SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Vurulmuşlara” qarşı kampaniya və Ramiz Mehdiyevi çətin vəziyyətdə qoyan suallar

“Vurulmuşlara” qarşı kampaniya və Ramiz Mehdiyevi çətin vəziyyətdə qoyan suallar

Tarix:

1-05-2018, 11:31

/ 2 220 dəfə oxundu.
“Vurulmuşlara” qarşı kampaniya və Ramiz Mehdiyevi çətin vəziyyətdə qoyan suallar

Müasir cəmiyyətimizin ən iyrənc şakərlərindən biri yıxılanı baltalamaqdır. Nə qədər ki səlahiyyətlərin var, əlində gül-çiçəklə pişvazına çıxanlar, vəzifədən uzaqlaşdırılandan sonra səndən salam-əleykü də kəsirlər. Lap, atalar sözündə deyildiyi kimi, bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam əleyk qurtardı. Hətta sənə qarşı ən çox qənim kəsilənlər də elə salam-əleyki kəsənlər olurlar.
Nə yazıq ki, Azərbaycan mətbuatı da bu mərəzdən öz nəsibini alıb. Dünyanın digər ölkələrində mətbuat mövcudların cinayətlərini araşdırdığı halda, bizimkilərin gündəmində sabiqlərdir. Tutduğu postlardan uzaqlaşdırılanların vurulmasında əsas axtaranlar onların vəzifədəykən etdikləri cinayətləri incələməyə başlayırlar. Bununla da sabiqlərin guya yarıtmaz fəaliyyətlərinə görə işdən uzaqlaşdırıldıqları barədə qənaət formalaşdırmaqla qalmır, vəzifəsini qoruyanların aydan arı, sudan duru olduqlarını ictimai şüura yerləşdirirlər. Halbuki, xüsusilə son kadr islahatlarının korrupsiyada adı daha çox hallananlardan yan ötdüyü də heç kimə sirr deyil. Prezident seçkilərindən əvvəl hər kəs iri məmurlar kimi tanıdığımız “fövqəlgüclər”in hakimiyyətdən uzaqlaşdırılacağını gözlədiyi halda, qəzəbə tuş gələnlər (əgər bu kadr islahatları həqiqətən də qəzəbdirsə) əsasən az-çox təmizlikləri ilə ad çıxarmışlar oldular. “Vurulmuşlar” içərisində yalnız kasıb-kusubun dilənçi payına göz tikən Səlim Müslimovu və iş adamlarının boğazına kal armud kimi yapışan Aydın Əliyevi çıxmaq şərtiylə, digərlərinin korrupsiya ilə həşir-nəşir olması barədə indiyə qədər heç bir məlumat yox idi. Adamlar hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra isə mətbu orqanlarda palaz-palaz kompromat yazılar dərc olunmağa başladı. Bu faktın özü də onu göstərir ki, dərc olunan “ifşaedici” materiallar əslində “qara-piar” kampaniyasından başqa bir şey deyil.
Açığını desəm, “qara-piar” kampaniyasının hədəfinə çevrilənlər arasında mənə ən qəribə gələni Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firudin Nəbiyev oldu. Bu zamana qədər adını belə eşitmədiyimiz, rəhbərlik etdiyi idarənin funksiyasının da ciddi korrupsiyaya imkan vermədiyi həmin adam konkret fəaliyyətilə deyil, yaşadığı evin təmtəraqıyla gündəmə gəldi. Halbuki, onun olub-olmadığı belə bilməyən bu evdən Bakının istənilən nöqtəsində istənilən qədər tapmaq mümkündür. Məsələn, bu yazı müəllifinin yaşadığı Qaraçuxur qəsəbəsində eyni üslubda, hətta daha bahalı materiallarla inşa olunmuş onlarla ev sıralanır. Yerli camaat da bu evlərin sabiq Bakı meri Hacıbala Abutalıbova və onun qohumlarına aid olduğunu bildirir. Hacıbala müəllim isə Bakı merliyindəki xidmətlərinə görə nəinki cəzalandırılmadı, əksinə, vəzifə pilləsində astronomik sıçrayış edərək, Baş nazirin müavini zirvəsinə yüksəldi. Elədirsə, Bakı merliyi ilə müqayisədə qat-qat yüksək vəzifə sayılan Dövlət Miqrasiya Xidmətinin rəisinə niyə həmin ev çox görülməlidir?
