SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 2 nazirə və 2 rektora şikayət - QALMAQAL

2 nazirə və 2 rektora şikayət - QALMAQAL

Tarix:

14-11-2017, 11:06

/ 32 200 dəfə oxundu.
2 nazirə və 2 rektora şikayət - QALMAQAL

Ağdam rayonundan olan məcburi köçkün, hazırda Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mk-r.n, Moskva prospekti, ev 70, mən.28-də müvəqqəti kirayədə yaşayan zərərçəkmiş Cəfərzadə İfadə İsgəndər qızı tərəfindən şikayət ərizəsi daxil olub. Şikayət daxili işlər naziri cənab Ramil Usubova və surəti "Təzadlar" qəzeti redaksiyasınadır. Aşağıda ixtisarla təqdim edilir:
Hörmətli cənab nazir!
Hörmətli redaksiya!
Şikayətim barəsində 03 dekabr 2015-ci ildə Nərimanov Rayon Polis İdarəsində AR Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlanmış Əskərov Nazim Mahmud oğlunun, Gözəlov Famil Qasım oğlunun və “Atabank” ASC-nin Xəzər filialı müdirinin qanunazidd hərəkətləri barədədir.
Bildirirəm ki, mən 01 fevral 1965-ci ildə Ağdam rayonun işğal altında olan Boyəhmədli kəndində anadan olmuşam, Ağdam rayonunun Qasımlı Ə/N Poladlı kəndində qeydiyyatdayam. 2006-cı ildən əvvəllər Təhsil Nazirliyinin nəzdində olan Uşaq bağçalarının Maddi-Texniki Bazasında anbar müdiri vəzifəsində çalışırdım. Əslən Gədəbəy rayonun Şınıx kəndindən olan həkim təhsilli Əskərov Nazim Mahmud oğlu isə həmin Bazanın müdiri vəzifəsində işləyirdi. Mən Nazimlə elə 2006-cı ildən xidməti iş vaxtı tanış olmuşam. 2010-cu ildə N.M.Əskərov mənə bildirdi ki, Badamdar qəsəbəsindəki villasını təmir etdirmək istəyir. Təklif etdi ki, bunun üçün mən Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, küçə 1, ev 8 ünvanında yaşadığım 2 mərtəbəli evimi "Ekspressbank"a girov qoyub 50000 ( əlli min) manat kredit götürüb ona verim. Əvəzində Nazim evdə saxladığı kirayəçi ərəblərdən mənə 100000 (yüz min) manat verəcək. Mən Nəsimi rayonu, Əcəmi metrosunun yanındakı "Eksperress bank"ın Nəsimi filialından nəzərdə tutulan məbləği girov müqabilində götürüb Nazimə verdim. Bu məsələdən əvvəl isə Nazim mənim Biləcəri qəsəbəsindəki, sənədsiz ikimərtəbəli, 4 otaqlı evimi də təklif etdi ki, gəl evi satıb Rusiyada qazanclı iş görək. Və özünə yaxın makler vasitəsilə evi satıb iş dalınca özünə yaxın qohumu olan Gözəlov Famil Qasım oğlu ilə birlikdə Rusiyaya getdilər. Qeyd etdilər ki, bütün pulları Rusiyada hansısa biznes üçün qoyublar. Nazim həm də bildirdi ki, narahat olmayım, aldığı bu pulla Rusiyada qazanc əldə edib artıqlaması ilə qaytaracaq. Eyni zamanda tezliklə əldə edəcəyi pulla bankın borcunu da bağlayacağını və qalanını isə mənə verəcəyini vəd vermişdir.

"Nazim və Famil "Ekspressbank"da girov qoyulmuş evimi məndən xəbərsiz 08 noyabr 2013-cü ildə təkrarən “Atabank” ASC-nin Xəzər filialında girov qoyub 95000 manat pul götürmüşdür..."

