SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabunçu Polis İdarəsinin müstəntiqi Şövqi Əsgərovun polisin şanlı tarixinə xələl gətirəcək cinayət işi

Sabunçu Polis İdarəsinin müstəntiqi Şövqi Əsgərovun polisin şanlı tarixinə xələl gətirəcək cinayət işi

Tarix:

28-12-2017, 14:29

/ 5 097 dəfə oxundu.
Sabunçu Polis İdarəsinin müstəntiqi Şövqi Əsgərovun polisin şanlı tarixinə xələl gətirəcək cinayət işi

Dünyada və onun ayrı-ayrı regionlarında mövcud siyasi gərginliklərə, iqtisadi böhrana baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən hərtərəfli islahatlarda və quruculuq işlərində yaxından iştirak edən daxili işlər orqanları tərəfindən respublikada ictimai asayiş və təhlükəsizlik 2017-cı ildə etibarlı qorunub.Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllər davam edib, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində digər hüquq mühafizə strukturları ilə birgə həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb. Daxili işlər naziri cənab Ramil Usubovun, Daxili işlər nazirinin birinci müavini cənab Vilayət Eyvazovun rəhbərliyi və daimi nəzarəti altında məqsədyönlü surətdə davam etdirilən profilaktik fəaliyyət nəticəsində cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb. Cinayətlərin açılması sahəsində əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət əvvəlki illərdə olduğu kimi, kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpasına yönəlib.
İl ərzində əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olub, qanunla müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilib, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlar və hərbi qulluqçular yüksək peşəkarlığı ilə fərqləniblər, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işi uğurla davam etdirilib.

Lakin əlbəttə ki, polisin sıralarına düşmüş təsadüfi şəxslərin yarıtmaz fəaliyyətinə də rast gəlinib ki, bu da daxili işlər orqanlarının yüksək nüfuzuna xələl gətirir. Belə şəxslərin ələlxüsus da yüksək zabit heyəti sıralarında yer alması məyusluq doğurur.

BİR DAHA SÜBUTETMƏ PROSESİNİN OBYEKTİVLƏŞDİRİLMƏSİ HAQDA…

Məlum olduğu kimi, sübutetmə prosesinin obyektivləşdirilməsi dedikdə, ibtidai istintaq və təhqiqat iştirakçılarının faktiki məlumatların elə vasitələrin köməyi ilə müəyyən edilməsi və möhkəmləndirilməsinə (rəsmiləşdirilməsinə) yönəlmiş fəaliyyəti başa düşülür ki, bunların tətbiqi gələcəkdə hər hansı subyektiv və digər amillərin həmin məlumatlara təsirini istisna edir (təkzib, saxtalaşdırma, dəyişdirmə və s.). Obyektivləşdirmə üçün elə kompleks prosessual və texniki vasitələr cəlb edilir ki, onlardan istifadənin nəticələri hər hansı bir şəxsin özbaşına qərarı ilə mövcud olmayan, dəyişdirilmiş və ya saxtalaşdırılmış hesab edilə bilməz. Əgər belə fərziyyələr irəli sürülərsə, onların köməyi ilə bu fərziyyələrin əsassızlığı heç çətinlik olmadan müəyyən edilir. Beləliklə, obyektivləşdirmə elə sübutlar sistemini formalaşdırmağa imkan verir ki, onların mövcudluğu şəraitində ifadənin dəyişdirilməsi imkanları müvafiq formada möhkəmləndirilmiş faktiki məlumatların köməyi ilə aradan qaldırılır. İstintaq prosesi, həmçinin, təhqiqat prosesində sübutetmənin indiki mürəkkəb dövründə, müstəntiqin kifayət qədər sabit sübutlar sistemi formalaşdırmaq bacarığı zəruridir. Təəssüf ki, bu yazıda bacarığı şübhə doğuran müstəntiqdən söz açamağa məcburuq.

