SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Antalya Mehman" masaj salonundakı ölüm hadisəsini necə ört-basdır edib? - ARAŞDIRMA

"Antalya Mehman" masaj salonundakı ölüm hadisəsini necə ört-basdır edib? - ARAŞDIRMA

Tarix:

14-09-2018, 14:15

/ 1 691 dəfə oxundu.
"Antalya Mehman" masaj salonundakı ölüm hadisəsini necə ört-basdır edib? - ARAŞDIRMA

"Pritonlar kralı" kimi tanınan Mehman Həsənov və onunla əlbir olanlar barəsində Cinayət Məcəlləsinin 244-cü maddəsinə əsasən cinayət işi qaldırılmalıdır

Bu gün Bakıdakı əxlaqsızlıq yuvalarının böyük əksəriyyəti "Antalya Mehman"ın nəzarətindədir

Bu gün paytaxtın müxtəlif rayon və qəsəbələrində sauna, gecə klubu, bar, diskoteka, masaj və gözəllik salonu, sağlamlıq mərkəzi adı altında çoxlu sayda əxlaqsızlıq yuvası fəaliyyət göstərir. Məhz bu tip obyektlərdə çalışan yüngül həyat tərzi keçirən qadınlar həmin əxlaqsızlıq yuvalarının sahibləri tərəfindən cinsi istismara məruz qalır, müəyyən məbləğ qarşılığında müştərilərə intim xidmət göstərirlər. Bu isə birbaşa insan alveri, şəxsin fahişəliyə, seksual köləliyə təhrik edilməsi kimi qiymətləndirilməlidir.
Heç şübhəsiz ki, yuxarıda qeyd etdiyimiz adlar altında pərdələnmiş əxlaqsızlıq yuvalarının sahibləri, eyni zamanda onlara havadarlıq edən şəxslər qadınların cinsi istismarından külli miqdarda mənfəət əldə edirlər ki, bu da özlüyündə qanunazidd əməldir. Çünki Azərbaycan insan alverinin qarşısının alınması sahəsində BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasına və onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması" haqqında protokola, o cümlədən "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsinə, Köləlik haqqında Konvensiyaya dəyişikliklər edilməsi haqqında protokala, Köləliyin, qul ticarətinin və köləliyə oxşar institutların və adətlərin ləğv olunması haqqında Əlavə Konvensiya, İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında Konvensiyaya qoşulub. Bundan başqa, insan alverinin qarşısının alınması sahəsində 2004-cü ildə Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib, 2005-ci ildə isə "İnsan alverinə qarşı mübarizə haqqında" Qanun qəbul edilib. Sözügedən qanunun 21-ci maddəsində birmənalı şəkildə qeyd olunur ki, insan alverində iştirak edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər. Bildirilir ki, vəzifəli şəxsin insan alverinə şərait yarada biləcək hərəkət və ya hərəkətsizliyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. İnsan alveri ilə əlaqəsi olduğu ehtimal edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının ərazisinə buraxılmır, onlara verilən giriş vizaları ləğv edilir.

Gördüyünüz kimi, bütün bunlar bir daha onu təsdiqləyir ki, insan alverinin bir növü kimi qəbul edilən qadın ticarəti həm ölkə qanunları, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla qəti şəkildə qadağan edilir. Lakin buna baxmayaraq, hələ də həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında çoxlu sayda əxlaqsızlıq yuvası mövcuddur. Məhz elə bu səbəbdən də mətbuat nümayəndələri onları ifşa edərək, fəaliyyətlərinə son qoyulması məqsədiylə əxlaqsızlıq yuvaları ilə bağlı araşdırma yazılar, onlarla bağlı tənqidi məqalələr yayımlayırlar. Həmin məqalələri incələdikdə aydın olur ki, bu gün Bakıdakı əxlaqsızlıq yuvalarının böyük əksəriyyəti "pritonlar kralı" kimi tanınan "Antalya Mehman" ləqəbli, əslən Şuşa şəhərindən olan Mehman Həsənovun nəzarətindədir. Deyilənlərə görə, o, bu obyektlərin idarəsini yaxın adamı olan Şirin, o cümlədən Baxşəli Qəhrəmanov, Gülya və Toma adlı şəxslərə həvalə edib. Həmçinin, paytaxtın müxtəlif ərazilərində açıq-aşkar şəkildə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən "Hills", "Relax", "Vostoçnı Bereq", "Akva", "Qala", "Diana", "Jasmin" adlı otel və masaj salonlarının sahibinin "Antalya Mehman" olduğu bildirilir.

