SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ölkəni qaranlığa bürüyən Etibar Pirverdiyevin qaranlıq dünyası: Dağıstandan üzü bəri milyonlar…

Ölkəni qaranlığa bürüyən Etibar Pirverdiyevin qaranlıq dünyası: Dağıstandan üzü bəri milyonlar…

Tarix:

17-07-2018, 09:29

/ 2 134 dəfə oxundu.
Ölkəni qaranlığa bürüyən Etibar Pirverdiyevin qaranlıq dünyası: Dağıstandan üzü bəri milyonlar…

Məlum işıq böhraından sonra, iyulun 12-də Azərbaycanın 27 faiz hissəsində yenidən elektrik verilişində fasilə yarandı. Rəsmi məlumata görə, buna səbəb Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu Bico kəndindən keçən hissəsində olan zəmilərdə naməlum yanğın hadisələri olub. Nəticədə təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb. Məsələ ilə bağlı mətbuata açıqlama verən “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev hadisənin suallar doğurduğunu deyib: “Eyni zamanda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğın başlayıb. Bu da çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq”, – deyə Pirverdiyev söyləyib. Doğrudanmı burada kənar qüvvələrin təsiri var?
Necə olur ki, bir elektrik stansiyasında qəza baş verən kimi az qala bütün ölkə, 39 rayon və şəhər qaranlığa bürünür? Ölkənin işığı elə bir elektrik düyməsinə bənddirmi? “Azərenerji”nin saytındakı məlumatdan görünür ki, Naxçıvan da daxil olmaqla, Azərbaycanda 32 obyektdə elektrik istehsal olunur. Yəni, Mingəçevir elektrik istehsal olunan yeganə yer deyil. Bəs onda niyə ölkədə ENERJİ FƏLAKƏTİ yaşandı. Həm rəsmi açıqlamalardan, həm də iqtisadçı ekspertlərin fikirlərindən belə məlum olur ki, bunun bir səbəbi var: KORRUPSİYA!
Prezidentin ittihamı
Təsadüfi deyil ki, Prezident İlham Əliyev də dünən ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin Mingəçevir İES-də baş vermiş qəzanın səbəbləri ilə bağlı dediklərini qəbul etmədi. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, Pirverdiyevin qəzanın səbəblərini havaların isti keçməsi ilə bağlamasının bəhanə olduğunu bildirdi: “Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi – bu, yumşaq desək böyük səhvdir. Bizim indi kifayət qədər enerji gücümüz var. Mən giriş sözümdə bunu qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılmışdır. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə, isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb. Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib”.
Prezident son 15 ildə bu sahəyə böyük investisiya ayrılmasına baxmayaraq, indiyə kimi dayanıqlı enerji sisteminin qurulmamasının səbəbini izah etməyi tələb edib: “Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət İnvestisiya Proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. İndi “Şimal-2” elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilmişdir. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən”. Göründüyü kimi, Prezident dolayısıyla ayrlan vəsaitin təyinatı üzrə xərclənmədiyinə işarə vurub və komissiyaya bunu araşdırıb ortaya çıxarmağı tapşırıb. Ancaq mətbuatda uzun illər boyu yazılanlar səbəbin “Azərenerji” ASC-dəki korrupsiya olduğuna şübhə yeri qoymur. Bunu iqtisadçı ekspertlərin açıqlamaları da təsdiqləyir.
“Yoxa çıxan” milyonlar
