SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fazil Məmmədovun kadrları təxribatla məşğuldur

Fazil Məmmədovun kadrları təxribatla məşğuldur

Tarix:

24-07-2018, 12:53

/ 1 758 dəfə oxundu.
Fazil Məmmədovun kadrları təxribatla məşğuldur

Azərbaycan vergilər nazirinin müavini İlkin Vəliyev qanunsz analoji vergi gəliri yazanları cəzalandırmaq əvəzinə, Aparatın rəhbəri Nigar Alimovanın məntiqsiz cavabını olduğu kimi “kopyalayıb” imzalayaraq, 20 gündən sonra fəaliyyətini çoxdan dayandırmış fərdi sahibkar Nəsimi Mustafayevə niyə göndərib?

Lokal Vergilər Departamentinin rəsmiləri fərdi sahibkarı necə xəstələndirdi?

Qəzetimizin ötən sayında bu məzmunlu yazıda Azərbaycan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti rəhbərlərinin Sabunçu rayonu, ev 212, Vişnyovka-2 bağ sahəsi, bağ evində yaşayan Nəsimi Mustafayevin başına açdığı oyunlardan bəhs etmişdik.
Qeyd etmişdik ki, adı çəkilən quruma 31.01.2017-ci ildə “Fiziki şəxslərin fəaliyyətinin dayandırılması” haqqında ərizə ilə Lokal Vergilər Departamentinə müraciət edən N.Mustafayevə həmin qurumdan məktubu aldıqları barədə rəsmi cavab da gəlib. Fəaliyyətini dayandırması N.Mustafayevin səhhəti ilə bağlı olub. Lakin buna baxmayaraq, işləmədiyi 7 ay ərzində N.Mustafayevə külli miqdarda gəlir yazılıb və həmin gəlirdən vergi hesablanıb. Belə çıxır ki, işləmədiyi dövr ərzində N.Mustafayevə sabiq nazir Fazil Məmmədovdan qalmış kadrlar 34512.59 manat vergi hesablamaqla, indiki nazir Mikayıl Cabbarovun apardığı vergi islahatlarının qarşısını almaq üçün vətəndaşlarda qəsdən narazılıq yaradaraq təxribat törədirlər.
İşləmədiyi dövr üçün yazılan vergi pullarının silinməsi üçün yazıq N.Mustafayev bütün dövlət orqanlarına şikayət məktubları yazmaqdan gözünün qarası da gedib. N.Mustafayev aydın məsələdir ki, fəaliyyətini səhhətində yaranan problemi müalicə etmək üçün dayandırmışdı. Ancaq Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşları N.Mustafayevin başına elə oyun açırlar ki, yazıq səhhəttindəki problemi də unudur. Belə ki, bütün günlərini, həftələrini, aylarını haqlı olduğunu sübut etmək üçün müxtəlif dövlət orqanlarına məktub yazmağa sərf etdiyindən, gözləri də tutulur və nəticədə N.Mustafayev gözündən əməliyyat olunur.
Biz bilirdik ki, Fazil Məmmədovun həm hüquqi, həm də fiziki şəxslərə qənim kəsilmiş vergi işçiləri sahibkarların canını almaqda cəlladdan betər olmuşdular. Fikirləşmək olardı ki, Mikayıl Cabbarov nazir təyin olunandan sonra, bu kadrlar özlərini yığışdırar və nəhayət, indiyə qədər onlara yad olan əsl qanunla işləməyə başlayarlar. Sakit-sakit, altdan-altan N.Mustafayevdən və onun nümayəndəsi Eyyub Hüseynovdan Vergilər Nazirliyinə yazılmış məktubları elə qapıdaca tutan, yəni ünvanına yetməyə qoymayan Aparatın rəhbəri, baş vergi xidməti müşaviri Nigar Alimova və onun “silahdaşları” köhnə qaydada işləməyində davam etməklə, bir insan həyatını az qala məhv ediblər.
Nigar Alimovanın N.Hüseynovun qanunsuz yazılmış vergi borcunun silinməsi ilə bağlı gülüş doğuran cavab məktubunun birini ötən sayımızda dərc etmişdik. Hörmətli oxucuların diqqətinə bir məqamı da çatdıraq. Ötən yazımızda qeyd etmişdik ki, işləmədiyi dövrdə yazılmış vergilərin silinməsi üçün şikayət edən N.Mustafayevə üstəlik, kameral və səyyar vergi yoxlaması da təyin etmək istəyirlər. Kameral yoxlama, qeyd etmişdik ki, Fazil Məmmədovun sahibkarların dərisini soymaq üçün düşünüb, icad etdiyi şantaj üsuludur. Dünyanın heç bir ölkəsinin vergi qanununda kameral yoxlama adlı bir şey yoxdur. Bir daha qeyd edirik ki, “Ötən ay gəlirlərin bu aydan sox idi, deməli, gəlirləri gizlətmisən” - tipli şantaj üsuluna kameral yoxlama deyilir. Səyyar yoxlama isə vergi müfəttişinin səhərdən axşama qədər gəlir və çıxarlarını yoxlaması deməkdir. Bu, qanunda nəzərdə tutulub, amma kameral yoxlama adlı şey heç bir qanunda yoxdur.