Lakin bir müddətdən sonra bankdan mənə borcun qaytarılması üçün xəbərdarlıq zəngi olundu. Dərhal Nazimə zəng edib banka olan borcun tam ödənilməsini tələb etdim. Nazim də borcu tam bağladı və evimi girovluqdan azad olunmasına şərait yaratdı. Elə bu zaman 2013-cü ilin oktyabrın 17-də rayonda yaşayan qardaşım ağır xəstəlikdən vəfat etməsilə əlaqədar Ağdama hüzr yerinə getməyə məcbur oldum. Bu arada Nazim mənə bildirdi ki, yaxşı olardı Bakıya bir günlük gəlim, evimin mülkiyyət sənədlərini bankdan geri almaq üçün ona notarial qaydada etibarnamə verim. 20 oktyabrda (bazar günü) mən Bakıya gəldim. Nazim qohumu və dostu Famillə 43 saylı Notariat Kontoruna gedib əvvəlcə danışdılar. Bu arada mən avtomobildə onları gözləyirdim. Etibarnamə hazır olduqdan sonra məni imzalamağa dəvət etdilər. Və dərhal sonra məni yenidən rayona hüzr yerinə yola saldılar. Sonradan mənə məlum oldu ki, Nazim və Famil «Ekspressbank»da girov qoyulmuş evimin sənədlərini baş etibarnamə əsasında götürüb və dərhal da (08 noyabr 2013-cü ildə) “Atabank” ASC-nin Xəzər filialının müdiri ilə (Familin yaxın dostu olan) gizli sövdələşmələr apararaq mənim adımdan şəxsi məsələlər üçün istifadə etmək üçün 95000 manat pul götürərək Binəqədidəki evimi yenidən banka girov qoymuşlar. Yəni Nazim qohumu Familə də etibarnamə verməklə mənim xəbərim olmadan mənə məxsus Sulutəpə qəsəbəsində 5 sot torpağın üstündə tikilmiş 2 mərtəbəli mülkümü qanunsuz olaraq Nərimanov rayonunda, H.Əliyev pros.91 ünvanda yerləşən “Atabank” ASC-nin Xəzər filialına illik 20 faiz olmaqla 48 ay müddətinə girov qoyaraq əvəzində aldıqları 95000 manat pulu mənimsəməklə mənə külli-miqdarda ziyan vurmuşlar.
Sonradan mənə sənədlər əsasında məlum olmuşdur ki, 8 noyabr 2013-cü il tarixli "Atabank”ASC-nin tərtib etdiyi İpoteka müqaviləsində mənim adımdan ipoteka qoyan etibarnamə əsasında mənim əvəzimə imzalayan Gözəlov Famil Qasım oğlu (Bakı ş., 4-cü Mk/rn, Ə.İsgəndərov küçəsi ,ev 3/1, mən 51-də yaşayan, Şəx.vəsiqəsi AZE N-06084954) olmuş, “Kredit alan” isə Nazim Əskərov ( Bakı, 9Mk-rn, Cavadxan küç.ev.3, mən.42-də yaşayan, şəx.vəs.AZE N-08223781) idi. Sonradan bankın Nazim Əskərovun adına göndərdiyi bildirişlərdən məlum olurdu ki, əsas borcdan, faiz borcundan ödəmələrin vaxtında edilməsi tələb edilir. Baxmayaraq ki, ipoteka müqaviləsi üzrə kredit götürən Nazim Əskərov bankın ödəniş cədvəlini şəxsən imzalayaraq öhdəlik götürmüşdür.
Hörmətli Ramil müəllim!
Mənim mülkümün bu dəstə tərəfindən dələduzluq yolu ilə banka girov qoyaraq əvəzində pul götürərərək mənimsəmələrindən yalnız 2014-cü ilin əvvəlində xəbər tutdum. Belə ki, “Atabankın” Xəzər filialının problemli kredit üzrə mütəxəssisi olan Elşən adlı əməkdaşı mənə zəng edərək bildirdi ki, kreditin vaxtı-vaxtında ödənilməsi lazımdır. Bu günə qədər krediti ödəməmisiniz. Dərhal “Atabank”ın 28 May-da yerləşən mərkəzi ofisinə gedib Elşənlə görüşüb işin nə yerdə olduğunu soruşdum. O, qeyd etdi ki, 15 dekabr 2013-dən sonra aldığım kredit üzrə ödəniş yoxdur. Mən dərhal Nazimə zəng edib niyə mənim icazəm olmadan belə hərəkət etməsinin səbəbini soruşdum. Və dərhal bankın borcunun tam ödənilərək evimin girovluqdan azad edilməsini tələb etdim. Sonra Famillə görüşdüm. O da izah etdi ki, nə qədər pul götürmüşəmsə, hamısını Nazimə vermişəm, mənlik bir iş yoxdur. Nazim isə mənə bildirdi ki, narahat olmayım, qoy oğlumu Rusiyaya aparıb müalicə etdirim (narkotikdən əziyyət çəkən oğlunu) sonra qayıdıb gələn kimi bankın pulunu tam ödəyəcəyəm. Lakin Nazim mənim bank məsələsindən xəbər tutduğumu bilən kimi Rusiyaya qaçdı və geri qayıtmadı.
Mən Nazimin Rusiyadan qayıtmadığını görüb məqsədini anladım və 2015-ci ilin oktyabrında “Atabank” ASC-nin yerləşdiyi Nərimanov rayon Polis İdarəsinə dələduz dəstə haqqında şikayət ərizəsi təqdim etdim. Nərimanov rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elşən Zamanov fakt üzrə CM-nin 178.3.2-ci maddəsilə 150060444 saylı cinayət işinin başlanması barədə 03 dekabr 2015-ci il tarixində qərar qəbul etmişdir. Lakin bu işin nəticəsi haqqında mənə bu günə kimi heç bir məlumat verilməmişdir.

