SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İntihar edən polkovnikin qardaşı: Eldar Mahmudov bizdən nə istəyirdi?!

İntihar edən polkovnikin qardaşı: Eldar Mahmudov bizdən nə istəyirdi?!

Tarix:

20-09-2017, 17:13

/ 78 245 dəfə oxundu.
İntihar edən polkovnikin qardaşı: Eldar Mahmudov bizdən nə istəyirdi?!

Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə və 2014-cü ildə “Azərsu” ASC-də iqtisadçı vəzifəsində işləmiş Mətləb Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Bakı Hərbi Məhkəməsindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) antiterror mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digər əməkdaşı, polkovnik-leytenant Azər Mehdiyevin cinayət işinin materialları tələb olunub.
Hakim bildirib ki, həmin cinayət işində M.Mustafayevə aid olan şahidlərin ifadələri Bakı Hərbi Məhkəməsindən alınıb və hazırkı işə əlavə olunub.
Daha sonra M.Mustafayevin vəkili Adəm Məmmədov qeyd edib ki, müvəkkilinin əməlində heç bir cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, M.Mustafayevin MTN-in Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilməsi qabaqcadan qurulmuş oyundur.
Daha sonra çıxış edən Mətləb Mustafayev bildirib ki, 2014-cü ildə MTN-də işləyən kiçik qardaşı Malik Mustafayevlə birgə nazirliyə gedib: “Həmin vaxt qardaşım bildirdi ki, nazir Eldar Mahmudov məni yanına çağırır. Çünki Eldar Mahmudov qardaşımdan məni soruşmuşdu. Mənim Kərəm Həsənovla niyə yola getmədiyimi, işdən qanunsuz çıxarılmağım barədə Xətai rayon Məhkəməsinə, “Xalq”, “Respublika” və “Azərbaycan” qəzetlərinə müraciət etməyimi irad tutub. Mənim nazirliyə gəlməyimi istəmişdi. Maliklə gəldim, məni Elçin Quliyev və İlqar Əliyev qəbul elədi”.
Mətləb Mustafayev qeyd edib ki, 2014-cü il sentyabrın 11-də Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilib: “Görülən əməliyyatlara əsas rəhbərliyi İlqar Əliyev edib. Sentyabrın 10-da Eldar Mahmudov daxili rabitə telefonu vasitəsilə Elçin Quliyevə zəng edib bildirib ki, Mətləb Mustafayevin evində tapança olması barədə əməliyyat məlumatı var. Bundan bir həftə sonra nazir yenə də eyni qayda vasitəsi ilə Elçin Quliyevə bacımın evində silah olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib. Bütün bunları məhkəmədə Azər Mehdiyev açıqlayıb”.
MTN işində zərərçəkən çıxışında nazir müavinləri olmuş Hilal Əsədova, Əli Şəfiyevə və Elçin Əliyevə, həmçinin, idarə rəisləri olmuş – Əlimusa Əliyevə, Məzahir Yaqubova, Nəcməddin Həmidova, Pərviz Səfərova, Mövlan Şıxəliyevə müraciət edib: “Bu şəxslərdən soruşmaq istəyirəm ki, nə səbəbdən nazir Eldar Mahmudovun qanunsuz hərəkətlərinə “dayan” deməyə cürət etməyiblər? Eldar Mahmudov məndən və qardaşımdan nə istəyib? Ona Cəbrayıl rayonu işğal olunan zaman oradan gətirdiyimiz iki dəst yorğan-döşək lazım idi? İstəyərdi, ona verərdik. Fikirləşərdik ki, həmin yorğan-döşəyimiz də işğal altında olan kəndimizdə qalıb. Nazir Eldar Mahmudovun biz iki qardaşa qarşı bu qədər müsibətlər etməkdə məqsədi nə olub?”

Məhkəmə oktyabrın 4-də davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