SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Siz Ağdamın icra başçısından soruşun ki..." - AMEA alimi

"Siz Ağdamın icra başçısından soruşun ki..." - AMEA alimi

Tarix:

9-06-2018, 13:08

/ 1 673 dəfə oxundu.
"Siz Ağdamın icra başçısından soruşun ki..." - AMEA alimi

“Başqa vaxt rəsmilərimiz haray-həşir salırlar ki, bəs işğal olunmuş ərazilərdə düşmən tariximizin izlərini itirir, abidələrimizi məhv edir. Bu təpə işğal ərazisində yerləşmir. Onu satan da, arxeoloji abdənin üstündə restoran tikən də elə özümüzünkülərdi.”

“Bu, adi təpə deyil...”

Bunu Ağdam rayonundan olan, adının açıqlanmasını istəməyən mədəniyyət işçisi deyir. Onun sözlərinə görə, barəsində danışdığı tarixi abidə Ağcabədi-Ağdam avtomobil yolunun Ağdam rayonunun Əfətli kəndindən keçən hissəsində, yol kənarında yerləşir:

“Bu abidənin adı “Balatəpə kurqanı”dir. O, “ölkə əhəmiyyətli arxeoloji abidə” hesab olunur. Kurqanı digər qəbir abidələrindən fərqləndirən odur ki, üstündə daş və ya torpaqdan təpə yaradılıb. Bu təpənin təqribən 25 metr hündürlüyü var. Bunun başında restoran açılmağı təkcə tarix və mədəniyyətimizə olan etinasız münasibət deyil, həm də milli-mənəvi dəyərlərimizə ziddir. Özü də indiki vaxtda bunu Ağdamda edəsən...”

Abidənin qanunvericilkdə yeri

“Balatəpə kurqanı” ilə bağlı mədəniyyət işçisinin dedikləri rəsmi mənbələrdə də öz təsdiqini tapır. Həmin kurqan Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə təsdiq edilmiş “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na (http://www.e-qanun.az/framework/2847) düşüb (inventar nömrəsi: 647). O, Tunc dövrünə aid edilir.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna (http://www.e-qanun.az/framework/3526) görə, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin qanun arxeoloji abidələrin nəinki şəxsi mülkiyyətə, hətta elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün icarəyə verilməsini belə yasaqlayır.

“Mən tarixi abidəni gözəlləşdirmişəm”

İaşə obyektinin sahibi Əbdürrəhim Bağırov torpaq sahəsinin ailələrinə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verildiyini bildirir. O, eyni zamanda, tarixi abidəyə zərərli müdaxilə etmədiyini, əksinə, burada faydalı iş gördüyünü iddia edir:
- Avtomobil yolu ilə təpə arasından 10 sot yeri icra başçısı, oğlu şəhid olduğuna görə anama pay verib. İaşə obyektini mən tikmişəm və onun üzərində mülkiyyət hüququmuzu təsdiqləyən bütün sənədlər var.
- Orada tarixi abidə də varmı?
- Var. “Abidə” dediyiniz təpədir, obyektimin böyründə yerləşir. Bağı da elə o təpənin üstündə salmışam. Əvvəlkindən də gözəl tarixi abidə yaratmışam.
- İaşə obyektinizin tikililəri də o bağda yerləşir?
- Bağda yerləşənləri “tikili” adlandırmaq olmaz. İnsanların rahatlığı üçün üstü və kənarları bağlı olan balaca yerlər düzəltmişik. Bu yerlərdən ötrü bünövrə tökülməyib, bina tikilməyib. Əsas tikililər mülkiyyətimə verilmiş ərazidədir.
- Tarixi abidəyə müdaxilə ilə bağlı indiyədək Sizə narazılığını bildirən olub?
- Heç vaxt, heç kəs...Tarixi abidəyə neyləmişəm ki? Əksinə, buranı gözəlləşdirmişəm. Ağacları suvarmaqdan ötrü gündə 15 manat elektrik enerjisindən istifadə edirəm. Ayda 200 manat da qarovulçuya verirəm ki, abidəni qorusun.

Abidələri “ölü can”lar mühafizə edir?!

