SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan diasporunun rəhbəri Rusiyada erməni lavaşı istehsal edir - VİDEO

Azərbaycan diasporunun rəhbəri Rusiyada erməni lavaşı istehsal edir - VİDEO

Tarix:

2-11-2017, 09:36

/ 39 949 dəfə oxundu.
Azərbaycan diasporunun rəhbəri Rusiyada erməni lavaşı istehsal edir - VİDEO

Müasir dünyada İnformasiya Texnologiyaları o qədər inkişaf edib ki, bu gün, hətta iri dövlətlər belə biri-biriylə informasiya savaşındadılar. Bəzən yanlış informasiyaları insanlara elə çatdırırlar ki, çox inandırıcı təsir bağışlaya bilir. Bu gün milli məsələləri, problemləri və istənilən xəbəri informasiya vasitəsiylə yaymaq mümkündür.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə mərhum Prezident Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Ulu Öndər bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın mənafelərinin qorunması prosesində fəal iştirak etməyə çağırırdı.
Qısa müddət keçdikdən sonra, diaspor quruculuğu Azərbaycan Respublikasının Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət, hazırda dövlət başçısı cənab İlham Əliyev tərəfindən daha müasir formada və uğurla davam etdirilir.
Bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bəzi diaspor təşkilatlarımız mütəmadi işlər aparır, istər informasiya texnologiyaları vasitəsilə, istər də, əyani vasitələrlə bu yolda yorulmadan çalışırlar.
Diasporla iş üzrə Dövlət Komitəsi də, bu istiqamətdə öz işlərini müasir tələblərə cavab verəcək səviyyədə qurub. Təqdirəlayiq haldır ki, sözügedən komitə dünyanın istənilən dövlətində fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir. Ancaq bir faktı da xüsusilə vurğulamaq olar ki, aparıcı diaspor təşkilatları ilə yanaşı, ciblərində möhür gəzdirməklə, özlərini idarə müdiri kimi aparanlar da az deyil.
Bir neçə gün bundan əvvəl, Rusiya və Ukraynada səfərdə olarkən, bir neçə şəhərlərdə fəaliyyət göstərən diasporamızın üz qaraları haqqında məlumat ala bildik. “Novıy Urenqoy” şəhəri, xəritəyə baxarkən, üzü Şimal Buzlu okeana tərəf gedəndə sonuncu yaşayış məskənlərindən biridir, desək yanılmarıq. Necə deyərlər, bu şəhər lap dünyanın sonunda yerləşir. Təyyarədən enəndə şaxtalı və qarlı hava bizi qarşılasa da, sonradan həmyerlilərimizin isti münasibəti bizə soyuğu unutdura bildi. Həmyerlilərimizlə söhbət edərkən, onların necə yaşadıqları, hansı peşə sahibləri olmaları bizi daha çox düşündürürdü. Sadə azərbaycanlılarımızla xeyli söhbət etdikdən sonra, belə məlum oldu ki, bu şəhərdə Azərbaycanla bağlı heç bir təbliğata ehtiyac yoxdur. Belə ki, bu şəhərin təməlini Azərbaycan elminə böyük töhfələr vermiş Fərman Salmanov və Sabit Orucov qoyub. Şəhərdə hər bir sadə urenqoylu Azərbaycan sözünü eşidən kimi, deyir ki, bu şəhərin təməlini azərbaycanlılar qoyubdurlar. Bu maraq bizi şəhərdə fəaliyyət göstərən “Qaz Sənaye Texnikumuna” gətirib çıxardı. Texnikumun həyətində Sabit Orucovun büstünü gördük. Bu zonada ilk dəfə qazı Sabit Orucov tapdığı üçün texnikumun birinci kursları onun doğum günündə təntənəli tədbir keçirərək, büstün önünə tər çiçəklər düzürlər. Bizim gəlişimiz də məhz bu tədbirə təsadüf etdiyi üçün içəri daxil olub, tədbirdə iştirak etdik. Texnikumun girişində onun portreti birinci asılıbdır. Xeyli azərbaycanlı tələbə ilə də tanış olduq. Doğrudan da çox qürurverici bir hal idi. Mən texnikum rəhbərliyindən soruşdum ki, tədbirdə bizim diasporamızdan kimsə iştirak edirmi? O, sakitcə dedi ki, xeyir. Daha bunun səbəbini araşdırmadım. Tədbir bitən kimi, şəhəri gəzməyə çıxdıq. Məscidlə tanış olduq. Şəhərin hansı tərəfinə gedirdiksə, harada böyük bir ticarət müəssisəsi və yaxud bazar görürdüksə, dərhal bizə məlumat verirdilər ki, hamısı azərbaycanlılarındır. Əslində buna yalnız sevinirdik, çünki millətimizin durumu nə qədər yaxşı olsa, bu ümumi işin xeyrinə olardı.
