yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Sovetski”də Abutalıbovu axtarırlar

“Sovetski”də Abutalıbovu axtarırlar
29-08-2018, 09:56 159 dəfə baxılıb

MMP sədri Hafiz Hacıyev mətbuata açıqlamasında yenidən keçmiş Bakı meri, hazırda baş nazirin müavini olan Hacıbala Abutalıbovun adını hallandırıb. H. Hacıyev mia.az saytına açıqlamasında bildirib ki, nə qədər ki, Hacıbala Abutalıbov kimi məmurlar var, ölkədə vəziyyət daha da ağırlaşacaq: “Hamısı deyir ki, hər şey yaxşıdır. Xeyr. Ciddi islahatlara başlamaq lazımdır ki, bu ağır durumdan çıxaq. Amma bir daha deyirəm ki, mən bu mübarizədə hər zaman prezident İlham Əliyevin yanında olacağam. Xəyanətkarlara imkan vermərəm ki, dövlətə, dövlətçiliyə, prezidentə zərbə vursunlar”.

Hafiz Hacıyevin müxtəlif məsələlərə görə Abutalıbovu günahlandırması, onun adını hallandırması ilk dəfə deyil. 2015-ci ildə də Hafiz Hacıyev paytaxtın Azadlıq prospektində yanan binaya görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu ittiham edib, onun bu işdə məsuliyyət daşıdığını söyləmişdi. O vaxt Abutalıbov Hafiz Hacıyevə cavab verərək, aşağıdakıları bildirmişdi: “Hafiz Hacıyev nə dediyini özü də anlamır. Mən o adamın nəyinə cavab verim? Hafiz Hacıyev dəlidir, axmağın biridir. Mən indi bu barədə onunla danışacam”.

İndi isə Abutalıbov nəyin ki, Hafiz Hacıyevin fikirlərinə reaksiya vermir, ümumiyyətlə heç gözə dəymir, hər hansı bir tədbirdə görünmür. Halbuki yeni vəzifəsi ilə də onun üzərində az məsuliyyət yoxdur.

Yada salaq ki, aprelin 21-də prezidentin sərəncamı ilə yeni formalaşan Nazirlər Kabinetinin tərkibində 1995-ci ildən baş nazirin müavini vəzifəsində təmsil olunan Abid Şərifov yer almadı. Prezidentin sərəncamı ilə baş nazirin müavini vəzifəsinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təyin olundu. Daha sonra məlumatlar yayıldı ki, Abutalıbova A.Şərifovun yarımçıq qoyduğu işlər həvalə olunub.

Abid Şərifovun yarımçıq işləri isə əsasən Bakının iri məhəllələrində, qəzalı yerlərində söküntü işləri ilə bağlıdır.

Çünki Abid Şərifov baş nazirin müavini olduğu zaman şəhərdə söküntü-tikinti işləri ona həvalə olunmuşdu. Artıq bu işlərə Abutalıbov baxır. O, “Sovetski”dəki söküntü-tikinti işlərinə də cavabdehlik daşıyır. Məlumat üçün onu da qeyd edək ki, “Sovetski”də söküntünün növbəti mərhələsi aylardır ki, yubanır. Hələ də konkret olaraq bu işlərin nə zaman başlayacağı bilinmir. “Sovetski” sakinlərinin sözlərinə görə, Abutalıbov yeni vəzifəsinə təyin olunandan sonra məhəlləyə gəlməyib, sakinlərlə görüşməyib. Növbəti mərhələdə “Sovetski”də nə az, nə çox 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur.

Bundan əlavə, Bayıl yamacında sürüşmə zonasının sakinləri də aylardır ki, Abutalıbovu axtarırlar. Çünki onların bir qismi hələ Abid Şərifovun vəzifədə olduğu dönəmdə 11 aylığa kirayə mənzillərə çıxarılmaqla, evlərindən uzaq qalıblar. Digər qismi isə verilən kirayə pulu ilə razılaşmayıb, evlərini tərk etməyiblər. Evlərini tərk edənlər həm də gələcəkdə söküntü olarsa veriləcək kompensasiyanın az olacağından ehtiyat edib, narahatdırlar. Bu sakinlərin köçürülməsinə səbəb kimi ərazidə təhlükənin olduğu göstərilib. Lakin aylardır ki, orada hər hansı bir sürüşmə hadisəsi qeydə alınmayıb. Buna baxmayaraq, sakinlər evlərinə qaytarılmır...

Sakinlər hələ bu ilin may ayında müraciət edərək bildirmişdilər ki, onlar Hacıbala Abutalıbovun yolunu gözləyirlər. Öyrəndik ki, hələ də vəziyyət dəyişməz olaraq qalır.

Bəs, Hacıbala Abutalıbov haradadır?

May ayında məlumat yayılmışdı ki, Abutalıbov yeni vəzifəyə təyin olunsa da, köhnə işindən ayrıla bilmir və hər gün BŞİH-ə baş çəkir. Saytlardan biri isə onun avtomobilinin BŞİH-nin qarşısında fotosunu da paylaşmışdı. Xəbərdə qeyd olunurdu ki, H.Abutalıbov hər gün köhnə işinə baş çəkir. O, günün ilk yarısını Nazirlər Kabinetində, ikinci yarısını isə Bakı Şəhər İcra Hakimiyyətində keçirir.

Lakin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Hacıbala Abutalıbovun iş rejimi ilə bağlı fərqli fikirlər söyləmişdi. Belə ki, avqustun 20-də Akif Əli “report”a açıqlamasında Abutalıbovla bağlı aşağıdakıları vurğulamışdı: “Hacıbala Abutalıbov alimdir, Heydər Əliyev ideyalarına son dərəcə sadiq insandır. Siyasi fəaliyyətində böyük xidmətləri olub. Sonra icra strukturlarında işləyib, indi yenidən baş nazirin müavini vəzifəsinə təyin edilib. Hacıbala müəllim səmimi, ünsiyyətdə rahat insandır. Əməkdaşlar xüsusi olaraq qəbula yazılmadan ona maneəsiz müraciət edə bilirlər. Prezidentin yuxarı icra orqanı olan Nazirlər Kabinetində bu gün hamı kimi o da, tapşırıqların icrası istiqamətində var qüvvəsi ilə çalışır”.

Açıqlamadan belə aydın olur ki, Abutalıbovun ictimaiyyətdə görünməməsinin səbəbi, işinin başında olmasıdır...
“Yeni Müsavat”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