SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Abutalıbovun batırdığı Bakının baş planı - 4 milyonu indi kim yeyəcək?

Abutalıbovun batırdığı Bakının baş planı - 4 milyonu indi kim yeyəcək?

Tarix:

29-06-2018, 11:39

/ 1 355 dəfə oxundu.
Abutalıbovun batırdığı Bakının baş planı - 4 milyonu indi kim yeyəcək?

Prezident İlham Əliyev Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Maraqlısı isə budur ki, indiyə qədər açıqlama verən müvafiq qurumlar bildirirdilər ki, Bakının baş planı hazırdır. Ötən ay məlumat yayılaraq bildirilmişdi ki, bu planda 2035-ci ilədək inkişaf nəzərə alınıb: “Bakının indidəyədək sayca beşinci baş planı olan layihədə ciddi tamamlama işləri görülüb. Prosesə beynəlxalq ekspertlər də qoşulub”.

Qeyd olunurdu ki, 2015-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən “Bakı şəhərinin ərazidən İstifadə və Zonalaşdırma Planı” layihəsi hazırlanıb və bir çox dövlət təşkilatları ilə razılaşdırılıb.

Hələ 2017-ci ildə məlumat yayılaraq bildirilmişdi ki, Bakının baş planı demək olar ki, hazırdır. Görünür, yayılan məlumatlar, sadəcə olaraq, söz yığını olub...

Bakı şəhərinin baş planının gecikməsində günahkar kimi Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun da adı çəkilir. Ekspertlər bildirirlər ki, baş planla bağlı əsas iş Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə düşür. İcra hakimiyyətinin Memarlıq və Şərhərsalma Baş İdarəsi var ki, bu işə də həmin qurum baxmalıdır.

“Yeni Müsavat”a danışan 1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov söyləyib ki, əvvəlcədən məlum idi ki, Bakının, sadəcə olaraq, mərkəzi eskizi hazırlanıb: “Abşeron yarımadası isə vahid ərazi kimi işlənməyib. Bakının da baş planı hər zaman Abşeron yarımadasını əhatə edən konsepsiya ilə bərabər olmalı idi. Bütöv bir ərazi kimi bu işi son zamanlar görən olmayıb. Vaxtilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri işləmiş Abbas Ələsgərov planı mənə göstərmişdi. O zaman gördüm ki, planda bütün ərazi nəzərə alımayıb. Hiss olunurdu ki, kimsə bu işin yarımçıq qalmasında maraqlıdır. Bu işi aparmaq üçün maraqlı olan şəxs lazımdır. Bu gün Bakıda elə bir adam yoxdur. Bunun da səbəbi ondan ibarətdir ki, işdən icra hakimiyyətinin Memarlıq və Şərhərsalma Baş İdarəsi kənarda qalıb. Bu işi onlar aparmalıdır. Orada baş memar da zəifdir, icra başçısı isə hazırda, ümumiyyətlə, təyin edilməyib. Ona görə də işlər ləngiyir. Burada əlbəttə ki, Hacıbala Abutalıbovun da günahı var. Abutalıbov uzun müddət Bakının icra başçısı oldu, ancaq bir dənə baş planı ortaya qoyub, axıra çatdıra bilmədi. Heç olmasa bunu etsəydi, adına nə isə olardı. Axırıncı baş plan hazırlanan zaman bir neçə ittifaq institutları iştirak etdilər. Ukrayna, Moskva institutu və digər müvafiq komitələrin iştirakı ilə müzakirələr getdi. Böyük alimlər gəlib, o zaman baş planı hazırladılar. İndi isə heç bir müzakirə aparılmadan, kimsə eskizi hazırlayıb, ortaya qoyur ki, Bakının mərkəzini bunlar belə görürlər. Problemlər ortaya qoyulmalı, yeni konsepsiya irəli sürülməlidir ki, bu problemlər hansı yolla həll olunsun. Ancaq dediklərimin heç biri olmadığı üçün yarımçıq sənəd ortaya çıxıb. Yaxşı ki, cənab prezident bundan məlumat alıb və sərəncam imzalayıb ki, işi başa çatdırmaq lazımdır. Görünür ki, cənab prezidentə də vaxtında düzgün məlumat verilməyib ki, guya baş plan hazırdır”.

Ekspert bildirib ki, hələ 2005-ci ildə müraciət hazırlayaraq, Bakıda olan 15 problemi qeyd edib: “Lakin həmin problemlər hələ də tam həll olunmayıb. Məsələn, elektrik təminatını həll edilmiş saymaq olar. Ancaq su, kanalizasiya problemi həll olunmamış, qazlaşma problemi isə qismən həll edilib. Baxırsan ki, mərkəzin özündə də qaz problemi yaranır. Çünki magistral həll edilməyib. İntensiv tikinti gedib, tələb artıb ancaq bu tələbə uyğun olaraq kommunikasiya xətləri çəkilməyib. Bundan əlavə, ekoloji problemlər də var. Abşeronu hər il su basır. Bütün bunların səbəbi kanalizasiya sisteminin olmamasıdır. Baxırsan ki, deyirlər buna səbəb yeraltı sulardır. Ancaq Abşeronda heç bir yeraltı su yoxdur. Subasmaların səbəbi kanalizasiya problemidir. Prezidentin sərəncamından belə görünür ki, ilkin olaraq 4 milyon vəsait ayrılır. Gərək problem tam hazır olsun ki, nə qədər vəsaitin lazım olduğu dəqiq şəkildə bilinsin. İşi Respublika Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparacaq.

Ancaq bu, düzgün deyil. Çünki problem şəhərindir və şəhərin problemi ilə Bakı Şəhər İcra Hakimiyyəti nəzdində olan Memarlıq və Şərhərsalma Baş İdarəsi məşğul olmalıdır. Kənardan olan təşkilat məlumatları necə toplayacaq? Bütün məlumatlar şəhərin arxivlərində cəmlənib. Əvvəlcən bu düzgün istiqamət almadığı üçün hazırkı yarımçıq vəziyyətə görə kimin tam olaraq məsuliyyət daşıdığını söyləmək də çətindir. Çünki məsuliyyət daşıyan adamlar kənarda qalıb. Onu da deyim ki, Bakının ən böyük problemlərindən biri də ”Şıxov" çimərliyidir. Oranın əhalisi nə üçün başqa yerə çimərliyə getməlidir? Ora 50-60 il öncə çox təmiz çimərlik idi. İndi isə şəhərin yarısından çoxunun kanalizasiya suları ora axıdılır. Nəticədə bu çimərlik məhv edilib. Kanalizasiya xətləri çəkilməli, problem həllini tapmalıdır. Deyim ki, bununla bağlı layihə də var. Lökbatanda sutka ərzində 400 min kub suyu təmizləyə bilən qurğunun layihəsi mənim işlədiyim dövrdə təsdiq edilib. Bu obyekt sovet hökumətinin də qərarına salınmışdı. İndi isə belə bir proyektdən xəbəri olan adam yoxdur. “Şıxov” çimərliyindəki problem həllini taparsa, bu, turistlərin də cəlb edilməsi baxımından əhəmiyyətli olar".

Şərhlər

XƏBƏR LENTİ