SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Qoca” sağ ələ keçirilsəydi...

“Qoca” sağ ələ keçirilsəydi...

Tarix:

4-11-2017, 10:16

/ 91 840 dəfə oxundu.
“Qoca” sağ ələ keçirilsəydi...

“Qoca” ləqəbli avtoritet Etibar Məmmədov ətrafında gedən söz-söhbətlər ölkə gündəmini zəbt edib. Onun oktyabrın 23-də dustaq yoldaşı ilə Bakıya gələn qatardan qaçmasından sonra hər keçən gün “Qoca” ətrafında gedən proseslər böyüdü. Xüsusilə, tanınmış müğənni Fədayə Laçının kriminal avtoritetin qaçmasına kömək etdiyi üçün həbs edilməsi gündəmi daha da qızışdırdı.

Son olaraq, noyabrın 2-nə keçən gecə Güzdəkdə keçirilən əməliyyatda “Qoca” və onu bir gün və ya bir neçə saat Hacıqabulda gizlədən İlqar Əzimovun öldürülməsi, əməliyyat zamanı avtoritetlə birlikdə olan şəxslərdən birinin yaralanması, digərinin həbs edilməsi gedən müzakirələri böyütməklə yanaşı, bir sıra suallar doğurdu. Həbsdən qaçandan sonra Ağstafanın Poylu kəndinə gedən və oradan ölkəni tərk edə bilməyən “Qoca”nın uzun məsafə qət edərək Hacıqabula necə qayıtdığı, oradan daha bir riskə gedərək nə üçün Bakıya doğru gəldiyi ciddi suallar doğurur. Bu suallarla yanaşı, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat ətrafında da bəzi müzakirələr gedir. E.Məmmədov və onu gizlədən şəxsin nə üçün öldürüldüyü, sağ ələ keçirilmədiyi, həbs edilərdisə, bunun daha xeyirli ola biləcəyi barədə ən müxtəlif fikirlər səslənir. Doğrudur, avtoritetin yaralanaraq, xəstəxanaya aparılarkən öldüyü barədə rəsmi məlumat var, amma bu da onun nə üçün sağ ələ keçirilmədiyi kimi sualların qarşısını almağa kömək etmir.

Keçmiş polis rəisi Mahmud Hacıyev hesab edir ki, hər hansı bir cinayətkar, yaxud terrorçu ilə bağlı əməliyyat keçiriləndə onların diri tutulması daha vacibdir: “Əgər o şəxslər sağ ələ keçirilirsə, bu zaman istintaqda qaranlıq olan məqamlar aydınlaşır. Onların həbsxanadan qaçması, uzaq yerə getmələri və oradan geri dönmələri, bir neçə gün gizlənməsi kimi qaranlıq məqamlar var. İstintaq zamanı bunlar üzə çıxa bilərdi. Dünya miqyasında terrorçunun, cinayətkarın həbsi daha məqsədəuyğun sayılır. Öldürülmə son zərurətdir, yəni son vəziyyətdə buna əl atırlar. Əvvəlcədən əməliyyatın necə planlaşdırıldığı barədə də nəsə demək olmur. Orada vəziyyətin necə olduğu, avtoritetin öldürülməsi zərurətdənmi doğub? Bu suallara istər mən olum, istərsə də başqası olsun, cavab verməyimiz məntiqlə düzgün olmazdı. Etibar Məmmədov terrorçu olmayıb, əvvəllər bir neçə dəfə məhkum olunmuş şəxs olub. Axırıncı dəfə də məhkəmə istintaqı altında yatıb. Onu öldürməklə düzgün edib-etmədiklərini deyə bilmərəm. Amma istənilən halda, belə məqamlarda diri tutulması daha düzgün olardı. İctimaiyyət arasında da fikirlər birmənalı deyil. Onun öldürülməsini pisləyənlər də var. Əməliyyatın düzgün qurulmaması barədə də mövqelərə rast gəlirik. Məndən də çox adam soruşub ki, niyə öldürüblər, öldürməsələr daha yaxşı olmazdımı. Cinayətdə qaranlıq məqamlar var ki, sizlər bizlərdən də yaxşı bilirsiniz. Yüksək inkişaf etmiş ölkələrdə cinayətkarı sağ tutmağa çalışırlar. Bu hadisədə də iki nəfər öldürülüb. Ola bilər ki, əməliyyat zamanı bunlar da atış açıblar, nəticədə öldürülmə zərurəti yaranıb. Belə hallarda son zərurətə əl atırlar. Qanun da buna icazə verir, hər iki şəxsin öldürülməsində qeyri-qanuni heç nə yoxdur”.

Sabiq polis rəisi dedi ki, sovet dönəmində həbsdən qaçma hallar çox az-az olurdu: “Əvvəllər belə hallar ona görə olmurdu ki, bütün koloniyalar, istintaq təcridxanaları, qeyri-istintaq təcridxanalarının hamısı Daxili İşlər Nazirliyinin tərkibində idi, istər sovetlər dönəmində, istərsə də, müstəqilliyimizin ilk illərində. Nazirliyin tərkibində İslah Əmək Müəssisələri İdarəsi var idi. Həmin idarə rəhbəri onların işinə nəzarət edir, nazir qarşısında hesabat verirdi. O zaman məhbuslara nəzarət daha effektli idi. Müstəqilliyin ilk illərində də belə oldu. Sonradan Avropa Şurasına üzvlük məsələsi gündəmə çıxanda bizə dedilər ki, quruma üzv olmaq istəyirsinizsə, o zaman istintaq təcridxanaları, islah əmək düşərgələri Ədliyyə Nazirliyinə verilməlidir. Avropa Şurasında qaydaların belə olduğunu bildirdilər. Ondan sonra səlahiyyətlər DİN-dən alınıb, Ədliyyə Nazirliyinə verildi. Uzun müddət bu işlərlə məşğul olmayan nazirlik özünü düzəldib, adaptasiya olunana kimi müəyyən boşluqlar yarandı. O boşluq da zaman-zaman özünü göstərir. Birdən-birə böyük bir xidmət bir nazirlikdən alınıb digərinə verildi. Orada müəyyən təmizləmə işləri də aparıldı. DİN-in yüksək rütbəli işçilərinin çoxu bir qurumdan digərinə keçdilər. Zaman-zaman olan boşluqların doldurulması üçün müəyyən addımlar atılsa da, yenə də özünü göstərir”.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