Xədicə Smayılova: "Həmin masaj salonlarında xarici ölkə vətəndaşlarını işlədirlər və onların şəxsiyyət vəsiqəsini alıb saxlayırlar"

Yeri gəlmişkən, onu da qeyd edək ki, təxminən bir ay öncə, məşhur sosial media vasitələrindən olan "youtube"da Xədicə Smayılova adlı şəxsin 5 dəqiqəlik video müraciəti yayımlanıb. Adıçəkilən xanım həmin müraciətində "Antalya Mehman"ın qanunsuz əməllərindən söz açıb, onun masaj salonları adı altında əxlaqsızlıq yuvaları işlətdiyini iddia edib. Belə ki, Mehman Həsənova məxsus olan masaj salonlarından birində administrator kimi çalışdığını deyən Xədicə Smayılovanın sözlərinə görə, "Antalya Mehman"ın çoxsaylı masaj salonu mövcuddur və onların əksəriyyətində narkotik maddələrdən geniş şəkildə istidafə olunur: "Şəxsən mən həmin masaj salonlarında narkotikdən istifadə olunduğunun şahidi olmuşam. Bundan başqa, həmin masaj salonlarında xarici ölkə vətəndaşlarını işlədirlər və onların şəxsiyyət vəsiqəsini alıb saxlayırlar. Mehman Həsənovun ətrafında əsl adı Ləman, lakin özünü Leyla kimi təqdim edən qadın var. O masaj salonuna rəhbərlik edir. Bir dəfə masaj salonunda ölüm işi olmuşdu. Mən bunun şahidiyəm. Hətta Mehman özü xahiş etdi ki, bunu heç kimə bildirməyim. Dedi ki, bununla bağlı gələn zənglərə cavab vermə, özüm məsələni yoluna qoymuşam. Müəyyən yerlərdə bunu susdurmaq üçün xeyli pulu da çıxıb".

"Şəhanə masaj salonunda cinsi istismara məruz qalırdı. Əri bundan xəbər tutduqdan sonra onu boğaraq öldürüb. Mehman Həsənov isə bunu ört-basdır edib"



