradır. Nəhayət 20 dəqiqə ərzində gözlənilən səhər yeməyim gəldi. Oturduğum masa təmizlənmədən, məcməyidəki set servis edildi. Öncə onu deyim ki. sözügedən setdən iki nəfər yararlana bilər. Unutmamış qeyd edim ki, restoranın boşqablarını yeniləməyə ehtiyacı var. Çünki boşqab təmiz olsa belə, çox istifadə olunmaqdan ləkələnib.

Keçək səhər yeməyimizə... Deməli, restoran sizə bu səhər menyusunda bir tavada kükü, bal, qaymaq, pendirli kiçik lavaşlar, yağ, şokolad yağı, qatılaşdırılmış süd, kolbasa, pomidor, xiyar, zeytun, əncir cemi, bilinçik, bir çaynik çay və yumurtalı qızardılmış çörək təklif edir. Əgər səhər yeməyi üçün tezdən restorana qalxıb gedirsənsə, evdə hazırlamağa ərinəcəyin fərqli bir dad gözləyirsən. Lakin “Bürc qala” səhər yeməyi ilə o qədər fərqlənmədiyini göstərdi.

Fotolardan da gördüyünüz kimi, pomidor, xiyar və kolbasaların doğranış tərzi də standartdan kənar deyil. Yəqin ki, göy küküsünün olduğu yanmış tava da diqqətinizi cəlb etdi. Başqasını deyə bilmərəm, lakin mən bir yeməyin ətrafına yağ sıçramış, yanmış tavada təqdimatını müsbət dəyərləndirə bilmirəm. Kükünü soyutmadan ilk olaraq onun dadına baxdım. İlk dəfədən göyərtinin çiy qaldığını hiss etdim. Ancaq məsələ bununla da tamamlanmadı. Bir az sonra göyərtinin ağzımda xırçıldaması isə onun təmiz yuyulmadığını göstərirdi.

Yeməyi yarımçıq qoyduqdan sonra şirin çayla ağız dadımı dəyişdim. Növbə yumurtalı qızardılmış çörəkdə idi. Səhərlər ən çox yeməyi sevdiyim bu çörək qızardılsa da, yumşaq idi. Amma buna da pis demək olmazdı. Təndir çörəyini ballı qaymağa batırmasam, yəqin ki, günah olardı. Qaymağın dadından, onun bölgələrdən gəldiyi hiss olunurdu. Şokolad yağının yanında olan bilinçik sanki çoxdan hazırlanmışdı. Yəni evdə hazırlanan təzə bilinçikdən əsər-əlamət yox idi.

Ballı qaymaq yediyim üçün, masadakı digər şirin şeylərin dadına baxmaq istəmədim. Çox kobud doğranılan tərəvəzlərin yanındakı kolbasanı da yaxşı adlandırmaq olmazdı. Yeməyi bitirdikdən sonra istifadə etdiyim salfetləri isə ya özünüzdə saxlamalı ya da masaya atmalısınız. Ofisiant isə sonuncu dəfə səhər yeməyini təqdim etdikdən sonra mən tərəfə gəlmədiyi üçün, bu iradımı bildirə bilmədim. Yalnız ayağa qalxdıqdan sonra ofisiant yaxınlaşdı və ondan hesabı istədim. 1,90 AZN servis haqqı da daxil olmaqla, hesab 20.90 etdi. Sonda deyə bilərəm ki, restoranın dizaynı, servisi müsbət dəyərləndirilsə də, buranın təqdim etdiyi yeməklərlə müqayisədə qiymətlərinin bahalığı gələn müştərilərin razı olmadığı məqamlardan biridir.

QEYD: Siz də bu məkanla bağlı öz fikirlərinizi müzakirə etmək istəyirsinizsə, “Üstü qalsın” rubrikamızın “Onbranch” tətbiqindəki qrupuna üzv ola bilərsiniz.

Həmçinin, “Onbranch”da qeydiyyatdan keçərək, “Bürc qala” restoranın menyusu ilə tanış ola, rezervasiya xidmətindən istifadə edə bilərsiniz.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