SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kiçik məmurların böyük xətası: "Azəravtoyol" rəhbərliyinin vətəndaşlara yuxarıdan aşağı baxışı+FOTOLAR

Kiçik məmurların böyük xətası: "Azəravtoyol" rəhbərliyinin vətəndaşlara yuxarıdan aşağı baxışı+FOTOLAR

Tarix:

21-11-2017, 15:16

/ 1 434 dəfə oxundu.
Kiçik məmurların böyük xətası: "Azəravtoyol" rəhbərliyinin vətəndaşlara yuxarıdan aşağı baxışı+FOTOLAR

Hər zaman sosial problemləri diqqət mərkəzində saxlamışıq. Sosial layihələrdə iştirak etməklə bərabər, vətəndaşların bu və digər mövzuda şikayətçi olduqları məsələlərin həllində yaxından iştirak etməyə çalışmışıq. Dəfələrlə müxtəlif dövlət qurumları ilə insanlar arasında vasitəçilik edərək obyektiv və subyektiv səbəblərdən yaranan problemləri çözməyə təşəbbüs göstərmişik. Bütün bunlarda yeganə məqsədimiz dövlət başçısına üzərinə düşən ağır missiyanı yerinə yetirməkdə az da olsa yardımçı olmaq, dövlətimizin imicinin xalq içində müsbət olmasına çalışmaqdır. Amma əfsuslar olsun ki, bəzi hallarda buna nail ola bilmirik.
Aşağıda sizə təqdim edəcəyimiz fotolar portalımızın rəhbərliyinin yaşadığı ərazidən çəkilib. Konkret desək, Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci mədən küçəsindən. Baş redaktorumuz Səbuhi Qafarovun sözlərinə görə, 10 ilə yaxındır ki, uçuq-sökük yolu düzəltdirmək mümkünsüzə çevrilib: “Ümumiyyətlə indiyədək aydınlaşdıra bilməmişik ki, bu yol hansı qurumun balansındadır – “Azəravtoyol” ASC-nin, yoxsa icra hakimiyyətinin. Sabunçu rayon İcra Hakimiyyəti ilə hər hansı əlaqə yaratmaq, nəsə xahiş edib hansısa tədbirin reallaşmasına nail olmaq mümkünsüzdür. Buna baxmayaraq, ərazidə yaşayan sakinlər dəfələrlə orada olublar, nəticəsi gördüyünüz kimi, yoxdur. “Azəravtoyol”a da həmçinin, dəfələrlə müraciət olundu, amma nəticə ala bilmədik. Sakinlər dəfələrlə yığılıb aksiya keçirməyə, Şəhər şossesi (Zabrat yolu) magistralını bağlamağa hazırlaşsalar da, mən məsələyə müdaxilə edərək, sakitlik yaratmışam, bildirmişəm ki, bu, dövlətimizin nüfuzuna zərbə olar. Uzun müddət sivil vasitələrlə mübarizə apardıqdan sonra nəticəsizlikdən bezərək özləri vəsait yığıb daş karxanasından yola daş qalıqları gətirib tökdürdük. Bununla da iki böyük məhəlləyə avtomobillə giriş bağlanıb. Daş qalıqlarını yaymaq problemini bir həftədir həll edə bilmirik. Mən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə müraciət etdim. Xahiş etdim ki, bir texnika versinlər bu qalıqları yola yayıb hamarlasın. Bildirdim ki, əks halda insanlar yenə ciblərindən pul ödəməklə texnika çağırmalı olacaqlar. Bir həftə bizi süründürən hörmətli Anar Nəcəfli söz versə də, təəssüf ki, əməl etmədi. Halbuki biz AFN olaraq hər zaman həmkarımıza diqqətlə yanaşmışıq, onun işlədiyi qurumun fəaliyyətini daim işıqlandırmışıq. Çox təəssüf edirəm ki, bir çox hallarda qurumlar insanların problemlərinə biganə yanaşmaqla dövləti və ölkə rəhbərinin xalq içində nüfuzunun zədələnməsinə yol açırlar. Anar Nəcəflini və “Azəravtoyol” rəhbərliyini də bu sırada görmək xoş olmayan mənzərə olsa da, qeyd edim ki, bir həftədir bu qurum yüzlərlə ailənin yaşadığı küçədə yolun bağlanmasına belə etinasız yanaşır. Əslində isə bu qurum vətəndaşlara “sağ ol” deməli idi ki, onlar onun görməli olduğu işi görmüşdülər. Bir neçə ay əvvəl 311 saylı məktəbin yeni binasının açılış mərasimi oldu. Bizim məhəllələrin ətrafındakı bütün məhəllələr təkrar asfaltlandı. Bu halda ortada iki məhəllənin yolunun bərbad halda qalması insanlarda qıcıq oyadır. Biz isə öz nüfuzumuzdan istifadə edib problemin həllinə nail olmaq istəsək də, nail ola bilmədik”.
S.Qafarovun sözlərinə görə, A.Nəcəfli ona bildirib ki, idarədə lazım olan adamlara bu haqda məlumat verilib, lakin bildirilib ki, qurumun bütün texnikası hansısa rayonda yol çəkilişinə göndərilib: “Mənə maraqlı olan odur ki, respublika əhəmiyyətli qurumun paytaxtda olmalı olan texnikası necə rayonlara göndərilir? Bakıda təcili bir durum olarsa, müdaxiləyə ehtiyac yaranarsa vəziyyət necə olar?”
Baş redaktor onu da dedi ki, hər iki məhəllədə yaşayan yüzlərlə ailədən uşaqlar məktəbə gedirlər. Yol bərbad olduğu üçün valideynlər şəxsi hesablarına avtobus tutublar, sagirdləri hər gün avtobus gəlib aparır: “Bir həftədir ki, məhəlləyə maşın girə bilmədiyi üçün azyaşlı uşaqlar palçıq yara-yara gedib-gəlirlər. Bizi narahat edən bu kimi problemlərdir, amma təəssüf ki, məmurlar “toxun acdan xəbəri olmaz” prinsipi ilə yaşayırlar”.
Görünür, cənab prezidentin dəfələrlə verdiyi açıqlamalar “Azəravtoyol” rəhbərliyini narahat etmir. “Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir.
Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir”, - deyən ölkə başçısının bu tapşırığı yəqin ki, “Azəravtoyol” yetkililərinə hələ çatmayıb.
Və sonda yaranan durumu bir daha təsəvvür etmənizi istərdik: Anar Nəcəfli “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri, Səbuhi Qafarov isə bir portalın baş redaktoru, yəni jurnalistdir. Maraqlıdır, adi bir vətəndaş “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovdan hansısa problemin həllində yardımçı olmağını xahiş edəndə hansı münasibətlə üzləşir?
P.S. Sakinlərlə söhbət zamanı isə belə bir fikir səsləndi: “Görünür, “Azəravtoyol” umur ki, cibimizdən pul yığıb texnika üçün quruma ödəniş edək...”

AFN.Az
Kiçik məmurların böyük xətası: "Azəravtoyol" rəhbərliyinin vətəndaşlara yuxarıdan aşağı baxışı+FOTOLAR
Kiçik məmurların böyük xətası: "Azəravtoyol" rəhbərliyinin vətəndaşlara yuxarıdan aşağı baxışı+FOTOLAR
Kiçik məmurların böyük xətası: "Azəravtoyol" rəhbərliyinin vətəndaşlara yuxarıdan aşağı baxışı+FOTOLAR
Kiçik məmurların böyük xətası: "Azəravtoyol" rəhbərliyinin vətəndaşlara yuxarıdan aşağı baxışı+FOTOLAR
Kiçik məmurların böyük xətası: "Azəravtoyol" rəhbərliyinin vətəndaşlara yuxarıdan aşağı baxışı+FOTOLAR
Kiçik məmurların böyük xətası: "Azəravtoyol" rəhbərliyinin vətəndaşlara yuxarıdan aşağı baxışı+FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