SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yasamalın icra başçısı Çovdarovla necə qonşu oldu? - Sensasion araşdırma

Yasamalın icra başçısı Çovdarovla necə qonşu oldu? - Sensasion araşdırma

Tarix:

16-02-2017, 10:05

/ 2 143 dəfə oxundu.
Yasamalın icra başçısı Çovdarovla necə qonşu oldu? - Sensasion araşdırma

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) bandanın işi Yasamal Rayon İcra Hakimiyyətinə də çatdı. Paytaxtın mərkəzi rayonlarından birinə rəhbərlik edən İbrahim Mehdiyevin “saman altdan su yeritdiyi” barədə təfərrüatı və detalları ilə faktlar meydana çıxdı.

Torpaq bölgüsü

İcra başçısı bu günə kimi MTN işi ilə bağlı həqiqətlərin açılmasına imkan verməmişdi. İndi aydın olur ki, MTN generalları - Eldar Mahmudovla Akif Çovdarovun tələsinə düşmüş İbrahim Mehdiyev sonra qruplaşmanı tərk etmək istəməyib. Mətbuatda yayılan məlumatlar və vəkil Ramiz Zeynalovun açıqladığı faktlardan görünür ki, Yasamal rayon rəhbərliyi əməlli-başlı MTN bandasının təsiri altına düşüb. Sonra ona yaradılan imkanlardan imtina etməyib. “Gündəm-Xəbər”in verdiyi məlumata görə, 1999 - 2000-ci il tarixli saxta sərəncamla MTN generalı Akif Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib. Ərazi rabitə naziri Əli Abbasov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında bölünüb. Bu fakt vəkil Ramiz Zeynalov tərəfindən açıqlanıb. Yəni, bu bir qəzetin mülahizə və iddiası yox, hüquqşünasın təqdim etdiyi siyahıdır. Yasamal icra başçısı MTN rəhbərliyinə biət edib. Onların əmrlərinə boyun əymiş icra hakimi onlarla əlbir olub. Faktiki olaraq, icra başçıları Mərdəkandakı torpaqları bölüşdürüb. Bu ərazilər Yasamal şefindən alınmayıb. Ondan bu məsələni sorğu-sual da etməyiblər. İ.Mehdiyev yalanları mükəmməl şəkildə gizlədib. Vəkil araşdırmasa, ortaya həqiqətlər çıxmazdı. Çovdarovla qonşu olan Mehdiyevin bu torpaqların bölüşdürülməsində iştirakı MTN generallarına yaxınlığına dəlalət edir. Onun vəzifədə qalmasında və Yasamal rayonunu istədiyi şəkilə salmasında Mahmudov əlaltılarının ciddi rolu olduğu iddia edilir. Ümumiyyətlə, 2015-ci ildən Bakının Yasamal Rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyevin adı Milli Təhlükəsizlik Nazirliyinin işində hallanıb.

Yubiley təbriki

Məlumata görə, 2009-cu ildə Yasamal Rayon İcra Hakimiyyətində Milli Təhlükəsizlik Orqanlarının yaranmasının 90 illik yubileyi keçirilib. İcra başçısı İbrahim Mehdiyev tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərdən danışıb. O, əldə etdikləri uğurlarda böyük xidmətləri olan MTN-in naziri Eldar Mahmudovu və digər əməkdaşlarını rayon ictimayyəti adından və şəxsən öz adından bu şanlı yubiley münasibətilə təbrik edib. Bu fakt mediada öz əksini tapıb və internetdə axtarış verməklə məlumat əldə etmək olar. MTN-nin 90 illik yubileyi heç də hər RİH-də keçirilməyib. Bir təhlükəsizlik orqanının fəaliyyəti haqda yubiley tədbirinin RİH-nə hər hansı əlaqəsi yoxdur. İ.Mehdiyev isə özündə əlahiddə borc və missiya görüb, tələm-tələsik yubiley təbriki ünvanlayıb. 2009-cu ildə bu tədbir rəsmi xəbər kimi informasiya portallarında diqqətdən kənarda olub və kimsənin alının ucundan da keçməyib ki, yubiley tədbirinin təşkilində məqsəd Mahmudova özünü göstərmək olub. Bundan başqa, Eldar Mahmudov paytaxtın təsərrüfat sahələrinə nəzarət edən obyektlərin rəhbərliyinə də öz adamlarını yerləşdirib.

