SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DEPUTATLA MÜSTƏNTİQ QONŞUSUNUN TOQQUŞMASI…

DEPUTATLA MÜSTƏNTİQ QONŞUSUNUN TOQQUŞMASI…

Tarix:

13-06-2018, 09:48

/ 1 399 dəfə oxundu.
DEPUTATLA MÜSTƏNTİQ QONŞUSUNUN TOQQUŞMASI…

Deputat Hacı Salayevin qonşusu, keçmiş müstəntiq Nazım Bağırova və “AzPolitika.info” saytına qarşı iddiası əsasında aylardır davam edən məhkəmə prosesi yekunlaşıb. Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev deputatın “AzPolitika.info”ya qarşı iddiasını rədd etsə də, qonşusuna qarşı iddiasını qismən təmin edib.
H.Salayev qonşusu Nazim Bağırovu “AzPolitika.info” saytının 04.11.2017-ci il tarixli buraxılışında yayımlanmış “Müstəntiqlə deputatın məhkəmədə bitən qonşuluğu – Kim haqlıdır?” sərlövhəli reportaja görə məhkəməyə verib, “şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərbə vurduğuna görə” onun 15 min manatcərimələnməsini, həmçinin üzr istəməsini tələb edirdi. Deputat, eyni zamanda “AzPolitika.info”dan da təkzib və üzrxahlıq tələb etmişdi.

QONŞULARIN ƏDAVƏTİ

Sözügedən reportaj keçmiş müstəntiq N.Bağırovun sayta müraciəti əsasında Bakının Şağan qəsəbəsində hazırlanıb. N.Bağırov bildirib ki, deputat Hacı Salayev Şağan qəsəbəsinin R.Məmmədbəyov küçəsində yerləşən imarətinin ərazisini genişləndirmək üçün bir çox qonşular kimi, onun da həyətini almaq istəyib. Lakin o, öz evini satmaq istəməyib. Bu yaxınlarda evin 2-ci mərtəbəsini tikmək istəyəndə isə deputat müxtəlif dövlət orqanlarının, ən sonda isə məhkəmənin vasitəsilə ona təzyiq etməyə başlayıb.
“1997-ci ildə 2 mərtəbəyə icazəm olsa da, imkanım olmadığından o zaman birmərtəbəli ev tikdim. Bu ilin yayında İcra Hakimiyyətindən müvafiq sənədləri alaraq, evin 2-ci mərtəbəsini tikməyə başladım. Elə bu zaman da deputat Hacı Salayevin müdaxiləsi ilə qarşılaşdım. Belə ki, 2008-ci ildə Şağan qəsəbəsinə köçən Hacı Salayev həyətinin ərazisini genişləndirməyə başladı. Bu məqsədlə də qonşuların ərazilərini almağa xeyli pul xərclədi. Hətta bir qonşunun həyətini almaq üçün ona 2 mərtəbəli ev tikib verdi. Bu yolla təxminən 1 hektara yaxın ərazini öz həyətinə birləşdirdi” – N.Bağırov bildirib. Onun sözlərinə görə, deputat onun da həyətini almaq üçün çoxsaylı təkliflər verib. Ancaq o, qəbul etməyib: “2010-cu ildən keçən 7 il ərzində Hacı Salayev dəfələrlə bu istiqamətdə təkliflər verdi. Hətta konkret məbləğlər də təklif etdi. Lakin mən imtina etdim”.
Şikayətçi daha sonra qeyd etmişdi ki, yay aylarında (2017) evinin 2-ci mərtəbəsini tikməyə başlayıb. Ancaq Hacı Salayev buna imkan verməyib: “Hacı Salayev Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mənim evimin tikintisi zamanı guya təhlükəsizlik qaydalarına əməl etmədiyimi, onun evinə də təhlükə yaratdığımı iddia edib. Və evin tikintisinin dayandırılması barədə qərar çıxarılmasını istəyib. Hakim Tərlan Əkbərov əlində heç bir ekspertiza rəyi, İcra Hakimiyyətinin mövqeyi olmadan iddianı təmin edib və tikintinin dayandırılması barədə qərardad çıxarıb. Həm də mənim iştirakım olmadan”.
Qonşusunun bu ittihamlarına əməkdaşımız H.Salayevin də mövqeyini öyrənmişdi. O, bildirmişdi ki, bizneslə deputatlıqdan əvvəl məşğul olub, qonşusu N.Bağırov isə öz evini əvvəl 150 min manata ona satmağa razılaşsa da, daha sonra 150 min dollar tələb etməyə başlayıb. Buna görə də sövdə baş tutmayıb. H.Salayev həmçinin israr etmişdi ki, N.Bağırov evinin 2-ci mərtəbəsini tikinti normalarına zidd olaraq inşa etmək istəyir.
Sözügedən yazıda “AzPolitika” tərəflərin mövqeyini heç bir şərh vermədən təqdim etsə də, yuxarıda da qeyd etdiyimiz kimi, deputat saytımızı da məhkəməyə verib, guya ona böhtan atıldığını iddia edərək, üzrxahlıq və təkzib tələb edirdi. Deputatın bu tələbi hakim tərəfindən rədd edildi.