2017-ci ildə “Azərenerji” enerji satışından 1 milyard manatdan artıq gəlir əldə edib. Bu o deməkdir ki, vətəndaşlar və eləcə də iş adamları sözügedən quruma il ərzində belə böyük məbləğdə ödəniş ediblər.Qurumun enerji satışından əldə etdiyi gəlirinin yalnız ötən il 25.2 faiz artmasına baxmayaraq, “Azərenerji”nin zərəri 602,873 milyon manat olub. Halbuki, 2016-ci ildə adıçəkilən cəmiyyətin zərəri cəmi 108,928 milyon manat idi. Maraqlıdır ki, 2016-cı ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəliri 807 milyon manat olub. Yəni, 2017-ci ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəlirinin əvvəlki illə nisbətən 200 milyon manata yaxın artmasına baxmayaraq, qurumun zərəri ötən il 6 dəfə çoxalıb. Cumhuriyyet.az bildirir ki, “Azərenerji” ASC eyni zamanda ən çox xarici borcu olan səhmdar Cəmiyyətlərdəndir. Cəmiyyətin hazırda 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var. Bununla yanaşı, ticarət və digər kredit borcları üzrə öhdəliyi də 470 milyon manatdan çoxdur. Bütövlükdə isə cəmi kapitalı 1 milyard manatdan bir az atıq olan “Azərenerji”nin yığılmış zərəri 2 milyard 123 milyon manata çatıb.
Bundan başqa sözügedən qurum dövlətdən ən çox maliyyə dəstəyi alan təşkilatlardandır. 2018-ci ilin dövlət büdcəsinə dəyişiklər edilərkən “Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 meqavatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün 81.4 milyon manat vəsait ayrılıb. Dövlət Neft Şirkəti tərəfindən idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 300 milyon manat subsidiya olmaqla, vəsait ayrılıb.
Pirverdiyevin Dağıstanda tikinti biznesi
Uzun illərdi ki,”Azərenerji” ASC-in prezidenti postunu tutan Etibar Pirverdiyev dəfələrlə vəzifəsini itirməyə çox yaxın olsada son anda xilas ola bilib. Bununla bağlı araşdırmalara görə Etibar Pirverdiyev xilas olmanın yolunu hər zaman himayədarlarını dəyişməklə və daha güclülərin yanında durmaqla tapıb. Baş nazirin müavini Yaqub Eyyubovun himayəsində olan Etibar Pirverdiyev daha sonra xəttini dəyişərək prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun himayəsinə sığındı. Nəticədə həm postunu qoruya bildi, həm də biznes şəbəkəsini. Gəlin indi də Pirverdiyevin biznes şəbəkəsinə diqqət yetirək. Araşdırmalara görə Etibar Pirverdiyev ölkə kənarında da ciddi biznesi olan simalardan biridir. Onun əsas biznesi isə Rusiyada, daha dəqiqliyi ilə desək Dağıstandadır.
Məlum olub ki, Etibar Pirverdiyevin bu ölkə ilə bağlılığı illər öncə olub. İlk zamanlarda o və qardaşı Rusiyadan maşın hissələri gətizdirib satdırmaqla məşğul olub. Amma imkanları qaydaya düşəndən sonra daha ciddi biznesə girişiblər. Söhbət Dağıstanda tikinti sektoruna qoşulmaqdan gedir. Xatırladaq ki, tikinti bumu yaranan zaman Etibar Pirverdiyev də ciddi şəkildə bu sahədə fəaliyyət göstərirdi. Amma məlum olaylardan sonra o, bu fəaliyyətini Dərbənd də davam etdirməyə başladı. Bir müddət öncə isə bir hündürmərtəbəli binanı yaşayış üçün təhvil verib. Bundan sonra isə o daha böyük layihəyə sahiblənə bilib. Bunu da qeyd edək ki, Etibar Pirverdiyevin Dağıstandakı əsas rəqibləri də elə azərbaycanlı oliqarxlardır. Hələ ötən il Etibar Pirverdiyev Dağıstanla yanaşı, Çeçenistanda da tikinti işlərinə girişməyə çalışdı. Amma Çeçenistanda ciddi nüfuza sahib olan QMİ-in rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin sərt təpkisi ilə üzləşdiyindən geri çəkilmişdi.
Etibar Pirverdiyev şimal bölgəsini necə “işğal” etdi