Aparat rəhbəri Nigar Alimovanın məntiqsiz, başdansovdu cavab məktubları

İndi aparat rəhbəri, baş vergi xidməti müşaviri Nigar Alimovanın N.Mustafayevin və onun nümayəndəsi Eyyub Hüseynovun yazdıqları və ünvanına yetməyə qoymadığı 03.11.2017, 24.11.2017, 11.12.2017, 04.01.2018, 20.02.2018, 27.03.2018 tarixli məktublarına yazdığı məntiqsiz cavabları ilə sizləri də tanış edirik: N.Alimovanın 05.12.2017-ci il tarixdə N.Mustafayevə “Araşdırmada iştirak etmək haqqında” məktubunda yazılır: “Sizin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə daxil olmuş 24.11.2017-ci il tarixli (AVİS qeydiyyatı: 24.11.2017-ci il tarixli 1717010020646600 nömrəli) müraciətinizə Nazirliyin Vergi risklərinin təhlili və nəzarəti departamentində (icraçı şəxs: Dövlət Vergi müfəttişi Elşən Babazadə, əlaqə telefonu: (012) 403-88-35) baxılır”.
Sonrakı sözlərində N.Alimova böyük humanistlik göstərərək müraciətin araşdırılması üçün N.Mustafayevi və onun nümayəndəsi Eyyub Hüseynovu nazirliyin inzibati binasına dəvət edir.
Sual olunur: Hörmətli Nigar xanım, siz nəyi araşdırırsınız? Məgər N.Mustafayev fəaliyyətinin dayandırılması barədə sizə rəsmən müraciət etməyib? Əlbəttə edib! Siz də ona rəsmən cavab vermisiniz ki, N.Mustafayevin fəaliyyətinin dayandırılması nazirlik tərəfindən nəzərə alındı. Elə isə, hansı araşdırma üçün N.Mustafayevin və onun nümayəndəsi Eyyub Hüseynovu nazirliyin inzibati binasına dəvət edirsiniz?
Sonrakı gedişat göstərir ki, N.Mustafayevi və onun nümayəndəsi Eyyub Hüseynovu nazirliyə, elə doğurudan da, ala gözlərinə, qara qaşlarına baxmaq üçün dəvət ediblər. Başqa cür bunu necə başa düşmək olar ki, fəaliyyətini dayandırmış sahibkar üçün kameral və səyyar yoxlama təyin edirlər.
N.Alimovanın 16.04.2018-ci il tarixli N.Mustafayevin nümayəndəsi Eyyub Hüseynovun nazir Mikayıl Cabbarova yazdığı şikayət məktubuna daha bir məntiqsiz cavabı ilə tanış olun:
“Azərbaycan Respublikasının vergilər naziri cənab Mikayıl Cabbarova ünvanlanmış 28 mart 2018-ci il tarixli müraciətimizə Vergilər Nazirliyində baxılmışdır. Həmin müraciətinizlə əlaqədar siz 04.03.2018-ci il tarixdə nazirliyin vətəndaşların qəbulu şöbəsinə dəvət edilmisiniz və həmin gün müraciətinizlə bağlı Vergilər Nazirliyinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edilmisiniz. Qəbul zamanı siz müraciətinizin nümayəndəsi olduğunuz fərdi sahibkar Mustafayev Nəsimi Çingiz oğlunun (VÖEN: 1802304622) barəsində 01.12.2014-01.12.2017-ci illəri əhatə edən dövr üzrə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qəbul edilmiş 11.01.2018-ci il tarixli 1800197001100783 nömrəli qərarın ləğv edilməsi ilə bağlı olduğunu bildirmisiniz. Hazırda Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən Nəsimi Mustafayevin dekabr 2014, noyabr - 2017 vergi dövrünü əhatə edən fəaliyyəti üzrə səyyar vergi yoxlaması aparılır. Yoxlama başa çatdıqdan sonra vergi məcəlləsinin 39-cu və 49-cu maddəsinin tələblərinə əsasən vergi ödəyicisinin və (və ya) onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlamanın nəticələrinin rəmiləşdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir”.

