SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Eldar Mahmudovun Ağır Cinayətlər Məhkəməsi sədri ilə Nəbatət görüşünün

Eldar Mahmudovun Ağır Cinayətlər Məhkəməsi sədri ilə Nəbatət görüşünün

Tarix:

19-02-2018, 10:19

/ 4 349 dəfə oxundu.
Eldar Mahmudovun Ağır Cinayətlər Məhkəməsi sədri ilə Nəbatət görüşünün

Sabiq MTN şefi Eldar Mahmudov bu günlərdə paytaxtdakı Nəbatət Bağında Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevlə görüşüb
Adıçəkilən bağda görüşən bu şəxslər təxminən 1 saat müddətində söhbət ediblər. Onların nə barədə danışdığı isə bəlli deyil.
Sosial şəbəkələrdə gedən şərhlərdən belə ehtimal etmək olar ki, görüşdə E.Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun məsələsi müzakirə olunub.
Sabiq nazirin köməkçisi olmuş V.Mahmudov ağır cinayətlərdə təqsirləndirilir. İstintaqdan sonra onun işinə məhkəmədə baxılacaq.
Bu həbslə bağlı E.Mahmudov özü də iki dəfə istintaqa çağırılıb. Ona görə də MTN şefi ilə məhkəmə sədrinin gizli görüşündə köməkçisinə kəsiləcək hökmün müzakirə olunduğu istisna edilmir.
Ancaq bu görüşdə ondab nəyi xahiş etdiyi və ya etmədiyi, görüşün detalları sirr olaraq qalır. Lakin bu məlumatın özü özlüyündə bir məsələni akuallaşdırır: E.Mahmudov vəzifədən çıxarılsa da, dövlətin ayrı-ayrı adamları tərəfindən onun mütəşəkkil cinayətkar şəbəkəni himayə etdiyi dilə gətirilsə də, generalları həbs olunsa da, hakimiyyətin və prezidentin arxasından iş çevirsə də, bəzi məmurlar onunla təması kəsmirlər. Faktiki olaraq məhkəmə sədri M.Nəbiyev də qorxmadan onunla görüşüb.
Yeri gəlmişkən, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyev bir neçə il qabaq sədri – M.Nəbiyev haqda ittihamlar səsləndirmişdi.
“Mən yalan danışmıram. Əməllərimdə iynə ucu boyda qüsur axtaran Mahmud Nəbiyev öz gözündə tiri görmür, görmək istəmir.
Onun kürəkəni barəsində 20 milyonluq maxinasiya üzrə il yarım-iki ildir iş gedir. Onu ört-basdır elədi.
Axı əməllərimdə nə vardı ki, məni bu cür tələyə saldılar, cinayət işi quraşdırdılar?! Hər şeyin sifariş olduğu məlum idi.
Bu, bir oyun idi. Ədliyyə naziri Fikrət Məmmədov ədaləti qoruyan insandır. Əgər o olmasaydı, görün nələr baş verərdi. O insanın varlığı çox şeylərin qabağını aldı”.
2015-ci ildə Eldar Mahmudov vəzifəsindən çıxarılandan və MTN-də qəfil yoxlamalar başlanandan sonra 20-yə yaxın “mahmudovçu” həbs edilmişdi.
Həmin vaxt Elçin Quliyev kənarda qala bilsə də, onun müavini İlqar Əliyev həbsə alınmışdı. Sonradan İ.Əliyev saxlandığı Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişdi.
Lakin onu kamerası boş qalmadı. Rəisi olmuş Elçin Quliyevi həbsə alıb Bakı İstintaq Təcridxanasına göndərdilər.
E.Quliyev ibtidai istintaq zamanı, sonradan məhkəməsində üzvü olduğu komandanın uzun illər başçısı olmuş Eldar Mahmudovun əleyhinə danışmır, ifadələr vermirdi.
Məhkəməsinin sonlarına yaxın isə Elçin Quliyevin söylədikləri bir anın içində bütün mətbuatı əhatə etdi.
“Mən generalam” deyib sinəsinə döyən E.Quliyev sabiq şefinin qanunsuz əmrlər verməsindən danışdı.
Dedi ki, Eldar Mahmudov deyib, onlar da keçmiş iş yoldaşları Mətləb Mustafayevin qardaşı Malik Mustafayevin evinə odlu silah qoyublar, onu həbs ediblər.
Bu çox ciddi ittihamı Elçin Quliyev məhkəmədə dilə gətirdiyi günlərdə Eldar Mahmudovu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirir, sorğu sual edirdilər.
Bu sorğu sualdan əvvəl isə Eldar Mahmudovun əmisi oğlu, köməkçisi Vüqar Mahmudovu da həmin idarəyə çağırıb həbsə almışdılar.
Belə təəssürat yaranmışdı ki, Eldar Mahmudovu da 1-2 dəfə istintaqa çağırıb dindirəcək və çağırışların birində həbs edəcəklər. Elçin Quliyev də belə günlərin birində sabiq şefinə qarşı ifadələr verməyə başlamışdı.
Eldar Mahmudov vəzifədən çıxarılandan sonra ətrafında yaranan müəmmalı vəziyyət isə davam etməkdədir.
İstintaq İdarəsinə sonuncu çağırışı da bir neçə saatlıq dindirmə ilə başa çatmış, sonra Eldar Mahmudov binadan çıxıb bahalı maşınına tərəf addımlamışdı. Həmin vaxt MTN-çilərin əməllərindən zərərçəkən bir qrup onu əhatəyə almış, ürək sözlərini demişdi.
Bu haqda mətbuatda çeşidli yazılar yazılandan sonra məlum oldu ki, E.Mahmudovu istintaqa daha açıq-aşkar dəvət etməyəcəklər. Gizli çağıracaqlar, dindirəcəklər.
Belə görünür ki, zərərçəkənlərin E.Mahmudovu əhatəyə almaları, ona o qədər də xoş olmayan söz demələri dolayısı ilə də olsa, sabiq nazirin ziyanına olmayıb.
Onu daha dindirməyə də çağırmırlar. Belə görünür ki, sabiq nazir qurtulub və ya onunla bağlı proses son dərəcə məxfi aparılır.
Məhkəmə sədrinin mövqeyini dərc etməyə hazırıq.

gununsesi.info (fia.az)

Şərhlər

XƏBƏR LENTİ