SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Tanımadığım insanlar məndən İlqarı soruşurlar”

“Tanımadığım insanlar məndən İlqarı soruşurlar”

Tarix:

6-02-2018, 15:02

/ 1 393 dəfə oxundu.
“Tanımadığım insanlar məndən İlqarı soruşurlar”

REAL sədri İlqar Məmmədovun fevralın 4-də həbsinin beş ili tamam oldu
Barəsində azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin və digər beynəlxalq qurumların saysız-hesabsız qərarları olan vicdan məhbusu hələ də məhbəs həyatı yaşayır. Onun mart, yaxud ən gec halda may ayına qədər azadlığa buraxılacağı gözlənilir.
Həbsdə olan REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova ilə söhbət etdik. O, İ.Məmmədovla fevralın 3-də həbsxanada görüşdüyünü söylədi: “Əhvalı yaxşıdır. Hər şey də qaydasındadır. İlqarın həbsinin ayın 4-də beş ili tamam oldu. Bu beş ildə nələrin dəyişdiyini deyə bilmərəm. Onu deyə bilərəm ki, İlqar üçün dəyişən heç nə yoxdur. O, çox prinsipal insandır. Öz prinsipləri uğrunda sona qədər mübarizə aparmaq gücündədir. Onun neçə il həbsdə qalmasının heç bir fərqi yoxdur. İstənilən halda beş ili həbsdə keçirmək, ailədən, yaxınlarından uzaqda qalmaq çox çətindir. Bu beş il ailə üçün də çox çətin keçib. Son görüşümüzdə beş il həbsdə qalması ilə bağlı elə bir söz demədi. Əslində həbsdə saxlanılmasının səbəbini yaxşı bilir. Amma açığı ondan bu qədər çəkinib, onu bu qədər həbsdə saxladıqlarını təsəvvür edə bilməzdi”.
V.Məmmədova həyat yoldaşının azadlığa çıxması üçün yaxın aylara çox ümid etdiklərini də dilə gətirdi: “Ümidimiz yaxın aylara olduqca çoxdur. Amma şər deməsən, xeyir gəlməz. Bilmək olmaz, uzana da bilər. Lakin çox uzanacağını gözləmirik. Çünki artıq Avropa Məhkəməsinin qərarları var. İstər-istəməz o qərarı yerinə yetirməlidirlər. Bu proseslər artıq son həddədir. Bunlar yekunlaşandan sonra onsuz da İlqarı azad etmək məcburiyyətindədirlər. Keçən beş il bizə həm yaxın, həm də uzaq gəlir. Nədənsə zaman çox tez keçir. Amma digər tərəfdən də bu zaman bizə çox uzaq gəlir. Çünki biz ailə başçısıyıq və uzun illərdir, uşaq atasız böyüyür, hər halda həm uşaq, həm də mən çox əziyyət çəkirik. İlqarsız bizim üçün çox çətindir. Buna görə də ötən beş il bizə həm uzaq, həm də çətin gəlir. Bizi bu illər ərzində daha çox ayaqda saxlayan amil İlqarın özünün mübarizliyi, dözümlülüyü, səbirliliyi oldu. O, orada möhkəm dayanıbsa, mənim də bu tərəfdə özümü zəif göstərməyim heç cür doğru olmaz, uyğun da gəlməz. Hər zaman mən yoldaşımın arxasındayam. Bilirəm ki, o, necə bir prinsipal insandır. Bütün dostlar, tanışlar sağ olsunlar, keçən bu illər ərzində daim yanımızda oldular, bizimlə hər zaman həmrəy oldular. Bizi heç vaxt tək qoymadılar, nə məni, nə ailəmizi, nə İlqarı... Düzdür, yanına gedib-gələ bilmirlər, amma hər halda onların mənəvi dəstəyi böyük şeydir, həm bizim, həm də İlqar üçün...”
REAL sədrinin həyat yoldaşı bəzi mətbuat orqanlarının və ictimaiyyətin də dəstəyindən razılığını ifadə etdi: “İlqar Məmmədovun tək qaldığını heç zaman hiss etmədim. Çünki istər beynəlxalq qurumlar, istərsə də, Avropa Şurası Nazirlər Kabineti və Avropa Məhkəməsi olsun, hər zaman İlqar üçün əllərindən gələni etdilər. Özünüz də gördüyünüz kimi, ilk dəfə olaraq, hansısa ölkə Avropa Məhkəməsinə verilir, məhkəmənin qərarının yerinə yetirilməməsi ilə bağlı... Bu, çox böyük bir şeydir. Hər adam üçün də edilmir. İlqar üçün hər kəs əlindən nə gəlibsə, onu da edib, istər Azərbaycan daxilində, istərsə də, ölkədən kənarda... Mətbuat nümayəndələri də sağ olsunlar. Daim İlqarla bağlı bütün problemləri, müsbət şeyləri işıqlandırdılar, bizimlə daim əlaqədə oldular. Onu da deməyi lazım bilirəm ki, doğrudur, mətbuatda hər zaman İlqarı dəstəkləyən, yaxud onun tərəfini saxlayan yazılar çox olub, amma təəssüflər olsun ki, bununla bərabər İlqar haqqında yanlış, yaxud hansısa insanların aldatmaq üçün yazıları dərc olunub, fikirlər səsləndirilib. Bu da onu göstərir ki, İlqarın dostları çox olduğu qədər, düşmənləri də var. İctimai dəstəyi da daim hiss etdik. Böyük qisim gənclər İlqara hörmət edir, onu sevir. Burada gənclər tək deyil, başqa qisim şəxslər də var ki, İlqara daim dəstək verirlər. Bunu daim hiss edirik. Adicə yolda gedəndə hər zaman tanımadığım insanlar məni saxlayıb, İlqarı soruşurlar, yəni bu, dəfələrlə olub”.
Xatırladaq ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il tarixində İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. O, kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun həbsi və həbsxanada saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəalarını, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrininin pozduğunu tanıyıb. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib.
Avropa Şurası (AŞ) Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-in Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Əvvəlcə Azərbaycan tərəfinə İ.Məmmədovun azadlığa buraxılması ilə bağlı ötən il oktyabrın 25-ə qədər vaxt verilmiş, ardınca bu vaxt noyabrın 29-a qədər uzadılmış, bu müddətdə isə o, azad edilmədiyi üçün dekabrda ölkəmizlə bağlı prosedur başladılıb. Bunun əsasında isə Azərbaycan Avropa Şurasından ya çıxarıla, ya da səsvermə hüququndan məhrum edilə bilər. Rəsmi Bakıdan gələn ayın birinə kimi cavab verilməsi tələb olunub.

müsavat.com

Şərhlər

XƏBƏR LENTİ