SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB

AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB

Tarix:

16-02-2017, 19:37

/ 1 731 dəfə oxundu.
AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun həyat və fəaliyyətinə həsr olunan tədbir keçirilib.

Tədbiri açan MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü akademik Ziya Bünyadovun elmi irsi, həyatı və şəxsiyyəti barədə fikirlərini səsləndirib. Bildirib ki, görkəmli alimin geniş dünyagörüşü, hədsiz zəhmətsevərliyi və böyük tədqiqatçı istedadı onun hər bir əsərində özünü göstərib. Görkəmli alimin bir çox əsərlərinin elektron bazaya daxil edildiyini və bu yöndə işlərin bundan sonra da davam etdiriləcəyini deyib.

Tədbirdə MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin rəhbəri Ofeliya Yunusova təqdimatla çıxış edib. Ziya Bünyadovun alimlik dərəcəsi alıncaya qədərki təhsil mərhələlərindən, İkinci Dünya müharibəsi cəbhələrində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə təltiflərindən, elmi və ictimai fəaliyyətindən söz açıb: “50-ci illərin ortasından öz taleyini həmişəlik Akademiyaya bağlamış Z.Bünyadov AMEA-nın vitse-prezidenti vəzifəsinə qədər uzun illər A. Bakıxanov adına Tarix İnstitutunda və Şərqşünaslıq İnstitutuna müxtəlif vəzifələrdə çalışıb. Tarix elmini öz samballı tədqiqatları ilə zənginləşdirmək istiqamətində fəaliyyətinə görə Ziya müəllim 1967-ci ildə Akademiyanın müxbir üzvü, 1979-cu ildə isə həqiqi üzvü seçilib”.

Ziya Bünyadovun siyasi fəaliyyətindən danışan Ofeliya Yunusova onun Milli Məclisin deputatı olduğu müddətdə dəfələrlə erməni tarixçilərinin çoxsaylı saxtakarlıqlarını təkzibedilməz elmi faktlarla ifşa etdiyini söyləyib. Onun siyasi repressiya qurbanlarına bəraət verilməsi üçün lazımi sənədlərin tapılması sahəsində axtarışlarının alimin vətəndaşlıq mövqeyinin göstəricisi olduğunu deyib.

Tədbirdə akademik Ziya Bünyadovun müəllifi olduğu kitablardan danışılıb. Bildirilib ki, alimin əsərləri Fransada, İraqda, Rusiyada, Türkiyədə və bir sıra başqa ölkələrində nəşr olunub. Dünyanın tanınmış alimlərinin əsərləri onun tərəfindən ingilis, ərəb, rus və türk dillərindən tərcümə edilib. Alimin ən yaddaqalan töhfəsi isə akademik Vasim Məmmədəliyevlə birlikdə “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə etməsi olub.

Təqdimatda akademik Z.Bünyadovun MEK-in fondunda saxlanılan “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəylər dövləti”, “Qırmızı terror”, “Qafqazdan Berlinədək” və digər əsərləri, eləcə də görkəmli alim haqqında yazılmış, onun həm elm, həm də müharibə cəbhəsində fədakarlığından bəhs edən “Ölümdən güclü” kitabı və müəllifi Eldar Əsgərov olan “Öldürülmüş qalaktika” kitabı haqqında məlumat verilib. Bildirlib ki, alim haqqında yazilan bu dəyərli əsərlər MEK-in elektron bazasına daxil edilib və oxucuların istifadəsinə verilib.

AMEA Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev Ziya Bünyadovun üç böyük monoqrafiyası haqda danışaraq lokal Azərbaycan tarixinin yazılmasında bu monoqrafiyaların, ümumiyyətlə Z.Bünyadovun araşdırmalarının əhəmiyyətini xüsusi vurğuladı.

AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, institutun əməkdaşı Zemfira Qurbanova, akademikin ailə üzvləri Elza Bünyatova, Leyla Zülfüqarova Ziya Bünyadovun ictimai və elmi fəaliyyətindən geniş söz açıblar. Alimin tariximizin müxtəlif dövrlərinə dair fundamental tədqiqatlarından, orta əsrlərə aid mənbələrin araşdırılması və tərcüməsi sahəsində fəaliyyətindən, respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə verdiyi töhfələrdən və yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında xidmətlərindən bəhs ediblər.

MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova, Fondların mühafizəsi bölməsinin rəhbəri Xuraman İsmayılova, Şərq ədəbiyyatı fondunun rəhbəri Aidə Hüseynova çıxış edərək MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazası, Ziya Bünyadovun əsərlərinin MRY bazasına salınması, kitabxanada görülən digər işlərdən də söz açdılar.

Təqdimatda Ziya Bünyadovun kitablarından ibarət slayd və onun haqda film təqdim edildi.
AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB
AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB
AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB

Şərhlər

XƏBƏR LENTİ