SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Çudo Peçka”nın həbsdəki təsisçisi çətin durumda

“Çudo Peçka”nın həbsdəki təsisçisi çətin durumda

Tarix:

22-09-2017, 08:54

/ 90 751 dəfə oxundu.
“Çudo Peçka”nın həbsdəki təsisçisi çətin durumda

Bir müddət əvvəl həbs edilmiş iş adamı, “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilov məhkəməyə müraciət edib. APA-nın məlumatına görə, Ç. Cəlilov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Onun müraciətinə yaxın günlərdə baxılacaq.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda isə qeyd edilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olub. Nəticədə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti almaq üçün bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoyub. Ç. Cəlilova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, bu ilin mart ayından etibarən “Çuda Peçka” mağazalar şəbəkəsi fəaliyyətini tamamilə dayandırıb. O gündən indiyə qədər mağazalar açılmayıb və şirkət tamamilə müflis olub.
Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsi və komitənin üzvü olmayan digər kreditorlar isə sentyabrın 7-də qəbul etdikləri qərara uyğun olaraq prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Müraciətləri həm fiziki, həm də hüquqi şəxslər daxil olmaqla, 90 kreditor imzalayıb. Onlar arasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da var. Ə. Həsənov “Yeni Müsavat”a bildirib ki, “Bank Standart”ın Kreditorlar Komitəsinin sədri olaraq batmış pulların xilasına çalışır: “Bankın Kreditorlar Komitəsinin sədriyəm. Kimlərin ki, orada əmanətləri və bank hesablarında pulları olubsa, onları təmsil edirəm. Təxmini bu vəsait 1 milyarddan çoxdur. Həmin vəsaitlərin hara xərclənməsini Əmanətlərin Sığortalanması Fondundan daim soruşuruq. Oradan da bizə vəd verilir ki, kreditlər haqqında ətraflı məlumat verəcəklər. Ancaq hələ ki vermirlər. Buna görə də bəzi kreditlər haqqında ümumi məlumatımız olsa da ”Çudo Peçka" məsələsi daxil olmaqla, götürülən bir çox kreditlərdən xəbərsizik. Fond bizə nə zaman məlumat verəcəksə, o zaman bunun ətrafında müəyyən nəticəyə gələcəyik. Kreditor olaraq təmsil etdiyimiz insanların pullarını kredit formasında kimlərəsə veriblər. Biz kimsənin azadlıqdan məhrum edilməsini istəmirik. Sadəcə olaraq, pulları qaytarsınlar. Kimsə orada cinayət törədibsə və zərəri də ödəmirsə, əlbəttə ki, onları azadlıqdan məhrum etmək də lazımdır. Əsas odur ki, camaatın batan pulu geri qayıtsın. Bizdə olan məlumata görə, bankda bəzi dövlət vəzifəsində təmsil edilən şəxslərə yaxın olan adamların da kreditləri var. Məsələn, bu yaxınlarda Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov da etiraf etdi ki, “Bank Standart”a 78 milyon borcu var. Düzdü, o dedi ki, girovlarla təmin olunub, ancaq biz bilirik ki, o da krediti vaxtında ödəmir. Necə götürdükləri isə başqa bir məsələdir. Ona da ayrıca müraciət göndərmişik ki, bizə məlumat versin. Sadəcə olaraq, tərəfdarıyıq ki, bütün borc alanlara eyni münasibət olmalıdır. Məsələn, “Çudo Peçka”nın rəhbərini həbs edirlərsə, Neft Fondunun rəhbərinin borc alan qardaşına da eyni tədbir görülməlidir. Hər kəsə bir gözlə baxmaq lazımdır".
Ekspert bildirib ki, “Bank Standart”ın açılması mümkün deyil: “Bankın 1 milyard 200 milyon borcu var. Əmlakı isə bundan qat-qat azdır. Ona görə də bankın fəaliyyətinin bərpası mümkün deyil. Bankda təkcə Azərbaycan vətəndaşlarının 157 milyon vəsaiti qalıb. Xarici şirkətlər isə 600 milyon vəsaitini geri ala bilmir. Bankın bu vəziyyətə düşməsində Mərkəzi Bankın da günahı var. Görünür, çox bərbad nəzarət olub ki, belə vəziyyət yaranıb. Ona görə də Mərkəzi Bankın rəhbərliyi də məsuliyyətə cəlb edilməlidir. Bizim əlimizdə bununla bağlı faktlar var. Əgər bu gün hansısa borc alan məsuliyyətə cəlb olunursa, ”Bank Standart"ın İdarə Heyətinin sədrinin də burada adı çəkilirsə, bəs onlara bu imkanları kim vermişdi? Təbii ki, Mərkəzi Bank".
Onu da qeyd edək ki, Çingiz Cəlilovun çöküşündə əvvəlcədən “Bank Standart”la problemlərinin olması da müəyyən qədər rol oynayıb. Belə ki, “Çudo Peçka” mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.
Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qalıb. Bankın səhmlərinin böyük bir hissəsinin isə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, “Çudo Peçka” da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi. Ancaq sonradan Cingiz Cəlilov yenidən şəbəkəni hansısa yolla öz əlinə aldı. Ancaq bu da çox çəkmədi və şəbəkənin bütün mağazaları fəaliyyətini dayandırdı.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