Hətta Bakı meri Hacıbala Abutalıbovu boş verin. O, yenə hakimiyyətin önəmli pilləsində yer almış, Bakıda xeyli tikintilərin ərsəyə gətirilməsində xidmətləri olmuş adamdır. Təbii ki, belə bir şəxsin komfort evi, maşını ola bilər. Mətbuatda Firudin Nəbiyevin evi kimi təqdim edilən bənzər villadan hətta hakimiyyətə ən kəskin mövqeyi ilə seçilən, dolayısıyla korrupsiyayla yaxından-uzaqdan əlaqəsi olmayan müxalif nümayəndələrində də mövcuddur. Bir müddət əvvəl mətbu orqanlarda Əli Kərimlinin villası kimi təqdim edilən tikili qədər qiyməti olmayan bir evin uzun illər hakimiyyətin müxtəlif vəzifələrində işləyən məmura məxsus olmasında nə böyük qəbahət var? Yaxşı evlər, maşınlar iri məmurlarda, iş adamlarında yox, kimdə olmalıdır, sizcə?
Tamamilə sovet düşüncə qəliblərindən çıxmış yanaşmalara bənzəyən bu cür xırdalıqlaragetmə cəmiyyətimizə yaxşı heç nə vəd etmir. Çünki hazırda hakimiyyətdə təmsil olunan istənilən adamı bu cür kompromatlarla şantaj etmək mümkündür. Bu isə təkcə “vurulmuşlar”ı başları üstündə gözləyən qarğa-quzğunlara yem etməklə qalmaz, cəmiyyətimizi sosial qarşıdurmalara aparmaqla yanaşı, iqtisadiyyatımızı da ağır vəziyyətə sala bilər. Nədən ki, mövcud rejimin xarakteri ucbatından bir ovuc məmurun əlində toplanan kapitalımız özünü qorumaq instiktilə xaricə çıxar, heç kim yığdığı sərvətləri bu məmləkətdə saxlamaz. Bu gün Bakıda ucalmasını qısqanclıqla qarşıladığımız həmin binalar İstanbulda, Rusiyada, Avropanın müxtəlif yerlərində və yaxud hər kəsin gözündən uzaq İranda, ərəb ölkələrində tikilər. Nəticədə Azərbaycanın milli sərvətlərindən gələn kapitalın bəhrəsini də başqaları dadar. Görünür, bəzi xarici qüvvələrin himayəsi ilə dərc olunan mətbu orqanlarımıza da elə bu lazımdır və bütün bunlar məqsədli şəkildə həyata keçirilir.
Sovet zehniyyətindən hələ qurtula bilməyənlər, daha doğrusu, öz şəxsi mənfəət mübarizələrini sosialist qəliblərinə salanlar unutmamalıdırlar ki, uğrunda çarpışdıqları kapital da canlı orqanizm kimidir. Harda özünə təhlükə hiss etsə, ordan qaçar, daha güvənli yerlərə sığınar. Azərbaycan prezidenti Cənab İlham Əliyev də çıxışlarında məhz bu məqamı göz önündə tutaraq, ölkəmizdə investisiyalar üçün münbit şəraitin yarandığını dəfələrlə bəyan etmiş, xaricdə yaşayan soydaşlarımızı vətənə yatırım qoymağa çağırmışdır. Mövcud hakimiyyətə illərlə qulluq etmişlərin vurulduqdan sonra ən adi haqlarının belə qsqanclıqla qarşılanması, nə yazıq ki, Prezidentin bu xoş niyyətinə kölgə salmaqdadır. Orta bir məmur evinin ona qarşı şantaja çevrildiyi bir ölkəyə ağlı başında olan hansı investor kapital yatırar?
