SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Katibəmlə mənim haqqımda elə şeylər yazacaqdı ki...” - Gəncə şəhər Təhsil İdarəsinin müdiri

“Katibəmlə mənim haqqımda elə şeylər yazacaqdı ki...” - Gəncə şəhər Təhsil İdarəsinin müdiri

Tarix:

18-05-2018, 15:41

/ 1 622 dəfə oxundu.
“Katibəmlə mənim haqqımda elə şeylər yazacaqdı ki...” - Gəncə şəhər Təhsil İdarəsinin müdiri

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədliyi ilə keçirilən prosesdə zərərçəkmişlər mülki iddialarının olmadığını bildiriblər.

Bir zərərçəkmiş isə məhkəməyə ərizə göndərərək şikayətinin olmadığını qeyd edib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihamda qeyd olunub ki, A.Abbasov öz saytında və qəzetində barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyərək müxtəlif vəzifəli şəxslərdən pul almaqda ittiham olunur.

Elan olunmuş ittiham üzrə A.Abbasov özünü qismən təqsirli bildiyini söyləyib: "Ola bilər kimisə səhvən hədələmişəm".

Prosesdə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov da ifadə verərək bildirib ki, A.Abbasov ona zəng edərək şantaj edib: "O dedi ki, katibəmlə mənim haqqımda elə şeylər yazacaq ki, bütün Gəncədə biabır olacağam. Mən də əməkdaşımıza 300 manat verdim, Azər müəllimin adına göndərdi. Pulu ödəməyib, amma istəmirəm də, şikayətim yoxdur".

Sabunçu rayonunda yerləşən 210 saylı orta məktəbin direktoru Rəsmiyyə Quliyeva da dindirilib. O söyləyib ki, A.Abbasov ona zəng edərək müəllimlərdən pul yığdığını deyərək hədələyib: "Konvertin içinə 200 manat qoyub göndərdim. İndi heç bir şikayətim yoxdur".

A.Abbasov isə deyib ki, R.Quliyeva onu düz başa düşməyib: "Mən o pulu dost kimi xahiş etdim".

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov isə deyib ki, "İrəvan Press" qəzetində xəstəxana haqqında bir neçə məqalə yayımlanıb, sonra zəng edib davamını yazmamaq üçün pul istədilər: "Mən də poçtla 200 manat göndərdim".

A.Abbasov qəzeti tək çap etdirdiyini, jurnalisti olmadığını bildirib.

Daha sonra Neftçala rayon Maliyyə İdarəsinin müdiri Rəşid Manafov da ifadə verib. O şantaj etdiyi üçün A.Abbasova 150 manat göndərdiyini söyləyib.

Qax rayonu Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov deyib ki, qəzetdə onu "yezid" kimi təqdim edən məqalə çap olunub. Buna görə də A.Abbasova zəng edib, poçtla 200 manat göndərib.

Qeyd edək ki, rəsmi məlumata görə, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, "İrəvan Press" qəzeti və saytının redaksiyası "Azərbaycan" nəşriyyatında yerləşir.

Şərhlər

XƏBƏR LENTİ