TƏHQİQATSIZ İSTİNTAQ

Füzuli şəhəri, Komsomol küçəsi, ev 3 ünvanda qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi ev 22 ünvanda yaşayan 1970-ci il təvəllüdlü vətəndaş Xəlilova İlhamə Məhər qızı redaksiyamıza müraciət edərək şərə düşdüyünü bildirmişdir. Xəlilova bildirir ki, 17.06.2017-ci il tarixdə qonşusu Səfurə adlı şəxs ilə aralarında mübahisə yaranmışdır: “Mübahisəyə səbəb Səfurənin evində yaşayan İmişli rayon sakini Günel adlı qızın yaşadığımız evin qarşısına zibil tökməsi olub. Ona zibili başqa yerə tökməyi məsləhət gördüm. Günel ona bildirdiyim iradın qarşılığında məni kobud, nalayiq ifadələrlə təhqir etməyə başladı. Mən onun əlindəki beli alıb tökdütü zibili kənara yığdırdığım anda o, üzərimə hücum çəkərək məni vurmağa başladı. Bu vaxt hadisənin şahidi olan bir neçə qonşu onu aralayıb aparmaq istəsə də, o, yenidən mənim üstümə hücum etdi. Bu zaman Səfura mağazadan əlində bıçaq çıxaraq həyat yoldaşım Mütəllimin üstünə şığıdı və bıçağın arxa nahiyəsi ilə onun başına vurdu Bütün bu baş verənlər anbaan yaxınlıqdakı müşahidə kamerasına düşmüşdür Lakin hazırda işi aparan Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Şövqi Əsgərov kameradakı videoqeydlərə hüquqi qiymət vermədən, əsl təqsirkarın əməlinə hüquqi qiymət vermədən məni suçlu hesab edərək barəmdə Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə cinayət işi açmışdır. Müstəntiq işin hallarını araşdırmaqda çətinlik çəkir. Heç bir günahım olmadığı halda, döyülən də, söyülən də, təhqir olunan da mən olduğum halda məhz mənim barəmdə cinayət işi açılıb. Necə olur ki, iyun ayında baş verən hadisənin bütün bu dövr ərzində təhqiqatı aparılmadan dekabr ayında istintaqı gedir?”

Vət. Xəlilova 26.12.2017-ci il tarixdə Daxili İşlər Naziri cənab Ramil Usubova şikayət edərək cinayət işinin rədd edilməsini, redaksiyamıza müraciətində isə məsələnin ictimailəşdirilməsini xahiş etmişdir.

VƏTƏNDAŞ HÜQUQLARININ MÜDAFİƏSI PRİORİTET HESAB OLUNMALIDIR, AMMA…

Məsələ ilə əlaqədar 27.12.2017-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin müstəntiqi polis mayoru Şövqi Əsgərovun qəbulunda oldum. Məlumat üçün qeyd edim ki, həmin gün vət. İlhamə Xəlilovanın həyat yoldaşı Mütəllim Xəlilov və hadisənin hal şahidi olmuş qonşusu inzibati məsuliyyətə cəlb olunaraq İdarədə saxlanılmışdı. Müstəntiqə CM-nin 128-ci maddəsinin birbaşa təhqiqatla əlaqəli olduğu halda niyə təhqiqat aparılmadan işin birbaşa istintaqa getdiyini, niyə ortada sahə müvəkkilinin araşdırmasının, tərəflərdən aldığı izahatların olmadığını, niyə xəsarətin dərəcəsinin müəyyən edilmədiyini, iyunda yetirilmiş yüngül xəsarətin izinin altı ay sonra necə müəyyən edildiyini soruşdum. Müstəntiq mənim suallarıma sualla cavab verdi: “Sən prokuror-zadsan?” Bu azmış kimi saxladığı şəxsləri hədələdi ki, “xanımı (İ. Xəlilovanı) tutmayacam, sizi isə həbs edəcəyəm”. Yəqin, bu ultimatumu ilə ona nail olmaq istəyirdi ki, İ. Xəlilova ərinin və qonşusunun şərlənib həbs olunmasından qorxub gəlsin və tez-tələsik yekun protokola qol çəkib işi məhkəməyə göndərsin (Bu isə əlbəttə ki, qanun pozuntusu ilə əldə edilmiş “sübut” olacaqdı. Qanun pozulması ilə əldə olunmuş sübutlar isə hüquqi qüvvəsi olmayan hesab edilir və hökmün əsasına qoyula bilməz. Qanunun pozulması ilə əldə edilmiş sübutlardan hökmün əsaslandırılması üçün istifadə edilə bilməməsi barədə qanunun göstərişi belə bir nəticəyə gəlməyə imkan verir ki, qanunun pozulması ilə əldə edilmiş sübutlardan yalnız ittiham hökmünün əsaslandırılması üçün istifadə oluna bilməz. Şəxsə (bizim misalda İ.Xəlilovaya) bəraət verən halların sübut edilməsi üçün də onlar tamamilə yararlıdır).