Digər tərəfdən, çoxdandan məzara gömdüyümüz sovet sistemindən fərqli olaraq, müasir cəmiyyətimizin tələbi heç də hamının kasıb yaşamasını arzulamaq deyil. Tərkib hissəsinə çevrildiyimiz kapitalist sistemi hər kəsin daha yaxşı şərtlər altında yaşamasını özünün əsas prioritetinə çevirib. Liberal demokartik düşüncələr hər kəsə öz imkanını reallaşdırmaq, daha komfort evlər inşa etmək, övladlarını bahalı universitetlərdə oxutmaq, daha yüksək səviyyədə səhiyyə xidmətlərindən yararlanmaq imkanı verir. Avropa, ABŞ və sair inkişaf etmiş ölkələr məhz bu düşüncələr sayəsində indiki qibtəylə baxdığımız tərəqqi prosesinə qəbəm qoyublar. Bu cür rejimlərdə priotetlər də hamının – məmurun da, iş adamının da, fəhlənin də it günündə yaşaması yox, daha komfort həyat sürməsidir. Biz də məsələyə bu cür yanaşmalı, niyə filan “məmur bizim kimi yaşamır” yox, “niyə biz onun kimi yaşamırıq” deməliyik. Və daxil olduğumuz kapitalist rejimlər əqli başında olan hər kəsə, dünənin fəhləsinə belə, ictiami statusunu yüksəltmək şansı verir. Hazırda dünyanın müxtəlif ölkələrində elə milyarderlər var ki, vaxtilə fəhləlik etmiş, öz qabiliyyətləri sayəsində zənginə çevrilmişlər. Biz də ölkəmizdə belə bir rejim qurmağa çalışmalıyıq. Bunun yolu isə imkanlılara qarşı bolşevik mübarizəsindən yox, azad rəqabət imkanlarından keçir.
Ən maraqlısı isə odur ki, “vurulmuşlara” qarşı şantaj kampaniyası aparanlar bu əməllərində ölkə başçısının ən yaxın adamı kimi görünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev cənablarının dilə gətirdiyi bəzi fikirlərdən istifadə edirlər. Etiraf edək ki, Ramiz müəllimin həm Diasporla İş üzrə Dövlət Komitəsinin, həm Dövlət Miqrasiya Xidmətinin yeni rəhbərinin təqdimatında səsləndirdiyi fikirlər həqiqətən də fərqli anlaşılmalara yol açır. Belə ki, cənab Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsindəki çıxışında bu idarənin sabiq komandasını konkret korrupsiyada ittiham etdi. Dövlət Miqrasiya Xidmətində isə ittihamlar konkret ünvana yönəlməsə də, hər halda bənzər nəticələr çıxarılacaq mahiyyətdə idi:
“Möhtərəm Prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Elə olmamalıdır ki, sabah eyni hallar baş versin və aidiyyatı insanlar məsuliyyətə cəlb edilsin.
Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”, - Prezident Administrasiyasının rəhbəri yeni rəisin təqdimat mərasimində belə deyib.
Bu sözlərdə həqiqətən də sabiq komandanın rüşvət aldığı barədə mülahizələrə yol açan məqamlar olsa da, Ramiz müəllimin tam da elə demək istədiyi inandırıcı görünmür. Ona görə ki, Dövlət Miqrasiya Xidmətinin ən yağlı vaxtlarında həmin idarəyə rəhbərlik edənlərdən biri Ramiz müəllimin öz doğma oğluydu. Azərbaycanda neft bumunun yaşandığı, xarici vətəndaşların ən sıx şəkildə ölkəmizə gəlib burda işlədiyi, dolayısıyla yolunun tez-tez DMX-dən düşdüyü dövrlər 2011-2014-cü illərə təsadüf edir. 2015-ci ildən sonra isə beynəlxalq bazarlarda neft qiymətlərində kəskin ucuzlaşmalar baş verdi və əcnəbi iş adamları ölkəmizi bir-bir tərk etdilər. Məntiqlə, DMX-ya yolu düşənlərin də sayı azaldı.
