SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AĞALAR VƏLİYEVİ ”SUSDURAN” MÜDHİŞ SƏBƏBLƏR

AĞALAR VƏLİYEVİ ”SUSDURAN” MÜDHİŞ SƏBƏBLƏR

Tarix:

6-02-2018, 11:27

/ 1 264 dəfə oxundu.
AĞALAR VƏLİYEVİ ”SUSDURAN” MÜDHİŞ SƏBƏBLƏR

Parlamentdə 5 ildə bir dəfə danışan deputatın “MTN macəraları”

Parlament sözünün fransızcadan tərcüməsi “parle” - “danışmaq” mənasını verir. Yəni ki, millətin seçdiyi şəxslər, bizim təbirimizcə desək millət vəkilləri bir yerə yığılışıb danışmalı, problemləri həll etməlidirlər. Amma, bizim bir sıra vəkillərimiz “parle” sözünü “par(l)a” mənasında başa düşərək parlamentdə danışmaqdan çox susmağa üstünlük verirlər.
Düzdür, hərdən sükutu pozub danışanları da olur. Ancaq, elə hikmətli sözlər xırdalayırlar ki, bir-iki ay cəmiyyətin dilindən qurtara bilmirlər. Məhz bu səbəbdəndir ki, “danışmaq gümüşdürsə susmaq qızıldır” prinsipinə sadiq qalan deputatlarımız daha çoxdur.
Milli Məclisin bu mənada aktiv deputatlarından biri olan Ağalar Vəliyev danışmağı ilə yox, susmağı ilə gündəm yaratmağı bacaran şəxslərdəndir. Rubrika.az saytının araşdırmasına görə Ağalar müəllim IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Doğrudan da 101 iclasda susmaq, cinqırını belə çıxarmamaq böyük səriştə, eləcə də iradə tələb edir.
Parlamentin üzvləri Ağalar müəllimin səsini bir də 5 il sonra- 2016-cı il dekabrın 7-də Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı eşidə biliblər. Həqiqətən də parlament üzvü üçün qibtə olunacaq qədər fəallıqdır. 5 ildə bir dəfə danışan deputata heykəl ucaldılmasının vaxtı çoxdan çatmışdır.
Parlament üzvlərinin sahibkarlıqla, biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağan olunsa da Ağalar müəllimin iş adamı -“Azəraqrartikinti” ASC-nin rəhbəri kimi fəaliyyəti deputatlığından daha çox tanınır. Düzdür, cənab deputat “Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”-deyərək bunu danır. Amma, onun millət vəkilliyi ilə necə məşğul olduğunu da yuxarıda diqqətinizə çatdırdıq.
Verilən məlumata görə parlamentdə 5 ildə bir fəfə danışan A. Vəliyevin danışmamasına kifayət qədər əsası var. Belə ki, 2013-cü ildə bir məclisdə danışması ona çox baha başa gəlib. Elə bu səhvi də onu MTN-in toruna salıb.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səs yazısı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Verilən məlumata görə Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.
Ağalar Vəliyevin biznes imperiyasına “Kristal Abşeron” MMC də daxildir. Belə ki, bu şirkətin təsisçisi kimi Tovuzdan olan iş adamı Məhayət Nəbiyev göstərilsə də şirkətin qeyri-rəsmi sahibi deputat A. Vəliyevdir.
Daxil olan məlumata görə millət vəkilinin şirkəti Xırdalanda binalar inşa edib. Bu firmadan mənzil alanlar isə sözün əsl mənasında peşman olublar. Çünki alqı-satqı müqaviləsində məzənnəyə uyğun kredit ödənişi edilməsi bəndi yer alıb. Bu da 2015-ci ildəki 2 devalvasiyadan sonra payçıları müflis edib. Onlar dollarla kredit ödəməyə məhkum olunub.
Məsələn, 50 kvadratlıq mənzil 110 min manata başa gələcək. Sakinlərin isə dərdinin üstünə təzə dərd gəlib. Belə ki, “Kristal Abşeron” özəl müəssisə olduğu üçün qazın qiyməti qeyri – əhali kateqoriyası üzrə hesablanır. Şirkət istiliyin qiymətini 40 qəpikdən 70 qəpiyə qaldırıb. Şirkət indiyə qədər qazanxanaları “Azəristiliktəchizat” ASC-yə təhvil verməyib. Bu da azmış kimi, keçən aydan etibarən istilik 70 qəpikdən 80 qəpiyə qaldırılıb. İndi 50 kv mənzili olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. İsti suyun kubmetri isə 2 manat 30 qəpikdən 3 manat 50 qəpiyə qaldırılıb. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, “Kristal Abşeron” isə od qiymətinə… Sakinlərin dediyinə görə, yaxın günlərdə Prezident Administrasiyasının qarşısına toplaşacaqlar. Onlar şirkətin soyğunçuluğundan şikayət etməyə hazırlaşırlar.
Ağalar müəllimin Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan çoxqübbəli, dəyəri milyonlarla ölçülən villası da medyanın sevimli mövzularındandır. Bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalı olduğu da söylənilir. . Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub.
“Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Yəqin ki, əlaqədar qurumlar bütün bunları araşdırsalar A. Vəliyev yenidən sükutu pozmalı olacaq.

Rubrika.az

Şərhlər

XƏBƏR LENTİ