Mənim ona ünvanladığım israrlı sualları cavablandırmaqda aciz qalan müstəntiq hədə-qorxu gəldi ki, hətta mənim özümü də istintaqın gedişinə maneçilik törədən jurnalist kimi həbs edəcək (Azərbaycan Respublikası Konstitusiyası (26-cı maddə) müəyyən edir ki, vətəndaş hüquqlarının müdafiəsi prioritet hesab olunmalıdır. Təqsirləndirilən şəxsin mənafeyinin müdafiəsi təminatının pozulması motivi ilə cinayət prosesində bəraətverici sübutları sübutetmə zamanı qəbuledilməz hesab etmək məntiqə uyğun deyildir. Bizim misalda həmin bəraətverici sübutlar KİV vasitəsilə təqdim olunur ki, bunu da istintaqın gedişinə müdaxilə kimi qiymətləndirmək düzgün deyildir).

Mən onunla söhbəti davam etdirməyə lüzum görməyib kabineti tərk etdim. Bu zaman müstəntiqdə mənim arxama çıxaraq qolumdan tutub, zor tətbiq edərək otağına diğru itələmək istədi. Mən isə ondan müqavimət göstərməməsini tələb etdim. yenə də fayda vermədi. Bir yol tapıb idarədən bayıra çıxa bildim. İdarədən uzaqlaşanda post-patrul xidməti əməkdaşlarının vurnuxmasını müşahidə etdim. Bu da məndə belə şübhə oyatdı ki, müstəntiq doğrudan da məni şərləmək üçün polislərə tapşırıq vermiş ola bilər.

“JURNALİST-POLİS MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ” MÖVZUSUNDA KEÇİRİLƏN “DƏYİRMI MASA”LAR YADDAN ÇIXANDA…

Dərhal sonra Daxili İşlər Nazirliyinin mətbuat katibi cənab Ehsan Zahidova zəng edib məsələni danışdım. DİN-nin sözçüsü istintaqın gedişinə təsir etmək iqtidarında olmadığını bildirdi. Halbuki ondan belə bir müdaxiləni xahiş etmirdim, sadəcə münasibət bildirməsini istəyirdim. Çünki cənab Zahidovu “jurnalist-polis münasibətlərinin tənzimlənməsi” mövzusunda keçirilən “dəyirmi masa”larda hörmətli nazirdən sonra söz sahibi olan ikinci şəxs kimi tanıyırdım. Az olmayıb ki, hər hansı mübahisəli məsələlərdə konstruktiv və eyni zamanda alternativ həll variantını tapmaq yolunda xahişlərini də yerinə yetirmişik. Onunla söhbətim məyusluq doğurandan sonra ona hadisəni ictimailəşdirəcəyimi bildirdim və”102” xidmətini yığıb məlumat verdim.

