SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nəsimi rayon icra məmurunun vətəndaşa barmaq silkələyici xəbərdarlıq məktubu-ŞİKAYƏT

Nəsimi rayon icra məmurunun vətəndaşa barmaq silkələyici xəbərdarlıq məktubu-ŞİKAYƏT

Tarix:

6-06-2018, 10:31

/ 2 382 dəfə oxundu.
Nəsimi rayon icra məmurunun vətəndaşa barmaq silkələyici xəbərdarlıq məktubu-ŞİKAYƏT

Nəsimi rayonunun bütün inzibati resursları bir məhkəmə qətnaməsinin sürətli icrası üçün səfərbər olunub. Halbuki, iddiaçının öldüsü-qaldısı bilinmir.
Allahverdiyeva Rəna Hümmətəli qızı artıq iki ilə yaxındır ki, Başı şəhəri, Nəsimi rayon, Hüseynbala Əliyev küçəsi, ev 52, mənzil 31 ünvanında övladları ilə birlikdə kirayədə yaşayır. R. Allahverdiyevanın hazırda özlərini mənzil sahibəsinin, yəni Əliyeva Minayə İsmayıl qızının “qohumları” olduqlarını iddia edən bir neçə şəxslərlə məhkəmə prosesi gedir.
Mənzili kirayə götürərkən qarşı tərəflə (ev sahibəsi ilə)uzun müddətli kirayə müqaviləsi bağlayacağını desə də, onlar əvvəl Rəna ilə razılaşmış, sonradan buna əməl etməmişlər. Və hər dəfə kirayə pulunu götürməyə gələn ayrı-ayrı adamlar evin onlara məxsus olduğunu bildirirmişlər. Belə olduqdan sonra R. Allahverdiyeva evin həqiqi sahibinin və ya sahibəsinin ortaya çıxmasını və onunla müqavilə bağlamasını, yalnız bundan sonra kirayə pulunu ödəyəcəyini bildirmişdir. Bundan sonra məlum oldu ki, evin həqiqi sahibəsi Əliyeva Minayə adlı şəxsdir. Lakin hansısa şübhəli səbəbdən Əliyeva Minayə özü ortaya çıxıb kirayə müqaviləsi bağlamır. Belə olan halda qarşı tərəf, yəni Minayə Əliyevanın “qohum- əqrabaları” Rənaya qarşı məhkəmədə iddia qaldırıblar ki, evdən çıxsın.
Əvvəl məhkəmədə ödəmədiyi ayların pul tələbi irəli sürülsə də, lakin hakim ev sahibəsi ilə Rəna Allahverdiyeva arasında kirayə müqaviləsinin olmadığını əsas götürərək qarşı tərəfin iddiasını təmin etməyib. Di gəl, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsinə əsasən məhkəmə Rəna Allahverdiyevanın Əliyeva Minayə İsmayıl qızının mülküyyətində olan Bakı şəhəri, Nəsimi rayon, Hüsüynbala Əliyev küçəsi, ev 52, mənzil 31 ünvanında yaşayış evindən məcburi qaydada çıxarılması və mənzili boşaldaraq iddiaçıya təhvil verməsi barədə qətnamə çıxarıb. Qətnamə qüvvəsin alıb, icraya yönəlmişdir.
Lakin Rəna həmin evdə tək deyil, qızı 1999-cı il təvəllüdlü Əzizova Qəmər Rüstəm qızı və 1997-ci il təvəllüdlü oğlu Əzizov Orxan Rüstəm oğlu ilə birgə yaşayıb. Həmin vaxt məhkəmədə onlara qarşı heç bir iddia qaldırılmayıb. Ona görə də Allahverdiyeva Rəna Hümmətəli qızı 22.05.2018-ci il tarixdə Nəsimi rayon məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsinin icra üsulunu, yəni qətnamədə nəzərdə tutulduğu kimi yalnız onun özünün, yoxsa, ümumiyyətlə həmin evdə yaşayan şəxslərin hamısının çıxarılması məsələsini məhkəmə qarşısında vəsatət qaldıraraq izah olunmasını xahiş etmişdir. Məhkəmə icra üsülünün izah edilməsi barədə ərizəyə baxılmasını 06 iyun 2018-ci il tarixə təyin edib.
Maraqlıdır ki, mənzilin boşaldılmasına dair icra hərəkətləri aparılmadan, yəni mənzil boşaldılmadan Nəsimi Rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşları tərəfindən mənzilin elektrik enerjisi kəsilmişdir. Hansı ki, Allahverdiyevlər istifadə etdikləri elektrik enerjisinə görə pulun ödənişini gecikdirmirmişlər.