Səyyar vergi yoxlaması N.Mustafayevi susdurmaq üçün bir tələdirmi?

Çox çox gözəl, çox əla! Necə deyərlər, vergi işçiləri öz peşə borclarını yerinə yetirirlər. Amma burada bir sual ortaya çıxır: - Qaranlıq otaqda qara pişiyi necə tutmaq olar? Özü də nəzərə alsaq ki, o qara pişik otaqda yoxdur...
Fərdi sahibkar kimi N.Mustafayevin işlədiyi 2014-2017-ci illərdə Fazil Məmmədovun kadrlarının səyyar vergi yoxlaması yadlarına düşməyib. Niyə yadlarına düşməyib? Amma fəaliyyətini dayandırıb Lokal Gəlirlər Departamenti tərəfindən qanunsuz olaraq gəlir yazılmasından və N.Mustafayevin bu barədə şikayət etməsindən sonra səyyar yoxlama yada düşür? Bu mövqeyimizi bir az da möhkəmləndirmək üçün Nəsimi Mustafayevin Vergilər Naziri M.Cabbarova yazdığı şikayət məktubundan bir sitat gətirək: “...Sizin nazirliyə rəhbərlik etdiyiniz dövrdə nazirliyin vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru Natiq Şirinov nəhayət, 26.12.2017-ci il tarixli 1717030021322000 saylı qərarla 2017-ci ilin iyul ayı üçün qeyri-qanuni hesablanmış anoloji vergini silmiş, digər aylar üçün eyni qaydada hesablanmaları isə, nədənsə “unutmuşdur”. Üstəlik şikayət etdiyimizə görə qərəzli mövqe tutmuş və daha artıq qanunsuzluq edərək Departamentə səyyar vergi yoxlaması aparılması barədə tapşırıq vermişdir. Həmin qərara etiraz olaraq, 04.01.2017-ci il tarixdə etdiyimiz yeni müraciətimizə Vergilər Nazirliyinin Apellyasiya Şurasında baxılmış və Şura 01.02.2017-ci il tarixli 1817030001891300 nömrəli qərarı ilə digər aylar üçün, eyni qaydada hesablanmış vergilərin də silinməsini qərara almışdır. Lakin Şura da qərəzli mövqe tutaraq, əslində isə günahkar vəzifəli şəxslərə himayədarlıq edərək, yoxlamanın ləğv olunması tələbimizi rədd etmişdir. Hesab edirəm ki, onlar gələcək işlərinizdə daha böyük təxribatlar törətməkdən də çəkinməyəcəklər...”
Göründüyü kimi, Fazil Məmmədovdan qalma kadrlar doğrudan da hörmətli Mikayıl Cabbarova qarşı təxribat törətməkdən çəkinmirlər. Bunu deməyə konkret əsasımız var. N.Mustafayevin məktubdan da göründüyü kimi vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru Natiq Şirinovun göstərişi ilə qanunsuz yazılmış anoloji verginin bir hissəsi, Apellyasiya Şurasında isə qalan hissəsi silinmişdir. Sual olunur: hörmətli Apellyasiya Şurasının sədri Sahir Məmmədxanov, qanunsuz yazılmış anoloji vergini silmisiniz. Çox gözəl, bəs bu qanunsuzluğu edənlər, aylardır vətəndaşı lüzumsuz yerə zülmlərə düçar edərək, xəstə salan vəzifəli şəxslər barədə niyə tədbir görülməyib? Yazılmış anoloji vergini siləndə fikirləşmədiniz ki, bu qanunsuzluğu kimlər edib? Əgər həmin vəzifəli şəxslər barədə tədbir görməyi unutmuşsunuzsa, onda Fazil Məmmədovun verdiyi çörək sizə halal olsun. Kişinin əməyini yerə vurmursunuz.
Deməli, vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Natiq Şirinovun 26 dekabr 2017-ci il tarixdə “İnzibati şikayətin təmin edilməsi haqqında” qəbul etdiyi qərarın 3-cü bəndində oxuyuruq: “Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə tapşırılsın ki, fərdi sahibkar Mustafayev Nəsimi Çingiz oğlunun təqdim etdiyi bəyənnamələrdə real dövriyyənin məbləğinin müəyyənləşdirilməsi üzrə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi məsələsinə baxsın...”
Fikir verirsinizmi, o boyda idarənin baş direktoru qərar çıxarır ki, “səyyar vergi yoxlamasının keçirilməsi məsələsinə baxsın”. Bu, nə deməkdir? Niyə qərara alınmır ki, səyyar vergi yoxlaması keçirilsin, ya keçirilməsin? “Baxsın” - nə deməkdir? Yəni bu o deməkdir ki, N.Mustafayevin imkanına baxın, görün...

