SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xaləddin İsgəndərovla bir qazanda yanan xanım bələdiyyə sədri

Xaləddin İsgəndərovla bir qazanda yanan xanım bələdiyyə sədri

Tarix:

26-01-2018, 10:19

/ 3 910 dəfə oxundu.
Xaləddin İsgəndərovla bir qazanda yanan xanım bələdiyyə sədri

Yerli mətbuatın yazdığına görə, daha çox sabiq vergilər naziri Fazil Məmmədovun yaxın qohumu (qaynı) kimi tanınan başdan-başa çirkaba bulaşan Binəqədinin İcra başçısı Xaləddin İgəndərov yaxın günlərdə postu ilə vidalaşacaq. Bu müxtəlif aspekt və səbəblərlə izah olunur. Bunu icra başçısının özü də bilir və yola hazırlıq görür, yaxın günlərdə kreslosu ilə vidalaşacaq. İcra başçısından çox ona sadiq kadrlar bərk əndişələniblər. Başçı gedərsə, onların vəziyyəti necə olacaq. Söz yox ki, X.İsgəndərovun fəaliyyəti araşdırılacaq, yoxlama yoxlama dalınca... Korrupsiya...Cinayət işi... Həbs...
Bəs qorxuya düşənlər kimdir? Onlardan biri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Sədri Sitarə Cabbarlıdır. 27 yaşı olan bu xanım icra başçısının ən etibarlı kadrlarından biri olmaqla yanaşı X.İsgəndərov kimi mətbuatda qalmaqallı məmur kimi tanınıb. Buna da səbəb icra başçısına arxalanmasıdır. “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipini həyata keçirərək 3 ildir ki, qılıncının dalı da kəsir, qabağı da. 24 yaşında X.İsgəndərovun təyinatı ilə “sədr seçilən” S.Cabbarlı Binəqədi bələdiyyəsini öz qanun və qaydaları ilə idarə edir...
Fəaliyyətində gözəçarpan heç bir məqama rast gəlinməsə də, yerli mətbuatda adı həmişə qalmaqallarda hallanıb. Bu xanım daha çox kobudluğu, vəzifəsindən sui-istifadə edərək, X.İsgəndərova arxalanaraq insanların hüquqlarını, söz və fikir azadlıqlarını tapdalamaqla yadda qalıb...
Məsələn, sədr olduğu 3 il ərzində Sitarə Cabbarlının tanınmış muğənni, teleaparıcı Azər Xudiyevi təhqir etməsini misal çəkək. Belə ki, bir müddət bundan əvvəl Azər Xudiyevin Binəqədi bələdiyyəsində, Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri vəzifəsində işləyən, qardaşı Ceyhun Xudiyevi işindən azad edən xanım sədr, daha sonra onlarla ədavət aparmağa başlayıb.
Nəticədə Azər Xudiyevin vəfat edən atasının yasına, Sitarə Cabbarlı Binəqədi bələdiyyəsinin əməkdaşlarının yas yerinə qatılmasına icazə verməyib. Hətda xanım sədr bələdiyyə əməkdaşlarından kiminsə yasa qatılacağı təqdirdə işindən azad olunacağını bildirib. Atasının yas günündə Starə Cabbarlı ilə əlaqə saxlayaraq nə üçün belə addım atdığını öyrənmək istəyən Azər Xudiyev, bələdiyyə sədri tərəfindən təhqir olunaraq alçaldılıb.
Bununlada kifayətlənməyən Sitarə Cabbarlı, Azər Xudiyevi və işdən çıxardığı qardaşı Ceyhun Xudiyevi bələdiyyədə "razborkaya" da çağırıb. Atasının yas günündə məsələnin daha da dərinləşməsini istəməyən Azər Xudiyev telefonu söndürüb. O, həmin günü bələdiyyə sədri Sitarə Cabbarlı ilə arasında baş verən olayla bağlı, Bələdiyyə sədrinə yazdığı sms-i və sədrin səs yazısını mətbuata təqdim edib.
Məsələ ilə bağlı Sitarə Cabbarlı ilə əlaqə saxlanılsa da, o bu barədə danışmaq istəmədiyini bildirib.
Amma Daşkəsən və Şəmkir rayon polis idarələrinin keçmiş rəisi, mərhum polis polkovnik-leytenantı Bilman Xudiyevin oğlu Azər Xudiyev Sitarə Cabbarlı barədə Prezident İlham Əliyevə müraciət edib.

