SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Daha bir nazir yol üstündədir - Belə deyirlər...

Daha bir nazir yol üstündədir - Belə deyirlər...

Tarix:

28-02-2018, 09:07

/ 1 279 dəfə oxundu.
Daha bir nazir yol üstündədir - Belə deyirlər...

11 aprel prezident seçkilərindən sonra gözlənilən ciddi struktur və kadr dəyişikliklərinin Səhiyyə Nazirliyini də əhatə edəcəyi gözlənilir. “AzPolitika”ya daxil olan məlumata görə, korrupsiya, rüşvət, qeyri-peşəkarlıq və dərin ictimai inamsızlıq mühitinin hökm sürdüyü səhiyyə sistemində prezident seçkilərindən sonraya planlaşdırılan islahatların başında yeni nazirin duracağı ehtimalı son dərəcə yüksəkdir.
Azərbaycanda 2018-ci il aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərindən sonra hökumətin tərkibində ciddi dəyişikliklərinin olacağı şübhə doğurmur. Prezident İlham Əliyevin komandasını yeniləyəcəyi, kadr və struktut islahatları həyata keçirəcəyi gözlənilir.

Prezident seçkilərinin nəticələri şübhə doğurmadığından, indi istər hakimiyyət dəhlizlərində, istərsə də ictimai rəydə aparıcı mövzu seçkidən sonra komandada gözlənilən dəyişikliklərdir. Kimlərin qalacağı, kimlərin gedəcəyinə, əlbəttə, Prezident qərar verəcək. Bu barədə qəti fikir bildirmək mümkün deyil. Lakin keçmişin və bu günün təhlili, qarşıya qoyulan yeni hədəflər, yeni çağırışlar əsasında müəyyən proqnozlar, ehtimallar irəli sürülür. Bu ehtimallardan biri də budur ki, seçkidən sonra hakim komandaya yeni səhiyyə naziri daxil olacaq.

Bu ehtimal bir tərəfdən səhiyyə sistemində ciddi islahatlar zərurətinə söykənirsə, digər tərəfdən də hazırki nazir Oqtay Şirəliyevin son dərəcə zəif, səbatsız idarəetməsindən, rəhbər kimi qətiyyətsiz və nüfuzsuz olması reallığından qaynaqlanır. İndi heç kimdə şübhə yoxdur ki, O.Şirəliyev Azərbaycan səhiyyəsində islahat aparmaq, bu sahəni dirçəltmək, sektorda tuğyan edən korrupsiya və rüşvətxorluğu, xalqın səhiyyəyə olan dərin inamsızlığını və neqativ münasibətini aradan qaldırmaq iqtidarında deyil. Səhiyyənin belə bərbad vəziyyətdə olması isə, təkcə keyfiyyətli səhiyyə xidməti problemi deyil. Eyni zamanda iqtisadiyyata da ciddi zərbədir – hər il yüzminlərlə azərbaycanlı keyfiyyətli tibbi xidmət axtarışı ilə xaricə üz tutur ki, bu da yüz milyonlarla dolların ölkədən xaricə axmasını şərtləndirir.

Hökumət çevrələrindən daxil olan məlumatlara inansaq, seçkidən sonra səhiyyə sistemində də ciddi islahat planları var. Bu planların tərkib hssəsi olaraq, Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudovun səhiyyə naziri təyin olunması ehtimalı yüksək qiymətləndirilir. Hakim Yeni Azərbaycan Partiyasının qurultayında R.Mahmudova xüsusi münasibətin nümayiş olunması, məhz onun dilindən İlham Əliyevin namizədliyinin irəli sürülməsi bu ehtimalı daha da qüvvətləndirib.

Qeyd edək ki, 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olan Rəşad Mahmudov tibb elmləri doktorudur. Ali və doktorantura təhsilini Türkiyə Respublikasındakı 9 Eylül Universitetində alan Rəşad Mahmudov, orada Uzmanlıq Diplomu da müdafiə etmişdir. 1997-ci ildən 2005-ci ilə qədər Türkiyədə müxtəlif klinikalarda ürək-damar cərrahı işləmişdir.

2005-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri vəzifəsinə gətirilmişdir.
2015-ci ildə isə Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilmişdir.

Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 8000-dən çox yaşlı və uşaqlarda açıq ürək əməliyyatları aparmış Rəşad Mahmudov, öz sahəsinində ən güclü mütəxəssislərdən sayılır.

Şərhlər

XƏBƏR LENTİ