SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət »  Dövlətxan Dövlətxanov məsuliyyətdən yayına biləcəkmi? - İTTİHAM

 Dövlətxan Dövlətxanov məsuliyyətdən yayına biləcəkmi? - İTTİHAM

Tarix:

29-08-2018, 14:41

/ 5 540 dəfə oxundu.
 Dövlətxan Dövlətxanov məsuliyyətdən yayına biləcəkmi? - İTTİHAM

Bu gün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə yaydığı rəsmi məlumatda qeyd olunur ki, «…Prezident İlham Əliyevin qanunsuz tikililərə şərait yaradan halların araşdırılaraq təqsirkar şəxslərin ciddi cəzalandırılması ilə bağlı göstərişlərinə uyğun olaraq bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat araşdırılarkən vətəndaş Elsevər Rufullayevin torpaq sahəsinin ayrılması və tikinti işlərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq qaydada müraciət etmədən Bakı Şəhər İcra Hakimiyyətinin saxtalaşdırılmış sərəncamı əsasında paytaxtın Xətai rayonu ərazisində 2018-ci ilin əvvəllərində özbaşına qeyri-yaşayış obyektinin tikintisinin aparmasına əsaslı şübhələr müəyyən edilib. Bilə-bilə saxta sənəddən istifadə etməklə torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqəli şəkildə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək».
Xatırladırıq ki, Prezidentin müvafiq fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Amma…

«Təzadlar»ın bu ilin yanvarın 19-da yazdığı yazıya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini niyə yalan məlumatlı cavab vermişdi?

Beləliklə, Xətai rayon sakinlərinin bir qanunsuz tikinti ilə bağlı yazdıqları şikayət məktubu əsasında «Təzadlar»ın əməkdaşları bu ilin yanvarında ərazidə olaraq çəkiliş aparmış, fakt təsdiqini tapdığından təqdidi məqalə hazırlanmışdır. Məqalə qəzetin 23 yanvar 2018-ci il tarixli sayında dərc olunmuşdur. Qısaca olaraq deyək ki, Xətai sakinləri ərizələrində qeyd edirdilər ki, bir iş adamı onların yaşadığı iki doqquzmərətəbəli binanın (AMAY-la üzbəüzdə) havalığını (tinini) kəsərək 7 mərtəbəli otel tikir, bu isə memarlıq və tikinti qanunvericiliyinin kobud surətdə pozulması deməkdir və s.
Məqalənin dərcindən bir neçə gün sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qanunsuz tikili ilə bağlı "Təzadlar"a cavab məktubu gəldi. Məktub həm də Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdi. İdarənin rəisi A.Abdullayevə ünvanlı idi. Sorğu-məktubda Komitənin sədr müavini Dövlətxan Dövlətxanov qeyd edirdi ki, göstərilən ünvanda aparılan eybəcər tikili ilə əlaqədar ona icazə verilən sənədlər Komitəyə təqdim edilsin və sair.
Məktubdan sitat: «Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi cənab A.Abdullayevə!
Surəti: «Təzadlar» qəzetinə!
Xətai rayonu, S.Orucov və İ.Orucov küçələrinin kəsişməsində 1, 2 və 3 saylı binalarının sakinlərinə istinadən «Təzadlar» İnformasiya Portalında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış məlumatda bir-birinə perpentikulyar tikilmiş 2 və 3 saylı binaların tinində şəhərsalma və tikinti normaları pozulmaqla tikinti işləri aparıldığı bildirilir və bunun qarşısının alınması xahiş olunur.
Komitənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən tikinti işlərinin aparılmadığı və sifarişçinin kimliyini müəyyən etmək mümkün olmamışdır.
Sözügedən tikintiyə icazə verilməsi ilə bağlı lazımi məlumat, sənəd və layihənin surətini Komitəyə təqdim etməyiniz xahiş olunur.
Hörmətlə, sədr müavini: Dövlətxan Dövlətxanov»

Bəs necə olub ki, Komitənin əməkdaşları əraziyə baxış keçirərkən tikinti işlərinin sifarişçinin kimliyini müəyyən edə bilməyiblər???

Gülməlidir, deyilmi… O boyda Komitənin əməkdaşları yazıdan dərhal sonra əraziyə baxış keçirirlər, amma tikintinin kim tərəfindən aparıldığını müəyyən edə bilmirlər! Bakı şəhəri ola, Komitənin işçiləri ola, qanunsuz tikinti aparıla, 20-30 polis əməkdaşı, 10-15 RİH işçisi və «JEK» əməkdaşları cəlb edilməyə və iki-üç ekskovator həmin tikintini dağıdıb yerlə-yeksan etməyə!
Komitə sədrinin bu məntiqsiz və yalan məktubunun üstü 7 aydan sonra açıldı və Baş Prokurorluq, eləcə də Komitənin yeni rəhbərliyinin sayəsində cinayət işi başlandı.

Dövlətxan Dövlətxanova da cinayət işi başlanılmalıdır, çünki…

Bu dəfə tikintinin sahibi məsuliyyətə cəlb edildi. Düşünürük ki, 25 yanvar 2018-ci il tarixli 05-06-A-01-141 saylı rəsmi cavab məktubu ilə redaksiyanı aldadan komitənin sədr müavini D.Dövlətxanova da cinayət işi başlanılmalıdır… Hərçənd, qanunsuz tikintinin sahibi olan vətəndaş Elsevər Rufullayev istintaqa doğru-düzgün ifadə versə, Komitənin sədr müavini D.Dövlətxanovun 7 ay əvvəl redaksiyaya cavab məktubundakı «Komitənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən tikinti işlərinin aparılmadığı və sifarişçinin kimliyini müəyyən etmək mümkün olmamışdır» cümləsinin arxasında gizlənmiş əsil həqiqət də bəlli olacaq…
«Təzadlar» qeyd olunan sənəd və adıçəkilən rəsmi cavab məktubunu Baş Prokurorluğa göndərir və istintaqın obyektiv gedişini izləyəcək, əlavə məlumat veriləcək…
«Təzadlar»ın Araşdırma Qrupu
 Dövlətxan Dövlətxanov məsuliyyətdən yayına biləcəkmi? - İTTİHAM
 Dövlətxan Dövlətxanov məsuliyyətdən yayına biləcəkmi? - İTTİHAM
 Dövlətxan Dövlətxanov məsuliyyətdən yayına biləcəkmi? - İTTİHAM
 Dövlətxan Dövlətxanov məsuliyyətdən yayına biləcəkmi? - İTTİHAM

Şərhlər

XƏBƏR LENTİ