EKSPERTİZANIN RƏYİNDƏ NƏ YAZILIB?

Qeyd edək ki, ötən iclaslardan birində hakim sözügedən reportaj-yazıda deputatın şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərbə vurulub-vurulmadığını müəyyənləşdirmək üçün linqvistik ekspertizanın keçirilməsi barədə qərar qəbul etmişdi. Ekspert İlhamə Quliyeva apardığı tədqiqatın nəticəsində bu qərara gəlib ki, N.Bağırovun müsahibəsində kəskin xarakterli nalayiq ifadələr yoxdur. Bununla belə onun səsləndirdiyi bir sıra ifadələr, dilə gətirdiyi məlumatlar öz təsdiqini tapmadığı halda şəxsin şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən sözlər və məlumatlar hesab olunur. Belə məlumatların düzgün olub-olmamasının müəyyən edilməsi isə linqvistik ekspertizanın predmetinə aid olmayıb, hüquqi xarakterli məsələdir.
Bügünkü prosesdə N.Bağırov videomüsahibədə irəli sürdüyü iddialarla bağlı sübutlarını – 2013-cü ildən sonra bir sıra saytlarda deputat Hacı Salayevlə bağlı dərc olunmuş materialları, həmçinin FHN-in tikinti ilə bağlı tərtib etdiyi aktı hakimə təqdim edib.Bildirib ki, deputat Hacı Salayevin müxtəlif dövlət orqanlarını, o cümlədən yerli polisi və FHN əməkdaşlarını özünün “qanunsuz əməllərinə alət etdiyini sübut edən” videogörüntüləri isə növbəti iclasda məhkəməyə təqdim edəcək.
İddiaçı tərəfin vəkili Muxtar Mustafayev isə cavabdeh və onun vəkilinə kəskin etirazlarını bildirib, onları mahiyyət üzrə danışmamaqda ittiham edib. Bu səbəbdən məhkəmə iclasında bir neçə dəfə gərgin anlar yaşanıb, tərəflər bir-biri haqqında sərt ifadələr işlədiblər.

Hakim Abbas Əliyev məhkəmə təhqiqatının bitdiyini elan edib və müşavirədən sonra qərarını elan edib.

Məhkəmə, yuxarıda da qeyd etdiyimiz kimi, “AzPolitika.info”ya qarşı iddianı rədd edib, lakin N.Bağırovu təqsirli bilərək, onun deputatdan üzr istəməsi və 2000 manat cərimə olunması barədə qərar çıxarıb. Bu məbləği keçmiş müstəntiq Silahlı Qüvvələrə Yardım Fonduna keçirməlidir.

N.Bağırov hakimin bu qərarını “ədalətsiz və qanunsuz” adlandırıb, apellyasiya şikayəti verəcəyini, lazım gələrsə Avropa Məhkəməsinədək gedəcəyini bildirib.

Sonda onu da qeyd edək ki, Xəzər Rayon Məhkəməsində isə deputatla müstəntiq qonşusunun mübahisəsinə mahiyyət üzrə baxış keçirilir. Növbəti iclas iyunun 13-nə təyin olunub.

“AzPolitika”nın əməkdaşı kimin haqlı, kimin haqsız olduğunu bilmək üçün bu məhkəmə çəkişməsini də izləyəcək.

“AzPolitika”

Şərhlər

XƏBƏR LENTİ