Yasamalda mənzillənməyin sirri

Məlumata görə, Eldar Mahmudovun Bakının ən çox Yasamal rayonunda mənzillənməsi, biznes şəbəkəsi qurması, obyektlərinin şəhərin bu zonasında olması təsadüfi deyil. Nazirin oğlu, onun biznes-imperiyasını idarə edən Anar Mahmudovun Bakının Yasamal rayonu, İsmayıl Qutqaınlı küçəsində yerləşən “Altes Plaza” biznes mərkəzində yerləşən daha bir ofisi olub. Qeyd edək ki, Eldar Mahmudovun şər və qorxu imperiyasının hökmranlığı dövründə onun taladığı pullar hesabına qurduğu biznes imperiyası barədə mətbuatda hər hansı məlumata rast gəlmək mümkün deyildi. Bu haqda təbii ki, heç kim danışmazdı, danışmağa cəsarət etməzdi. Lakin Mahmudov və dəstəsi zərərsizləşdiriləndən sonra məlum oldu ki, keçmiş milli təhlükəsizlik naziri nəhəng biznes şəbəkəsinə malikdir. Onun “Caspian Crystal Holding”də birləşən biznesini oğlu Anar Mahmudov idarə edir. Və holdinqin ofisi Bakının Yusif Səfər küçəsi, 33 ünvanında yerləşən “Crystal Plaza”da yerləşir. Yer gəlmişkən həmin plaza həm də Mahmudovun mühüm görüşlər keçirmək üçün istifadə etdiyi məkan olub. İndi isə məlum olub ki, Mahmudovun oğlu 2014-cu ilin iyul ayında “Altes Group” tikinti şirkətinin Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 ünvanında inşa etdiyi dəbdəbəli “Altes Plaza” biznes mərkəzinin 20, 21, 22 və 23-cü mərtəbələrini bütöv alıb. Müəyyən edilib ki, bu daşınmaz əmlakın ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Həmin mərtəbələrdə yerləşən mənzillərin alınması üçün 3 milyon 560 min manatdan çox vəsait ödənilib və Anar Mahmudov aldığı mənzilləri ofis kimi istifadə etməyə başlayıb.

Çilingərlikdən vəzifəyə cəncəl yol...

Bu cəncəl işlərə qarışmış məmur - İbrahim Mehdiyev bəs, kimdir? Bu suala cavab tapmaq üçün vikipedik məlumatları əvvəlcə əldə etmişik. O, 1 aprel 1946-cı ildə Ağdaşda anadan olub. Yəni, gülü günü...1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi çalışıb. Sonra“Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib. 2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezidentin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 1974-cü ildə “Şərəf Nişanı” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var. 70 yaşlı icra başçısının yrinə gənc kadr təyin olunacağı da yayılan iddialar arasında səslənir.

Biət edən başçılar araşdırılır

Məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə tabe olmuş icra hakimiyyəti strukturları araşdırılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş məmurlar var. Onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Həmçinin, Yasamalın icra başçısı İbrahim Mehdiyev, Xətainin icra başçısı Razim Məmmədov və Suraxanının icra başçısı İlqar Abbasovun adları keçir. Onlar barəsində mətbuatda kifayət qədər yazılıb. Adı MTN işində keçmiş icra başçıları ilə bağlı hansı qərar veriləcəyi bilinmir. Eldar Mahmudov özünə yaxın şəxsləri dövlətin müxtəlif qollarına, o cümlədən icra hakimiyyətlərinə yerləşdiribmiş. Xatırladaq ki, paytaxtın Xəzər rayonunda qanunsuzluqlar ifşa edilib. Belə ki, MTN rəhbəri Eldar Mahmudova və bandasının üzvlərinə bağışladığı mülklər üzə çıxıb. Mətbutada gedən məlumatlarda bildirilir ki, bəzi icra başçıları keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən himayə olunub. Bəzi icra başçılarının təyinatında onun da rəyi nəzərə alınıb. Eldar Mahmudov bu adamların onun maraqlarını qeyd-şərtsiz qoruyacaqlarına əmin olduqdan sonra onların təyinatına “hə” deyib. Keçmiş MTN şefinin gözləntiləri özünü doğruldub. Məlumata görə, MTN işində bu şəxslərin Eldar Mahmudovun göstərişi əsasında törətdikləri bir çox qanunsuz əməllər üzə çıxıb və bu onlar haqqında “vurulma” qərarının verilməsini şərtləndirib. Bildirilir ki, yaxın vaxtlarda bəzi icra başçıları işdən çıxarılacaq. Bu iddia və ittihamlar isə heç də bizim öz mülahizə və ya təhlillərimizdən ibarət deyil, ortaya çıxan faktlar əsasında gələn nəticələrdir. Güman olunur ki, Yasamal rayon rəhbərliyi barəsində gündəmdə olan bu məsələlərə aydınlıq gətirəcək və münasibət bildirəcək. Susmaq isə ya razılıq, ya da tərəddüd əlamətidir. Hər halda bu məsələləri cavab verməklə aydınlaşdırmaq olar. Bir qəzet olaraq İ.Mehdiyevin də mövqeyini çap etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