«“Atabank”ın “Xəzər” filialının müdiri əvvələrdə belə əməlinə görə DİN-nin Baş MCQMİ-də istintaqa cəlb edilmiş və vəzifəsindən azad edilmişdir…»

Bu arada, yəni, 2015-ci ilin fevralında pulun ödənmədiyini görən “Atabank” ASC-nin Xəzər filialının müdiri əvvəlcədən Nazim-Famil dəstəsilə gizli sövdələşdiyi kimi, ödənişin aparılmadığı 13-cü ayın başında məni və kredit alan Nazim Əskərovu Binəqədəi rayon Məhkəməsinə iddia ərizəsi verərək əsas və faiz borclarının ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. İddia 15 sentyabr 2015-ci il tarixli qətnamə əsasında təmin edilmiş və 2016-cı ildən icraata yönəlmişdir. Mənə məxsus mülkün açıq hərracda satılaraq borcun tam ödənilməsi üzrə icra işləri hazırda davam etdirilir.
Maraqlı burasıdır ki, Bankın “Xəzər” filialının müdiri əvvələrdə belə maxenasiyalarına görə DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində istintaqa cəlb edilmiş və sonradan vəzifəsindən azad edilmişdir. Yəni, 48 ay müddətinə verilmiş 95000 manat pulun bank müdiri tərəfindən 13 aydan sonra geri tələb edilməsi üçün əvvəlcədən planlaşdırılan plan üzrə real bazar dəyəri 400.000 manat olan əmlakımın ələ keçirilmə məqsədi daşımışdır. Yoxsa ki, borcun qaytarılma müddəti 2017-ci ilin noyabrın 15-dək təyin olunmasına baxmayaraq bank müdirinin niyə tezbazar əl-ayağa düşməsini anlamaq çətin deyildir. Bəlkə Kreditoru götürən və milyonlarla ölçülən varidata sahib olan Nazim Əskərov özünün də dediyi kimi, borcu tam bağlamaq istədi. O zaman 4 illiyə verilmiş krediti 2 il vaxt keçməmiş dərhal ödənilməsini məhkəmə qaydasında tələb etməyin anlamı nədir? Deməli, Nazim-Famil və onun dostu olan bankın filial müdiri mən mülk sahibinin xəbəri olmadan əvvəlcədən gizli sövdələşərək “hər kəs öz payını götürsün” prinsipilə dələduzluq etmişlər.
Mən məcburən 2017-ci ilin fevralında Nazimin arxasınca Rusiyaya getdim və görüşərək bank məsələsini tez bir zamanda yoluna qoymağı tələb etdim. O yenə də söz verdi ki, bankın pulunu iki dəfəyə - bu ilin martında, qalan hissəsini isə avqust ayına qədər ödəyib qurtaracaqdır. Lakin yenə də aldatdı, pulu ödəmədi. İkinci dəfə 2017-ci ilin avqustunda yenə onun arxasınca Rusiyaya getdim, lakin bu dəfə onu tapa bilmədim. Bu müddət ərzində onunla telefon əlaqəsi saxlayarkən məni ölümlə hədələdi, dedi ki, bu işin arxasınca az düş, yoxsa səni məhv edərəm. Oğlu da mənim 6-cı sinifdə oxuyan oğluma zəng edərək hədələmişdir ki, səni özüm gəlib öldürümmü, yoxsa başqasını göndərim?
