SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Tarix İnstitutundan Təhsil Nazirliyinə ittiham

Tarix İnstitutundan Təhsil Nazirliyinə ittiham

Tarix:

12-10-2017, 18:05

/ 108 373 dəfə oxundu.
Tarix İnstitutundan Təhsil Nazirliyinə ittiham

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.
İnstitutdan verilən məlumata görə, bəyanatda deyilir ki, dərslikdəki uydurma “Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir: “Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir. Həqiqətən də saxta “Böyük Ermənistan” xəritəsinin dünyanın müxtəlif KİV-lərində və informasiya resurslarında, o cümlədən Vikipediyada yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Bunun üçün göstərilən millətçi erməni təşkilatı xüsusi qrant ayırmışdı. Bu cür xəritələri nəşr edən qədim tarix ensiklopediyası olan “Ancient.eu” adlı sayt göstərilən erməni təşkilatına onlar üçün ayrılmış qranta görə təşəkkür edib.
Qeyd etmək lazımdır ki, göstərilən xəritə X sinif “Ümumi tarix” dərsliyində verilərkən Azərbaycanın zərərinə daha da saxtalaşdırılmışdır. Belə ki, mərmər xəritədə, habelə müxtəlif müəlliflərin, o cümlədən çoxcilidlik “Roma tarixi”nin müəllifi Teodor Mommzenin nəşr etdiyi xəritədə də belə dəhşətli saxtakarlığa yol verilməmişdir.
Ciddi narahatlıq doğuran hal budur ki, bu saxtalaşdırılmış xəritə “Ümumi tarix“ dərsliyinin rus dilində olan versiyasına daxil edilib. Beləliklə, saxtakarlığın rusdilli oxuculara çatdırılması imkanı yaradılıb. Bununla yanaşı qeyd edək ki, eyni xəritə saxta “Böyük Ermənistan”ın bütün sərhərdləri ilə “Ümumi tarix” dərsliyinin Azərbaycan dilində olan versiyasında da verilib. Burada çatmayan ancaq “Armeniya” sözüdür. Hər iki halda dərsliyin həm rus, həm də Azərbaycan versiyalarındakı xəritələr Azərbaycanın tarixi keçmişinə vurulan ağır zərbədir”.
Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ölkə başçısının təşəbbüsü və tapşırığına əsasən son illərdə aparılmış tədqiqatlar (“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ: real tarix, faktlar və sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “Real tarix və “Böyük Ermənistan” uydurması” və Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımlarına həsr olunmuş çoxsaylı əsərlər) nəticəsində sübut edilib ki, 1918-ci il mayın 29-da İrəvan və ətrafı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verilənə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.
Tarix İnstitutunun Elmi Şurası yuxarıda göstərilənlərlə yanaşı onu da bəyan edir ki, orta məktəblər üçün dərsliklər hazırlanmasının qüvvədə olan mexanizmi dəyişdirilməli və bu sahədə əsaslı islahatlar aparılmalıdır. Qüvvədə olan mexanizmə əsasən, bir qayda olaraq, tenderdə aparıcı qüvvə kimi nəşriyyatlar iştirak edirlər. Nəşriyyatlar isə öz ətrafına “münasib bildiyi” adamları toplayaraq dərslik layihələri hazırlayırlar. Beləliklə, tenderdə mübarizə nəşriyyatlar arasında gedir.
Bu mübarizədə dərsliklərin elmi məzmunu deyil, “daha güclü nəşriyyat” və onun arxasında duran qüvvələr qalib gəlir. Əslində isə dərsliklər, o cümlədən tarix dərslikləri bu sahədə səriştəsi olan görkəmli alimlərin qələmindən çıxmalıdır.
Şuranın bəyanatında o da qeyd edilir ki, dərsliklərin yazılmasının təsadüfi şəxslərə, hətta kütləvi informasiya vasitələrində dələduzluqda təqsirləndirilənlərə, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələyənlərə etibar edilməməlidir:
Təəccüb doğuran odur ki, X siniflər üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik layihələrinin Azərbaycan versiyaları tenderdə qalib elan olunduqdan sonra Tarix İnstitutunun əməkdaşları tərəfindən 28 səhifəlik irad və təkliflər Təhsil Nazirliyinə göndərilsə də, onların əksəriyyəti nəzərə alınmadan dərslik çap edilmişdir. Həmin dərsliklərin rus dilində olan versiyaları isə ictimai müzakirəyə çıxarılmadan çap olunub.

Şərhlər

XƏBƏR LENTİ