SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qonşusunu məhkəməyə verən oliqarx deputatın biznes “imperiyası” – Siyahı...

Qonşusunu məhkəməyə verən oliqarx deputatın biznes “imperiyası” – Siyahı...

Tarix:

28-02-2018, 09:33

/ 1 764 dəfə oxundu.
Qonşusunu məhkəməyə verən oliqarx deputatın biznes “imperiyası” – Siyahı...

Deputat Hacı Salayev qonşusu, keçmiş müstəntiq Nazım Bağırovu məhkəməyə verərək, “şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərbə vurduğuna görə” 15 min manat cərimələnməsini tələb edir
Deputatın iddiasına Nərimanov Rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə baxılır.
Keçmiş prokurorluq əməkdaşı bildirib ki, deputat Hacı Salayev Şağan qəsəbəsinin R.Məmmədbəyov küçəsində yerləşən imarətinin ərazisini genişləndirmək üçün bir çox qonşular kimi, onun da həyətini almaq istəyib.
Lakin o, öz evini satmaq istəməyəndə deputat müxtəlif dövlət orqanlarının, ən sonda isə məhkəmənin vasitəsilə ona təzyiq etməyə başlayıb.
Sözügedən yazıda “AzPolitika” tərəflərin mövqeyini heç bir şərh vermədən təqdim etsə də, deputat saytı da məhkəməyə verib, guya ona böhtan atıldığını iddia edərək, üzrxahlıq və təkzib tələb edib.
Halbuki, reportajda deputatın mövqeyi daha geniş formada təqdim olunub. Maraqlıdır ki, H.Salayev gah qalmaqal, gah bizneslə gündəmə gəlib.
Onun seçiciləri ilə görüşü, problemlərini dinləməsi, parlamentdə çıxışlarına dair məlumatlara rast gəlinmir.
Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır.
Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.
Parlamentin biznesmen deputatlarından biri də 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən millət vəkili seçilən Hacı Baba oğlu Salayevdir.
MM-in təhlükəsizlik və müdafiə komitəsinin üzvü olan deputatın biznes maraqları barədə mətbuat səhifələrində dəfələrlə məlumat verilib.
Qeyd edək ki, Milli Məclisdə akkreditasiyadan keçmiş jurnalistlər arasında aparılmış sorğuda Hacı Salayevlə bağlı maraqlı məqam ortaya çıxıb.
Sorğuda iştirak edən parlament jurnalistlərinin böyük hissəsi belə bir deputatın adını eşitdiklərini, amma üzünü görmədiklərini vurğulayıblar. Hacı Salayev az danışan və az görünən deputat kimi xarakterizə edilir.
Mediada yayılmış məlumatlara istinadla xəbər veririk ki, deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan "Lake Palace Hotel”i təşkil edir.
Oteldə qiymətlər dodaq uçuqladır. Bu səbəbdən obyektə daha çox xarici turistlər və yerli elitanın nümayəndələri gəlirlər.
Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də "Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir.
Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var.
"Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında "Pepsi-coca cola” şirkəti də var.
İndiyə qədər nə jurnalistlərə açıqlama verib, nə seçiciləri ilə görüşüb, nə də parlamentdə səsi gəlib.
Hətta spiker Oqtay Əsədovun da yadından çıxan Salayev barədə vikipediyada bioqrafik məlumat belə azdır.
Saytlarda gedən yazılara görə, adı "MTN işi" hallanan deputatlardan biri də Hacı Salayevdir. Onun Eldar Mahmudovla yaxın əlaqələri olduğu müzakirə mövzusudur. Hazırda həbsdə olan Akif Çovdarovla isə ciddi bağlılığı olub.
Hətta deputatın Çovdarov və bir müddət öncə təcridxanada intihar edən ləğv edilmiş MTN-nin Anti-terror Mərkəzinin rəis müavini İlqar Əliyevlə yaxınlığı çoxlarına bəllidir.
Qeyd edək ki, 2013-cü ilin sentyabrında « “Trust” Mühafizə Şirkətinin əməkdaşları “Pepsi-cola” şirkətindən strateji məhsul oğurlamaları və işə MTN-in qarışdığı, həbslərin aparıldığı barədə mediada məlumat yaymışdı.
Mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, şirkətin əməkdaşları böyük miqdarda «marqans» kimi tanınan Kalium permanqanat adlanan maddə oğurlayıblar.
Həmin maddədən «Pepsi coca cola» və digər sərinləşdirici maddələrin istehsalında istifadə edildiyi qeyd olunur.
Xəbərdə o da qeyd olunub ki, şirkətdən oğurluq faktının üstü açılandan sonra əvvəlcə bu məsələni öz aralarında həll etmək istəyiblər.
Şirkət ilə «Trust» arasında aparılan danışıqlar vasitəsilə nəticə əldə olunmadığından iş hüquq-mühafizə orqanlarının səlahiyyətinə verilib.
Bundan sonra «Trust»da həbslər həyata keçirilib və xeyli şəxs saxlanılıb. Deputatla əlaqə saxlamağa cəhd etsək də, zəng çatmadı. Onun mövqeyini dərc etməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