SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ''Torpağımı Kəmaləddin Heydərov işğal edib''

''Torpağımı Kəmaləddin Heydərov işğal edib''

Tarix:

27-06-2018, 12:58

/ 1 778 dəfə oxundu.
''Torpağımı Kəmaləddin Heydərov işğal edib''

50 ilin müəlliməsi prezidentə məktub yazıb torpağının geri qaytarılmasını tələb edir
Qəbələdəki "Tufandağ” Dağ-Turizm və İstirahət Kompleksinin Dağ-Kanat xəttinin "Kanat yolu L5 – "Durulca” minmə-enmə stansiyası bir neçə vətəndaşın torpaq sahəsində inşa olunub. Zəbt olunduğu deyilən torpaq sahələrindən biri də Əlibaba Məmmədovun anası Elmira Ramiz qızı Məmmədovaya məxsusdur. Əlibaba Məmmədov deyir ki, 7 ildir baş verən qanunsuzluğın aradan qaldırılması üçün prezidentə və ən müxtəlif instansiyalara məktubla müraciət ünvanlayıb, tədbir görülməsini tələb edirlər:
"Anam Elmira Məmmədova həmin kənddə anadan olub. 2004-cü ildə həmin kənddən anamın adına torpaq aldım. 2007-ci ildə ev tikmək istədik. Yerli icra hakimiyyəti torpaqda ev tikməyə imkan vermədi. Dedilər ki, gözləyin, biz deyəndə tikərsiz. 2011-ci ildə orada kanat xətti inşa etməyə başladılar. Bu xəbəri eşidib Durulcaya getdik. Gördük ki, torpağımızda traktor işləyir. Tələb etdim, traktoru torpaqdan çıxardım. Az keçmədi ki, əraziyə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri gəldilər. Dedilər ki, sənə verilən sənədlər qanuni deyil, bəs torpaq bizimdir. Əlimdə Duluca bələdiyyəsinin alqı-satqı aktı, torpağın xəritəsi, ev tikmək üçün verdikləri eskizlər var. Torpaq və Xəritəçəkmə Komitəsinin də xəritəsi var. Torpaq anamın adınadır. Göstərdim. Dedilər ki, məsələni araşdırıb cavab verəcəklər. O gedən getdilər”.
Əlibaba Məmmədov deyir ki, 50 illik müəllimlik stajı olan anası da ən müxtəlif dövlət qurumlarına məktub yazıb qanunsuzluğun aradan qaldırılmasını tələb edir: "Anam da 7 ildir ki, müraciət edir, amma ona da cavab vermirlər. Zəbt etdikləri torpaq sahəmizə görə bizə kompensasiya da vermirlər. 7 ildir ki, yazıb torpağımızdan çıxmalarını, torpağı bizə qaytarmalarını tələb edirik. Bu 7 ildə öyrəndiyimiz bu oldu ki, torpağımızı zəbt edib orada tikinti aparan "Gilan” şirkətidir. Hazırda torpaq qanunsuz olaraq "Gilan” şirkətinin mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsinə gedib mülkiyyətimə aid sənəd istəyirəm, deyirlər ki, torpaq başqasının mülkiyyətidədir, sənə sənəd verə bilmərik”.