"Antalya Mehman"a məxsus olan masaj salonlarının bir qisminin Baxşəli Qəhrəmanova aid VÖİN-lə fəaliyyət göstərdiyini vurğulayan Xədicə Smayılova bildirib ki, Şəhanə və Gülnar adlı qadınların VÖİN-lərindən də istifadə olunur: "Masaj salonunda xadimə kimi işləyən cavan qız vardı. Onun adına olan VÖİN-dən də istifadə olunurdu. Ödənişlər olmadığına görə, məhkəmədən Şəhanənin adına cərimələr gəlirdi. Həmin xanımı Şəhanə adı ilə masaj salonunda işlədirdilər. O, masaj salonunda cinsi istismara məruz qalırdı. Əri bundan xəbər tutduqdan sonra evdə Şəhanəni boğaraq öldürüb. Mehman Həsənov isə bunu ört-basdır edib. Ümumiyyətlər, bütün VÖİN-lər Baxşəli, Şəhanə və Gülnarın adınadır. Onu da deyim ki, Baxşəli Qəhrəmanovun masaj salonunda özünün otağı var və o, həmin otaqda narkotik maddələrdən istifadə edir. Şəxsən mən bir neçə dəfə bunu görmüşəm və mübahisəmiz düşüb. Bu barədə Mehman Həsənova məlumat verdikdə, o, "Bilirəm kim nə edir, bu, mən problemimdir" deyib".
Beləliklə, "Antalya Mehman"la bağlı apardığımız araşdırmanın nəticəsində, o cümlədən ona məxsus olan masaj salonunda administrator kimi çalışan Xədicə Smayılovanın sözlərindən belə aydın olur ki, Mehman Həsənov və ətrafındakı bir qrup şəxs qanunlara məhəl qoymadan aşkarcasına "priton" işlədib, qadınları fahişəliyə təhrik edib, onları cinsi istismara məruz qoyublar. Bu, yəni qadınları müəyyən məbləğ qarşılığında satışa çıxarmaq isə insan alverindən başqa bir şey deyil. Məhz elə buna görə də müvafiq dövlət qurumları tərəfindən "Antalya Mehman" və onunla əlbir olanlar barəsində Cinayət Məcəlləsinin 244-cü maddəsinə əsasən cinayət işi qaldırılmalıdır. Məlumat üçün bildirək ki, "Əxlaqsızlıq yuvaları saxlama" adlı həmin maddədəyə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən təkrar törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məsələnin maraqlı tərəfi ondadır ki, az qala bütün saytlar, xəbər portallarının "Antalya Mehman"a məxsus olan masaj salonlarının əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyinə dair məqalələr yayımlamasına, hətta bir vaxtlar onun işçisi olan Xədicə Smayılovanın bu barədə ərtaflı məlumat verməsinə baxmayaraq, indiyədək Mehman Həsənova "gözün üstə qaşın var" deyən olmayıb. Halbuki yuxarıda istinad etdiyimiz qanunlara görə, fahişəliyə təhriketmə, əxlaqsızlıq yuvası saxlamaq birbaşa cinayət əməlidir və buna görə qanunvericilikdə müvafiq cəza tədbirləri nəzərdə tutulub. Elə isə gənc nəslin təlim-tərbiyəsinə mənfi təsir göstərən, müxtəlif yoluxucu və sağalmaz xəstəliklərin mənbəyi hesab edilən əxlaqsızlıq yuvası işlədən, dünyanın ən gəlirli sahələrindən sayılan qadın alveri ilə məşğul olan "Antalya Mehman" nədən hələ də məsuliyyətə cəlb olunmayıb? Kim, nə üçün və ya nəyin qarşılığında onun toxunulmazlığını təmin edir? Hələlik bu suallara dəqiq cavab verə bilməsək də, "Hürriyyət" olaraq sözügedən məsələni ən incə detallarınadək öyrənməyə çalışacaq, bu gün Bakıda açıq-aşkar fəaliyyət göstərən "Hills", "Relax" və "Vostoçnı Bereq" masaj salonları, "İnfinity" və "Las-Veqas" gecə klubları, həmçinin bu qəbildən olan digər "priton"larla bağlı geniş araşdırma aparacaq, ölkəmizə gələn ərəb turistlərin ölüm səbəblərinə toxunacaq və sonra hazırlayacağımız yazını oxucularımıza təqdim edəcəyik. Hələlik onu deyə bilərik ki, bəzi əxlaqsızlıq yuvalarının saxlanılması, daha doğrusu onların toxunulmazlığının təmin olunması məqsədiylə bir sıra dövlət orqanlarına xərclənən pulların siyahısı artıq əlimizdədir. Bütün bunlar araşdırmamızın yekununda sizlərin, o cümlədən müvafiq dövlət qurumlarının diqqətinə çatdırılacaq.

"Hürriyyət"

"Antalya Mehman" masaj salonundakı ölüm hadisəsini necə ört-basdır edib? - ARAŞDIRMA
"Antalya Mehman" masaj salonundakı ölüm hadisəsini necə ört-basdır edib? - ARAŞDIRMA

Şərhlər

XƏBƏR LENTİ