Nazim Əskərov 2014-cü ilin fevralından 2017-ci ilin sentyabrın 25-dək Rusiyada gizlənmiş və vəziyyətin sakitləşdiyini yəqin etdikdən sonra son 20 gündə Azərbaycana qayıtmış və yaxın qohumlarının verdiyi məlumata görə hazırda doğma yurdu Gədədbəyin Slavyanka kəndindəki 0,6 ha ərazidə inşa etdirdiyi əzəmətli imarətində yaşayır və qonşu Qoşabulaq kəndində əvvəllər quraşdırdığı su sexində yenidənqurma işlərinə start vermiş, biznesini genişləndirməklə məşğuldur. Nazim 2014-cü ilin əvvəlində Rusiyaya qaçdıqdan sonra Bakıda, Qubada və Gədəbəydə olan çoxsaylı daşınmaz əmlkalarını baş etibarnamə göndərməklə arvadının və yaxın qohumlarının adına rəsmiləşdirmişdir ki, etdiyi dələduzluq əməlinə görə sabah qanun qarşısında cavab verəcəyi halda mənim kimi aldatdığı adamların hesabına milyonlarla manat dəyərində əldə etdikləri mülkləri əlindən çıxmasın.
Nazim Əskərovun mülkləri barədə:
1. Səbail rayonu, Badamdar qəsəbəsi, Nəzərov küç..ev 42 ünvanda 0,30 ha torpaq sahəsi üzərindəki 4 mərtəbəli (dəyəri 2 milyon manatlıq)villası. Hazırda da ərəblərə aylıq 12000 manata icarəyə verilmişdir.
2. Nəsimi rayonu, Cavadxan küçəsi, ev 3, mən 42-də yerləşən 4 otaqlı mənzili,
3. Badamdara qəsəbəsində “Talışlar” məhlləsində yerləşən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzili,
4. Baldızının yoldaşının (adi bir mühafizəçi funksiyası daşıyan) adına rəsmiləşdirdiyi Quba rayonundakı torpaq sahəsi və villası,
5. Gədəbəy rayonun Slavyanka kəndində 0,6 ha torpaq sahəsi üzərində böyük ölçülü villası,
6. Bakının, “Gənclik” Metro-st. yaxınlığındakı “Caspian Shopping” də 90 kv.m-lik şəxsi mağazası,
7. Badamdar qəsəsbəsində, Nəzərov küç.ev 42-də Villasının yanında yerləşən”Nicat” marketi.(Oğlunun adına rəsmiləşdirdiyi)
8. Gədəbəy rayonu, qaralar kəndində irihəcmli su sexi və sair.
Nazim Əskərov 2010-cu ildən sonra heç yerdə işləmir, ixtisasca sanitar həkimdir. Qaynı Faiq vaxtilə Bakı şəhər İcra Hakimiyyətində H.Abutalıbovun müavini olmuş və törətdiyi bir sıra qanunsuz əməllərə görə Rusiyaya qaçmışdır.
Çox hörmətli cənab Ramil Usubov!
Dələduz dəstənin rəhbəri N.Əskərov barəsində 03 dekabr 2015-ci ildən CM-nin 178.3.2 maddəsi üzrə cinayət işi başlasa da o sərbəst surətdə hazırda Gədəbəy rayonunda su sexi biznesini genişləndirməklə məşğuldur. Sizdən artıq dərəcədə xahiş edirəm, ictimai təhlükəli Nazim Əskərov və dəstəsi yenidən Azərbaycanı tərk etməmiş (mənə vurduğu ziyanın ödənilməsi) onun istintaqa cəlb edilməsi üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göstəriş verməyinizi xahiş edirəm. Hörmətlə,
İfadə İsgəndərova