Əlibaba Məmmədov deyir ki, çoxsaylı müraciətlərindən sonra ötən il onu Qəbələyə çağırıblar. Torpaq sahəsi təklif ediblər: "Şərt qoydular ki, məhkəməyə müraciət etməlisən, torpağının Soltan-Nuxa bələdiyyəsi ərazisindəki digər bir torpaqla əvəzləşdirilməsi haqda qərar çıxarılmasını tələb etməlisən. Razı olsaydım, "Qaj” deyilən bir ərazidə, kol-kos içində olan, yolsuz-yararsız bir yerdə torpaq verəcəkdilər. Halbuki, inək-buzovu kimsə qovmasa, oralara getmir. Biz Durulcadakı səfalı yerdə olan torpağımızı qoyub çöllük əraziyə niyə getməliyik? Razılaşmadım. Öz torpağımın boşaldılaraq mənə qaytarılmasını istədim. Dedilər ki, get kimə istəyirsən şikayət et. Mən torpağımın geri qaytarılmasını tələb edirəm. Anam da prezidentə məktublar yazır. Təqdim edirəm, xahiş edirəm həmin məktubları da yayın, bəlkə prezidentə çatar, bizim mülkiyyət hüququmuz bərpa olunar”.
Ə.Məmmədovun təqdim etdiyi məktub prezidentə və bir çox rəsmi şəxsə ünvanlanıb. Göyçay şəhəri, Ü.Havıbəyov küçəsi, ev 84 A ünvanında yaşayan Elmira Ramiz qızı Məmmədova tərəfindən yaızlan məktubu ixtisarla təqdim edirik:
"Hörmətli Cənab Prezident! Bizə müqəddəs sayılan elimiz, obamız olan Qarabağımızı ermənilər işğal altında saxlamağa davam edir. Bu, hamıya gün kimi aydındır ki, ermənilər bizim düşmənimizdir. Mənə məxsus torpağımı isə öz dövlətimin məmurları, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və I müavini Abil Ağasəfov işğal ediblər. Bildirmək istəyirəm ki, mən Elmira Ramiz qızı Məmmədova Azərbaycan Respublikasının vətəndaşıyam. Ləzgiyəm, ata-baba ocağımız Qəbələ rayonu, Durulca kəndidir. Şəxsi təşəbbüsümlə 5 sentyabr 2004-ci ildə dövlət rüsumu ödəməklə Qəbələ RİH-nin Torpaq şöbəsi müdirinin imzası və möhürü ilə, eləcə də Qəbələ rayonu Soltan-Nuxa kənd bələdiyyəsi sədrinin imzası və möhürü ilə alqı-satqı aktı təsdiq edilərək, 29 sentyabr 2004-cü ildə sonuncu dəfə mənim adıma topaq sahəsi rəsmiləşdiriblər. Torpağın mənə məxsus olmasına dair Dövlət Topaq və Xəritəçəkınə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən verilən ayrılmış sahənin planı da var. Bu dediklərimin hamısının sənədlərlə sübutu var. Lakin həmin torpaq sahəsi "Tufandağ” Dağ-Turizm və İstirahət Kompleksinin Dağ-Kanat xəttinin tikintisi zamanı icazə almadan və qanunsuz olaraq tikintialtı sahə üçün zəbt edildi. Belə ki, "Gilan” MMC mənə məxsus torpaq sahəsini icazəsiz və qanunsuz zəbt edərək orada tikinti aparıb.
Bu məlumatı isə sonuncu dəfə Sizə və deputatlara ünvanladığım məktubdan sonra, nəhayət, 5 il ərzində l-ci dəfə Qəbələ RİH başçısı və I müavini Abil Ağasəfov tərəfindən verilən ətraflı cavab məktubundan əldə etmişəm. O cavab məktubu isə xanım deputat Aqiyə Naxçıvanlının sorğusuna cavab olaraq verilib. Bu cavab məktubundan bəlli olur ki, mənə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edən şirkətin adı "Gilan” MMC-dir. Qəbələ RİH başçısı Səbuhi Abdullayev və I müavini Abil Ağasəfov verilən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, "Gilan” MMC-yə həmin ərazidə tikinti aparmağa icazə veriblər. Tələb etdikdə isə Kəmaləddin Heydərovun adından hərəkət etdiklərini deyirlər. Çünki "Gilan” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərova və onun ailə üzvlərinə məxsusdur. Mən başa düşə bilmirəm, axı necə olur ki, Sizin təyin etdiyiniz bir icra başçısı, onun 1 müavini Azərbaycan Respublikasının qanunlarına, Prezidentinə deyil, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrlərinə itaət edirlər? Bu məmurlar niyə onları bu vəzifəyə təsdiq edən dövlətin Prezidentinə deyil, digər şəxslərin tamahkar əmrlərini yerinə yetirməklə vətənə, millətə, dövlətə xəyanət edirlər? Çünki millətin və dövlətin deyil, şəxsi mənafelərini güdürlər.
Tikinti aparan şirkətə bu icazəni Qəbələ RİH başçısı Səbuhi Abdullayev verib. Tikintini aparan şirkətin, Qəbələ RİH başçısı Səbuhi Abdullayevin və I müavini Abil Ağasəfovun bu cür qanunsuz hərəkətlərin qarşısının alınması üçün Respublika Baş Prokurorluğuna və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət məktubu ilə müraciət etmişəm.
