SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mənsimovun sonu?

Mənsimovun sonu?

Tarix:

25-09-2017, 11:54

/ 36 054 dəfə oxundu.
Mənsimovun sonu?

Azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun biznesi ciddi böhran yaşayır. Milyarder vaxtilə ona sürətlə varlanmağa imkan yaradan “yağlı tikədən”-Rusiya neftinin daşınmasından məhrum edilib. Və ehtimal edilir ki, bu, şəxsən prezident Vladimir Putinin göstərişi ilə baş verib.
Xatırladaq ki, bu günlərdə Mənsimovun Türkiyədə fəaliyyətdə olan “Palmali Denizçilik” şirkətinin Rusiyanın “Lukoil” şirkətinin neft treydinqi ilə məşğul olan törəmə şirkəti “Litasco”nun əleyhinə London məhkəməsində təzminat iddiası qaldırdığı məlum olub. İddiaya əsasən Mənsimov Vahid Ələkbərovun şirkətindən 2 milyard dollar təzminat tələb edir. Səbəb isə budur ki, bir neçə il əvvəl “Palmali” şirkəti “Litasco” ilə neftin daşınmasına dair uzunmüddətli müqavilə bağlayıb.
Müqavilənin ona sanballı gəlir gətirəcəyindən əmin olan Mənsimov özünün tanker donanmasını genişləndirib, 360 milyon dollara bir neçə “Armada” tipli tanker inşa etdirib. Lakin indi “Lukoil” neft daşımaları ilə məşğul olmaq üçün öz şirkətini qurur, “Litasco”nu isə satışa çıxarıb. Bununla da “Palmali” şirkət “Lukoil”un hasil etdiyi nefti daşımaqdan məhrum olub. Nəticədə Mənsimov “Litasco”nu “Palmali” ilə bağlanmış müqavilənin şərtlərini pozmaqda günahlandıraraq məhkəməyə müraciət edib.
Bəs Vahid Ələkbərov Mənsimovla niyə işləmək istəmir və “Palmali”nin Rusiya neftinin daşınması biznesindən kənarlaşdırılması nədən qaynaqlanır? Axı Mənsimov bir vaxtlar Rusiya hakimiyyətinə yaxın oliqarx hesab edilirdi, hətta onun “Putinin adamı” imici də formalaşmışdı.
Belə görünür ki, Mənsimovun Rusiya neftinin daşınmasından kənarlaşdırılması Putinin ona qarşı yaranmış qəzəbi ilə bağlıdır. Ötən il Türkiyənin nüfuzlu “Sözçü” qəzeti yazmışdı ki, Mənsimovun Rusiya prezidenti Vladimir Putinlə münasibətləri pozulub, bu üzdən onun biznesi çökməyə başlayıb.
Qəzet “Palmali” şirkətlər qrupuna yaxın çevrələrə istinadən iddia edirdi ki, Rusiya və Azərbaycan neftinin daşınması ilə məşğul olan Mənsimovun maliyyə durumu hazırda ciddi şəkildə pisləşib. Oliqarx hətta “Palmali Havaçılık” şirkətinin qeydiyyatında olan biznes-jetlərini satışa çıxarıb və iki təyyarəni artıq satıb.
Qəzetin yazdığına görə üzləşdiyi maliyyə sıxıntıları nəticəsində Mənsimov Bodrumun Gökçebel kəndi yaxınlığındakı “Cennet köyü” adlanan ərazini almaqdan da imtina edib. Mənsimovun şirkəti bir neçə ay əvvəl hərracda qalib gələrək bu ərazini 370 milyon TL-yə almışdı. Lakin oliqarx üzləşdiyi maliyyə sıxıntıları nəticəsində həmin ərazinin pulunu ödəyə bilməyib və təminat kimi yatırdığı pul da batıb. Türkiyən Rəsmi Gazetesində yerləşdirilmiş məlumatda təsdiq edili ki, Mənsimov ərazinin alınması üçün pulu ödəyə bilməyib və nəticədə ərazi hərracda ikinci ən yuxarı qiyməti verən şirkətə satılacaq.