Demək olar ki, Xaçmaz, Qusar rayonlarında bütün torpaq sahələri Etibar Pirverdiyevin yaxın adamları vasitəsi ilə ələ keçirilib. Məlum rayonlarda fermer təsərrüfatları, əkin sahələri yalnız Pirverdiyev qardaşlarına məxsusdur. Məsələn, Xaçmazın məşhur Həsənqala gölü də zəbt edilib. Həsənqala kəndindəki bu göl, balıq vətəgəsinə çevrilib. Gölü kəndlilərin əlindən alıb, əkinlərini susuz buraxan isə “Azərenerji” prezidenti Etibar Pirverdiyevdir.Bunu da aydınlaşdırdıq ki, Etibar Pirverdiyev həmçinin restoran şəbəkələrinin yaradılması ilə də məşğuldur və məlum rayonlardakı istirahət mərkəzlərinin əksəriyyəti Etibar Pirverdiyevə məxsusdur. Bundan başqa Pirverdiyevin hər kəsdən gizlətdiyi və digər bir yaxınının adı ilə təqdim etdiyi regionlardakı kənd təssərrüfatı biznesi haqqında da məlumatlar daxil olub. Belə ki, Şabran rayonunun Udulu kəndindəki dəvə fermaları “Azərenerji”-nin prezidentinə məxsusdur. Xaçmazda isə o, iri buynuzlu heyvan təsərrüfatını genişləndirib.
Gizli sirlər
Yeri gəlmişkən, Etibar Pirverdiyev həm də əyləncəyə çox maraq göstərən məmur kimi tanınır. Elə bir müddət öncə “Anonymous” haker qrupu “Azerenerji” ASC-nin saytını dağıdaraq 80 vacib sənədi ələ keçirərək mətbuata yayanda məlum oldu. Sənədlərdə göstərilən xərclər cədvəlindən də görünür ki, “Azərenerji”dən olan məmurlar dövlət vəsaiti hesabına krallar kimi yaşamağı çox sevirlər. Ələ keçən sənəddən görünür ki:
– Dubaydakı lüks “Jumeirah Dubay” hotelində nömrənin (otağın) bir sutkalıq xərci Azərbaycanın dövlət büdcəsinə 327 dollara başa gəlib;
– Elitar “Salmontini Dubai – Restaurant” restoranında Azərbaycan dövlətini 1127 dollar ziyana salıb;
– Həmin azərbaycanlı məmur yaxşıca yeyib-içəndən sonra saunaya getmək eşqinə düşüb və “Azərbaycan xalqının işıqlı gələcəyi yolundakı ağır və gərgin zəhmət”dən sonra “Bürc Xəlifə”dəki ticarət mərkəzinin lüks saunasında 487 dollara dincəlib;
– “Louis VUITTON”, “İF boutique”, “Harvey NİCHOLS”, “FALCON Gallery”, “HOME CENTRE” və digər dəbdəbəli butiklərdən alış-veriş edərək buna da 20000 dollaradək dövlət pulunu xərcləyib;
– Biznes-klass sinfindən olan avtomobilin icarəsi isə ana vətənimizə nisbətən ucuz başa gəlib – “cəmisi” 780 dollara…
Etibar Pirverdiyevin qohumbazlığı
Etibar Pirverdiyev rəhbəri olduğu qurumda özünə komanda yaratması, peşəkar kadrları işdən uzaqlaşdıraraq, onların yerinə qohum-əqrəbalarını vəzifəyə təyin etməsidə adi hala çevrilib. “Azərenerji”də daha çox Etibar Pirverdiyevin qaynı Kərim Xammətov üstün mövqeyə malikdir. Bu adam əvvəlcə Etibar Pirverdiyevlə birgə Dövlət Əmlak Komitəsində işləyib. O zaman Etibar Pirverdiyev, Kərim Xammətov və onun əkiz qardaşı ölkəyə elektrik kabelləri gətirməklə məşğul olub. Etibar Pirverdiyev “Azərenerji”yə prezident təyin olunandan sonra isə Kərim Xammətovu “Bakelektrikşəbəkə”nin rayon şöbələrindən birinə rəis təyin edib. Bir müddət keçəndən sonra onu “Azərenerji”yə yüksək vəzifəyə gətirib.
Bundan başqa, Etibar Pirverdiyev 4 il əvvəl qardaşı Vüqar Pirverdiyevə qohum olan Namiq Orucov adlı şəxsi Sabirabad Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin edib. Namiq Orucov da qurumu viran qoyub. İş o yerə çatıb ki, Etibar Pirverdiyev Namiq Orucovu həmin vəzifədən çıxararaq Enerji Təchizat İdarəsinə gətirib. Lakin bir müddət keçəndən sonra onu Göyçay Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin edib. Ümumiyyətlə “Azərenerji”də vəzifələrə təyinat Etibar Pirverdiyevin qardaşı Vüqar Pirverdiyevin məsləhəti ilə həyata keçirilir. Vüqar Pirverdiyev kimi istəyirsə, vəzifəyə təyin etdirir, kimi istəyirsə, işdən çıxartdırır. Həmçinin “Azərenerji”nin bütün transformatorlar, kabellər, ümumiyyətlə bu sahəyə aid bütün aksesuarlar Vüqar Pirverdiyevə məxsus şirkətdən alınır. “Özü də bu mallar çox baha qiymətə rəsmiləşdirilir."

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