SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Miqrasiya Xidmətinin rəisi prezidentin xəbərdarlığından nəticə çıxarmır - İTTİHAM

Miqrasiya Xidmətinin rəisi prezidentin xəbərdarlığından nəticə çıxarmır - İTTİHAM

Tarix:

20-04-2018, 10:04

/ 1 747 dəfə oxundu.
Miqrasiya Xidmətinin rəisi prezidentin xəbərdarlığından nəticə çıxarmır - İTTİHAM

Dövlət Miqrasiya Xidmətindəki problemlər ayrı-ayrı KİV-lərdə müxtəlif vaxtlarda işıqlandırılsa da, bu qurumun rəhbəri tənqidlərdən nəticə çıxarıb fəaliyyətində müsbət dönüş yarada bilmir.

Xatırladaq ki, “Reytinq” qəzeti də ötən saylarından birində Miqrasiya Xidmətindəki problemlərdən yazmışdı. Həmin məqalədə Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin yaxın qohum-əqrəbasını ətrafına toplaması, onların adına təqdimat imzalayıb, təltif etdirməsi ilə bərabər, ölkəyə turist kimi gələnlərə yaradılan süni problemlərdən də bəhs edilirdi. Bu tənqidi məqalədən iki gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi müşavirdə qeyd edilən problemlərə ümumi toxundu. Prezident qeyd etdi ki, ölkəyə gələn turistləri müvafiq qurumların rəhbərləri rüşvət almaqdan yana çox incidirlər.

Çıxışı boyunca qəzəbini açıq şəkildə büruzə verən dövlət başçısı, hətta bu kimi hallara yol verən qurumlara xitabən “belə alçaqlıq olmaz”,- xəbərdarlığını da etdi.

İ. Əliyev bildirdi ki, bəzi hallarda Azərbaycana gələnləri incidirlər, yolda saxlayırlar, onlardan rüşvət tələb olunur, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər:

“Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirənlər cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin.

Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə əsassız müdaxilələr edir, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır.
Bu barədə dəfələrlə demişəm və bir daha deyirəm, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratsın.
Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidir, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşı gəlib vizanı aeroportda alır”.
Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, xarici həmkarlarından biri ona deyib ki, vizanı ləğv etsəniz də, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur:
“Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəkilin yoxdur, gəl, pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq... necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz.
Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə pozuntular olarsa və ümumiyyətlə, rüşvətxorluqla bağlı - əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar".
Göründüyü kimi, cənab Əliyev həddən artıq açıq və sərt şəkildə, faktiki olaraq Miqrasiya və Sərhəd xidmətlərinin rəhbərliyinə “Hətta xidmətləriniz belə nəzərə alınmayacaq”,- deyərək, son mesajını verib.
Bəli, məhz bu fakt da göstərir ki, “Reytinq”in ötən saylarından birində həm elektron viza tətbiqi zamanı, həm də daimi və müvəqqəti qeydiyyatla bağlı Miqrasiya Xidmətində baş verənlər barədə yazılanlar həqiqətdir və məsələ artıq Prezident səviyyəsinə müzakirə olunur.
Ancaq həmin xəbərdarlıqdan ötən günlərdə aparılan müşahidələr zamanı aydın olub ki, ölkəyə gələn əcnəbilərə maarifləndirmə işinin aparılmaması və ya çox zəif aparılması səbəbindən “3 manalıq qeydiyyat xidməti” əməliyyatı hələ də davam etdirilir. Bu iş əvvəllər Miqrasiya Xidmətinin Bakı Regional İdarəsinin binasında aparılısa da, indi həmin binanın bir neçə addımlığında icra olunur. Amma, bəlkə də, dünyanın heç bir ölkəsində müvəqqəti qeydiyyata görə belə qanunsuz pullu xidmət yoxdur.
Məlumata görə, dövlət başçısının məlum xəbərdarlığından sonra Firudun Nəbiyev, müavinləri və Miqrasiya Xidmətində yüksək vəzifə tutan qohum-əqrəbasından ibarət şəbəkə təşvişə düşüb: “Onlar narahatdırlar ki, dövlət başçısı tərəfindən DTX rəisi Mədət Quliyevə hava limanında keçirilən əməliyyatda olduğu kimi, bu dəfə də Miqrasiya Xidmətində əməliyyat tapşırığı verilə bilər. O zaman bu şəbəkənin bir neçə üzvünün həbsi qaçılmaz olacaq. Həm də unutmayaq ki, Prezidentin xəbərdarlığından Miqrasiya Xidmətinin üzərinə böyük pay düşür. Çünki bu Xidmət əməkdaşlarının da ölkəyə axın edən turistlərə qarşı amansızlığı, eyni zamanda, qeydiyyat bəhanəsi ilə otellər və iaşə xidmətlərinə intensiv basqınları günün ən aktual problemi olaraq qalır”.
Mənbəmiz ölkə mətbuatında Miqrasiya Xidməti haqqında yazılanlardan da sitat gətirib: “Buyurun, Eynulla Fətullayevin saytında “Ailə Nazirliyi, yoxsa Dövlət Xidməti?!” başlıqlı yazını oxuyun. Bundan sonra elə Firudin Nəbiyevin ölkədə mövcud olan və əsasən əcənəbilərin sahib olduqları kafelərdə, restoranlarda, həmçinin otellərdə tez-tez “reydlər” keçirən qohumlarının əməllərinin gerçək məqsədi sizə aydın olacaq. Hətta bunlar o qədər özlərinə arxayındırlar ki, günün günorta çağı iş yerlərinə basqın edərək, xaricilərin əl-qolunu bağlayıb, özləri ilə aparırlar. Elə bu ilin yanvar ayında DMX əməkdaşlarının Bakıdakı “Urfa” restoranının sahibləri olan Türkiyə vətəndaşları Salman Hüseyn, Çora Əli və Eken Müdiri faktiki olaraq oğurlanmaları haqda yayılan məlumatı yada salmaq olar. Hansı ki, məhkəmə həmin Xidmət əməkdaşlarının qanunsuzluğu ilə bağlı qərar da çıxarmışdı. Lakin cəzalanan oldumu? Xeyr. Çünki o, işin başında Nəbiyev və qohumları dururdu. Hələ qohumu Rövşən Səfərovla digər yaxınlarından ibarət şəbəkənin gecə vaxtı xarici vətəndaşların yaşadığı mənzillərə gedib, zorla onların telefonlarını alaraq, əl-qolunu burub avtomobilə basmaları haqda yayılan onlarla faktları demirəm.
Bu adamlar o qədər özlərinə arxayın olublar ki, “Paşa İnşaat”, “Azersun Holdinq”, “DİA Holdinq”, “Böyükfırat” və digər bu kimi şirkətlərə də hücum edir, əcnəbiləri cərimə adı ilə qorxudur, ölkəmiz haqqında mənfi rəy yaradırlar”.
Azərbaycan adına ən böyük ayıblardan biri isə Xidmət əməkdaşlarının masaj salonlarına, otellərə əməliyyat adıyla girmələri sayıla bilər. Sözsüz ki, bütün bunlardan sonra, Prezidentin də qeyd etdiyi kimi, heç bir əcnəbi ikinci dəfə ölkəmizə ayaq qoymaz. Mənbəmiz ümid edir ki, Prezidentin xəbərdarlığından sonra istər sərhəd, istərsə də miqrasiya sahəsində müsbətə doğru ciddi dönüş yaranacaq.
Məlumatlı şəxs deyib ki, F. Nəbiyev kreslosunu qorumaq üçün maraqlı gedişlər etməyi də sevir. Cəmi 7 ilə general rütbəsi almağı bacaran F. Nəbiyev Xidmətdə demək olar ki, bütün vəzifəlilərin qohumlarına iş verib. O, mərkəzi hakimiyyətdə post tutanlarla yetinməyib, Naxçıvandakı vəzifəli şəxslərin əzizlərini də yanında işlə təmin edib. Ən maraqlısı isə o idi ki, o, Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovu da yaddan çıxarmayıb. Belə ki, ötən il Vasif Talıbov tərəfindən qanunsuzluqları üzə çıxarılaraq, vəzifədən qovulan Ə. Əhmədovun əmisi oğlu Əsgər Əhmədov Xidmətin Qanunsuz Miqrantları Saxlama Mərkəzinə rəis təyin edilib. Yəni F. Nəbiyev güc qurumlarına rəhbərlik edənlərin “əsabələri”nə də vəzifə paylamaqla özünü “səxavətli” göstərməyə çalışır, bununla da ətrafında bir “səngər” formalaşdırdığını düşünür. Lakin o, unudur ki, bu qanunsuzluqlara görə ölkə başçısının qəzəbinə tuş gələ bilər. Necə ki, ölkəyə gələn turistlərin, eləcə də Azərbaycan vətəndaşları ilə 20-25 ildir ailə qurmuş soydaşlarımızın qəzəbinə tuş gəlib”.

Şərhlər

XƏBƏR LENTİ