Müraciəti xatırladırıq:

"Möhtərəm, Cənab Prezident! Bildirirəm ki, mən Xudiyev Azər Bilman oğlu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis polkovnik leytenantı, vaxtı ilə Daşkəsən və Şəmkir rayon polis idarələrinin rəisi vəzifəsində çalışmış, Ümummilli liderimiz cənab Heydər Əliyev tərəfindən işi ilə fərqləndiyi üçün “Fəxri fərman”la təltif edilmiş, Qarabağ müharibə veteranı Xudiyev Bilman Qurbanəli oğlunun övladıyam. Sizə müraciət etməkdə məqsədim Binəqədi rayon Bələdiyyəsinin sədri xanım Sitarə Cabbarlının etik normalara sığmayan, kobud davranışı ilə mənim və ailə üzvlərimizin şərəf və ləyaqətinin alçaldılması ilə bağlıdır. Belə ki, atam 07.07.2016-cı il tarixdə dünyasını dəyişmişdir. Bununla bağlı Bakı şəhəri, Binəqədi rayonu, 7MKR-da, yaşadığımız ərazidə yas mərasimi təşkil edilmişdir. Yas mərasimi verilərkən qardaşım Ceyhun Xudiyevin olduqca gərgin vəziyyətdə olduğunu görərək ona yaxınlaşıb nə baş verdiyini soruşdum. O, mənə bildirdi ki, sabiq iş yerindən iş yoldaşları yas mərasiminə gəlmək istərkən Bələdiyyə sədri xanım Sitarə Cabbarlı tərəfindən qadağalara məruz qalaraq və hər kim yas mərasimində iştirak edərsə işdən qovulacağı ilə təhdid olunmuşlar. Həmin vaxt mən Sitarə Cabbarlıya sms vasitəsi ilə nədən bu hərəkəti etdiyinin səbəbini soruşmaq istədim. Qısa müddətdən sonra özü mənə zəng edərək kobudcasına nəinki vəzifəli şəxsə hətta xanıma yaraşmayan söyüşlərlə təhqir etməyə başladı. Bu da azmış kimi “hardasan dur qardaşını da gətir bələdiyyəyə gəl" deyərək məni "razborka"ya çağırdı. Aramızda olan həmin danışıqlar mənim tərəfimdən lentə alınmış və maddi sübut kimi saxlanılır.
Möhtərəm, Cənab Prezident! Yuxarıda qeyd etdiyim kimi mərhum atam DİN-nin əməkdaşı olaraq dövlət və dövlətçiliyimizin daima keşiyində olmuş, torpaqlarımızın yağı düşmənlərdən qorunmasında iştirak etmiş və onun xidmətləri Ümummilli liderimiz tərəfindən qiymətləndirilmişdir. Ona görə də hesab edirəm ki, atamın yas mərasiminə qarşı bələdiyyə sədri Sitarə Cabbarlı bu cür münasibət göstərməklə bizim ailəni ictimaiyyətdə alçaltmış və ailəmizin şərəf və ləyaqətini təhqir etmişdir.

Möhtərəm, Cənab Prezident!