Yeri gəlmişkən qeyd edim ki, həmin insidentin əsl səbəbkarlarının, yəni, Səfura və Günelin kobud rəftarından vaxtilə digər qonşular da yerli hüquq – mühafizə orqanlarına, polis rəisi Eldar İlyasova şikayətləniblər və şikayət ərizəsinə 10 nəfər qonşu imza atıb. Müstəntiqə bu barədə məlumat verilib, amma o, nədənsə bu məsələlərə kompleks şəkildə baxmağa maraq göstərməyib. Hər iki tərəfin əməlinin subyektiv meyarlarını ölçməyib, bir tərəfin silahlı təhdidlə müşayiət olunan xuliqanlıq hərəkətinə göz yumduğu halda digər tərəfi ittiham edib. Bu yerdə xatırlatmağa dəyər ki, Çəkişmə prosesi şəraitində hal şahidləri mühüm təsdiqedici rol oynayır. Bir sıra praktiki işçilər qanunun hal şahidlərinin iştirakı barədə tələbini müstəntiqə etimadsızlıq (inamsızlıq) kimi qiymətləndirirlər. Əslində isə, hal şahidlərinin iştirakında hamıdan çox müstəntiq maraqlıdır (maraqlı olmalıdır), çünki bu, tam yararlı sübutların saxlanmasını təmin edir, həqiqətə uyğun olmayan ifadələrin təkzib olunmasına kömək edir, prokuror tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəli həyata keçirilməsinə şərait yaradır. Bizim misalda isə, fərli olaraq, müstəntiq Şövqi Əsgərov şahidlərə təzyiq göstərir.

MÜSTƏNTİQ ƏSGƏROVUN GÖRMƏDİYİ VƏ YA GÖRMƏK İSTƏMƏDİYİ PREDMETLƏR

Hadisə yerində cinayətin izlərinin axtarışının səmərəliliyinin yüksəldilməsi aktual vəzifədir. Təəssüf ki, bəzi hallarda kriminalistik cəhətdən yaxşı öyrənilmiş əl, ayaq, sındırma alətləri, nəqliyyat vasitələri və s. predmetlərin izləri barədə onların aşkar edildiyi yerdə tələsik və belə izlərin eyniləşdirmə üçün yararlı olmaması barədə kifayət qədər əsası olmayan qərarlar qəbul edilməsi əsas nöqsan kimi qalmaqda davam edir. Bu kimi hallar xüsusilə baxışda təcrübəsiz mütəxəssis iştirak etdikdə müşahidə edilir. Baxış zamanı izləri səthi öyrənərək o, izdaşıyıcılarının əhəmiyyətini tam qiymətləndirə bilmir və onların götürülməsi üçün tədbirlər görmür. Mayor Əsgərov da məhz belə nöqsanlara (yumşaq ifadədir) yol vermiş, daha dəqiq desək, Səfuranın bıçağının, Günülin zibilinin izini öyrənməmiş, isti izlərin üstünə gəlib çıxmağa borclu olan sahə müvəkkilinin raportunu axtarmamışdır.
İfadənin səmimiliyi və ya əsl niyyətin gizlədilməsi, yalan proqramlaşdırma və s. haqqında məsələnin aydınlaşdırılması üçün videolentə çəkilmiş şəxsin davranışının psixoloji ekspertizası xüsusi maraq doğurur. Yuxarıda qeyd etdiyimiz kimi, Günel xanımın psixoloji durumu ətrafdakılarda şübhə doğurub. Bu üzdən onun davranışındakı qəribəlikləri araşdırmaq (videomüşahidə kamerasında görüntülər ola-ola) müstəntiq üçün maraqlı olmalıydı – amma olmayıb.

***
İbtidai istintaq zamanı sübutetmənin obyektivləşdirilməsi müxtəlif yollarla reallaşdırılır. Bu zaman ənənəvi və ən etibarlı yol, maddi sübut növündə işə əlavə edilə bilən cinayətin maddi izlərinin aşkar edilməsi, obyektlərin axtarılıb tapılmasıdır. Təcrübənin təhlili göstərir ki, müstəntiqlər, bir qayda olaraq, yalnız təqsirləndirilən (təqsirləndirdikləri) şəxsin və ya şübhəli şəxsin hərəkətləri ilə bağlı olan iz və predmetlərin axtarışına səy göstərirlər. Halbuki, qanun cinayət işi üzrə faktiki halların müəyyən olunmasına xidmət edə bilən bütün predmetləri (bizim misalda müstəntiq Əsgərovun görmədiyi və ya görmək istəmədiyi) sonunculara aid edir.

Ramin Məhəmmədoğlu,

RealMedia.az-ın baş redaktoru

Şərhlər

XƏBƏR LENTİ