Nəsimi Rayon Enerji Satışı və Təchizatı İdarəsindən isə bildiblər ki, həmin mənzilin elektrik enerjisinin dayandırılmasını ev sahibəsinin qohumlarının müraciəti əsasında həyata keçiriblər. Qeyd edək ki, məhkəmə qətnaməsində elektrik enerjisinin kəsilməsi barədə tələb yoxdur.
Bu arada icra məmurlarının da məhkəmə qətnaməsinin mümkün qədər qısa vaxt ərzində həyata keçirilməsini təmin etməkçün əldən-ayaqdan getdikləri, hədsiz canfəşanlıqları üzə çıxıb. Belə ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Vüqar Hüseynov ev yiyəsinin “qohumlarının” işinə yarımaq üçün demək olar poçtalyon funksiyasını da öz üzərinə götürüb. Poçt adlı xidmətin mövcudluğunu “unudan” icra məmuru bir neçə uğursuz cəhddən sonra, dəfələrlə qapı üzünə açılmayandan sonra nəhayət ki, mayın 30-da evə gələrək İcra Şöbəsinin Xəbərdarlıq məktubunu artıq məhkəmə qərarına hörmət göstərərək o ünvanda yaşamayan Rəna Allahverdiyevanın özünə deyil, qızına əlbəəl verib, iyunun 1-dən isə sərt icra tədbirlərinə başlayıb. Təəccüblüdür ki, xəbərdarlıq məktubunda məhkəmə qərarından çıxarış edilmiş sözlər təhrif olunmuşdur. Qətnamədə evdən çıxarılmalı olan şəxs kimi yalnız Rəna Allahverdiyeva göstərilsə də, Nəsimi İcra Şöbəsinin xəbərdarlıq məktubunda barmaq silkələyişi təkcə Rəna xanıma deyil, onun ailə üzvlərinə də tuşlanıb. Bu müddəanı Nəsimi İcra Şöbəsi özü artırıb, məhkəməsiz-filansız. Ev yiyəsi Minayə Əliyevanın “nümayəndələri”, “qohumları” tələsirlər, tələsdirirlər deyə.
Allahverdiyevanın nümayəndəsi istifadə hüququ məhkəmə müstəvisində dartışılmış evin ətrafında pusqu quran icra məmuru Vüqar Hüseynovun canfəşanlığının səbəbini öyrənmək üçün ondan niyə xəbərdarlıq məktubunu poçtla göndərmədiyini soruşub. V.Hüseynov nə desə yaxşıdır?: “Elə bilin ki, gedib poçta, özümlə poçtalyonu götürüb gəlmişəm. Qapını açamalı deyillər?” Bundan sonra R.Allahverdiyevanın nümayəndəsi icra məmuruna qərarın icra üsülunun məhkəmə tərəfindən izah edilməsinin gözlənilməsinin vacibliyini xatırladıb. Məmur: “Onsuz da məhkəmə Rənanın ailə üzvlərini də evdən çıxaracaq” deyib. Əcəba, bu arxayınca deyilmiş sözlər onu təsdiqləmirmi ki, hakim Rəşid Səmədovun verəcəyi qərarlar Nəsimi rayon İcra və Probasiya Şöbəsinə məlumdur?
Məlum olan bir həqiqət var: Minayə İsmayıl qızı Əliyevanın evinə yiyəlik edən “qohumları” və “nümayəndələri” elə bir gücə sahibdirlər ki, məhkəmə Minayənin faktiki yaşayıb-yaşamadığını öyrənməyə lüzum bilmədən məhkəmədə iştirakına ehtiyac duymadan qərar çıxarmışdır. Gözəgörünməz Minayənin gözə kül üfürən adamları elə bir iqtidar sahibləridirlər ki, icra məmurları evin boşalmasını təmin etməkçün yarışa giriblər. Nəsimi rayon Enerji Satışı və Təchizatı İdarəsi də bu məsələ Minayənin makler dəstəsinin xeyrinə, həm də mümkün qədər tez bitsin deyə dünyanı qaranlığa qərq etməyə hazırdır.
Sonda qeyd edək ki, R.Allahverdiyeva Nəsimi rayon İcra və Probasiya Şöbəsi məmurlarının qanunsuz əməllərindən Prezident İlham Əliyevə, Ədliyyə Naziri Fikrət Məmmədova və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi cənab Nurəddin Mustafayevə şikayət etmişdir və bununla kifayətlənmək fikrində deyildir.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