SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » General Əlixanovu bitirən qaçış - İDDİA

General Əlixanovu bitirən qaçış - İDDİA

Tarix:

4-05-2018, 09:38

/ 1 410 dəfə oxundu.
General Əlixanovu bitirən qaçış - İDDİA

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib. Penitensiar Xidmətdən modern.az-a faktı təsdiqləyiblər. Generalın 65 yaşı tamam olduğu üçün təqaüdə göndərildiyi bildirilib. Maraqlıdır ki, H.Əlixanovun təqaüd yaşı mayın 1-də tamam olub... Yəni general dərhal işdən uzaqlaşdırılıb... Məsələ ilə bağlı unikal.org-a açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: “Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələ ki yerimə təyinat yoxdur”.
H.Əlixanovun hər hansı bir adla işdən çıxarılacağı hələ ötən ilin oktyabrından gözlənilirdi. Ötən ilin oktyabr ayının 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Abdulla” ləqəbli Əli Ağami qaçmışdı. E.Məmmədovun saxlanılması üçün keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirildi. Ə.Ağami isə Şirvan şəhərində saxlanıldı və bu işə görə də cəzası ağırlaşdırıldı.
Faktla bağlı dərhal Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlandı. Bunun ardınca isə həbslər başladı.
Əvvəl tanınmış mügənni Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində istintaq cəlb olunaraq, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçildi. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıldı və bu iş üzrə istintaq hələ də davam etdirilir.
Ən maraqlı hadisələr isə bundan sonra baş verdi. Baş Prokurorluqda faktla bağlı başladılmış istintaq Penitensiar Xidmətin üç əməkdaşının saxlanmasına səbəb oldu. Qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılaraq istintaqa cəlb edildilər. Həmçinin Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsində həbs-qətimkan tədbiri seçildi. Qarovul rəisi Ceyhun Səmədovun Hüseyn Əlixanovun bacısı oğlu olması faktı üzə çıxdıqdan sonra generalın taleyi demək olar ki, həll olundu. Üstəlik, həbsxanalara əsas nəzarət funksiyasının da H.Əlixanovun kurasiyasında olması onun işini itirəcəyinə şübhə yeri qoymurdu. “Yeni Müsavat”ın həmin günlərdə yazdığından (http://musavat.com/news/qacan-dustaqlarin-isi-generali-bitire-biler-sok-acar-fiqur_477926.html) bir sitatı yada salaq: “Mümkündür ki, bu cinayət işində əsas fiqurun RX rəis müavininin ən yaxın qohumu olması generalın da karyerasına ciddi təhlükə olsun. Hələ bir çox gizli məqamların dustaqların həbsindən sonra üzə çıxacağı gözlənilir ki, bu da onların hökmündən əvvəl yüksək vəzifəli bəzi şəxslərə hökm (cəza) veriləcəyi etimalını gücləndirir”.

H.Əlixanovu həmin vaxt işdən çıxarmadılar, görünür, xidmətlərinə görə onun karyerasını bu cür ağır ittihamla bitirmək istəmədilər. Ölkədə ciddi rezonans doğuran bu hadisəyə görə Penitensiar Xidmətin əməkdaşları - Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və daha 4 nəfər işdən qovuldu. Bundan başqa, generalın bacısı oğlu da daxil olmaqla, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov ədliyyə orqanlarından xaric edildi.

Qeyd edək ki, bu ilin fevralında isə Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılan şəxslərin həbs müddəti daha 3 ay artırılıb. İstintaqın nə vaxt bitəcəyi isə bilinmir.

Hüseynağa Əlixanov (Vikipediya məlumatlarında adı belə yazılır) 1 may 1953-cü il tarixdə Quba rayonunun Yerfi kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq-mühafizə orqanlarında əmək fəaliyyətinə 1981-ci ildən başlayıb. Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi, Gəncə şəhər prokuroru, Bakı Şəhər Prokurorluğunun daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Bakı şəhər prokurorunun birinci müavini vəzifələrində işləyib. Bakı şəhər prokuroru vəzifəsini icra edib, Baş Prokurorluğun Prokurorluq orqanlarında istintaqa nəzarət idarəsinin rəisi, Bakı şəhər Nizami rayon prokuroru vəzifələrində işləyib.

H.Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi təyin edilib. 2007-ci ildən Penitensiar Xidmətin rəis müavini idi.

Şərhlər

XƏBƏR LENTİ