SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Arxeologiya və Etnoqrafiya İnstitutunda qalmaqal - “Abuzər Ələkbərovun saxta layihəsini 1 saata ləğv etdirdim”

Arxeologiya və Etnoqrafiya İnstitutunda qalmaqal - “Abuzər Ələkbərovun saxta layihəsini 1 saata ləğv etdirdim”

Tarix:

7-10-2017, 11:48

/ 87 611 dəfə oxundu.
Arxeologiya və Etnoqrafiya İnstitutunda qalmaqal - “Abuzər Ələkbərovun saxta layihəsini 1 saata ləğv etdirdim”

Xəbər verdiyimiz kimi, bu gün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclasında qalmaqal yaşanıb və şuranın iclası pozulub… Belə ki, institutun əməkdaşı, gənc alim Anar Ağalarzadə Fransada apardığı elmi araşdırma ilə bağlı yazdığı elmi məqalənin şuranın gündəliyinə salınmasına dair təklifi səsə qoyularkən institutun Həmkarlar Təşkilatının sədri Abuzər Ələkbərov qalmaqal yaradıb, şuranın işi pozulub.
Bəs əslində nə baş verir? Baş verənlərlə bağlı elə gənc alim Anar Ağalarzadə ilə söhbət etdik:
-Anar bəy, bu gün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclasında sizin Fransada apardığınız elmi araşdırma ilə bağlı məsələnin şuranın gündəliyinə salınması müzakirə olunarkən institutun Həmkarlar Təşkilatının sədri Abuzər Ələkbərovla aranızda qalmaqal yaşanıb. Bu münaqişənin kökü nədədir?
-Məsələ Abuzər Ələkbərovun mənə qarşı paxıllığının nəticəsidir. Söhbət ondan gedir ki, biz ikimiz də Fransanın Sen-Jermen muzeyindən dəvət almışdıq və hər ikimizə ayrı-ayrılıqda qrant ayrılmışdı. Şəxsən mən 1350 evro pul almışdım. Və həmin qrantın sayəsində Fransaya getmişəm. Həmin muzeydə Azərbaycanla bağlı qiymətli arxeoloji materiallar saxlanılır. Belə ki, Azərbaycanın Lerik bölgəsində hələ XIX əsrin sonlarında olmuş fransız arxeoloqu Jak De Morqan və onun qardaşı Henri Morqan arxeoloji kəşfiyyat aparıblar. Həmin işlərin nəticəsi olaraq son Tunc və İlk Dəmir dövrünə aid daş qutu qəbirlər və xeyli miqdarda qiymətli arxeoloji materiallar üzə çıxarılıb və Fransaya aparılıb, hazırda Sen-Jermen muzeyində saxlanılır.
Onu da deyim ki, hələ Sovetlər dövründə akademik İqrar Əliyev qeyd edirdi ki, Azərbaycanın cənub bölgəsindən vaxtilə XIX əsrin sonlarında Morqan qardaşlarının qazıb Fransaya apardığı arxeoloji materiallar xalqımızın qədim tarixinin əsas səhifələrindən biridir. Bunun davamı olaraq tarix elmləri doktoru Əsədulla Cəfərov isə 2001-2003-cü illərdə Fransada Beynəlxalq İNTAS proqramı çərçivəsində tədqiqatlar aparan zaman iki dəfə Sen Jermen Muzeyinə getmiş, burada saxlanılan Azərbaycanın maddi-mədəniyyət nümunələri ilə tanış olmuş və ilk dəfə olaraq qeyd etmişdir ki, muzeyin arxeoloji fondunda 2000-dən artıq tapıntılar saxlanılır. Alim bir neçə il bundan əvvəl təklif də etmişdi ki, bu tapıntıların orijinalları gətirilə bilməsə də onların mulyajları hazırlansın və Azərbaycan tədqiqatçıları elmi işlərində