Vergilər nazirinin müavini İlkin Vəliyev imzaladığı məktubu niyə oxumur?

Hələ görün, vergilər nazirinin müavini İlkin Vəliyev nə yazır? Deməli, Aparatın rəhbəri, baş vergi xidməti müşaviri Nigar Alimovanın Nəsimi Mustafayevin şikayətinə cavab olaraq 21.11.2017-ci il tarixdə “Müddət axımınıın dayandırılması barədə” yazdığı cavab məktubunu vergilər nazirinin müavini, 3-cü dərəcəli Dövlət Vergi xidməti müşaviri İlkin Vəliyev 20 gündən sonra, yəni 11.12.2017-ci il tarixdə nöqtə, vergülünə belə toxunmadan, olduğu kimi imzalayıb, bu dəfə öz adından vətəndaşa göndərib.
Maraqlıdır, nazir müavini kimi hörmətli İlkin Vəliyev niyə imzaladığı məktubu oxumur ki, həm mahiyyət aydın olsun, həm də vətəndaş Nigar Alimovadan yuxarı olan instansiyadan probleminin çarəsinə müsbət cavab alsın. Kompüterdə olan hazır cavabı printerdən çıxarıb vətəndaşa göndərmək çıxış yolu deyil.
Prezident cənab İlham Əliyev keçirdiyi görüşlərdə, müşavirələrdə dəfələrlə deyib: “Hər bir məmur xalqa xidmət etməlidir. Xalqın birinci xidmətçisi isə mən özüməm”.
İndi sual yaranır. Hörmətli nazir müavini İlkin Vəliyev, Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru, baş vergi xidməti müşaviri, hörmətli Natiq Şirinov, Aparatın rəhbəri, baş vergi xidməti müşaviri, hörmətli Nigar xanım Alimova, Vergilər Nazirliyinin Apellyasiya Şurasının sədri, hörmətli Sahir Məmmədxanov və bu işdə günahı olan nazirliyin digər rəsmi şəxsləri, xalqın bir nümayəndəsi olan Nəsimi Mustafayevin özünüz yaratdığınız kiçik bir problemini həll edə bilmirsinizsə, onda siz kimə xidmət edirsiniz?
Yəqin ki, bu suala vergilər naziri hörmətli Mikayıl Cabbarov aydınlıq gətirməklə, N.Mustafayevin aylardır həll olunmayan probleminə çarə tapılacaq, həm də bu problemi yaradan nazirliyin rəsmi şəxslərini ciddi cəzalandıracaq.

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