Putinin Mənsimovu digər azərbaycanlı oliqarx Telman İsmayılov kimi qara siyahıya salmasının motivləri isə çox güman ki, onun vaxtilə İŞİD-in İraq və Suriyada ələ keçirdiyi ərazilərdə hasil etdiyi neftin dünya bazarlarına çıxarılması sxemində yer alması ilə bağlıdır. Belə ki, İŞİD İraq və Suriyada o cümlədən neftlə zəngin böyük ərazilərə nəzarət edəndə hər gün yüzlərlə təkərli tanker dolu neft Türkiyə ilə sərhədə doğru daşınırdı, oradan isə dəllalar İŞİD-in hasil etdiyi nefti dünya bazar qiymətlərindən təxminən iki dəfə ucuz alaraq leqallaşdırırdılar. İŞİD nefti Ceyhan limanında “Palmali” şirkətinin tankerlərinə doldurularaq leqal neft adı altında müştərilərə çatdırılırdı.
Türkiyə ilə Rusiya arasında münasibətlər gərgin olanda Rusiya Müdafiə Nazirliyi İŞİD neftinin bu sxemlə necə daşındığına dair kəşfiyyat çəkilişlərini yaymışdı. Habelə “Palmali” şirkətinin İŞİD neftinin daşınmasında iştirakı haqda daha əvvəl Qərb və Rusiya mənbələrində də məlumatlar yer alıb. Məsələn, 2015-ci ilin oktyabrında “Novaya qazeta” yazmışdı ki, İŞİD nefti Ceyhan limanından azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali Shipping & Agency JSC” şirkətinə məxsus tankerlərlə daşınır. Qəzet yazırdı ki, dünyanın aparıcı xüsusi xidmət orqanları da bu haqda xəbərdardır.
Habelə Mənsimovun şirkəti mərkəzi Bağdad hökumətinin icazəsi olmadan Şimali İraqda kürdlərin nəzarətində olan ərazilərdə hasil edilən neftin dünya bazarlarına çıxarılmasını da həyata keçirir. 2014-cü ildə İraq mərkəzi hökuməti kürd neftini Bağdadın icazəsi olmadan daşıdığına görə “Palmali” şirkətinə sanksiya tətbiq edib.
Belə ki, həmin il İraqın milli neft şirkətləri “Somon” və “North Oil Company” (NOC) Türkiyənin BOTAŞ şirkətinə rəsmi müraciət göndərərək “MT United Emblem”, “Palmali Shipping&Agency JSC” və “Petromar Survey&Consultancy Ltd” şirkətlərinin indi və gələcəkdə İraq liman və təsislərindən neft yükləyə bilməyəcəyini bildirmişdi. Səbəb kimi həmin şirkətlərin mərkəzi hökumətin icazəsi olmadan kürd neftini daşıması göstərilirdi.
Hazırda Mənsimovun böyük miqdarda kredit borcları yaranıb və o, turizm sektorundakı aktivlərini sataraq fəaliyyətini ancaq neft daşımaları ilə məhdudlaşdırmağa hazırlaşırdı. Lakin onun planlarını bu dəfə “Lukoil” pozub. Bəzi məlumatlara görə Mənsimovun SOCAR neftinin daşınmasından da kənarlaşdırılması gözlənilir.
Lakin bütün bunlar milyarderin üzləşdiyi problemlərin hamısı deyil. Mənsimovun Türkiyə hakimiyyəti ilə münasibətləri də şübhə altındadır. Çünki onun Fətullah Gülənə yaxınlığı haqda dəfələrlə şaiyələr yayılıb. Bu ilin mayında isə bir vaxtlar Fətullah Gülənin ən yaxın adamlarından olan və onun "kassiri” hesab edilən türkiyəli iş adamı İhsan Kalkavan azərbaycanlı milyarder, oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovla yaxın dostluq münasibətlərindən danışıb. Özü də bir vaxtlar gəmiçilik biznesi ilə məşğul olan İhsan Kalkavan "FETÖ-nun bankı” hesab edilən "Bank Asya”nın idarə heyətinin rəhbəri (2004-cü ilə qədər) olub və bankda səhmdarlardan biridir. Habelə o, "Beşiktaş” futbol klubunun başqanı olub, hazırda ABŞ-ın Mayami şəhərindədir.

Virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