bunlardan faydalana bilsinlər. Elmdə sərhəd yoxdur, hər kəs öz elmi fikrini bildirə və elmi ictimaiyyətin buna münasibətini öyrənə bilər. Mən də orada olanda muzeyin əməkdaşları ilə görüşüb ətraflı söhbət etmişəm. Onlar da yaxşı bilirlər ki, bu qiymətli eksponatlar Azərbaycan xalqının maddi-mədəniyyət sərvətidir, tarixidir. Sadəcə həmin o illərdə dərəbəylik idi və həvəskar arxeoloq Morqan Azərbaycanda qazıntı aparıb bu eksponatları daşıyıb aparmışdır Fransaya. Muzey əməkdaşları özləri həvəs göstərirlər ki, Azərbaycanlı alimlər gəlsinlər Fransaya və bu barədə yazsınlar, araşdırma aparsınlar, göstərsinlər ki, Fransanın bu tarix muzeyi Azərbaycanın maddi-mədəni irsinə və tarixinə aid eksponatları necə qoruyub saxlayır və s. Mən muzeydən qayıdandan sonar bir neçə məqalə hazırlayıb, həm də ingilis dilində çap etdirdim, pdf formatda onlara göndərdim ki, görüm onların münasibəti necə olacaq. Mənə Fransadan o qədər minnətdarlıqlar gəldi ki, təsəvvür etməzsiniz. Məsələ ondadır ki, bu materiallar orada ölü material kimi qalmaqdadır, tədqiq olunmalı, öyrənilməlidir. Ancaq mən bu materialın cüzi bir hissəsini, necə deyərlər, diriltdim, ictimailəşdirdim…
-Bəs sizin kimi oraya getmiş, eyni məbləğdə qrant almış Abuzər Ələkbərov necə, nəsə yazıb hesabat verdimi?
-Yox… O, həmin pulu mənimsədi, heç bir iş görmədi. Hətta Fransanın Mədəniyyət Nazirliyi 3 ay ərzində məktub yazıb tələb edirdi ki, yaxşı, biz sizə qrant ayırdıq, pul verdik, gəldiniz, nə iş gördünüz, niyə bizim hökumətə hesabat yazıb təqdim etmirsiniz? Mən özüm ingilis dilində hesabat yazıb Fransaya göndərdim, məmnun oldular. Bildirdim ki, yəni mən bu tədqiqatları apardım, bu da elmi araşdırmam və izahım. Sonra Fransa Mədəniyyət Nazirliyi mənə yazdı ki, bəs sizinlə bərabər buraya gəlmiş, qrant almış Abuzər Ələkbərov adlı şəxs niyə hesabatı göndərmir, ona məlumat verin… Bu adam ikicə səhifəlik bir hesabatı yaza bilmədi, ürəyi gəlmədi ki, yazıb 5-10 manat da verib tərcümə etdirsin, göndərsin Fransaya. Mən nə deyə bilərəm. Mən Fransız dilini də bilirəm. Başladım Fransa səfərim barədə mətbuatda məqalələr yazmağa... Məgər cinayət etmişəm? Mən səndən icazə almalı idim, Abuzər müəllim? Sənə də dəvətnamə gəlib, mənə də. Özü də ayrı-ayrılıqda. Sən yaza bilmirsən, mən neyləyim?! Bəlkə istəyirsən ki, mən yazım, sənin də imzanı böyrünə yapışdırım?! Bəlkə bunu gözləyirdin?! Xeyr! Mən elə saxtakarlıq edə bilməzdim. Mən tanınmış jurnallarda məqalələrimi çap etdirdim. Biri də bu yaxınlarda Sen-Jermen muzeyinin 150 illik yubileyinə həsr olunacaq. Orada 2800-dən çox Azərbaycandan aparılmış arxeoloji materiallar var. Həmin materialların fotosunu o da çəkib, mən də çəkmişəm. Gəlmisən, yaz də, hesabat ver də… Abuzər Ələkbərov orada bir qəribə söz dedi. Dedi ki, Azərbaycanın Cənub bölgəsi mənimdir, mənim monopoliyamdadır.