Mədəniyyət işçisi bildirir ki, ölkə və dünya əhəmiyyətli tarixi abidələr dövlət tərəfindən qorunmalıdır:

“Mühafizəçinin pulunu niyə o sahibkar verməlidir ki? Abidələrin qorunması üçün büdcədən vəsait ayrılır, ştat da var. Reallıq isə budur ki, belə ştatların çoxunu “ölü can”lar tutub. İndi o mühafizəçini işə götürəndən soruşmaq lazımdır: sənin işçin nəyi qoruyur? Burada inşaat işi görüləndə, mühafizəçi, qarşısını ala bilməsə də, ən azından xəbər verə bilərdi.”

Müsahibimiz həmçinin əlavə edir ki, son illər ümumən tarix və mədəniyyət abidələrinə müdaxilələr artıb:

“Xüsusilə yerli icra hakimiyəti orqanları ya bu abidələrin ərazisindən bir az “qoparıb” satıblar, ya da “abadlıq və quruculuq” adı ilə səriştəsiz işlər görüblər. Ağdamda kurqan olan təpə satılıbsa, mərkəzi aran rayonlarında nekropollar aşkarlanan ərazilərdə pambıq əkilir.”

“Hazırda araşdırma gedir”

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətiin mətbuat katibi Fariz Hüseynov isə ünvanlarına səslənən iradları qəbul etmir. O, bildirir ki, tarix və mədəniyyət abidələrinin mühafizəsinə məsul olan bu qurum çox yaxın zamanlarda- 2014-cü ilin dekabrında yaradılıb (http://e-qanun.az/framework/28902):
“Əsasən 2015-ci ildən fəaliyyətə başlamışıq. Abidələrin mühafizəçiləri əvvəllər də olub. Amma onlar birbaşa tabeliyimizə ötən ildən verilib. “Balatəpə kurqanı” ərazisində tikinti işləri Dövlət Xidməti yarananadək- 2007-ci ildə aparılıb. Hazırda araşdırma davam etdirilir. Biz əvəl tikinti aparılan sahənin tarixi abidənin ərazisinə nə qədər müdaxilə etdiyini və ona hansı səviyyədə ziyan vurduğunu müəyyən etməliyik. Bundan sonra müvafiq tədbirlər görüləcək.”

İcra Hakimiyyəti: “Sənədlərə baxmaq lazımdır”

Ağdam Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Mehman Mustafayev tarixi abidəyə müdaxilə olunmağı xəbərini bizdən eşitdiyini söylədi:

“Ağdamda abidələrin qorunmasına xüsusi fikir verilir. O təpəni görmüşəm, amma diqqətimi qeyri-adi bir şey çəkməyib. Bununla bağlı bizə şikayət edən də olmayıb. İndi həm təpəyə, həm də sahibkarın sənədlərinə baxmaq lazımdır. Görək biz ona haradan torpaq ayırmışıq, o gedib obyektini harada tikib. Araşdırılmadan buna qiymət vermək olmaz.”

Alim: “Ağdamın icra başçısından soruşun ki...”

Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şura üzvü, tarix elmləri doktoru, professor Hidayət Cəfərov “Balatəpə kurqanı”nın elmi tədqiqata cəlb olunmadığını deyir:

“Mən 40 ilə yaxındır Qarabağı öyrənirəm. Qarabağ çölləri kurqanlarla doludur. “Çalağantəpə”də eneolit dövrünün yaşayış yeri aşkarlanıb. Amma “Balatəpə”də hələ qazıntı işləri aparılmayıb. Bundan ötrü vəsait ayrılmalı, ekspedisiya təşkil edilməlidir.”

Arxeoloq da öz növbəsində abidələrə münasibətdə xoşagəlməz halların olduğunu söyləyir:

“Siz “Balatəpə”ni deyirsiniz... Bəlkə də kimsə bilməyərəkdən gedib orada obyekt tikib. Amma Ağdamın İmamqulubəyli kəndindəki Sultanbud kurqanının üstündə meşə salınıb, yerə beton tökülüb,“Bayraq meydanı” yaradılıb. Bunu ki, sadə adam etməyib. Siz Ağdamın icra başçısından (sabiq icra başçısı Raqub Məmmədovu nəzərdə tutur- red.) soruşun ki, gələcəkdə bu ərazidə arxeoloji iş necə aparıla bilər? Kurqanlar aşkarlanan yerlərdə heç ağac əkmək də olmaz. Ağaca verilən su alt qatlara ziyanlıq vurur, köklər gedib tariximizin “qarnına” batır.”

moderator.az

Şərhlər

XƏBƏR LENTİ