SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hakimdən məhkəmə sədrinə şikayət olundu - İTTİHAM VAR

Hakimdən məhkəmə sədrinə şikayət olundu - İTTİHAM VAR

Tarix:

28-09-2017, 09:00

/ 40 858 dəfə oxundu.
Hakimdən məhkəmə sədrinə şikayət olundu - İTTİHAM VAR

“Təzadların” 21 senytabr 2017-ci il tarixli sayında dərc olunmuş “HAKİM HİKMƏT MİRZƏYEV TANINMIŞ POLİQRAFI NECƏ ÇƏRLƏDİB ÖLDÜRÜB?” başlıqlı və “Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyev mərhum poliqraf Bəhruz Axundovun və Xəlil Rza Ulutürkün Milli Qəhrəman oğlu Təbriz Rzayevin ailəsinin «Dəmirbank» ASC-də olan külli miqdarda əmanətinin ələ keçirilməsi üçün Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədova necə təzyiq edirmiş?” yarımbaşlıqlı yazı Bakı şəhər sakinləri Axundova Əzizə Tofiq qızının və onun oğlu Tural Axundovun Prezident İlham Əliyevə, surəti Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova ünvanlı şikayəti əsasında hazırlanmışdı. Ailə üzvləri yazırdılar ki, “Biz “Dəmirbank” ASC-də yerləşdirilmiş əmanətlərimizi ala bilməməyimiz səbəbilə hazırda davam edən məhkəmə işində hakim Məmməd Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyasının süni şəkildə məhkəmə araşdırmasını uzatmaqla qərəzli mövqeyinin araşdırılması üçün 22 avqust 2017-ci il tarixdə ədliyyə naziri F.Məmmədova yazılı müraciət etmişdik. Təəssüflər olsun ki, ərizəmiz Məhkəmə-Hüquq Şurasının Aparatının müvafiq mütəxəssisləri tərəfindən lazımi şəkildə araşdırılmadan, Azərbaycan Respublikasının qanunlarına zidd olaraq şikayət edilmiş orqana göndərilmişdir. 22 avqust 2017-ci il tarixli ərizəmizdə də göstərdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsində məhkəmə araşdırması artıq 9 aydır davam edir. Qeyd edilən müddətdə dəfələrlə hakim Məmməd Məmmədova lüzumsuz yerə süründürməçilik etməsindən narazılığımızı bildirmişdik. Belə ki, onun məhkəmə iclaslarının keçirilmə tarixləri arasında uzun müddət müəyyən etməsi ilə yanaşı, məhkəmə iclaslarının heç bir üzürlü səbəb olmadan təxirə salması dəfələrlə təkrarlanmışdır...”.
Bu qeydlər dolu geniş şikayət mətbuatda da işıqlandırılmışdır. Gözləmək olardı ki, hakim Məmməd Məmmədov yazılanlardan nəzticə çıxaracaq və qanunun tələblərinə əməl edəcək. Sən demə, əksinə, hakim Məmməd Məmmədov Ali Məhkəmənin Kollegiya sədri Hikmət Hacıyevin sifarişlərini yerinə yetirməkdədir. Belə ki, hakim Məmməd Məmmədovun qanunsuz əməllərinin qarşısı alınmadığından, onun qanunları heçə sayması özbaşınalıq həddinə çatmışdır, bu da Azərbaycanda hakim özbaşınalığı ilə bağlı həyəcan siqnalı çalınması üçün ciddi əsas yaradır. Belə ki, 31 avqust 2017-ci il tarixdə məhkəmə kollegiyası yenə də işi uzatmaq məqsədilə, heç bir hüquqi əsas olmadığı halda icraatın dayandırılması barədə qərar qəbul etmişdir və bunu “Dəmirbank” ASC-nin “Bayıl” Filialının rəhbəri vəzifəsində işləmiş Rəşadətli Fərəh Rəşadət qızının barəsində istintaqı gedən cinayət işi ilə əlaqələndirməyə çalışmışdır. Hər dəfə bir bəhanə gətirərək qətnamə çıxarılmasını təxirə salan hakim Məmməd Məmmədovun sədrlik etdiyi kollegiya bu dəfə işi uzatmaq üçün etdiyi icadla işi qanunvericiliyin yol vermədiyi ən absurd qərarlarla uzatmağı bacaran məhkəmə kollegiyası kimi Azərbaycan məhkəmə tarixinə düşmək haqqı qazanmışdır. Bu azmış kimi, hakim Məmməd Məmmədov bu dəfə onun məlum qərarından verilmiş kassasiya şikayətini 1 aya yaxındır gizlədir, Ali Məhkəməyə göndərmir.
Hakim Məmməd Məmmədovdan Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə şok şikayət
(Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyev)
Zərərçəkmiş Tural Axundovun Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İman Nağıyevə etdiyi şikayətə diqqət yetirək. Tural Axundov yazır: “Hörmətli İman müəllim! Hakim Məmməd Məmmədovun qanunları ayaq altına atması son həddə çatıb. Belə ki, hakim Məmməd Məmmədovun sədrlik etdiyi Məhkəmə Kollegiyasının 31 avqust 2017-ci il tarixli qərarından Ali Məhkəməyə Kassasiya şikayəti vermişik. Hakim Məmməd Məmmədov isə Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyevin sifarişi və tələbi əsasında bizim kassasiya şikayətimizi bir aya yaxındır Ali Məhkəməyə göndərmir. Bu qədər də özbaşınalıq olarmı? Biz onun bu dəfəki məqsədini bilirik. Amma istərdik ki, hakimin bu qanunsuz hərəkətinə qarşı Bakı Apellyasiya Məhkəməsinin sədri kimi, Siz tədbir görəsiniz. Səbrsizliklə görəcəyiniz tədbirin nəticəsini ən qısa zaman içində hiss etmək və görmək arzusundayıq. İnanırıq ki, problem həllini tapacaq və hakim cəzasını alacaq!”.
Redaksiyadan: məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsi rəhbərliyinin mövqeyini öyrənməyə çalışırıq. Bizi izləyin...

Şərhlər

XƏBƏR LENTİ