SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Reformist, intellegent, liberal... Mikayıl Cabbarov niyə bilindiyi kimi ola bilmədi?

Reformist, intellegent, liberal... Mikayıl Cabbarov niyə bilindiyi kimi ola bilmədi?

Tarix:

14-02-2017, 09:57

/ 7 233 dəfə oxundu.
Reformist, intellegent, liberal... Mikayıl Cabbarov niyə bilindiyi kimi ola bilmədi?

Təhsil naziri Mikayıl Cabbarov bu posta təyin olunanda özünü reformist, Qərbpərəst, xarici dil bilən intellektual, “Çto? Qde? Koqda?” yarışmasının intellegenti, liberal düşünən biri kimi təqdim etmişdi.

Misir Mərdanovun gedişindən sonra ictimaiyyət gənc və qərbli kimi fikirləşən bir nazirə böyük ümidlər bəsləyirdi. Cəmiyyətin gözləntisi Mikayıl Cabbarovun Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kimi reformist olacağı idi.

Amma olmadı, ola bilmədi, olmaq istəmədi. O, sovet sistemini tətbiq edən Misir Mərdanovun qaydalarını dəyişmədi. Əksinə, sələfindən qalan pis-yaxşı nümunələri də dağıtdı, təhsilə supermarket baxışı gətirdi, yan-yörəsini dostları ilə doldurdu.

M.Cabbarovun reputasiyasını elə özü dağıtdı, imicini yerlə bir etdi, ölkə təhsilində kadr siyasəti isə M.Mərdanovdan belə geri qaldığını isbatladı.

Ən azından keçmiş nazirin təhsilə bağlılığı var idi, riyaziyyatçı idi. Eks-nazirin dönəmində nazirlikdə təhsilə aidyyatı olan, peşəkar, savadlı, lakin talançı, rüşvətxor bir komanda formalaşmışdı.

İndi də sistem dəyişməzdir - rüşvət, tar-mar, yeyinti, korrupsiya, ali və orta məktəblərdə yığım, fond pulu, bayram pulu və s. ilaxır...Lakin nazirlikdəki kadrlar fiaskodur.

Rəhbər postlarda mövqe tutanlar “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsindən transfer olunanlardır. Təbii ki, M.Cabbarovun kadr siyasətini tənqid edənlər də təcrübəli ekspertlərdir.

****

Əsrimizin “Mişa”sı Mərdanovun vaxtında vəzifəyə qoyulmuş şəxslərin əksəriyyətini işdən kənarlaşdırıb. Beləliklə, nazirlikdə öz komandasını formalaşdırıb. Gəlin real faktlara nəzər salaq:

Nazir yaxın dostu və qohumu Elnur Əliyevi Bakı Şəhəri üzrə Təhsil İdarəsində rəhbər posta gətirdi. Elnur Əliyev həm də Təhsil Nazirliyində informasiya şöbəsinin müdiridir.

Bundan əvvəl isə o, “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın “JEK” rəisi imiş. Möhtəşəm nəticədir və karyera yüksəlişinin analoqsuz variantıdır: “JEK”-dən təhsil idarəsinə qədər...Əhsən!!!

Elnur Əliyev isə geri qalmır - yaxın dostu biznes strukturunda çalışan Rəşad Tağıyevi həmin idarənin İnsan resursları şöbəsinə müdir təyin etdirir. Rəşad Tağıyev həm də nazirlikdə sektor müdiri vəzifəsini tutur.

Başqa bir fakta baxaq: adı müxtəlif qalmaqallarda hallanan Təhsil Nazirliyinin “Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş” şöbəsinin müdiri Ağababa İbrahimovu 24 aprel 2014-cü ildə vəzifəsindən azad edərək özünə müşavir təyin etdi. Sonra isə onu Goranboy rayonu təhsil şöbəsinə müdir göndərdi.

Nazirliyin keçmiş aparat rəhbəri İlham Pirməmmədov da bir müddət Mikayıl Cabbarovun müşaviri oldu. Sonra onu Texniki Universitetə elmi işlər üzrə prorektor vəzifəsinə göndərdilər.

İndi Pirməmmədov özünü orada rektor kimi aparır. Nazirin əsas müşavirlərindən biri Hüseyn Əliyevsə bu yaxınlarda səssiz-səmirsiz vəzifəsindən uzaqlaşdırıldı.

***

Nazir Mikayıl Cabbarov Samir Vəliyevin təyinatında isə rekord qırıb. Mikayıl Cabbarov keçmiş deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyevi 21 aprel 2014-cü ildə özünə müşavir təyin etdi.

Bir müddətdən sonra isə onu nazirliyin “Orta ixtisas və peşə təhsili” şöbəsinə müdir vəzifəsinə təyin etdi. Nazirlikdə yeni struktur dəyişiklikləri baş verəndə isə Samir Vəliyev yenidən müşavir vəzifəsinə qaytarıldı.

Bundan başqa, nazirlikdə Ali təhsil sektorunun müdiri təyin olunmuş Yaqub Piriyev həm də aparat rəhbərinin müavinidir.
Mətbuatda haqqında tənqidlər yazılan Fərzəli Qədirov “İnsan resursları” şöbəsinin müdiri vəzifəsindən azad olunaraq Aparat rəhbərinin müavini təyin olunub.

Bir adamın 2 vəzifə tutması isə ölkəmizin qanunvericiliyində yoxdur. Nazir bu baxımdan da “yeniliyə” imza atıb. Eləcə də, Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə nazir müavini Ceyhun Bayramovun qohumudur.

Qeyd edə ki, Ceyhun Bayramov da nazirin yaxın dostudur. Nazirlikdə böyük problemlərin yaranmasının əsas səbəbkarlarından biri kimi məhz onun adı çəkilir. Bu adam indiyə kimi təhsil sistemində işləməyib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. O, Mikayıl Cabbarovla “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıb. Ceyhun Bayramov həm də maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.

Göründüyü kimi, Mikayıl Cabbarovun bütün “reformaları” kosmetik görüntü, imitasiya xarakteri daşıyıb və daşımaqdadır. Bəlkə də nazir nələrisə dəyişmək iqtidarında olardı. Kim bilir, özünə bəzən haqq da qazandırır: mən nə edə bilərəm, sistemi dəyişmək olmur...

Anaxeber.Az

Şərhlər

XƏBƏR LENTİ