“Abuzər, sən son on ildə dövlətin on min manatlarla vəsaitini götürüb qazıntı adı ilə getmisən, amma sən qazıntılarla məşğul olmamısan…”
-Bu nə deməkdir?
-Mən də sual verirəm, bu nə deməkdir, Abuzər Ələkbərov? Deyir ki, mənim icazəm olmadan ora kimsə gedə bilməz. Bilə-bilə ki, orada aparılan arxeoloji qazıntı mənim doktorluq dissertasiyamdır. Demişəm ki, sən nə danışırsan, deyəsən çaşmısan, mən o doktorluğu müdafiə edəcəyəm. Mən buna tam əminəm. Özünə demişəm ki, sən bu elmdən uzaqsan, tunc dövrü haqqında tamamilə məlumatsızsan. İkincisi, demişəm ki, bir də belə şeyləri yadına salma. Arxeoloji abidələr Azərbaycan xalqının milli sərvətidir, vəssalam! Elmdə polemika, mübahisə ola bilər. Amma bu adam mənimlə düşmənçilik aparır. Onun kitabdan xəbəri yoxdur. Deyir ki, mənim icazəm olmadan cənub bölgəsinə gedə bilməz. Mən bi il Yardımlıda olmuşam. Son 30 ildə ilk dəfə qazıntını mən aparmışam. Mən orada elə bir qazıntı aparmışam ki, örnək olasıdır. Deyir ki, sənin ora getməyinə göz yummuşam. Fikir verirsinizmi? Deyir ki, Anar, mənə deyirlər ki, sən niyə ona belə işlərdə güzəştə getmisən? Deyirəm, sən kiminsə arxeoloji qazıntı işlərinə icazə verməlisən, mən ora dövlətin pulu ilə getmişəm. Bu institut dövlətindir, sən kimsən? Deyirəm, sən nə istəyirsən? Savadın, qabiliyyətin yoxdur, mən neyləyim?
-Abuzər Ələkbərovun vəzifəsi nədir?
-O, özünün dediyi kimi, guya Cənub-Şərqi Azərbaycanın Arxeloji Tədqiqi Ekspedisiyasının rəhbəridir. Əslində isə özü orta əsr tarixinin araşdırılması ilə məşğuldur. Amma bu adam saxtakarcasına hər yerə burnunu soxur. Tunc dövrünə də girişir. Alim bir sahə ilə, özü də peşəkarlıqla məşğul olmalıdır. O, hesab edir ki, cənub bölgəsi onun şəxsi torpaqlarıdır. Abuzər Ələkbərov son on ildə dövlətin yüz min manatlarla vəsaitini götürüb qazıntı adı ilə getmişdir. Xahiş edirəm, bunu mütləq yazın: Cəlilabadın tarixçi ziyalıları deyirlər ki, Abuzər Ələkbərov gəlib camaatdan eksponatlar toplayır, sonra qazıntı nümunəsi kimi sənədləşdirir. Təsəvvür edirsinizmi? İnstitutda da ekspedisiyanın işi kimi təqdim edir...
-Bu günkü Elmi Şurada nə qalmaqal idi sizinlə bağlı?
-Mənim elmi məqaləmin adı “Azərbaycanın arxeoloji materialları Fransanın Sen-Jermen muzeyində” adlanır. Balaca bir kitabçadır. Mən onu Elmi Şuranın rəyi ilə çap etdirmək üçün təqdim etmişdim. Müstəqil tədqiqatdır. Özünə demişdim ki, Abuzər müəllim, sən də yaz, bəlkə sən daha yaxşı yazacaqsan, təhlil apara biləcəksən. Yalandan da deyir ki, guya o, Fransaya getmiş ekspedisiyanın rəhbəri olub. Yalan deyir, mənim özümə şəxsən dəvətnamə göndərilmişdi… Ayrı-ayrılıqda hər ikimizə də qrant ayrılıb. Amma sən yeyib dağıtmısan, mən neyləyim? Onun mənimlə bütün münaqişəsi bununla bağlıdır. İstəyir ki, hamı onunla hesablaşsın. Bəs direktor kimdir? Biz onun əmrinə uyğun iş görürük… Əslində, bu məsələnin kökü lap dərindir. O, Elm Fonduna bu məsələ ilə bağlı 187 min manatlıq layihə vermişdi. Mənim əvvəllər verdiyim layihənin eyni adlısı… Mən o vaxt Fondun rəhbərliyinə, şəxsən Elçin Babayevə rəsmi elektron məktub yazdım ki, axı mən bir müddət əvvəl eyni adlı layihə vermişdim, 4 min manat büdcəsi var idi. Lakin nə səbəbdənsə keçmədi. Olsun! Amma qaydalara görə qaytarılmış layihənin eyni adla təkrar verilməsi qadağandır. Dedim, Abuzər Ələkbərlinin bu layihəsi saxtadır, əgər təcili müzakirədən çıxarılmasa, mən bu məsələni ictimailəşdirəcəyəm…
-Nəticəsi necə oldu?
-Bir saat keçməmiş, Elm Fondunun həmin dövr üçün müsabiqəsində onun layihəsi ləğv edildi. Özü də mən eyni layihəni 4 min manat büdcə ilə vermişdim, o isə 187 min manatla. Təsəvvür edirsinizmi? Bu layihənin keçirilməsi dövlətə xəyanət idi.
-Sonuncu sual: bəs institutun direktoru Maisə Rəhimova niyə Abuzər Ələkbərovla bağlı məsələni yoluna qoymur?
-Bizim üçün də qaranlıqdır ki, vaxtilə bu dövlətə xəyanət etmiş Əli İnsanovun bu tör-töküntüsünü niyə Maisə xanım dəstəkləyir? Və onun bu özbaşınalıqlarına göz yumur? Hesab edirəm ki, əgər Abuzər Ələkbərov institutdan uzaqlaşdırılmasa, betər qalmaqallar hələ çox olacaq…
-Suallara ətraflı cavab verdiyiniz üçün təşəkkür edirik.

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