SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Lotu Quli” kriminal aləmin liderinə çevrilir

“Lotu Quli” kriminal aləmin liderinə çevrilir

Tarix:

31-10-2017, 12:56

/ 62 160 dəfə oxundu.
“Lotu Quli” kriminal aləmin liderinə çevrilir

22 illik fasiləsiz həbsdən sonra azadlığa çıxan Nadir Səlifovun (“Lotu Quli”) daimi yaşayış üçün Türkiyəni seçməsinin maraqlı detalları üzə çıxıb. Kriminal aləmlə az-çox yaxınlığı olanlar, bu aləmdə baş verənlərdən xəbərdar olanlar bilirlər ki, Türkiyə dövləti “Kabadayı” deyilən kəsimə son dərəcə dözümlüdür. Kriminal dünya üzvlərinə qarşı Türkiyə dövlətinin işinə qarışmayınca hər hansı bir hərəkətə keçilmir. Odur ki, Türkiyə bütün dünyanın kriminal dairələrinin, təqib olunan siyasilərin rahat yerləşmə məkanına çevrilir.
Düzdür, ara-sıra rahatlıq pozulur, qan su yerinə axır və sonradan heç nə olmamış kimi yenə də həyat öz axarına qayıdır. Çeçen əsilli siyasilərin Rusiya xüsusi xidmət orqanları tərəfindən “ovlanması” haqda dünya mətbuatı illər əvvəl yazırdı. Yəni Türkiyə gündəmi üçün belə olaylar yad deyil. Sonuncu dəfə Türkiyədə, Beşiktaşın mərkəzində ciddi qoruma altında olan azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev öldürüldü. İllər əvvəldən Türkiyədə yerləşən “Rövşən Lənkəranski”nin öldürülməsi kriminal dünyanı silkələmişdi. Türkiyədə buna qədər də belə qətllər, döyülmələr, təqiblər olmuşdu. Sonra da davam edirdi. Elə “Rövşən Lənkəranski”nin qətlindən bir neçə ay sonra onun yaxın adamı “qanuni oğru” Rafiq Eyvazovun Türkiyədə döyülməsi də bunu sübut edir. 2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulmuşdu. O zaman yayılan xəbərlərdə deyilirdi ki, R.Eyvazovu “taclandırıb” “içəri” göndərmək planı “Lotu Quli”yə problem yaratmaq üçün hazırlanıb. Lakin bu plan baş tutmadı, onu Türkiyədə tapıb döyməklə, cəzalandırmaqla məsələni bitirdilər. “Lotu Quli”nin qardaşı – “qanuni oğru” Namiq Səlifov da bir neçə ildir Türkiyədə yaşayır.
Kriminal dünyanın cənnət məkanı Birləşmiş Ərəb Əmirlikləri hesab edilir. Bir zamanlar “Rövşən Lənkəranski”nin də Dubayda mənzilləndiyi deyilirdi. Sonradan o, Türkiyəyə köçdü və qoruma altında olması onu gülləbaran edilərək öldürülməkdən sığortalamadı. Maraqlı məlumatlardan biri də budur ki, BƏƏ-də bu günə qədər kriminal aləm üzvlərindən kimsə öldürülməyib.
“Lotu Quli” hazırda İstanbulda təbrikləri qəbul edir. Rusiya mətbuatı yazır ki, onun azadlığa çıxması yaxın zamanda “kriminal dünya”da böyük dəyişikliklərə gətirib çıxara bilər. “Oğru aləmi”nin yuxarı eşelonunda təmsil olunan ancaq 2 nəfərə indiyə qədər bu qədər “ümidlə” baxılıb. Bunlar “Şakro Molodoy” və “Yaponçik” olub.
“Lotu Quli”nin hər ikisindən üstün cəhəti var - gəncliyi, 45 yaşındadır. Üstəlik, “Rövşən Lənkəranski”nin qətlindən sonra onun olan bütün sərvət Şakronun və Cvanqveladzenin bütün etirazına baxmayaraq, “Lotu Quli”nin ixtiyarına verilib. Etiraz edən isə ancaq Rövşən Canıyevin yaxın qohumu Zaur Əhmədov olub. O, indi də Quli ilə “müharibə vəziyyətindədir”.
Quli azadlığa çıxdıqdan dərhal sonra Peterburqda onun dostu Elşən Məmmədovun ehtimal edilən qatilləri saxlanılıb. Saxlananlardan biri də Zaurun doğma qardaşı Emin idi. Beləliklə, Zaur “Lotu Quli” ilə mübarizə meydanında təklənmiş durumdadır.
Xatırladaq ki, “Lotu Quli” 2000-ci ildə Raul və Şirəli Aslanov tərəfindən “taclandırılıb”. O cəzasını Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində çəkib. Gürcüstanda doğulan N.Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb... Sonra Səlifovun cəza müddəti artırılıb. O, üst-üstə 27 il müddətinə azadlıqdan məhrum edilib.
2005-ci ilin yanvarında Nadir Səlifovun kiçik qardaşı Müşfiq Səlifov və onunla birlikdə idmançı Fariz Məmmədov həbs edilib. Müşfiq Səlifov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Kriminal dünyası buna dərhal reaksiya verib. Hüquq-mühafizə orqanlarının rəhbərlərinə M.Səlifov və Məmmədovun təcili azadlığa buraxılması tələbi ilə ultimatum göndərilib. Əks təqdirdə, kriminalitet bütün həbsxana və koloniyalarda qiyam qaldırmaqla hədələyib ki, bu da özünü çox gözlətməyib. 15 fevral 2005-ci ildə 200-dək məhbus 11 saylı Ciddi Rejimli İslah Əmək Koloniyasında qiyam qaldırıb, üçmərtəbəli kazarmanın damına qalxaraq qaniçən adlandırdıqları koloniya rəisi Oqtay Həsənovun istefasını tələb ediblər. Növbəti gecə aksiyalar 13-cü koloniyada başlayıb. Bu dalğanı yaradan məhz Nadir Səlifov idi.
M.Səlifov 7 il həbsdə oturandan sonra 2012-ci ildə azadlığa çıxıb. Hazırda Müşfiq Səlifov Türkiyədə yaşayır və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək bəraət almaq istəyir.
“Lotu Quli” indiyə qədər 22 il dəmir barmaqlıqlar arasında olub ki, onun da 10 ilini Qobustan qapalı tipli həbsxanasında keçirib. O, daha 5 il də həbsxanada qalmalı idi. N.Səlifovun işinə baxılıb və “qanuni oğru” vaxtından əvvəl azadlığa buraxılıb.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