"Təzadlar"dan: əməkdaşımız aidiyyəti üzrə jurnalist araşdırması aparır və ortaya olduqca maraqlı faktlar çıxmaqdadır. İttiham olunan tərəfin də mövqeyini öyrənməyə çalışırıq. Onu da qeyd edək ki, "Təzadlar"ın rəsmi tezadlar.az saytında ötən günlərdə yayımlanmış bir şikayət məktubu ilə bağlı qəzetin elektron səhifəsinə maraqlı məlumat daxil olmuşdu. Məlumatda qeyd edilirdi ki, barəsində Az.CM-nin 178.3.2. maddəsi ilə cinayət işi başlanılmış Nazim Əskərov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun bacanağıdır. Sonra qarşı tərəfdən reaksiya gəldi və məlum oldu ki, Nazim Əskərovun rektorla qohumluğu yoxdur, lakin onun həyat yoldaşı ADİU-da uzun illərdir mühasib işləyir və s.
Əməkdaşımız Nazim Əskərovun mövqeyini öyrənmək üçün Gədəbəyə ezam edilmişdir… Ətraflı məlumat veriləcək…
***
Şikayətçinin məktubuna əlavəsindən: "Hörmətli Təhsil naziri cənab Mikayıl Cabbaraov, hörmətli ADA Universitetinin rektoru cənab Hafiz Paşayev və hörmətli ADİU-nin rektoru cənab Ədalət Muradaov! Sizə müraciət etməkdə məqsədim budur ki, mənə məxsus Bakı şəhərindəki evlərimi dələduzluq yolu ilə ələ keçirmiş və barəsində Nərimanov RPİ-də CM-nin 178.3.2 ( dələduzluq) maddəsilə cinayət işi açılaraq axtarışa verilmiş əslən Gədəbəyli Əsgərov Nazim Mahmud oğlu 2014-cü ildən etibarən özünün də qeyd etdiyi kimi birinci oğlu Əsgərov Nicat Nazim oğlunu narkoloji asılılıqdan müalicə etmək üçün Rusiyaya getmiş və yalnız bu ilin oktyabr ayında Azərbaycana qayıtmışdır. Hazırda onun ikinci oğlu Əsgərov Nihad Nazim oğlu ADA Universitetinin ikinci kurs tələbəsidir. Həyat yoldaşı Məmmədova Nərminə Qəzənfər qızı isə Azərbaycan Dövlət İqtisad Universitetində mühasib vəzifəsində işləyir. Bu ailənin başçısı Nazim mənim kimi onlarla ailəni aldadaraq əmlaklarını ələ keçirib Rusiyaya qaçmışdır. Hazırda hüquq mühafizə orqanları onun həbs edilməsi üçün tədbirlərini davam etdirirlər. Ümumiyyətlə, bu ailənin başçısı Nazim öz çirkin əməllərini həyata keçirmək üçün həmişə öz ailəsindən və hətta qoca anasından belə istifadə edirdi. Nazim mənim evimi xəbərim olmadan "ATA banka" girov qoyub 95000 manatı mənimsəyəndə ( 2014-cü ildə) mənim şikayət etməməyim üçün bu ailə yanıma gəlib dəridən-qabıqdan çıxırdı. Mən razılaşmadığım halda isə oğlu mənim 15 yaşlı oğluma zəng edərək ölümlə hədələmişdir. Atası Nazim də məni ölümlə hədələyərək ondan şikayət etməməyimi bildirmişdir. İndi mənə çox maraqlıdırdır ki, belə bir ailə başçısı Nazimin öz yaramaz əməllərini həyata keçirmək üçün istifadə etdiyi ailə üzvləri Azərbaycanın ən gözəl Universitetlərində ( ADA və ADİU) təhsil alır və işləyirlər. Cənab nazir və rektorlar! Sizlərə elə gəlmirmi ki, bu ailənin başında duran Nazim Əsgərov mənim və digərlərinin başına gətirdiklərini rəhbərlik etdiyiniz Universitetlərdə həyata keçirməyəcək??? Xahiş edirəm Nazim Əsgərovun ailə üzvlərinin fəaliyyətləri barədə vaxtında tədbirlər görəsiniz ki, sonra gec olmasın".
(Şəkildə: barəsində dələduzluq maddəsi ilə cinayət işi açılmış Nazim Əsgərov)
(Davamı var)

"Təzadlar"

Şərhlər

XƏBƏR LENTİ