Biz xeyli gəzdikdən sonra, diaspora fəaliyyətinin keyfiyyəti ilə maraqlanmaq istədik. Azərbaycanlılar bizə bir neçə misal çəkdilər və dedilər ki, bu barədə maraqlanmasaq daha yaxşı olardı. Bir həmyerlimiz dedi ki, bu günlərdə Azərbaycandan bir qrup insan hansısa firmanın təşkilatçılığı ilə, bu şəhərə işləməyə gəlmişdilər. Layihə rəhbəri türk millətinin nümayəndəsi idi. Gətirdiyi insanların demək olar ki, hamısını işlə təmin də edib, sadəcə, iki həmyerlimizin təqaüd yaşı çatdığından onların işlə təminatı alınmayıb. Qısası, bu iki ağsaqqal məcburən qalıblar Novıy Urenqoy şəhərində. Ciblərində pulları qurtardığı üçün bu şəhərdəki Azərbaycan diasporasına müraciət ediblər. Novıy Urenqoy şəhərindəki Azərbaycan diasporasının rəhbəri Namiq Əkbər oğlu Avdunov isə ağsaqqallara deyib ki, bunun onlara heç bir dəxli yoxdur: “Gəlmisiniz, pulunuz qurtarıb, bundan mənə nə? Diaspor təşkilatı xeyriyyəçiliklə məşğul deyil”. Kor peşman olan həmyerlilərimiz elə Namiq müəllimin şəxsi bazarını gəzərək qeyrətli azərbaycanlı axtardıqlarını deyiblər. Xülasə, Allah millətimizin qeyrətli oğullarını qorusun. Heç bir cəmiyyət, diaspor təşkilatı olmayan həmyerlilərimiz yığışaraq, hər iki ağsaqqala qatara bilet alıb və xeyli ərzaqla onları təmin edərək Bakıya yola salıblar. Əslində bu məsələ bir az bizi narahat etdiyi üçün, həmyerlilərimizdən Novıy Urenqoy şəhərində fəaliyyət göstərən Azərbaycan diasporası haqqında ətraflı məlumat toplamağa vadar etdi. Soydaşlarımızdan bir çox versiyalar eşitdik. Kimisi dedi ki, Namiq müəllim həddən artıq savadlı insandır, ancaq davranışlarında kifayət qədər ermənillərə meyillilik hiss edilir. Digərləri dedilər ki, siz gedin araşdırın baxın, şəhərin az qala yarısını pulu ilə alan insanın yanında bir nəfər belə Azərbaycan oğulu işləmir. Bu insan deyir ki, azərbaycanlılar ona müraciət etməsinlər. Bəs sual olunur: onda niyə Azərbaycan diasporasının rəhbərliyini əldən vermir? Bəlkə, kimlərinsə qarşısında öhdəliyi var? Digər bir soydaşımız isə dedi ki, biz sizə onun haqqında mənfi fikirlər desək, düşünərsiniz ki, bəlkə şəxsi marağımız var. Odur ki, gedin onun rəhbərlik etdiyi hər hansı bir dükana və Ermənistan adına istehsal etdiyi məhsullarla tanış olun. Bu sözü eşidərkən həqiqətən də, çox məyus olduq. Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimovla səmimi söhbətimiz zamanı, o da mənə demişdi ki, bəzən kənarda yaşayan soydaşlarımızın içərisindən naxələfləri çıxaraq millətin adını batırır. Mən bu şəhərdə olarkən gördüm ki, Nazim müəllimin işi elə də asan deyilmiş və həddindən artıq məsuliyyətli bir vəzifədir. Beləliklə də, soydaşlarımızın səsləndirdikləri fikirlər bizi biraz da maraqlandırdı. Namiq Avdunovun rəhbərlik etdiyi şirniyyat və çörək istehsalı ilə məşğul olan bir müəssisəyə getdik. Oradan bizə bir telefon nömrəsi verərək dedilər ki, Namiq Akberoviç hal-hazırda məşğuldur, lakin Janna xanım onun bütün bu işlərini yerinə yetirir. Biz dərhal Janna xanıma zəng etdik. Oxucularımız üçün qaranlıq qalmasın deyə, telefon audio danışığımızı olduğu kimi yazıb və təqdim edirik:

– Alo salam, bağışlayın Janna xanımla danışırıq?

– Salam, bəli.

– Janna xanım sizin nömrənizi mənə firma dükanınızdan verdilər və dedilər ki, Namiq Avdunovun bu sahədəki işlərinə siz rəhbərlik edirsiniz. Bu belədirmi?

-Bəli, sizi nə maraqlandırır?

-Janna xanım məni sizin istehsal etdiyiniz erməni lavaşı maraqlandırır, siz doğrudan da erməni lavaşı istehsal edirsiniz?

-Bəli.

-Janna xanım mən sizə biraz un təklifi edəcəyəm, əvəzində isə erməni lavaşı alacağam.

-Siz nə qədər erməni lavaşı almağı düşünürsünüz?

-O baxır lavaşın həcminə, güman ki, bir ton.

-Problem deyil.

-Mən bir məsələni aydınlaşdırmaq istəyirəm. Başqa şəhərdən gəldiyim üçün, sizləri yaxşı tanımıram. Zəhmət olmasa deyin bu Namiq Avdunov Novıy Urenqoy şəhərindəki Azərbaycan diasporasının rəhbəridirmi?

-Bəli, bəli, məhz həmin Namiq müəllimdir.

-Onda zəhmət olmasa bir sualıma da cavab verin. Sizdə erməni lavaşından başqa daha hansı erməni, vəyaxud sizin milli istehsalınız olan şirniyyat, çörək məhsulları var?

-Deməli bizdə bir çox milli məhsullar var, o cümlədən də, erməni lavaşı və maknakaş istehsal edirik.
-Bu gün istirahət gününüzdür?

-Bəli, birinci gün səhər saat 9-00 da sizi ofisimizdə gözləyirik.

-Sağolun, birinci gün görüşənədək.

Sonradan öyrəndik ki, maknakaş dediyi çörək adi təndir çörəyidir. Mən bu formada çörəyi, Naxçıvan şəhərində Vağzal çörəyi kimi tanınan təndir çörəyində görmüşdüm. Burada heç bir erməni milli çörəyindən söhbət gedə bilməz. Bu məsələ bizi çox narahat etdiyi üçün, Namiq Avdunovu yaxından tanıyanlarla söhbət də etdik. Onların dediyinə görə vaxtıilə Azərbaycana gəlməkdən çəkinən diaspor rəhbərimizin ailəsini belə, dostları bakıdan yola salıblar. Yəni bu insan vaxtıilə Azərbaycana gəlməkdən belə çəkinirmiş, görəsən niyə? Suallar çoxdur, cavabı isə bizi hələ xeyli düşündürəcək. Görəsən onda erməni millətinə olan rəğbətin səbəbi nədir? Pul?
Xeyir, Namiq müəllimin pulu o qədər çoxdur ki, sadəcə lavaşdan gələn gəlirə görə adını batırmazdı.

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin üzvü

Azinforum.az

Şərhlər

XƏBƏR LENTİ