"Prokurorluq haqqında” Qanunun 11-1 maddəsinə əsasən, Baş Prokurorluq və Bas Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintini aparan şirkətə və bu cinayətdə əli olan dövlət məmurlarına qarşı cinayət işi başlanmalı, prokuror-müstəntiq heyəti tərəfindən istintaq-araşdırma işləri aparılmalı idi. Ədalətli qərar çıxarılması üçün müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Məhkəmə orqanına təqdim etməli idilər. Lakin nə Baş Prokurorluq, nə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi şikayətlə maraqlanıblar, hələ üstəlik vətəndaş tərəfindən daxil olan şikayəti rədd edərək məktuba cavab verilməsi üçün Qəbələ rayon İcra Hakimiyyətinə yönəldiblər. Baxmayaraq ki, mən, torpağımın qanunsuz zəbt edilməsi görə tikintini aparan şirkət barədə və qanunsuz zəbt edilmiş torpağımın mənə qaytarılması üçün heç bir iş görmədiyinə görə və hələ üstəlik torpağımın qanunsuz zəbt olunmasına göz yumduğuna görə Qəbələ icra başçısı Səbuhi Abdullayevin və I müavini Abil Ağasəfovun əməllərindən şikayət etmişdim. Səbuhi Abdullayev isə məsələnin həllini özünün birinci müavini Abil Ağasəfova tapşırıb. O da zəbt olunmuş torpağımın əvəzinə Soltan-Nuxa kədinin bir hissəsindən torpaq təklif etdi. Həmin torpaq sahəsi rayon mərkzəindən çox uzaq, yolsuz, yararsız bir ərazidədir. Sizcə, Qəbələdə təmiz havası, səfalı təbiəti, turizm sahəsində inkişaf edən Durulca kəndində olan torpağımı Soltan-Nuxa kəndində yolsuz və çöllü-biyabanlıqda yerlaşən yarasız torpağa dəyişmək ədalətin bərqərar olunmasıdır? Kim yaxşını pisə dəyişər?
Mənə məxsus torpağımın "Gilan” MMC tərəfindən qanunsuz zəbt edilməsi bir cinayət deyil? Qəbələnin icra başçısı Səbuhi Abdullayevin və I müavini Abil Agasəfovun göz yumması bir tərəfə, tikinti üçün torpaq sahəsinin ayrılması üçün göstəriş verməsi cinayət deyil? Konstitusiyamızda yazıldığı kimi: Maddə 13- Mülkiyyət toxunulmazdır! Mənə məxsus olan torpaq sahəmi qanunsuz zəbt edərək tikinti aparan "Gilan” MMC-yə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2 və 222-1.2 maddələri ilə və onların qanunsuz hərəkətlərinə nəinki göz yuman, hətta sərəncam verən Qəbələnin icra başçısı Səbuhi Ahdullavevə və I müavini Abil Ağasəfova; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 309.1, 314.1, 314-2.1 və maddələri ilə cinayət işi başlanmalıdır.
Cinayət işi üzrə mən zərərçəkmiş kimi tanınmalıyam. İstintaq zamanı mənə dəymiş maddi ziyan miqdarı müəyyən olunmalı, məhkəməyə təqdim olunub cinayət sübuta yetirildikdən sonra müvafiq qərar çıxarılmalıdır. Ədalətin bərqərar olunması qanunlarımızda göstərildiyi kimi Dövlət tərəfindən təmin edilməlidir. Qanun hamı üçündür və Qanun aliliyini o zaman itirər ki, cinayət cəzasız qalır”.
Qəbələ Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, vətəndaşın şikayəti nəzərə alınaraq ona yeni torpaq sahəsi təklif olunub. Lakin o, bundan imtina edib: "Onun iddia etdiyi torpaq sahəsi başqasına məxsusdur və turizmin inkişafı üçün istifadə olunub. Vətəndaşın torpaq istəyinə isə yeni torpaq sahəsi təklif olunub. Təklif olunan torpaq sahəsi heç də onların dediyi kimi yararsız deyil”.
Yeni jurnalist araşdırmaları ilə sübut olunub ki, ölkə başçısı İlham Əliyevin qızları "Gilan Holdinq”də böyük pay sahibidirlər. "Gilan Holdinq”in mülkiyyət strukturuna dair mövcud yeganə sənəd şirkətin 2005-ci ildə yaradıldığını və onun Heydərovlar ailəsinə məxsus olduğunu göstərir. Ancaq indi - Əliyevin qızlarının "Gilan Holdinq”də sahib olduğu böyük pay haqqında yeni açıqlamalar veriləndə məlum olur ki, Heydərovlar həm Əliyevlər ailəsinin vasitəçisi kimi fəaliyyət göstərir, həm də şirkətin idarəetməsi dəyişdirilib və ya satılıb.

criminal.az
''Torpağımı Kəmaləddin Heydərov işğal edib''
''Torpağımı Kəmaləddin Heydərov işğal edib''
''Torpağımı Kəmaləddin Heydərov işğal edib''
''Torpağımı Kəmaləddin Heydərov işğal edib''

Şərhlər

XƏBƏR LENTİ