Binəqədi rayon Bələdiyyəsinin ərazisində xeyli sayda əhali yaşayır. Göründüyü kimi biz və yaxınlarımız daxil olmaqla xanım Sitarə Cabbarlı biz seçicilər tərəfindən seçilmişdir. Bələdiyyələr müvafiq qanunvericiliyin tələblərinə əsasən bütün seçicilərinə qarşı hörmətlə yanaşmalı və onların qayğısına qalmalıdırlar. Çox təəssüflər olsun ki, S.Cabbarlı qanunvericiliyin əksinədir. Bələdiyyə sədri öz seçicilərinə qarşı kobud rəftar edərək heç nədən çəkinmədən və xanıma yaraşmayan təhqiramiz ifadələr işlədir. Bələdiyyə sədrinin bu cür hərəkətlərinidən belə nəticəyə gəlmək olur ki, o, bələdiyyə qurumunun nə olduğunu anlamır. Ona görə də xanım Sitarə Cabbarlı bu vəzifəyə layiq ola bilməz. Bu xanım mənim sənətçi və teleaparıcı olduğumu, yəni ictimaiyyətdə müəyyən qədər tanındığımı bilə-bilə mənə qarşı bu hörmətsizliyi edirsə, sadə vətəndaşla necə davrandığı artıq bəllidir.
Möhtərəm, Cənab Prezident! Bütün nitqlərinizdə Siz vəzifəli şəxslərə üz tutaraq vurğulamısız: “Bütün vəzifəli şəxslər xalqın xidmətçiləridir".
Lakin bu xanım isə Sizin dediklərinizin əksinə “xalqı öz qulluqçusu” hesab edir. İnanıram ki, Sizin tərəfinizdən bu hadisə diqqətlə araşdırılacaq və Sitarə Cabbarlı layiqli cəzasını alacaqdır. Öncədən təşəkkürümü bildirirəm".
Bu xanım sədrlə bağlı digər qalmaqal isə müavini Sabir Həsənovla əlbəyaxa davası olub.
Medianın yazdığına görə, davaya səbəb sədr Sitarə Cabbarlının Sabir Həsənovu müavin vəzifəsindən uzaqlaşdırmaq istəməsidir.
Belə ki, bələdiyyənin sədr müavini Sabir Həsənov öz kabinetində, bələdiyyənin digər üzvləri ilə vergi yığımları haqda danışırmış. Elə bu vaxt otağa daxil olan xanım sədr, müavini alçaldıcı sözlərlə təhqir edib. Bununla da kifayətlənməyən Sitarə Cabbarlı, Sabir Həsənovun yaxasından tutaraq onu bələdiyyədən qovduracağını bildirib.
Məsələdən xəbər tutan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov birinci müavini İlqar Süleymanovu və YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovu dərhal bələdiyyə göndərib. Bələdiyyəyə gələn müavin və sədr onları sakitləşdiriblər.
Onu da qeyd edək ki, Rasim Gözəlov ağdamlıdır, sədrin qohumudur. S.Həsənov isə haqqı müdafiə edir, sözü üzə deyəndir. Səmimidir, o, heç vaxt yalan danışmır və S. Cabbarlının sirr kimi təqdim etdiyi bütün planlarını üzvlərlə səmimi şəkildə bölüşür. Ağsaqqal kimi ona hörmət olunur.
Daha sonra məlum olub ki, bələdiyyə sədrinin Sabir Həsənovu vəzifəsindən uzaqlaşdırmaq istəməsinin səbəbi, guya vergi yığımını lazımi qədər həyata keçirə bilməməsidir. Xanım sədr vaxtilə Vergilər Nazirliyində çalışan və hazırda Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlovu, Sabir Həsənovun yerinə gətirərək, vergi yığımında vəziyyəti yaxşılaşdırmaq istəyir.
Qeyd edək ki, Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlov, Vergilər Nazirliyində çalışıb və işində yol verdiyi nöqsanlara görə nazir Fazil Məmmədovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb.
Ötən ilin aprelində Binəqədi rayonunda əməkdar jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin 65 illik yubileyi münasibətilə barelyefinin açılış mərasimində də S.Cabbarlı qalmaqal salıb.
Belə ki, rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun və bir sıra digər vəzifəli şəxslərin şəxsən iştirak etdiyi bu tədbir başa çatar-çatmaz özünü qonaqlara yetirmək istəyən bələdiyyə sədrini qarşısını tədbirin digər iştirakçısı, rayon İdman İdarəsinin rəisi Qüdsi Bayramov kəsib. Görünür idmançıların rəhbəri Qüdsi Bayramov bələdiyyə sədrindən arxa sıralarda qalmasını, qonaqlara yaxınlaşmamasını tələb edib. Elə bu an Sitarə Cabbarlının xüsusi tonla dediyi, “Sən kimsən əəə” ifadəsi tədbirdə iştirak edən iştirakçıların diqqətini cəlb edib.
Qüdsi Bayramov ona qadın olduğunu xatırlatsa da Sitarə Cabbarlı bundan bir az da hiddətlənərək, ailənin son beşiklərinə xas ərköyünlük nümayiş etdirərək daha bir neçə nalayiq ifadələr işlədərək onu hədələməyə başlayıb.
Yaxşı ki, qəzəblənmiş xanım sədrin yanında onu sakitləşdirəcək rəfiqələri olub.
S.Cabbarlı ilə bağlı yerli mediada ən müdhiş xəbər isə 2015-ci ildə yayılıb. Xəbərlərə görə, Xaləddin İsgəndərova etimadını qazanmış bələdiyyə sədri olan xanım kadrlarından biri (hazırda onun kimliyi barədə dəqiqləşmə aparırıq) Nərimanov rayon polisi tərəfindən saxlanılıb.
Verilən məlumata görə, yanında bir nəfər dostu olan bələdiyyə sədri bir gecə polis bölməsində qalmalı olub. Gecə saatlarında saxlanılan hər iki şəxsin üzərindən narkotik maddə tapıldığı bildirilir.
Araşdırmalara görə, Xaləddin İsgəndərovun etimadını qazanmış qadın bələdiyyə sədri iki nəfərdir. Onlardan biri də Binəqədi rayon bələdiyyəsini sədri Sitarə Cabbarlıdır.
Adıçəkilən heç bir xanımın bu xəbərə öz etirazını bildirməsi yazılanların həqiqət olduğunu deməyə əsas verir.
Hətta bu bələdiyyəni camaat arasında Binəqədi rayonu Ağdam bələdiyyəsi kimi tanıyırlar. Bələdiyyə işçilərinin yarısı ağdamlıdır. Hətta bələdiyyə sədrinin və müavininin yaxın qohumları bələdiyyə aparatında işləmək qadağası olsa da həm S. Cabbarlının, həm də müavini Rasim müəllimin yaxın qohumlarıdır.
O da söylənilir ki, üzvlər bütün bunlara etiraz olaraq həm prezidentə, həm də aidiyyatı qurumlara müraciət eləmək istəyirlər ki, bələdiyyənin 3 illik fəaliyyəti yoxlanılsın.
Bu S.Cabbarlının özbaşnalığı, X.İsgəndərovun onu himayə etməsi nəticəsində bələdiyyə sədri adına yaraşmayan hərəkətlərinə qısa ekskursiya idi. Hələ ictimaiyyətin bilmədiyi çox faktlar var. Bu faktlar da S.Cabbarlının yarıtmaz fəaliyyətinin nəticəsidir ki, icra başçısı tərəfindən ört-basdır edilir. Hadisələrin bu istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, X.İsgəndərov özü ilə bərabər S.Cabbarlını da oda atıb. Hər ikisi qaynar qazandadır...

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Avrasiya.net

Şərhlər

XƏBƏR LENTİ