Üstəlik, həmin dövrlərdən sonra ölkədə qeyri-neft sektorunun inkişafı və xarici kapitalın iqtisadiyyatımıza cəlbi prioritetə çevrildi. Prezident İlham Əliyev investisiya mühitini yaxşılaşdırmaq üçün təxirəsalınmaz tədbirlərə qərar verdi. Ən vacib islahat isə rüşvətxorluğun və korrupsiyanın qarşısını kəsməkdə özünü göstərdi. Məntiqlə, bütün sahələrdə olduğu kimi, hətta onlardan daha əvvəl DMX-da işlər sahmana salındı, əməliyyatlar şəffaflaşdırıldı. Mümkündür ki, bu islahatlardan sonra da sözügedən xidmətin hansısa əməkdaşı yenə köhnə vərdişindən əl çəkməyə bilməyib, hansısa qanunsuzluğa əl atıb, amma bunun ənənəvi hal olması inandırıcı deyil. Hər halda DMX-da rüşvət vardısa, məntiqlə bu, neft bumu dövrünə düşməliydi. Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev də məhz o zaman kəsimində həmin idarədə ən yüksək vəzifədə işləyirdi. Bunu Teymur Mehdiyevin bioqrafiyasındakı bəzi məlumatlar da təsdiqləyir:
“2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006-2011-ci illərdə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, 2011-2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışmışdır. 2011-ci ildə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini təyin edilmiş və general-mayor ali hərbi rütbəsi verilmişdir”.
Bu kiçik məlumatlardan da göründüyü kimi, neft bumunun yaşandığı 2011-2014-cü illərdə Dövlət Miqrasiya Xidmətinin aparıcı adamlarından biri məhz Teymur Mehdiyev olmuş və öz nümunəvi xidmərlərinə görə mükafata layiq görülmüşdür.
Üstəlik, Teymur Mehdiyevin həmin xidmətdəki fəaliyyəti də Firudin Nəbiyevdən daha əvvəl başlamışdır; Firudin Nəbiyev 2012-ci ildə, Teymur Mehdiyev isə 2011-ci ildə DMX-nə gətirilmişdir – hardasa, bir il sonra. Bəlkə də onun bu vəzifəyə təyinatında da Teymur Mehdiyevin təqdimatı mühüm rol oynamışdır. Nəzərə alsaq ki, Azərbaycanda məmurların təyinatında Ramiz müəllimin müstəsna rolu var, bu versiyanı qətiyyən istisna etmək olmaz.
Məhz bu arqumentlərə söykənərək, yeni rəisin təqimat mərasimində Ramiz Mehdiyevin dilə gətirdiyi fikirlərin hansısa eyham xarakteri daşımadığını, sadəcə gəlişigözəl tövsiyə olduğunu düşünmək daha ağlabatandır. Kim bilir, bəlkə də bəzi dairələr isə Ramiz müəllimin bu ağsaqqal tövsiyəsindən müəyyən nəticələr çıxararaq, işdən uzaqlaşdırılan məmurlar barədə kampaniya aparırlar. Bu isə Prezidentin ölkəmizdə investisiya mühitini yaxşılaşdırmaq strategiyasına xidmət etmir və bir çox məqamlarda kadr seçimində müstəsna xidmətləri olan Adminstrasiya rəhbərinin özünü də çətin suallar qarşısında qoyur.

ovqat.com
“Vurulmuşlara” qarşı kampaniya və Ramiz Mehdiyevi çətin vəziyyətdə qoyan suallar
“Vurulmuşlara” qarşı kampaniya və Ramiz Mehdiyevi çətin vəziyyətdə qoyan suallar
“Vurulmuşlara” qarşı kampaniya və Ramiz Mehdiyevi çətin vəziyyətdə qoyan suallar
“Vurulmuşlara” qarşı kampaniya və Ramiz Mehdiyevi çətin vəziyyətdə qoyan suallar
“Vurulmuşlara” qarşı kampaniya və Ramiz Mehdiyevi çətin vəziyyətdə qoyan suallar

Şərhlər

XƏBƏR LENTİ